Məhkəmə qərarları › İş №e-2(060)-340/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-340/2023

24.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-340/2023 24.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi , İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçıya məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon 25 saylı evin 1 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon 25 saylı evin 1 saylı mənzili "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi sintez” Zavodunun xx.xx.2003-cü il tarixli, 43 saylı orderi ilə iddiaçının atasının adına qeydiyyata alınmışdır. Bir müddət sonra həmin evi atası iddiaçıya bağışlamışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 05324444 №-li, xx.xx.2014-cü il tarixli çıxarışı ilə iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının keçmiş arvadıdır. Qeyd edir ki, iddiaçı cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi dövlət nikahından keçərək ailə həyatı qurmuşdur. Onların xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı üç övladı olmuşdur. Nikahlarının ilk vaxtları münasibətləri normal olsa da, cavabdehlə bir neçə müddət sonra iddiaçının iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Belə ki, cavabdeh ayrıldıqları vaxtdan, yəni 2019-cu il tarixdən çıxıb getmişdir. Ona aid heç bir əmlak da iddiaçının mənzilində yoxdur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, onun iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin 12 saylı Mənzil Komunal Sahəsinin xx.xx.2022-ci il tarixli aktında da qeyd olunmuşdur ki, cavabdeh artıq 2019-cu il tarixdən bu ünvanda yaşamır. Hesab edir ki, onun qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulması deməkdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əlavə olaraq qeyd edie ki, böyük qızım xx.xx.2008-ci il təvəllüdlü X1 məhkəmə qətnaməsi ilə iddiaçının himayəsinə verilsə də, hal-hazırda atasının yanındadır. Mənzil iddiaçının adınadır, onun mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitutsiyasının və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara görə iddiaçı mənzilindən maneəsiz istifadə etmək hüququna malikdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənləri təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üvzi Sintez” Zavodunun xx.xx.2003-cü il tarixli, 43 saylı orderindən görünür ki, Sumqayıt şəhəri, 25-ci mikrorayonda yerləşən 25 saylı evin 1 saylı mənzili X2 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25, mənzil 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı arasında olan nikah qeydi ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2013-cü ilin 02-ci ayının 15-ci günündə 49 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon 25 saylı evin 1 saylı mənzili "xxxx" Dövlət Şirkəti Sumqayıt “Üzvi sintez” Zavodunun xx.xx.2003-cü il tarixli, 43 saylı orderi ilə iddiaçının atasının adına qeydiyyata alınmışdır. Bir müddət sonra həmin evi atası iddiaçıya bağışlamışdır. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 05324444 №-li, xx.xx.2014-cü il tarixli çıxarışı ilə iddiaçının mülkiyyətindədir. İddiaçı cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi dövlət nikahından keçərək ailə həyatı qurmuşdur. Onların xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı üç övladı olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9903/2018 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Belə ki, cavabdeh 2019-cu il tarixdən mənzildən çıxıb getmişdir. Ona aid heç bir əmlak da iddiaçının mənzilində yoxdur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Belə ki, onun iddiaçının mənzili ilə heç bir əlaqəsi yoxdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin 12 saylı Mənzil Komunal Sahəsinin xx.xx.2022-ci il tarixli aktında da qeyd olunmuşdur ki, cavabdeh artıq 2019-cu il tarixdən bu ünvanda yaşamır. Cavabdehin mənzildə formal olaraq pasport qeydiyyatında qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən - yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı, iddiaçının həmin etirafla razı olması məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh övladı xx.xx.2008-ci il təvəllüdlü X1 ilə birlikdə iddiaçıya məxsus Sumqayıt şəhəri, 4-cü mikrorayon 25 saylı evin 1 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar