Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-336/2025 30.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 8249,10 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş 102,90 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Yuxanda qeyd edilənlərə əsasən Cavabdeh bankın hesabına 8249,10 manat məbləğində əsassız varlanmışdır. 27 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərilənlərin əsassız olduğunu nəzərə alaraq bankın iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC borcun alınması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt məhkəməsinə müraciət etmiş və işə Sumqayıt Şəhər Məhkəməsində baxılması qət edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə onun arasında “Fiziki şəxslərə ödəniş kartlarının verilməsi üzrə xidmətlərin göstərilməsinə ”dair xx.xx.2021-ci il tarixli ******************** saylı müqavilə bağlamışdır. xx.xx.2021 ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür.Qarşı bank bu əməliyyat üçün məbləğin geri ödənişinə dair (chargeback) sorğu yaratmış və udmuşdur. Qeyd olunanlara əsasən Cavabdeh bankın hesabına 8249,10 manat məbləğində əsassız varlanmışdır. xx.xx.2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə razılaşma əldə olunsa da, borc məbləği tam olaraq ödənilməmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 14.2.7, 386.1, 439.4, 1091.1 1092 və 1095-ci maddələrinə istinad edərək yuxarıda qeyd olunan məbləğin ondan alınaraq bankın xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə bağlı vurğulanmalıdır ki, 2021-ci ilin oktyabr ayında xaricdən onun "xxxx" ASC (ATB) kartına pul gəldi (qaynatasının qardaşı Yaşar Bəylərovun xahişi ilə xərçəng xəstəsi üçün yardım toplanıb və yığılan vəsaitin 100%-i Yaşara verilib). 6-7 ay sonra ATB bankdan sms almışdır ki, debet kartı mənfidır. Bankdan soruşdu ki, debet kartı necə mənfi ola bilər?! Dedilər ki, narahat olmayın, bank anlaşılmazlığı həll edəcək. 2023-cü ilin sentyabrında (iki il sonra!) ona məhkəməyə çağırış sms-i gəldi (ATB iddia tələbinə dair). Bankdan səbəbini soruşdu, dedilər ki, ona xaricdən gələn vəsaitlərin bir qisminə görə banka ziyan dəyib. Bank məhkəmə iddiasını təzyiq kimi istifadə edərək formal olaraq ona “overdraft” borc müqaviləsi imzalatdırdı. Yaşar onun banka olan borc öhdiliyini öz üzərinə götürdü (bu şərtlə ki, bank uğradığı ziyanı subut edəcək). ATB bank kartını qohumu Yaşarın xahişi ilə almışdır (onun xəstə dostuna gələcək vəsait üçün. Kartlarda limit olduğuna görə çox sayda karta ehtiyac olduğunu bildirmişdi). Təxminən bir ay əvvəl ATB bankdan ona məktub gəldi ki, ödəniş etməsə məhkəməyə müraciyyət edəcəklər. O da həmin məktubu Yaşara göndərmişdir ki, yoluna qoysun. Dəfələrlə ATB banka müraciyyət etmişdir ki, dəymiş ziyanın sübutlarını əldə etsin, lakin əfsuslar olsun ki, ATB bank subutları təqdim etmir. Bu səbəbdən də ödəməni dayandırıb. Nəhayət xx.xx.2024-cü il tarixində Yaşarın vəkili Kərimxan Əsədov bu mövzuda (bank tərəfindən, ziyana uğramağa aid sübutların təqdim olunması üçün) İddiaçı ASC-nin rəhbərliyinə rəsmi sorğu məktubu göndərdi. Bu günədək sorğuya cavab almamışdırlar. Hesab edir ki, iddia ərizəsi tam əsassızdır, belə ki, iddianın əsasını təşkil edəcək əsas subut sənədi “Refund”-vəsaitlərin geri qaytarılması haqqda hesabdan çıxarış mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, cavabdehin bankda hesabı və kartı olmuşdur. Həmin karta pul köçürmələri olmuşdur. Cavabdeh tərəfindən həmin pul vəsaitləri məxaric edilmişdir. Daha sonra bank ABŞ-da işi uduzduğunu və qanunsuz olaraq cinayət yolu ilə əldə edilmiş pul məbləğinin cavabdehin hesabına köçürüldüyünü bildirmişdir. Cavabdehin kartına gəlmiş vəsait onun tərəfindən məxaric edilərək xərclənmişdir. Pulu göndərən tərəfi müəyyən edə bilməmişdirlər. İngilis dilində bir sıra sənədlər təqdim etmişdirlər. Həmçinin iddiaçı tərəf cavabdehin hesabına gəlmiş pula görə xarici banka ödəniş etdiyini bildirmişdir. Lakin bunu sübut edə bilməmişdirlər. Cavabdeh bankla rəsmi şəkildə müqavilə bağlayıb kart götürmüş, kartına gələn pulu məxaric etmişdir. Nəticədə cavabdehin əməlində qanunsuz heç bir hərəkət yoxdur. Bankın xarici banka ödəniş etməsini əks etdirən ödəniş tapşırığı mövcud deyildir.
Tədqiq olunan sübutlar:
6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsindən görünür ki, bank Cavabdeh 3 il müddətinə hesab nömrəsi ******************** olan MC World ödəniş kartını verməyi öhdəsinə götürmüşdür.
7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2023-cü il tarixli “Borcun hissə-hissə ödənilməsi barədə” Razılaşmadan görünür ki, borclu tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış 9035,20 manat borc məbləğinin təşkil edən pul vəsaitini 24 ay müddətinə, aylıq 376,47 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür.
8. Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, Cavabdeh borcu 8249,10 manat təşkil edir.
9. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh məxsus debet karta xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyat üçün chargeback sorğusu yaratmış və udmuşdur. Bununla əlaqədar olaraq banka 8249,10 manat həcmində ziyan dəymişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2682 saylı ekspert rəyindən görünür ki, bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə açılmış hesaba (kart hesabına) xx.xx.2021-ci il tarixdə 2 halda 5316,01 ABŞ dolları (9 min manat ekvivalentində) ABŞ-da yerləşən “BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON UNİTED STATES” kart hesabdan (kartın kimə məxsus olması məlum deyil) vəsaitlər mədaxil olmuşdur (PAY.ATB.AZ odenish/001PP**********7/ xx.xx.2021 11:32:34/ **********229V36/ 193333/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON UNİTED STATES /481583*****9326 və PAY.ATB.AZ odenish/001 PP**********6/ xx.xx.2021 11:36:20/ **********619V29/ 193169/BANK OF AMERİCA, NATİONAL ASSOCİATİON UNİTED STATES /481583*****9326). Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə açılmış hesabdan (kart hesabından) pul vəsaitlərinin məxaric olunması bank sistemində mövcud olan qanunla tənzimlənən normalara, qaydalara və ilkin iddia üzrə İddiaçı ASC ilə Cavabdeharasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinin şərtlərinə uyğun aparılmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli, ******************** saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”-nə dair müqavilənin müvafiq şərtləri və bütün müddət ərzində həyata keçirilmiş ödənişlər nəzərə alınmaqla ilkin iddia üzrə cavabdehin banka olan borcu 8249,10 manat təşkil edir. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli, ******************** saylı “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsi üzrə cavabdehin iddiaçı bank qarşısında 8249,10 manat ödənilməmiş öhdəliyi mövcuddur. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən xx.xx.2021-ci il tarixində xarici bankın müştərisinə pul köçürülməsi halı aşkar edilməmiş və həmin tarixlərdə əməliyyat aparılmadığından bank chargebank sorğusu yaratmamışdır.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. -324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
14. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi”nə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, müştəri isə müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüş, bank tərəfindən müvafiq kart Cavabdeh təhvil verilmiş, həmin kart Cavabdeh istifadəsində olmuş, sonradan xx.xx.2021-ci il tarixində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüş, daha sonra qarşı bank bu əməliyyat üçün “chargeback” sorğusu verərək mübahisəni öz xeyrinə həll etmişdir. Bundan sonra tərəflər arasında qarşılıqlı razılıq əsasında borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşma imzalanmış, Cavabdeh İddiaçı ASC-yə 9035,20 manat borcu olduğunu qəbul etmiş və həmin borcu 24 ay müddətinə, aylıq 376,47 manat məbləğindən az olmayaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin Cavabdeh borcun hissə-hissə ödənilməsi barədə xx.xx.2023-cü il tarixli razılaşmanın tələblərini pozmuş, qeyd edilənlərlə əlaqədar olaraq da İddiaçı ASC-yə 9035,20 manat həcmində ziyan dəymiş və Cavabdeh bankın hesabına 9035,20 manat məbləğində əsassız varlanmışdır. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait geri qaytarılmadığından iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir.
15. Məhkəmə ilk növbədə cavabdehin hazırkı tələb üzrə cavabdehlik daşımaması barədə dəlillərinə qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə müqavilə münasibəti məhz onun arasında yarandığından və o, bağlanılmış müqavilə üzrə tərəf olduğundan, bank kartına köçürülmüş pul vəsaitinin kim tərəfindən qəbul edilməsindən asılı olmayaraq yaranmış öhdəliyə görə məsuliyyət məhz müqavilə tərəfinin üzərinə düşdüyündən, cavabdehin bu dəlilləri əsaslı hesab edilə bilməz və məhkəmə qeyd edir ki, cavabdeh hazırkı tələbə dair cavabdehlik daşıyan şəxsdir.
16. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında bağlanmış müqavilələri diqqətə almağı zəruri bilir. Azər-Türk Bank" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsində xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin müqavilənin tərkib hissəsi kimi tərəflərin şərtlərlə razı olmalarını təsdiq etmişlər. xx.xx.2019-cu il tarixli Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərin 3.1.8-ci bəndinə əsasən kart hesabına səhvən mədaxil olmuş vəsaitdən istifadə etməmək, geri qaytarılmasını təmin etmək, əlavə mədaxil olmuş vəsaitin bank tərəfindən silinməsinə etiraz etməmək, 3.1.9-cu bəndinə əsasən kart hesabındakı vəsaitdən artıq istifadə halı qeydə alındığı təqdirdə bu vəsaiti qeyd-şərtsiz geri qaytarmaq müştərinin vəzifələri kimi göstərilmişdir.
17. Cavabdeh müqaviləni imzalamaqla Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtləri oxuduğunu, sənədin bütün müddəaları və tələbləri ilə razı olduğunu, gələcəkdə onunla bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmədiyini təsdiq etmişdir. Yəni müştəri hazırki halda cavabdeh bütün kart əməliyyatları zamanı hesabı ilə bağlı kartın üzərindəki qeyd ilə əlaqədar gələcəkdə yaranacaq nəticələri bilir və məsuliyyəti müştəri öz üzərinə götürür.
18. Bundan əlavə cavabdeh baş vermiş pul köçürməsi ilə əlaqədar bank tərəfindən xəbərdar edilmiş, xx.xx.2023-cü il tarixdə isə borclu tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı müqaviləyə əsasən ona verilmiş kartın istifadəsi nəticəsində bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Sonradan isə razılaşmaya əsasən cavabdeh banka 786,10 manat pul ödəmiş, qalan pulu ödəməkdən imtina etmişdir.
19. Hazırda cavabdeh kartdan ümumilikdə 9035,20 manat pulu kartından çıxarmasını etiraf edir, lakin pulun xəstə bir şəxs üçün hesaba mədaxil olan pul bilib çıxardığını və başqa şəxsə verdiyini bildirir. Həmçinin bankla əvvəlcə həmin borcla bağlı razılığa gəldiyini və banka ödənişlər etdiyini də bildirir, lakin hesab edir ki, bu ödənişləri düzgün etməyib, bank onun yerinə əsassız varlanıb.
20. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında əks olunmuş mövqeyə görə, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.
21. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
22. Bu baxımdan 27 sentyabr 2023-cü il tarixli müqavilənin etibarlı olubolmamasına münasibət bildirilməsini zəruri hesab edir.
23. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3- təhdid edilmə (hədələnmə).
24. Cavabdehin iddia tələbinə etirazını əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, o, iddiaçı tərəfindən aldadılmış və bunun nəticəsində iradəsinin ziddinə borcun hissəhissə ödənilməsi barədə xx.xx.2023-ci il tarixli razılaşmanı imzalamışdır.
25. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
26. Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.
27. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).
28. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;
29. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;
30. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).
31. Hazırki halda cavabdeh aldadıldığına istinad edərək həmin əqdi bağladığını bildirsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hətta cavabdeh tərəfindən həmin razılaşma üzrə qismən ödənişlər də həyata keçirilmişdir.
32. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər.
33. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında qeyd edilən hüquqi mövqelərə əsasən, anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən suiistifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
34. Beləliklə cavabdeh tərəfindən sözügedən müqavilənin etibarsızlığına səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edilməmişdir.
35. Məhkəmə qeyd edir ki, cavabdeh kart hesabı müqaviləsi bağlamaqla artıq müqavilə və onun tərkib hissəsi olan standart şərtlərlə razı olmasını və müqavilədən irəli gələn bütün öhdəliklərə görə məsuliyyəti üzərinə götürmüş olmuşdur. Həmçinin hesabına “səhvən” daxil olmuş olan məbləğ barədə bankı xəbərdar etməklə yanaşı, həmin məbləğin geri qaytarılmasını da təmin etməli olduğu halda, məbləği şəxsi ehtiyaclarına sərf etmiş, sonradan isə etirafedici razılaşma ilə müəyyən hissəvi ödənişləri etsə də, hazırda öhdəliyinin icrasından boyun qaçırır.
36. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 8249 (səkkiz min iki yüz qırx doqquz) manat, 10 (on) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
Məhkəmə xərcləri:
37. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(060)-336/2025 saylı qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
38. 29.08.2025-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi və ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri olan 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə əsasən məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
39. Məhkəmə hesab edir ki, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir.
Nəticə:
40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 8249 (səkkiz min iki yüz qırx doqquz) manat, 10 (on) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 102 (yüz iki) manat, 90 (doxsan) qəpik tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva