Məhkəmə qərarları › İş №e-2(060)-3365/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3365/2024

05.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3365/2024 05.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçınin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak tələbi” barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zirəddin oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, Sumqayıt şəhəri, 10-cu mikrorayonun 32 saylı binasının 17 saylı mənzili üzərində qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ½ payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. lkin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh Zirəddin oğlu ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə daxili münasibətləri pisləşmişdir. Ailə faktiki olaraq dağılmışdır və bərpası mümkün deyildir. Bu səbəbdən də tərəflər boşanmaq qərarına gəlmişdir. Hazırda tərəəflər arasında nikahın pozulmasına dair iş ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2016-cı il tarixdən tam payda İddiaçı mülkiyyətindədir. Həmin mənzil tərəflərin birgə nikahı müddətində iddiaçının mülkiyyətinə keçsə də, onların ümumi birgə mülkiyyəti deyil. Belə ki, həmin mənzil iddiaçıya atası tərəfindən bağışlanmışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında alilə münasibətləri tamamı ilə pozulmuşdur. Ona görə də, iddiaçı cavabdehin hazırda faktiki olaraq yaşadığı və iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmasını istəyir. İddiaçı dəfələrə cavabdehə ona məxsus mənzildən könüllü şəkildə çıxmasını tələb etsə də, cavabdehdən müsbət bir cavab almaq mümkün olmamışdır. Mübahisənin mediasiya yolu ilə həll edilməsi də mümkün olmamışdır. Belə ki, cavabdehin sözügedən mənzildə yaşaması mülkiyyətçi kimi iddiaçının mənzildən sərbəst istifadə və mənzilə dair sərbəst sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məsələnin məhkəmədən kənar həlli mövcud deyildir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini qarşılıqlı iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə edərək bildirdi ki, nikah şəhadətnaməsinin və mənzilə dair sənədlərin surətlərindən açıq görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 saylı binanın 17 saylı mənzili birgə nikah dövründə əldə olunub. Mənzilin bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçməsi barədə ilkin iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyil və iş materialları ilə təsdiq olunmur. Bundan başqa, həmin əmlaka birgə nikah dövründə xeyli miqdarda pul vəsaiti xərclənməklə həmin mənzil Cavabdeh tərəfindən əsaslı təmir edilmişdir. Halhazırda da Cavabdeh həmin mənzilə həm istifadə hüquqları, həmdə ½ pay tələb etmək hüququ var. Qeyd olunanları nəzərə alaraq, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini və qarşılıqlı iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 3, mənzil 17 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər 28 iyul 1990-cı il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Zirəddin oğlu ünvan 3, mənzil 17-də xx.xx.1992-ci ildən qeydiyyatdadır və yaşayır. İş materiallarında olan “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 17 nömrəli yaşayış evi 3 nömrəli notariat kontorunun xx.xx.1993-cü il tarixində verdiyi M-2/456 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, xüsusi mülkiyyətdə olan mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000-ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, MPM-in 217.2-ci maddəsinə əsasən hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, “...Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Konstitusiya Məhkəməsinin göstərilən qərarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, tərəflərin izahatlarından və mülki işdə olan sübutlarlan müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən 17 nömrəli yaşayış evi 3 nömrəli notariat kontorunun xx.xx.1993-cü il tarixində verdiyi M-2/456 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı adına qeydə alınmış və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda iddiaçı-Cavabdeh Zirəddin oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehin mənzildən çıxarılması üçün kompensasiya təklif etməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olduğu üçün ona yalnız kompensasiya ödənilməklə mənzildən çıxarıla bilər. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsin əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və ər-arvadın ümumi gəlirləri əsasında əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir (21 dekabr 2012ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Qərarları). Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Cavabdeh-iddiaçı bölünməsini tələb etdiyi ünvan 3 ünvanında yerləşən 17 saylı mənzili 3 nömrəli notariat kontorunun xx.xx.1993-cü il tarixində verdiyi M- 2/456 reyestr nömrəli bağışlama müqaviləsi ilə iddiaçı-cavabdeh İddiaçı bağışlanmışdır. Göründüyü kimi, mübahisə predmeti olan əmlak bağışlama müqaviləsi əsasında iddiaçı-cavabdehin mülkiyyətinə keçmişdir ki, bu halda məhkəmə hesab edir ki, iddiaçıcavabdeh mübahisəli əmlakı əvəzsiz əqd üzrə əldə etdiyindən və həmin əmlak onun ayrıca mülkiyyəti olduğundan qarşılıqlı iddia təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia tələbi təmin edilməsin. Cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar