Məhkəmə qərarları › İş №e-2(060)-3457/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3457/2022

24.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3457/2022 24.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh “Azərbaycan Kağız və X4” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 24 iyun 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Kağız və X4” MMC-nin 0885/K saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının “Azərbaycan Kağız və X4” MMC-də əvvəlki maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdeh təşkilatdan tutulub iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildən Azərsun Holdingin törəmə şirkəti olan AKKİK MMC-də müxtəlif vəzifələrdə, 2014-cü ildən isə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il 0885/K nömrəli əmr əsasında əmək müqaviləsinin dayandırılması haqqında əmr ilə o, işdən çıxarılmışdır. O, işdən çıxarılmağını qanunsuz və əsassız hesab edir. İşdən çıxarılma səbəbi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçilərin sayı və ya ştatlar ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin həmin ştat ləğv edilməmişdir və o, qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, onun yerinə başqa işçi işə götürülmüşdür. AKKİK MMC onun işdən çıxarılmasını bir neçə ay qabaq planlaşdırmış və rəhbərlik onu çağıraraq öz ərizəsi ilə işdən çıxmasını dəfələrlə ona təkidlə təklif etmişdir. Onun işlədiyi şirkətdən çıxarılmamışdan bir neçə ay qabaq rəhbərliklə olan e.mail yazışmaları və onun X9 Xidmətinə müraciəti bir daha sübut edir ki, onun işdən çıxarılması qərəzli mövqe daşıyır. Göründüyü kimi o, bir şirkətdə 20 il davamlı işləmiş və iş fəaliyyətinin 14 ilini mühasib vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qüsursuz işləmiş, heç vaxt intizam məsuliyyətinə cəlb olunmamışdır. Qeyd etdiklərindən də göründüyü kimi AKKİK MMC onu qanunsuz olaraq işdən azad edərək onun vəzifəsinin ştat üzrə adında dəyişiklik edərək həmin vəzifə və səlahiyyətləri faktiki daşıyan başqa bir şəxsi işə qəbul etmişdir. Əlavə olaraq bildirir ki, iddiaçıya işdən çıxarılması barədə əmrin surəti verilməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçının himayəsində yaşlı anası var və başqa gəlir yeri yoxdur. Hazırkı dövrdə isə işsiz qalması səbəbindən özünün və ailə üzvünün maddi təminat ehtiyaclarını ödəyə bilmir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıiddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində yalnış məlumatlar qeyd olunub. Fərid Muradov 2022-ci ilin fevral ayında işə başlamışdır. Ona avqust ayından başlayaraq işdən getməli olduğunu bildirirdilər. Onun yerinə yeni işçi gələcəyini, belə olan halda onun ya başqa işə keçəcəyini, ya da işdən çıxarılacağını deyirdilər. O, isə işdən çıxmaq istəməmişdir, çünki həmin işə ehtiyacı olmuşdur. Qeyd edir ki, bu müddət ərzində o, Fəridə işi öyrətmişdir. Ona işinin nə olacağı barədə dəqiq söz deyilməmişdir. O, məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciət etmiş, lakin həmin vaxt əmək müqaviləsi qüvvədə olduğuna görə onun şikayətinə baxılmamışdır. Daha sonra müdiriyyət şikayət verdiyinə görə işdən çıxmalı olduğunu bildirmişdir. Qeyd olunanlar dekabr ayında baş vermişdir. Yeni iş tapmaq üçün ona 6 həftə vaxt vermişlər. Qeyd edir ki, sentyabr ayından Fəridin yanında oturmuş, iş görməmişdir. Fərid hal-hazırda onun yerində oturub, onun işini görür. Başqa bir neçə mühasibi də təhdid edərək işdən çıxmağa məcbur etmişdirlər. Fərid sentyabr ayından gəlib. Avqust ayının ortasında köçürülmə, həmçinin işdən gedib getməmək barədə məsləhət almaq istədiyini bildirmiş, lakin ona, “getsən yaxşıdır, çünki artıq sənin yerinə yeni adam gələcək” sözləri deyilmişdir. Fərid sentyabr ayının 1-dən işə gəlmişdir. O, əvvəl F.Muradovun əlavə işçi olduğunu düşünmüş, həmin ərəfədə məcburi məzuniyyətə çıxmışdır. Lakin müəssisədə iş çox olduğuna görə bir neçə saatlıq işə gəlmiş, işləmiş, F.Muradova da işi o öyrətmişdir. Artıq ona oktyabr ayından işdən çıxmalı olduğu bildirilmiş, təhdid və hədələr başlamışdır. İşə ehtiyacı olduğuna görə o, işdən çıxmağa razı olmamışdır. Əlavə olaraq qeyd edir ki, Fərid 1000 manat əmək haqqı ilə işə başlamışdır. Sadəcə olaraq sınaq müddətində 800 manat əmək haqqı almışdır. Hazırda F.Muradov 1000 manat məbləğində əmək haqqı alır. Hesab edir ki, onun barəsində verilmiş əmr tam qanunsuzdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək bildirdi ki, məsələyə dair iddia ərizəsində geniş məlumat verilmişdir. İddiaçı 2002-ci ildən müəssisədə müxtəlif vəzifələrdə çalışmış, 2014cü ildən işdən çıxarıldığı müddətə qədər isə maliyyə işləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixli, 0885 nömrəli əmr əsasında İddiaçı işdən çıxarılmışdır. Hesab edir ki, həmin əmr qanunsuzdur. Hesab edir ki, İddiaçıın işdən çıxarılması planlaşdırılmışdır. Belə ki, rəhbərlik İddiaçı dəfələrlə çağıraraq işdən çıxmalı olduğunu demişdir. Tərəflər arasında problem pandemiya dövründə yaranmışdır. Həmin dövrdə hər kəsin evdən online qaydada işlədiyi hamıya bəllidir. Lakin pandemiya dövründə cavabdehin işçiləri hər gün işə getmiş, hətta onlarında arasında Covid-19 virusuna yoluxanlar da olmuşdur. İddiaçı məsələyə etiraz etdikdə isə ona qarşı münasibət dəyişmiş, işdən çıxmasına dair təhdidlər başlamışdır. Belə ki, artıq İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən çıxarılacağı bildirilmişdir. Hətta iddiaçıya əmək haqqının 4-5 qatını vermək müqabilində öz ərizəsi ilə işdən çıxmağı da təklif etmişdirlər. Bütün bu təzyiqlərlə əlaqədar İddiaçı oktyabr ayında Əmək Müfəttişliyinə də müraciət etmişdir. Qeyd edir ki, iddiaçı tərəf kimi iddiaçının işdən çıxarılması ilə bağlı prosedur qaydalara riayət olunmadığını iddia etmirlər, əksinə işdən çıxarılması ilə əlaqədar olan sənədlərin hər biri prosedur qaydalara riayət olunmaqla hazılanmışdır. Belə ki, cavabdeh böyük bir şirkətdir, onun hüquqşünasları var. Lakin iddiaçının son çalışdığı vəzifə maliyyə üzrə aparıcı mütəxəssis olmuşdur. Hal-hazırda müəssisədə iddiaçının əmək funksiyalarını X7 yerinə yetirir. İddiaçı tutduğu vəzifə üzrə əmək funksiyalarına diqqət yetirdikdə onun mühasib işi ilə bağlı hər şeyi etdiyi məlum olur. Belə ki, iddiaçı ona həvalə edilmiş işləri yekunlaşdırdıqdan sonra, onları arxivə vermiş, yəni, iş başqasına keçməmişdir. F.Muradovun əmək müqaviləsində əmək funksiyaları ilə bağlı heç bir bənd qeyd olunmamış, yalnız onun işlədiyi şöbə və vəzifəsi göstərilmişdir. İddiaçı ilə F.Muradovun əmək funskiyalarında oxşarlıqlar mövcuddur: əmək haqqının ödənilməsi, dövlət büdcəsinə ödənişlərin təmin olunması və s. demək olar ki, eyni funksiyanı icra edirlər. Göründüyü kimi, cavabdeh ştat ixtisarı adı altında sadəcə ştatın adını dəyişmişdir. Burada cavabdehin qərəzli mövqedə olduğu bəlli olur. Məlumdur ki, bir müəssisənin mühasibatlıq ştatının ixtisar olunması mümkün deyil. Müəssisə fəaliyyət göstərdiyi müddət ərzində də həmin ştatın ixtisar olunması qeyrimümkündür. Onu da məhkəmənin nəzərinə çatdırır ki, F.Muradov iddiaçının işdən azad olunmasından 3-4 ay əvvəl müəssisəyə gəlmiş və bu müddət ərzində İddiaçı yanında bütün əmək funksiyalarını öyrənmişdir. Vəkil əlavə olaraq bildirdi ki, iddiaçının əmək haqqı 1400 manat məbləğində idi. Belə ki, o, 20 ilin işçisidir və onun əmək haqqının belə yüksək olması normaldır. F. Muradovun 20 il sonrakı maaşı S. Kərimovanın maaşından 3 dəfə çox olar. Əgər cavabdehin maliyyə problemləri varsa, onda iddiaçıya 1400 manat əvəzinə 800 manat əmək haqqı verə biləcəyini bildirə bilər, ona başqa iş təklif edə bilərdi. Lakin cavabdeh daha peşəkar işçi olan iddiaçını işdən azad etmişdir. Bundan başqa məhkəməyə qədər mübahisəni mediasiya prosesində həll etməyə çalışmış, cavabdehlə razılığa gəlməyi təklif etmişdirlər, lakin heç bir nəticəsi olmamışdır. İddiaçı iş vaxtı icazə almağı ilə bağlı qeyd edir ki, müəssisə ilə münasibətləri pozulduğuna görə işdən azad ediləcəyini bilmiş, himayəsində xəstə anası olduğu üçün iş axtarmaq məcburiyyətində olmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, Əmək Məcəlləsinin 78-ci maddəsini tələbləri açıq aydın şəkildə pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Cavabdeh isə səhv və qanunsuz addım ataraq təcrübəli işçini işdən çıxararaq onun yerinə 4-5 ay iş stajı olan işçini qəbul etmişdir. Qeyd edilənlərə əsasən vəkil, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh “Azərbaycan Kağız və X4” MMC məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh “Azərbaycan Kağız X4” MMC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılması üçün məhkəmənin icraatına verilmişdir. İddiaçı iddia ərizəsi aşagıdakı səbəblərə görə əsassızdır, bu səbəbdən həmin iddia ərizəsinin təmin edilməməsi barədə “Qətnamə” qəbul edilməlidir: İddiaçı iddia ərizəsində göstərir ki, “işdən çıxarılma səbəbi kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b ” bəndi qoyulmuşdur. Belə ki, həmin bənddə göstərilir ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin həmin ştat ləğy edilməmişdir və iddiaçı qanunsuz olaraq işdən azad edilmişdir. Belə ki, iddiaçının yerinə başqa bir işçi işə götürülmüşdiir. AKKİK MMC İddiaçı işdən çıxarılmasının bir neçə ay qabaq planlaşdırmış və rəhbərlik onu çağıraraq öz ərizəsi ilə işdən çıxmasını dəfələrlə ona təkidlə təklif etmişdir. İddiaçının işlədiyi şirkətdən işdən çıxarılmamışdan bir neçə ay qabaq rəhbərliklə olan e-mail yazışmaları və iddiaçının X9 Xidmətinə müraciəti bir daha sübııt edir ki, İddiaçı işdən çıxarılması qərəzli mövqe daşıyır. Göründüyü kimi, iddiaçı bir şirkətdə 20 il davamlı işləmiş və iş fəaliyyətinin 14 ilini mühasib vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində qüsursuz işləmişdir. Qeyd etdiklərindən də göründüyü kimi “Azərbaycan Kağız X4” MMC, İddiaçı qanunsuz olaraq işdən azad edərək onun vəzifəsinin ştat üzrə adında dəyişiklik edərək həmin vəzifə və səlahiyyətləri faktiki daşıyan başqa bir şəxsi işə qəbul etmişdir.” Bununla bağlı bildirilir ki, iddiaçıya qarşı şirkətdə hər hansı bir qərəzli mövqe nümayiş etdirilməmiş və əmək qanunvericiliyinin müddəalarına uyğun olaraq, başqa sözlə, işçi ilə bağlanılmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (yəni işçi ilə bağlanılmış əmək müqaviləsi işəgötürən tərəfındən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsasına görə) ləğv edilmişdir. Xüsusilə qeyd olunmaldır ki, iddiaçının bildirdiyi X7 iddiaçının yerinə işə götürülməmişdir. Əgər belə olsaydı, X7 ilə bağlanılmış əmək müqaviləsinin tarixi iddiaçı barəsində cavabdeh tərəfindən qəbul edilmiş “Əmr”in tarixindən sonrakı tarix olardı. Çünki, iddiaçı ilə bağlanılmış “Əmək müqaviləsinə xitam verilməsi barədə” Əmrin tarixinə diqqət yetirdikdə həmin “Əmr”in tarixinin xx.xx.2022ci il tarixi olması, X2 “İşə qəbul edilməsinə dair” Əmrin tarixinə diqqət yetirdikdə isə həmin “Əmr”in tarixinin xx.xx.2021-ci il tarixi olması müəyyən olunur. Bununla da iddiaçının iddia ərizəsində qeyd etdiklərinin həqiqi olmaması açıq-aşkar sübut olunur. Digər tərəfdən iddiaçının vəzifəsi ilə X2 vəzifələrinə də diqqət yetirdikdə onların tamamilə fərqli vəzifədə olmaları sübut olunur. Belə ki, əgər iddiaçının vəzifəsi “Maliyyə üzrə aparıcı mütəxəssis” olmuşdursa, X2 vəzifəsi “mühasib”dir. Bu isə qeyd olunan şəxslərin fərqli vəzifələrə sahib olmaları ilə bərabər eyni zamanda onların fərqli maaşa sahib olmaları, həmçinin fərqli əmək funksiyaları yerinə yetirmələri deməkdir. Qeyd olunmalıdır ki, iddiaçının maaşı X2 maaşından əhəmiyyətli dərəcədə yuxarı olmuşdur. Əgər iddiaçının gross əmək haqqısı 1629,38 manat təşkil edirdisə, X2 gross əmək haqqısı 878,21 manat təşkil etmişdir. İddiaçının təbirincə desə, cavabdehin hərəkətləri o zaman qərəzli hesab oluna bilərdi ki, cavabdeh iddiaçının yerinə qısa müddətdən sonra eyni vəzifəyə olmaqla daha yüksək maaşa yeni işçi işə qəbul etsəydi. Halbuki, təqdim edilən sənədlərdən də belə bir halın müəyyən edilmədiyi aydın şəkildə sübut olunur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı barəsində qeyd olunan “Əmr” qəbul edilməmişdən öncə əmək qanunvericiliyinin tələblərinə əsasən göstərilən məsələ “Azərbaycan Kağız X4” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Yığıncağında da müzakirə edilmiş və göstərilən yığıncağın 10 saylı, xx.xx.2021-ci il tarixli “Protokolu” ilə işçi ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi uyğun hesab edilmişdir. Bununla bağlı müvafiq təsdiqedici sənədlər qoşmaya əlavə edilir. Eyni zamanda bildirilir ki, iddiaçının şəxsən özü tərəfindən işəgötürənə dəfələrlə müxtəlif tarixlərdə iş görüşməsi və iş axtarması ilə əlaqədar “Ərizə”lərlə müraciətlər edilmiş (1) xx.xx.2021, 2) xx.xx.2021 və 3) xx.xx.2021-ci il tarixlərdə) və bununla da iddiaçı ştat ixtisarı ilə bağlı işdən çıxarılacağı barədə öncədən məlumatlı olmuşdur. Belə olan halda isə sual yaranır: əgər cavabdeh iddiaçıya qarşı qərəzli olmuşdursa onda hansı səbəbdən iddiaçı daha öncə bu barədə aidiyyəti qurumlara müraciət etməmiş və yalnız müvafıq “Əmr” qəbul edildikdən sonra məhkəmədə iddia qaldırmışdır? Göstərilənlərə əsasən, hesab edirlər ki, hazırda iddiaçının belə bir iddia qaldırması tam əsassız və qəbuledilməzdir. Həmçinin bildirilir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 30Ş saylı “Əmr”ə əsasən, xx.xx.2021-ci il tarixindən Cəmiyyətin ştat cədvəli üzrə Maliyyə və mühasibat şöbəsinin vəzifə maaşı 1136 manat və vəzifə maaşına 493.38 manat əlavə olmaqla, 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatı ləğv edilmişdir. Halbuki, iddiaçı öz iddia tələbində həmin ştatın ləğv edilmədiyini bildirir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azərbaycan Kağız və X4” MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir və hesab edir ki, iddia əsassızdır. İddiaçı qanunvericiliyin normaları nəzərə alınmaqla işdən azad olunmuşdur. İddiaçının nümayəndəsinin ixtisarla bağlı bildirdiyi fikirlərə münasibət olaraq bidirmək istəyir ki, bəzi müəssisələrdə bir neçə mühasib fəaliyyət göstərə bilər. Belə olan halda ştatın ixtisar edilməsi mümkündür. Müəyyən vaxtlar olmuşdur ki, iddiaçı iş vaxtı olmasına baxmayaraq ərizə ilə müraciət edərək iş axtarması üçün ona icazə verilməsini xahiş etmişdir. Hesab edir ki, iddiaçının işdən çıxarılması barədə əmr qanuni və əsaslıdır. Belə ki, F.Muradovun işə qəbul edilməsi barədə əmr İddiaçı işdən azad olmasından əvvəl verilmişdir. Bu, isə o deməkdir ki, F.Muradov İddiaçı ştatının ixtisarı ilə əlaqədar olaraq işə qəbul olunmamışdır. Əmək haqqı ilə bağlı məsələyə gəldikdə isə bildirmək istəyir ki, İddiaçı əmək haqqı 1600 manat, F.Muradovun əmək haqqı isə 800 manat məbləğindədir, çünki onların əmək funksiyaları fərqlidir. Bu onların əmək müqaviləsində də qeyd olunub. S.Muradova maliyyə üzrə aparıcı mütəxəssis, F.Muradov isə mühasibdir. Müəssisənin qeyd olunan əmək haqqını ödəyə bilməyəcəyinə görə məsələ Həmkarlar İttifaqında müzakirə olunduqdan sonra ştat ixtisarı aparılmışdır. Göründüyü kimi iddiaçı tərəf iddia ərizəsində qeyd edilənlərin heç birini məhkəməyə sübut edə bilməmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı və “Azərbaycan Kağız və X4” MMC-nin nümayəndəsi X10 ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdirlər. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 25 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli müraciətlərinə cavab olaraq onunla Cəmiyyət arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin hal-hazırda qüvvədə olduğu və müəssisənin maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi vəzifəsində fəaliyyətini davam etdirdiyinin məlum olduğu və razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İşdə olan ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü ildə “Azərbaycan Kağız və X4” MMC-nin maliyyə və mühasibat şöbəsinə əvəzçilik qaydasında maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2014-cü il tarixdə Cəmiyyətin maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. S.Əliyeva xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə “Azərbaycan Kağız və X4” MMC-yə müraciət edərək Cəmiyyətdə əvəzçilik üzrə maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İşdə olan “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2014-cü il traixli 86/K nömrəli əmri ilə İddiaçı xx.xx.2014-cü il tarixdən əvəzçilik qaydasında Cəmiyyətin maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə “Azərbaycan Kağız və X4” MMC (işəgötürən X8) ilə işçi İddiaçı arasında sonuncunun bir ay sınaq müddəti müəyyən edilməklə maliyyə və mühasibat şöbəsinə maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilməsi barədə bağlanmışdır. İşdə olan xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək, onu xx.xx.2014-cü il tarixdən maliyyə və mühasibat şöbəsində maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 95/K nömrəli əmrdən görünür ki, Cəmiyyətin əvəzçilik qaydasında işləyən maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi İddiaçı xx.xx.2014-cü il tarixindən həmin vəzifədə əsas iş yerinə keçirilmiş və əmək haqqının ştat cədvəlinə əsasən 700 manat olmaqla ödənilməsi əmr edilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə aşağıdakı dəyişikliklər və əlavələr edilmişdir: 1.2.bənd üzrə: 95/K nömrəli, xx.xx.2014-cü il tarixli əmrə əsasən Cəmiyyətin əvəzçilik qaydasında əlavə iş yerində işləyən maliyyə və mühasibat şöbəsinin maliyyə üzrə aparıcı mütəxəssisi xx.xx.2014-cü il tarixindən həmin vəzifə üzrə əsas iş yerinə keçirilsin. 4.17 bəndi üzrə: İş saatı 09.00-da başlanır, saat 18.00-da qurtarır. Şənbə günü iş saatı 09.00-da başlanır, saat 14.00-da qurtarır. 4.18 bəndi üzrə : Nahar vaxtı saat 12.00-dan saat 14.00-dir. Şənbə gnü fasilə yoxdur. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X8) İddiaçı arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2014-ci il tarixli xxxxxxx000200 nömrəli Əmək müaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X5) İddiaçı arasında bağlanmış əmək müqaviləsinə edilmiş dəyişiklik “xx.xx.2014-ci il tarixli xxxxxxx000204nömrəli Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İşdə olan 03/HT nömrəli, xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC-nin direktoru MMC-nin Həmkarlar İttifaqı Komitəsinə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi tələbinin müzakirəyə çıxarılmasını xahiş etmişdir. İşdə olan Azərbaycan Kağız və X4” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Yığıncağının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolundan görünür ki, MİK-nin iclasının yekun qərarı olaraq Maliyyə və mühasibat şöbəsində Maliyyə üzrə aparıcı mütəxəssis ştatının İəğv olunması səbəbi ilə həmin Maliyyə üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsinin kifayət qədər əsaslı bir qərar olduğıı məlum olmuş, bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilməsinə dair Cəmiyyətin direktoru X1 qərarına Həmkarlar İttifaqı Komitəsinin iclasda iştirak edən bütün üzvlərinin yekdil fikri ilə müsbət münasibət bildirilməsi və ona razılıq verilməsi, protokolun bir nüsxəsinin "Azərbaycan Kağız və X4" MMC-nin direktoru X3 təqdim edilməsi qərara alınmışdır. İş materiallarında olan “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 030/Ş nömrəli əmrindən görünür ki, xx.xx.2021-ci il tarixdən Cəmiyyətin ştat cədvəli üzrə Maliyyə və Mühasibat Şöbəsinin vəzifə maaşı 1136 manat və vəzifə maaşına 493.38 manat əlavə olmala, 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatı ləğv edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müəssisənin işçi sayının ixtisarıilə əlaqədar olaraq maliyyə və mühasibat şöbəsinin 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatının ixtisar ediləcəyi və bununla əlaqədar əmək haqqının saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulan günlərdə əmək funksiyasının icrasından azad edilməsi barədə İddiaçı xəbərdar edilmişdir. İşdə olan xx.xx.2021-ci tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı iş axtarmaq üçün icazə almışdır. İş materiallarında olan “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2022-ci il tarixli, 0885/K nömrəli əmrindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1.7 misli miqdarında əmək haqqının bir dəfəyə ödənilməsi qərara alınmışdır. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə “Azərbaycan Kağız və X4” MMC arasında olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 0885/K nömrəli əmr ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdə xitam verilmiş və xx.xx.2014-cü il tarixli xxxxxxx000204 nömrəli əmək müqaviləsi bildirişi ləğv edilmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair Məlumatdan görünür ki, İddiaçı ilə “Azərbaycan Kağız və X4” MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi xx.xx.2022-ci il tarixli xxxxxxx0002X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 0244/K nömrəli əmrindən görünür ki, həmin əmr ilə X7 xx.xx.2021-ci il tarixdə “Azərbaycan Kağız və X4” MMC-də maliyyə və mühasibat şöbəsində mühasib vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan xx.xx.2021-ci il əmək müqaviləsindən görünür ki, həmin müqavilə “Azərbaycan Kağız və X4” MMC (işəgötürən X5) ilə işçi X7 arasında sonuncunun maliyyə və mühasibat şöbəsinə mühasib vəzifəsinə işə qəbul edilməsi barədə bağlanmışdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, “Azərbaycan Kağız və X4” MMC ilə (işə götürənin səlahiyyətli şəxsi X5) X7 arasında bağlanmış əmək müqaviləsi “xx.xx.2021-ci il tarixli 5J5G7J3000400 nömrəli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də işçilərin sayının və ya ştatlarının ixtisar edilməsidir. (ƏM-nin 70-ci maddəsinin b bəndi). Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Azərbaycan Kağız və X4” MMC-nin xx.xx.2021-ci il tarixli, 030/Ş nömrəli əmri ilə Həmkarlar İttifaqı Komitəsinin Yığıncağının xx.xx.2021-ci il tarixli, 10 nömrəli protokolu nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən Cəmiyyətin ştat cədvəli üzrə Maliyyə və Mühasibat Şöbəsinin vəzifə maaşı 1136 manat və vəzifə maaşına 493.38 manat əlavə olmaqla, 1 vahid Maliyyə üzrə aparıcı mütəxəssis ştatı ləğv edilmiş, nəticədə İddiaçı ilə “Azərbaycan Kağız və X4” MMC arasında olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 0885/K nömrəli əmr ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ştatları ixtisar edildikdə) xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək qanunvericiliyinin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu halda, işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq müəyyən müddətdə rəsmi xəbərdar edilməlidir. Məhkəmə qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatlar aydınlaşdırılmalı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət edilməlidir. Belə ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara (xəbərdarlıq müddəti, əmək haqqının müəyyən mislinin ödənilməsi və s.) riayət olunmuşdur. Bu hal iş materialları, o cümlədən həm iddiaçı, həm də cavabdeh tərəfin məhkəmə iclasında verdikləri izahatları ilə də öz təsdiqini tapır. İddiaçı və nümayəndəsinin iddiaçının işdən çıxması ilə bağlı əmri mübahisələndirərkən istinad etdiyi əsas dəlilləri iddiaçının işdən çıxarılmasında cavabdehin qərəzinin olduğu, cavabdeh tərəfindən əvvəlcədən İddiaçı yerinə başqa işçi hazırlandığı, İddiaçı yerinə onunla eyni əmək funksiyalarını yerinə yetirən başqa işçi - X2 mühasib vəzifəsinə işə qəbul edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçı tərəfin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı işlədiyi ştat vahidinin adı “maliyyə üzrə aparıcı mütəxəssis”, F.Muradovun işlədiyi ştat vahidinin adı isə “mühasib” olmuşdur. Göründüyü kimi F.Muradov iddiaçı ilə eyni vəzifəyə işə qəbul edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, İddiaçı ilə Fərid Muradovun işlədikləri ştat vahidi yalnız adına görə deyil, icra etdikləri əmək funksiyalarına görə də bir-birindən fərqlənmişdir. Belə ki, “Azərbaycan Kağız və X4” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin 3.1-ci bəndindən görünür ki, işçi (hazırki halda İddiaçı) aşağıdakı əmək funksiyaların icrasını öz üzərinə götürmüşdür: a) mühasibat hesabatlarının müxtəlif sahələri üzrə əməliyyatların təşkili;b) Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirilməsi; c) Əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələrin təşkili; ç) Hesabat tərtib etmək üçün uçotun müvafiq sahaləri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir. “Azərbaycan Kağız və X4” MMC ilə X6rasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndindən isə görünür ki, işçi (hazırki halda F.Muradov) aşağıdakı əmək funksiyaların icrasını öz üzərinə götürmüşdür: maliyyə şöbəsi mühasibinin qarşısında duran əsas vəzifələr terminal rəhbərliyinin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqlarının digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanmasından ibarətdir. Direktorunun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirir. Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmiləşdirir və icra edir. Müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir. Ciddi hesabat blankları hesabat qaiməsi üzrə baş mühasibin və həmin hesabat verməli olan şəxsin imzaları ilə verilir. Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir. Digər tərəfdən İddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda, F.Muradov bundan 5 ay əvvəl, xx.xx.2021-ci il tarixdə işə qəbul edilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Normadan da göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. O da nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tələbləri pozulmamışdır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinin xitamı işçilərin sayının azaldılması ilə deyil, məhz ştat ixtisarı əsasında həyata keçirilmişdir. Belə olan halda, işin materiallarına əsasən iddiaçının vəzifəsi (ştatı) ixtisar edilərkən onunla eyni vəzifədə və ixtisasda başqa şəxs olmadığından, iddiaçının tutduğu vəzifə üzrə yalnız bir ştat vahidi mövcud olduğundan işəgötürən tərəfindən ƏM-nin 78-ci maddəsinə uyğun işçilərin peşəkarlıq səviyyəsinin və üstünlük hüququnun müəyyən edilməsinə zərurət olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehin səhvə yol verərək heç bir əsas olmadan peşəkar və təcrübəli işçini işdən azad etməsi, iddiaçının peşəkarlıq səviyyəsinin qiymətləndirilməməsi, digər işçiyə münasibətdə iş stajının və peşəkarlığının daha çox olması səbəbindən də işdə saxlanılmalı olması, həmçinin ona başqa işin təklif olunmaması barədə dəlillərini qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü üzərinə düşən tərəf kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi sübut edə bilmədiyindən İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh “Azərbaycan Kağız və X4” MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar