Məhkəmə qərarları › İş №e-2(060)-3259/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3259/2025

12.08.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3259/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Qaçqınların və X2 üzrə Dövlət Komitəsini cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilin boşaldılması və mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin Qeydiyyatı, Dəyişdirilməsi və Bölüşdürülməsi Şöbəsinin xx.xx.1993-cü il tarixli, 12/698 nömrəli orderinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı mərhum həyat yoldaşı Alxasov Məmmədxana ayrılmışdır. Daha sonra, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Qubadlı rayonundan məcburi köçkün düşən cavabdehlər iddiaçıya məxsus olan bu mənzildə yaşamağa başlamışlar. İddiaçının həyat yoldaşının vəfatından sonra isə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə sözügedən mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Hal-hazırda cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və X4 İddiaçı mülkiyyətində olan mənzildə yaşamağa davam edərək onun mülkiyyət hüquqlarını, onun xüsusi mülkiyyətində olan mənzildən maneəsiz istifadəsinə, mənzilə dair sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını pozaraq onun xüsusi mülkiyyətində olan mənzildən məhrum edirlər. Göstərilənlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və eləcə də, digər şəxslərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılaraq mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması və cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və ailə üzvlərinin mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iddiaçı Alxasova İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbinə etiraz edərək, bildirmildir ki, onların bu mənzildən başqa yaşamağa yerləri yoxdur.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

8. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğuna görə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29, 1 saylı mənzil (Yeni qaydalarla: Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, giriş 172, M1, m1) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** saylı nömrə ilə qeydiyyata alınmışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli, 210 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında müvəqqəti məcburi köçkün kimi ailə üzvləri – Cavabdeh1 oğlu, Cavabdeh3 və Cavabdeh2 ilə məskunlaşıblar.

12. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin icraatında olan, İddiaçı “mənzildən çıxarılma tələbi”nə dair mülki işlə bağlı Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkünlər – Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məcburi köçkün kimi qeydiyyatdan keçib-keçməmələri, mənzillə təmin olub-olmaması, (mənzil ehtiyacı olan şəxslərin siyahısında olub-olmaması, onlara hər hansı yerdə inşa edilmiş evlərdə mənzil təklif edilib-edilməməsi, əgər varsa həmin şəxslərin gələcəkdə yaşayış sahəsi ilə təminatı ilə bağlı nəzərdə tutulmuş tədbirlər, hazırda müvəqqəti olaraq başqa bir yaşayış sahəsində yerləşdirilməsi imkanları və s.) barədə məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə daxil olmuş sorğunuza, Komitənin müvafiq əmri ilə yaradılmış komissiyada baxılmışdır. Bildirilir ki, Qubadlı rayonunun Xanlıq kəndindən məcburi köçkün Cavabdeh4 ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 29 saylı evin X1 məxsus 01 nömrəli mənzilində məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin edilməmiş və onlara mənzil təklif olunmamışdır. Qeyd edilir ki, sözügedən ailənin adları məskunlaşdıqları ünvan üzrə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Xanlıq kəndindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi başlanan zaman həmin ailənin də qeydiyyatda olduqları doğma yurdlarına köçürülməsi həyata keçiriləcək.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29, 1 saylı mənzil (Yeni qaydalarla: Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsi, giriş 172, M1, m1) İddiaçı məxsusdur. Həmin ünvanda Qubadlı rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

20. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

23. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur.

24. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir.

25. Hal-hazırda həmin hadisələrin üzərindən 30 il müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Həmçinin, İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə Qubadlı işğaldan azad edilmişdir.

26. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamına əsasən 2022-2026-cı illər aralığında Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında 34500 mənzilin və fərdi yaşayış evinin inşası nəzərdə tutulmuşdur.

27. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmlak iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və sözügedən ünvandan çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus əmlak üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin əmlakdan çıxarılmalıdır.

28. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

29. Məhkəmə hesab edir ki, cavabdehlərin mənzilə sahiblik hüququ yoxdur. Çünki onların həmin mənzildə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Mübahisələndirilən əmlak isə iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin əmlakda məskunlaşması və çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Cavabdehlərin iddiaçıya məxsus əmlakı öz təsir dairəsində saxlayıb orada yaşamaları hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 boşaldılmalı, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onların ailə üzvləri ünvan 1-dən çıxarılaraq mənzil İddiaçı təhvil verilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə -qaçqınlar və məcburi köçkünlər dövlət rüsumundan azad edilir.

37. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan qanunvericiliyin tələbinə əsasən 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olmasına baxmayaraq, cavabdehlər həmin xərcdən azaddır. Odur ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi:

38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 boşaldılsın. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onların ailə üzvləri ünvan 1-dən çıxarılaraq mənzil İddiaçı təhvil verilsin. Bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar