Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-327/2023 31.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın bağlandığı gündən etibarsız hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 02 iyun 2022-ci il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 02 iyun 2022-ci il tarixdə rəsmi nikah bağlamışdır. Tərəflər arasında nikah bağlansa da tərəflərin əsl niyyəti heç də ailə qurmaq olmamışdır. Belə ki, nikah valideynlərin təkidi ilə bağlanmışdır. Tərəflər ailə kimi kimi bir yerdə yaşamamış və onlar arasında heç bir ailə münasibəti olmamışdır. Bu səbəbdən onlar arasındakı nikah etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh xx.xx.2022-ci ildə ölkədən çıxıb. Tərəflər arasında nikah formal bağlanıb. Tərəflərin ailələri bir-biri ilə yaxın olublar Cavabdehi Azərbaycanda saxlamaq üçün cavabdehin valideynləri onu bu nikaha daxil olmağa məcbur ediblər. Tərəflər arasında heç bir ər-arvad münasibətləri olmayıb. Nikah rəsmiləşdirilərkən də saxtalaşdırma olub. Belə ki, tərəflər nikaha daxil olmaq üçün 1 ay öncə ərizə verməli idilər. Lakin, cavabdeh nikahda bir neçə gün əvvəl ölkəyə gəlib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahaını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh isə xx.xx.1996-cı ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. 509984 saylı nikah haqqında şəhadətnamdən görünür ki, iddiaçı ilə cavabdeh arasında nikah 02 iyun 2022-ci il tarixində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Mansurzadə, arvada Həsənova soyadı verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-111/15 saylı məktubunda iddiaçıya nikahın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən cavabdehin sərhədkeçməsi barədə məlumatlar əldə edilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X1 öz ifadəsində bildirmişdir ki, o cavabdehin anasıdır. İddiaçının ailəsini əvvəldən tanıyıblar. Cavabdeh Almaniyada oxuyub. Cavabdehin ölkədən kənarda yaşamasını istəmədikləri üçün onu evləndirmək qərarına gəliblər. Tərəflər ailələrinin təkidi ilə nikaha daxil olublar. Lakin, onların ailə qurmaq fikirləri olmayıb və ər-arvad kimi bir gün də bir yerdə yaşamayıblar. Oğlu xx.xx.2022-ci ildə ölkəyə gəlib. İyunun ikisində nikah bağlanıb. Sənədləşməni bir nəfər təsadüfi adam həl edib. Nikah bağlandıqdan sonra oğlu onlarla, iddiaçı isə öz valideynləri ilə qalıb. Oğlu bundan bir neçə gün sonra ölkəni tərk edib. Həm iddiaçının valideynləri, həm də onlar fikirləşirdilər ki, gələcəkdə toy edərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır (25.2). Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır (25.4). Qeyd edilən normaların məzmunundan göründüyü kimi nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulmuş olmalı, yaxud da tərəflərdən biri və ya hər ikisi ailə qurmaq niyyəti olmadan nikaha daxil olmalıdırlar. Ailə Məcəlləsində həmçinin göstərilir ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur (10.1). Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir (11.1). Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər (12). Ailə Məcəlləsində göstərilmişdir ki, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə, bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır (9.1.). Üzürlü səbəblər olduqda, nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər (9.2.). Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər (9.3.). Göründüyü kimi nikah tərəflərin müvafiq orqana ərizə vermələrindən 1 ay keçdikdən sonra bağlana bilər. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş cavabdehə aid sərhədkeçmə məlumatlarından görünür ki, cavabdeh xx.xx.2022-ci ildə ölkəyə daxil olmuş, tərəflər arasında nikah isə xx.xx.2022-ci ildə, yəni bundan 5 gün sonra bağlanmışdır. Yəni qanunda nəzərdə tutulmuş 1 aylıq müddət pozulmuşdur. Eyni zamanda cavabdeh nikah bağlandıqdan 9 gün sonra, yəni xx.xx.2022-ci il tarixində ölkəni tərk etmişdir. Cavabdehin anası öz ifadəsində tərəflərin nikaha daxil olarkən ailə qurmaq niyyətlərinin olmadığını bildirmişdir. Bu səbəbdən iddia təmin edilməli, tərəflər arasında bağlanmış nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2022-ci il tarixli nikah bağlandığı gündən etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-327/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-327/2023
31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver