Məhkəmə qərarları › İş №e-2(060)-331/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-331/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-331/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi və digər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 15454,27 manat əsas, 2611,2 manat faiz və 507,27 manat cərimə borcunun, cəmi 36091,35 manat borcun və tərəflərindən ödənilmiş 148 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0,104 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 64,91 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 23 nömrəli mənzil ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan X9, X5, Cavabdeh1, X3, X7, X8, X6, X10 və X4 və mənzildə yaşayan digər şəxslərin əmlakdan çıxarılması və əmlakı boşaldaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə sonuncu dəfə dəqiqləşmə barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 15454,27 manat əsas, 2611,2 manat faiz və 507,27 manat cərimə borcunun, cəmi 18572,74 manat borcun və tərəflərindən ödənilmiş 146 manat dövlət rüsumunun tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan Sumqayıt şəh, 10-cu mikrorayonda istifadədə olan 0,104 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 9 mərtəbəli binanın 2ci girişində, 3-cü mərtəbəsində yerləşən 64,91 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 23 nömrəli mənzil ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli L014/2020/28 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/72028/81/28” saylı, 13.07.202-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 19 faiz olmaqla 22000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəh, 10-cu mikrorayonda istifadədə olan 0.104 ha torpaq sahəsində yerləşən 42 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 64,91 kv.m ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 23 nömrəli mənzil Cavabdeh2 ilə “Bank” arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəfimizdən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2023-cü il tarixinə cavabdehin KE/72028/81/28 saylı, xx.xx.2021 tarixli Kredit müqaviləsi üzrə 15454,27 manat əsas, 2611,2 manat faiz və 507,27 manat cərimə borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X11 ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişdir, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə mülki işə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, ekspert rəyi ilə razı olduğunu bildirdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, L014/2020/28 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi daxilində bağlanmış “KE/72028/81/28” saylı, xx.xx.2021-ci tarixli kredit sazişindən görünür ki, Bank tərəfindən cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 22000 manat kredit verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr., ev 42, 23 nömrəli mənzil Quliyeva Ramidə Murtuz qızının tam mülkiyyətindədir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh Quliyeva Ramidə Murtuz qızı Sumqayıt şəhəri, 10-cu mkr., ev 42, 23 nömrəli mənzili ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 15454,27 manat əsas borc, 2611,2 manat faiz borcu, 507,27 manat cərimə borcu vardır. - X12 və Quliyeva Ramidə Murtuz qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli 3474 İB nömrəli bildirişdən görünür ki, tərəflər ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xəbərdar edilmişdirlər. - xx.xx.2024-cü il tarixli 9/563-10/701 saylı ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 42 nömrəli, 9 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 64,91 kv.m, ümumi, 39,6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 23 nömrəli mənzilin bazar dəyərinin təqribən 94800,00 manat, likvid dəyərinin isə təqribən 85300,00 manat məbləğində olduğu müəyyən olunmuşdur. - xx.xx.2024-cü il tarixli, 9/563-10/701 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə iş üzrə ekspertiza tədqiqatının dəyərinin 50 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bankla Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli L014/2020/28 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış “KE/72028/81/28” saylı, xx.xx.2021-ci il tarixli Kredit sazişinə əsasən 36 ay müddətinə, illik 19 faiz olmaqla 22000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2022-ci il ipoteka müqaviləsi ilə cavabdeh Quliyeva Ramidə Murtuz qızı Sumqayıt şəhəri, 10-cu mkr., ev 42, 23 nömrəli mənzili ipoteka müqaviləsi əsasında Banka ipoteka qoymuşdur. Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Buna görə də xx.xx.2023-cü il tarixinə cavabdehin KE/72028/81/28 saylı, xx.xx.2021 tarixli Kredit müqaviləsi üzrə 15454,27 manat əsas, 2611,2 manat faiz və 507,27 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək və müqavilənin tələblərini pozaraq, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə cavabdeh Quliyeva Ramidə Murtuz qızı Sumqayıt şəhəri, 10-cu mkr., ev 42, 23 nömrəli mənzili ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb Azərbaycan Respublikası MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 507,27 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə hesab edir ki, cavabdehdən 507,27 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 18572,74 manat olduğundan ödənilmiş 146 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh1 50 manat tutularaq X1 hesabına ödənilməlidir. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli L014/2020/28 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 15454,27 manat əsas borc, 2611,2 manat faiz borcu və 507,27 manat cərimə borcu, cəmi 18572,74 manat borc və 146 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. X20 Murtuz qızına məxsus olan Sumqayıt şəhəri, 10-cu mkr., ev 42, 23 nömrəli mənzilə yönəldilsin, həmin mənzilin ilkin satış qiyməti likvid olaraq 85300 manat müəyyən edilsin, həmin əmlak açıq hərracda satılsın, borc həmin əmlakın hərracda satışdan əldə olunmuş vəsait hesabına İddiaçı ASC-yə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdeh X2 tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********, Müxbir hesab: AZ41NABZ********************) Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar