Məhkəmə qərarları › İş №e-2(060)-348/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-348/2025

11.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-348/2025 11.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin ləğvi, torpaq sahəsinin qaytarılması və s. tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: 1.İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə bağışlanmış ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü ildə notariat kontorunda rəsmiləşdirilmiş 7 ədəd bağışlama müqaviləsinə əsasən o, cavabdehə aşağıda sadalanan əmlakları bağışlayıb: 1.ünvan 2 ünvanında yerləşən 88.8 kv.m qeyri yaşayış sahəsi (icarəçi ilə birlikdə). 2.ünvan 9ndə yerləşən 0.16 ha torpaq sahəsi (üzərində yerləşən sənədləşdirilməmiş bağ evi). 3.ünvan 10. 4.Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 869 saylı bağ evinin yanında yerləşən 0.16 ha torpaq sahəsi (üzərində yerləşən əmlaklar ilə birlikdə). 5. ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi. 6.ünvan 3 ünvanında yerləşən 228.5 kv.m qeyri yaşayış sahəsi. 7. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, b-Q məhəllə 528, yerləşən mənzil 21 (icarəçi ilə birlikdə). Yuxarıda sadalanan əmlakların cavabdehə bağışlamamışdan əvvəl onlar razılığa gəlmişlər ki, o, Türkiyə Respublikasına köçdüyündən və başqa heç kimə etibar etmədiyindən bu əmlakları cavabdehin adına keçirir və istədiyi vaxt Azərbaycana qayıtdığında əmlaklardan istifadə edəcək və onun maddi ehtiyacı yarandığı zaman cavabdeh həmin ona bağışladığı əmlakların hesabına maddi ehtiyacını qarşılayacağını demiş, cavabdeh onu buna inandırmışdır. Bundan əlavə onun vəsaiti hesabına cavabdehə əlavə əmlaklar da alınmış və hal-hazırda mülkiyyətindədir. Lakin o, 26 iyul 2024-cü ildə Bakıya qayıtdığında həmin əmlaklara getmək istəyəndə və özünə məxsus şəxsi əşyaları götürmək istəyəndə məlum olmuşdur ki, cavabdeh bağların və digər əmlakların açarlarını dəyişdirib və ona oraya daxil olmağına icazə vermir və heç nəyi geri qaytarmır. Onun maddi ehtiyacı olduğundan cavabdehə ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi satılmalı olduğunu ilə bağlı xəbər göndərmişdir. Lakin cavabdeh bundan sonra onun barəsində üçüncü şəxslərin yanında təhqiramiz ifadələr istifadə edərək onu təhqir edərək bunu etməkdən imtina etmiş və onların razılaşmasını pozmuşdur. Bunun nəticəsi olaraq cavabdeh öz üzərinə götürdüyü öhdəliyi əsassız olaraq icra etməkdən imtina edərək razılaşmalarını pozmuşdur və bunun ilə onu maddi və mənəvi cəhətdən çıxılmaz vəziyyətə qoymuşdur. O, cavabdehə bununla bağlı bildiriş də göndərmiş, lakin nəticəsiz olmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə- 891 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması Müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ona verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin Cavabdeh sahibliyindən götürülməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə yazılı məhkəmə çıxışı təqdim edərək bildirmişdir ki, İddiaçı Mikayıl oğlu Cavabdeh qarşı iddia və ona əlavə ilə Məhkəməyə müraciət edərək - Sumqayıt şəhəri , Sülh küşəsi, 41 A ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofısində bağlanmış, 4Ə - 891 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması Müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və ona verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, Sumqayıt şəhəri, Sülh küşəsi, 41 A ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin Cavabdeh sahibliyindən götürülməsi və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyn zamanda iddiaçı - iddianın əsası kimi göstərmişdir ki, guya Türkiyə Respublikasına gedərkən bağışlama əsasında cavabdehin adına keçirməyi qərara almış və ona ehtiyacları üzündən lazım olanda cavabdeh həmin əmlakın satılmasına razılıq verməli idi. Lakin 26 iyul 2024-cü il tarixində Bakıya qayıdanda və əmlakını geriyə istəyəndə cavabdeh bağlarının və digər əmlaklarının açarlarını dəyişmiş, onun ora daxil olmasına icazə verməmişdir. Bundan sonra Sumqayit şəhəri, Sülh küçəsində yerləşən 41 A ünvanında yürləşən 0,9319 ha torpaq sahəsini ehtiyacları üçün satmaq istəyəndə cavabdeh onu təhqir edərək bundan imtina etmiş və bununla da öhdəliklərini icra etməkdən yayınmışdır. Hesab edir ki, iddiaçının istinad etdiyi hallar əsaslı olmadığından və iş materialları ilə, məhkəməyə tədim olunmuş sübutlarla təsdiq olunmadığından idda rədd olunmalıdır. Belə ki iş materallarından görünür ki, tərəflər arasında ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı Notariat ofisində 4Ə - 891 reyestr nömrəli Daşınmaz Əmlakm bağışlaması Müqaviləsi bağlanmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli “çıxarışa” əsasən qeyd olunan torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişdir. Tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin surətindən görünür ki, qeyd olunan mübahisəli əmlak İddiaçı Mikayıl oğlu tərəfindən Cavabdeh, özünün iradə ifadəsinə uyğun, təmənnasız olaraq və hər hansı bir qeyri-şərt olmadan bağışlanmış, iddiaçının, əmlakın gələcəkdə ehtiyac üzündən satılmasına dair razılıq barəsində şərtlər qeyd olunan müqavilədə öz əksini tapmamışdır. Halbuki, həmin razılaşmanın müqavilədə əks olunmasına dair hər hansı bir maneə müəyyən olunmamışdır. Digər tərəfdən, hesab edir ki, iddiaçı tərəfindən onun bağa buraxılmaması və ehtiyac üzərindən əmlakın satılmasına dair razılaşmanın olması ilə bağlı hallar iş üzrə şahid qsmində çıxış edən Şahid2 və X1 tərəfindən bilidirilsə də, hesab edir ki, qeyd olunan şəxslərin ifadələrini mötəbər sübut kimi hesab etmək olmaz. Belə ki, şahidlərin öz ifadələrindən də məlum olurdu ki, Şahid2 20 ildən cox İddiaçı köməkçisi işləmiş və hətta işdən azad olunandan sonrada onunla əlaqədə olaraq, onun tapşırıq və göstərişlərini yerinə yetirmişdir. Eyni zamanda, digər şahid olan, Xaliq Elnur da Fəridin tövsiyyəsinə əsasən İddiaçı hüquqi işlərini yerinə yetirmiş və hətta ifadəsində - İddiaçı bağın qaytarılması ilə bağlı tövsiyyələr verdiyini bildirmişdir. Yəni hər iki şahidin maraqlarının - İddiaçı maraqları ilə üstüstə düşməsi, onların maddı ehtiyaclarının İddiaçı tərəfdən təmin olunması və bu baxımdan onların maddi və mənəvi İddiaçı asılı olmaqla hazırkı işin nəticələrində maraqlı olması müəyyən edilmişdir. Digər tərəfdən İddiaçı bağa buraxılmaması və açarların dəyişdirilməsi epizodu üzrə çıxış edən, əvvəllər bağban işləyən - Şahid1 açarların dəyişdirilməsinin yalnız ona aid olan, əsas evdən aralı yerləşən və yalnız ona aid olan otaqla bağlı və o da mühafızəçinin, oranı tərk etməsi ilə bağlı olmasını göstərmişdir. Yəni bu halda da idda ərizəsində göstərilən hallar öz əksini tapmamışdır. Azərbaycan Respublikasi Mülki Məcəllsinin 666.1-ci maddəsinə əsasən, bagislama müqaviləsi sağ ikən bağlanan elə müqəvilədir ki, onun əsasinda hədiyyə vərən öz əmlakının bir hissəsini bagışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ila şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. MM-nin 668.1.1-ci məddəsinə əsəsən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlaması zamanı bağışlama müqavilasi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. MM-nin 669-cu maddəsinə əsəsən, nəyi ise bağışlamaq niyyəti ilə başqa şəxsə vəran səxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. MM-nin 673.1-ci maddəsinə əsasən, hədiyyə alan hədiyyə verənin va ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uygun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin va ya onun yaxın qohumlarının biri barəsində kobudcasınna pozduqda; o, bağışlama ilə baglı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. MM-nin 674.1-ci maddəsinə əsasən, bagışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış, xx.xx.2023-cü il tarixli Bakı şəhəri 19 saylı Notariat ofisində 4Ə- 891 reyestr nömrəli, Daşınmaz əmlakın bağışlanması müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır və onun Azərbaycan Respublikasi Mülki Məcəlləsində nəzərdə tutulan etibarsızlıgının əsasları müəyyən olunmamışdır. Bundan əlavə, mülki qanunvericiliyin məzmununa görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş, birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdin etibarli olmasi üçün qanunda nəzərdə tutulmuş formaya riayət edilməsi zəruridir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya səxslər və ya onların lazımınca vəkil etdikləri səxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göründüyü kimi əqdin etibarli sayılması üçün yuxarıda göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığının şübhə altına alır. Hazırki mübahisə üzrə isə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan belə bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onlarin iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də, qeyd edilən müqavilələrin etibarsiz hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd etmək istəyir ki, Sumqayıt şəhəri, Sülh küşəsi, 41 A ünvanda yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin bağışlamasına dair müqavilə Cavabdeh münasibətdə İddiaçı tərəfindən heç bir bağışlama öhdəliyi ilə şərtləndirilməyib və öhdəliklərin yerinə yetirilməsindən asılı edilməyib. Odur ki, notariat ofisində qanunvericiliyin qaydalarina əməl edilməklə təsdiqlənmiş bağışlama müqaviləsi bağlanmış sayılır, yəni etibarsız hesab olunmasi üçün heç bir əsas mövcud deyil. Belə ki, Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsizdir.MM-nin 337.4-cü maddəsinə əsasən, etibarsiz əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsizdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 'Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 666.1-cı maddəsində nəzərdə tutulan bağışlama müqaviləsi əvəzsiz ikitərəfli müqavilə olmaqla hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 670.1-ci maddəsinə uygun olaraq bağışlama hədiyyə verənin bəhrələmnəsi ilə bağlı olmayan şərtlərin və öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 670.3-cü maddəsinə müvafiq olaraq hədiyyə verənin və onun vərəsələrinin hədiyyə alanın bağışlama müqaviləsi üzrə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə bağlı iddia vermələrinin, həmçinin hədiyyə verənin ölümündən sonra belə öhdəliyin icrasi ilə ictimai manafelərə riayət edildiyi halda, onun icrasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən tələb edilməsinin mümkünlüyü bağlanmış bağışlama müqaviləsindən irəli gəlir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 673-cü maddəsi müqavilənin formasından asılı olmayaraq bağıslamaqdan imtinanın və ya bağışlama vədinin ləğvinin və onun icrasından imtinanın hallarını müəyyən edir və belə imtinanın hüquqi nəticələrini tənzimləyir. Sadalanan xüsusatlara əsasən hesab edir ki, müqavilə qanunvericiliyin təlablərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Bu baxımdan hesab edir ki, İddiaçı Mikayıl oğlu tərəfindən qaldırılan iddia əsassız olduğundan rədd edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İddiaçı 26 iyul və 29 iyul tarixlərində Azərbaycana gələrək oteldə qalıb və çıxıb getmişdir. İddiaçı Bilgəhdə yerləşən bağ evinə getsə də, evə daxil ola bilməmişdir. Noyabr ayında da başqa bir otelə getmişdir. İddiaçının adına olan çoxsaylı əmlakların bir hissəsi Könülün adına keçirilmişdir. İddiaçının əmlaklarından ana və oğulun da payı ayrılmışdır. Hətta iddiaçı bu 7 əmlakı cavabdehə bağışladığına görə oğlu ona etiraz da etmişdir. Bütün bu əmlaklardan başqa iddiaçı qızı Könülün adına “Çinarlı Park” yaşayış kompleksindən 8 ədəd bir otaqlı mənzil alaraq ona vermişdir. Eyni zamanda atası tərəfindən Cavabdeh Rosevill kompeksində bir ədəd bahalı mənzil də alınmışdır. Bağışlanan bütün əmlakların mülkiyyətçisinin İddiaçı olduğu məlumdur. Bağışlamadan bir müddət sonra İddiaçı mülkləri ilə əlaqədar qızına məlumat göndərdikdə qızının etibarnamələri ləğv etdiyini öyrənmişdir. İddiaçı da mülkləri ilə bağlı yaranan sözsöhbətdən sonra Azərbaycana gəlmişdir. İddiaçı Azərbaycana gəldikdə qızına iddia edilən torpaq sahəsini satmaq istədiyini bildirib və qızı da artıq əmlakların özünün olduğunu bildirərək bundan imtina etmişdir. İddiaçı Azərbaycana gəldikdə qalmağa evi olmadığı üçün gedib oteldə qalmışdır. İddiaçı həyat yoldaşına görə yox, qızı Könülə görə evə daxil ola bilməyib. Çünki, Könül artıq evlərin açarlarını dəyişdirmişdi. Bağban Dilqəmin bağa buraxılmamasını təsdiq edir. Həmin bağban daha sonradan Cavabdeh tərəfindən işdən çıxarılmışdır. Hesab edir ki, cavabdeh artıq atası qarşısında heç bir öhdəliyinin qalmadığını düşündüyü üçün əmlaklarla bağlı belə bir addım atmışdır. İddiaçı evlər adına olsa da, bu evlərə zorla girəcək şəxs deyildir. Belə ki, İddiaçı adına qızına bağışladığı əmlaklardan başqa tam mülkiyyətində olan başqa bir mənzil yoxdur. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi çıxarışların hamısından görünür ki, o əmlakların hər biri iddiaçının həyat yoldaşı ilə paylı mülkiyyətindədir. İddiaçı həyat yoldaşı ilə əmlak mübahisəsi isə hal-hazırda başqa bir məhkəmənin icraatındadır. Belə olduğu təqdirdə təbii ki, iddiaçı qalmaq üçün həmin evlərə gedə bilməzdi. İddiaçı tam mülkiyyətində olan bütün əmlakları isə cavabdehə bağışlamışdır. İddiaçı qızı ilə münasibəti daha yaxşı olmuşdur və elə bu səbəblə də qeyd edilən əmlakları oğluna və ya yoldaşına deyil, məhz qızına bağışlamışdır. Digər tərəfdən bütün əmlakların Cavabdeh bağışlamasında məqsəd İddiaçı başına bir hadisə gələcəyi halda vərəsələri arasında mübahisə yaranmasının və qızının əmlaksız qalmasının qarşısını almaq olmuşdur. Hesab edir ki, sözügedən müqavilənin ləğvi üçün kifayət qədər əsaslar var. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman, ailə üzvlərinin biri digərinə hədiyyə verən zaman mənəvi dəyərləri nəzərə almalıdır. Tərəflər arasında müqavilə bağlanandan sonra ailə üzvü, hazırkı halda iddiaçının qızı tərəfindən ailə hüquq münasibətlərinə uygun olaraq onun üzərinə qoyulmuş vəzifələr yerinə yetirilməmiş, Ailə Məcəlləsinin tələbləri pozulmuşdur. Bağışlama müqaviləsindən sonra tərəflər arasında münasibətlər əsaslı şəkilə dəyişmiş, cavabdeh tərəfindən iddiaçı ona məxsus evə buraxılmamışdır. İddiaçının tam payla mülkiyyətində olan başqa əmlakı yoxdur. Cavabdeh bağışlama müqaviləsi bağlanan zaman onun qarşısında qoyulan şərti yerinə yetirmir, yəni lazım olduğu zaman əmlakı qaytarmaq vəzifəsini icra etmir. Belə ki, iddiaçının borcu ilə əlaqədar zərurət olardısa, həmin əmlak satılmalı, əldə edilən gəlir hesabına borc ödənilməli idi. Məhkəmə iclasında iştirak etmiş şahidlər ifadələrində iddiaçının borcu olduğunu bildirdilər. Onu da məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər cavabdehin iddiaçıya məxsus paylı mülkiyyətdə olan əmlakların da onun adına keçirilməsini tələb etməsi ilə əlaqədar pozulmuşdur. Çünki iddiaçı həmin əmlaklarda olan payını cavabdehə verməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı 2024-cü ilin iyul ayında nümayəndəsinə verdiyi etibarnaməni ləğv etdirmişdir. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddianın əsasını təşkil edən hal kimi əsas olaraq Dilqəmin Azərbaycana gələrkən qalmağa evinin olmaması göstərilir. Lakin, məhkəməyə Daşınmaz Əmlakın Reyestr Xidmətindən təqdim edilmiş çıxarışlardan görünür ki, İddiaçı Səbail, Yasamal, Binəqədi rayonlarında mənzilləri, Qusar rayonunda torpaq sahəsi və digər əmlakları vardır. Bu qədər əmlakları olan bir şəxsin qalacaq yeri olmaması səbəbilə gedib oteldə qalması inandırıcı deyil. İddiaçı evə buraxmayan şəxs həyat yoldaşı olub, açarları dəyişən şəxs də o olub. Bunun səbəbi də İddiaçı 6-7 ildir ki, öz qızından da yaşca daha kiçik qadınla yaşamasıdır. İddiaçı adına olan əmlaklarını da elə ikinci qadının adına keçirib. Buna görə də Dilqəm və arvadı arasında əmlaklara dair mübahisələr yaranmışdır. Əsas narazıçılıq Dilqəmin 2-ci dəfə evlənib uşağı olduqdan sonra yaranmışdır. Dilqəmin Azərbaycana gəldikdə oteldə qalması səbəbi qızı ilə arasında olan hər hansı şərtlə yox, ailə daxili mübahisəsi ilə bağlı olmuşdur. Könülün vəsaiti hesabına təmir edilən qeyri-yaşayış sahələrindən birini Fərid Dilqəmin ikinci həyat yoldaşının qardaşının adına keçirmişdir. Bu qədər əmlakı olan heç bir şəxs gedib məcburiyyətdən oteldə qalmaz. İddiaçı yaşayış yeri olmaması səbəbilə gedib oteldə qalması ağlabatan bir hal deyildir. Könül özünün səhhəti ağır vəziyyətdə ola-ola Türkiyədə atasının yanında olmuşdur. Bağışlama müqaviləsində hazırda qeyd edilən razılıqla bağlı hər hansı bənd nəzərdə tutulmalı idi. Belə bir şərt və ya razılıq isə bağışlama müqaviləsində yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, tək bir iddia edilən torpaq sahəsinin dəyəri təxminən 20 milyon manatdır. Ən dəyərli əmlak da elə bu torpaq sahəsidir. Ona görə də qarşı tərəf elə bu torpaq sahəsini istəyir. Məhkəməyə təqdim edimiş şahid ifadələrini də mötəbər sübut kimi qəbul etmək mümkün deyil. Belə ki, şahidlər Fərid və Elnur 20 ildən çox iddiaçının yanında işləyiblər. Hər ikisi demək olar ki, iddiaçının göstərişlərini yerinə yetirblər, maddi-mənəvi olaraq ondan asılıdırlar. Hesab edir ki, iddia tələbi tam əsassızdır. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

7. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, məhkəmədə iştirak etmək istəməzdi. O, 40 illik həyatında dəfələrlə atasının yanında olub. Atası və onun münasibətlərinin pozulması məsələsi 2-3 il əvvələ təsadüf edir. Atası həmişə onun üçün hamıdan üstün olmuşdur. Lakin, atasının hazırki iddia ilə onu məhkəməyə verməsini başa düşmür. Atası onu rahat həyat tərzi keçirən bir qadınla eyni tərəziyə qoymuşdur. O isə atasına görə 2 ayda 17 dəfə Türkiyəyə uçmuşdur. Lakin, onun səhhəti heç vaxt bu qədər uçuş keçirməyə imkan verməyib. Atasının digər bir qadınla videoları yayılmışdır və bu hadisədən sonra da ailə mübahisəsi yaranmışdır. Atasının bağa buraxılmaması məsələsi yalandır. Atası ona vicdani borcu olduğunu deyib və iddia edilən əmlakları onun adına keçirib. Atası axırıncı davalarında guya onu təhqir etdiyini bildirmişdir. O, 26 iyun 2023-cü ildə xəstəxanada atasının yanında olub. O, atasının hansı dozada və gündə neçə dəfə hansı dərmanları aldığını, hansı yeməkləri yediyini bilmişdir. O, 02 mart 2023-cü ildə atasının yanına uçub. Lakin, onun xx.xx.2023-cü ildə atası ilə mübahisə olmuş və o, atasına onları daha da biyabır etməməsini bildirmişdir. O, mübahisələrdən sonra öyrənmişdir ki, atası əmlaklarını ikinci qadının adına keçirib və həmçinin, ona seçdirilən ev, maşın və qeyri-yaşayış sahəsi də ikinci arvadına alınıb. O, atasından soruşduqda isə belə məsləhət olduğunu bildirmişdir. O, atasının bu biyabırçı həyat tərzini qəbul etmir. Onun qızının və atasının ikinci arvadından olan qızının ad günləri eyni vaxtlara təsadüf edir. Lakin, atası onun qızının yox, ad günü münasibətilə həmin arvadın qızına hədiyyə almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Qusardakı torpaq və bağ evləri satılası deyil. Çünki, onların bu mülklərdə uşaqlıqları keçib və bu mülklərdə həmişə dincəliblər. Mülklərdən yalnız, Sumqayıtdakı torpaq sahəsi satıla bilər. Bu səbəblə də atası həmin torpaq sahəsini istəyir. Hazırda bağ evinin açarı anasındadır. Onun adına 39 yaşına çatanadək heç nə olmayıb. Atası ilə Xəqani küçəsindəki evi satmışdılar ki, plazanı təmir etdirsinlər və arendaya versinlər. Lakin, daha sonra atası onu aldatmış və beləcə dekabr ayından 7 ay sonra yay ayında o, etibarnamələri ləğv etdirmişdir. Bilgəhdə olan evlərində anası yaşayıb. 2023-cü ilin mart ayında o, atası və qızı Bilgəhdə yerləşən evə köçüblər. Bilgəhdəki evin açarları anasında idi. Atası Türkiyəyə gedəndə evin açarını ona vermişdi. Evin açarı daha sonradan anasına verildi. Evin açarı dəyişdirilibsə belə, son 1 ayda dəyişdirilmişdir. Onu da qeyd edir ki, atası Türkiyədən gələndə evə gəlməmişdi. Atası Türkiyəyə 2023-cü ilin dekabr ayında gedib. Atasında qarajın da açarı var idi. Atası istəsə qarajdakı giriş vasitəsilə evə girə bilərdi. Atası özünə Türkiyədən 1 milyon 500 min dollar dəyərində olan ev almağa gedirdi və özünə Türkiyədə həyat qurmaq istəyirdi. Atasının heç Türkiyədən gəlmək fikiri də yox idi. Atası həmçinin, ona gəlir mənbəyi olması səbəbilə evlər də verməli idi. Hazırda bu əmlaklardan başqa onun adına öz yaşadığı mənzil və 1 otaqlı olmaqla 8 ədəd mənzil vardır. Hazırda onun atası ilə münasibətləri əvvəlki kimi deyil. Çünki, onun atası eskortdan uşaq dünyaya gətirmişdir. Atası bilir ki, Qusar və Bilgəhdəki evləri ata ocaqları olduğu və istifadə etdikləri üçün satılmayacaq. Bu səbəblə də yalnız Sumqayıtdakı torpağı istəyir. 2023-cü ilin dekabr ayında atasının şəkil və videolarını gördükdən sonra onun atası ilə münasibətləri pozulmuşdur. O vaxtdan sonra atası ilə əlaqə saxlamamışdır. 2024-cü ilin iyul ayında atası Bakıya gələndə də onunla əlaqə saxlamamışdır. Lakin atasının oteldə qalması barədə məlumatlıdır. Atası ona videolardakı qadının sahibsiz olmadığını bildirib. O, atasının videolarını sonradan görüb. Bu hadisədən sonra atasını silmişdir. Sonuncu dəfə atası ilə yaşadığı konfliktdən, yəni atasının ona dediyi sözlərdən sonra təbii ki, atasını bir daha görmək istəməz. Qeyd edir ki, Elnur əmlaklarla bağlı təmsilçiliyi həyata keçirirdi. O, atasına görə Elnur və Fəridə etibarnamə verilməsinə razı olub. O Fəridin adına etibarnaməni keçirmişdi. Fərid də Elnurun adına keçirmişdi və niyəsini soruşduqda Fərid ailə problemlərinin olduğunu bildirmişdi. O, bağbanı keçən il yayda işdən çıxarıb. Bağbanı ilk dəfə isə atası işdən çıxarmışdı. Bağbana yazığı gəldiyi üçün onun yenidən işə bərpa olunmasına nail olmuşdu. Onu da bildirir ki, həyətdə 2 mühafizəçi otağı var. Açarları dəyişdirilən otaqlar həmin otaqlardır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, İddiaçıla 2017-ci ildə tanış olub. O, Dilqəm və Cavabdeh hüquqi işlərdə hər yerdə təmsil edib. Hazırki iddia edilən 7 əmlakla bağlı notairat əməliyyatlarında da o, iştirak edib. Notariat əməliyyatları aparılarkən notarius özü İddiaçı evinə gəlmişdir. O, həmişə İddiaçı ailəsinin içində olub. İddiaçı pensiyaya çıxdıqdan sonra həyat yoldaşı və oğlu ilə münasibətləri pozuldu. Lakin qızı ilə münasibəti isə çox yaxşı idi. Könül hətta onun ayaqlarını belə yuyurdu. İddiaçı nə desə, Könül həmişə atasına bütün mövzularda baş üstə deyirdi. İddiaçı əmlakları qızına bağışlamaq qərarını aldı. Könül də həmişə atasına onsuzda əmlakların özünün yox, elə atasının olduğunu deyirdi. O həmişə Könül xanımın xeyrinə hərəkətlər edib. Belə ki, atası pulunu verib, o da Könül Alanovanın adına əmlaklar alıb. 2024-cü ilin yanvar ayında Könül xanım ona zəng edərək, atasının adına paylı mülkiyyətdə olan əmlakların da öz adına keçirilməsini xahiş etmişdir. O isə bunu yalnız atasının razılığı ilə edə biləcəyini bildirmişdir. İddiaçı bu barədə dedikdə isə, o hələ ehtiyac yoxdur demişdir. Bu səbəbdən o Könül xanımın xahişini yerinə yetirə bilməmişdir. Məhz bu hadisədən sonra Könül xanımın onunla münasibəti soyumuşdur. Hətta bundan sonra Fərid ona zənd edərək, niyə Könülün xahişini yerinə yetirmədiyini soruşmuşdur. O isə Dilqəm müəllimin icazəsi olmadan belə bir şey edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Fərid ona zəng etmiş, Könül xanımın artıq ona etibar etmədiyini, etibarnaməni onun adına keçirməsini istədiyini bildirmişdir. Bu mübahisə yaranandan sonra isə o, İddiaçı qızı ilə arasında olan mübahisəyə qarışa bilməyəcəyini bildirmiş və bütün sənədləri onun özünə qaytarmışdır. Belə ki, onun həm iddiaçı, həm də cavabdehlə yaxşı münasibətləri olmuşdur. Atası hətta Könül üçün aylıq 10000 manata yaxın icarə pulu əldə edə bilməsi üçün şərait yaratmışdı. İddiaçı həmişə qızı Könülə etibar edirdi. O, qızı Könülə 2023-cü ilin avqust ayının əvvəlində 8 ədəd ev almışdı. Bakıya gəldikdən sonra Dilqəm müəllim ona qızının onu evə buraxmadığını bildirmiş, bu məsələnin hansı həlli yolu olduğunu soruşmuşdur. O isə məhkəməyə müraciət edə bilməsini bildirmişdir. Lakin o ata ilə qızı arasındakı mübahisəyə qarışa bilməyəcəyini bildirmiş, sənədlərin əslini özünə qaytarmışdır. İddiaçı və qızının münasibətinin sırf hansı məsələ üzündən pozulduğunu bilmir. Qeyd edir ki, 8 ev alınması məsələsi bağışlamadan əvvəl olub. Onun bağışlamadan əvvəl də etibarnaməsi var idi. O, İddiaçı adına olan əmlaklardan heç birini Dilqəm müəllimdən xəbərsiz heç kimin adına keçirməyib. O, 8 mənzil və Toyota markalı maşını 2023-cü ildə Könülün adına keçirib. Dilqəm müəllim həmişə xarici bir vətəndaşa borcu olduğu üçün Sumqayıtdakı torpağı satmaq istədiyini deyirdi. Bağışlama vaxtı o şəxsən tərəflərin yanında iştirak edib.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehi tanıyır. Belə ki, o, iddiaçının və cavabdehin bağında işləyib. O, 2024cü ildə işlədiyi yer soyuq olduğu üçün işdən çıxmışdır. Onu işə Dilqəm müəllim götürüb. O, işdən çıxanda Dilqəm müəllimə zəng etmiş, lakin o, telefonunu açmamışdır. Fəridlə bu məsələ barəsində nəsə danışdığını xatırlamır. Ümumi böyük qapının açarı onda olmayıb. O, bağda 4-5 ay işləyib. O, xəstələnib həkimə getmişdi, bu səbəblə də işdən çıxmışdır. Təbii haldır ki, işçi dəyişiləndə evlərin açarları da dəyişdirilir. O öz qaldığı otağın açarının dəyişdirildiyinin şahidi olmuşdur. İşlədiyi vaxt Dilqəm müəllim gələndə qapını açmışdır. Səhv etmirsə, 2023-cü ilin oktyabr ayında o Azərbaycanda olmuşdur.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Dilqəm müəllim onun rəisi olub və Könül də Dilqəmin qızıdır. İddiaçının vəkili ona zəng edərək iddia barədə məlumat vermişdir. Dilqəm müəllim 2022-ci ildə, o, isə 2023-cü ildə təqaüdə çıxıblar. Dilqəm müəllimin adına 5-6 ədəd əmlak var idi. Dilqəm müəllimin qızı Könüllə arası həmişə yaxşı idi. Dilqəm müəllim həmişə kimlərəsə borclarının olduğunu deyirdi. Əmlaklar Könülün adına keçirilərkən Elnur Dilqəm müəllimə müqavilədə 1 şərt qoymağı təklif etmişdi. Dilqəm müəllim isə qəti şəkildə etiraz edərək qızı ilə bağlı belə bir şeyə ehtiyac olmadığını bildirmişdi. Könül də Elnura nəsə lazım olsa, etibarnamə verməyi öhdəliyinə götürmüşdü. Daha sonra Dilqəm müəllim Türkiyəyə getdi. Sonrada Dilqəm müəllimlə əlaqələri kəsildi. Dilqəm müəllim Elnurla əlaqə saxlamış və demişdir ki, əmlaklardan borca görə satılmalı olanlar var. Bu vaxt Elnurun adına olan etibarnamə ləğv edilmiş və onun adına etibarnamə verilmişdir. O isə bu işlərdən anlayışının olmadığını bildirmişdir. Elnur etibarnamə ləğv ediləndə ona zəng etmişdi. Könül atasının adına olan digər əmlaklara da payının tanınmasını, onun adına keçirilməsini istədi. O da Elnura müraciət etdikdə Elnur əmlak yiyəsindən, yəni Dilqəm müəllimdən icazəsiz bunu edə bilməyəcəyini bildirdi. Etibarnamənin ləğvi ilə əlaqədar Könülə zəng etdikdə Könül əmlakın özünün olduğunu və bunun öz işi olduğunu bildirmişdir. Dilqəm müəllim ona Azərbaycana gəldiyini bildirmiş, aeroporta onu qarşılamağa gəlməsini demişdir. Dilqəm müəllimlə görüşdükdə evlərin açarlarını ona vermişdir. Belə ki, Dilqəm müəllim Türkiyəyə gedəndə açarları ona vermişdir. Bundan sonra o, Dilqəm müəllimdən ayrılmışdır. Bir neçə saat sonra Dilqəm müəllim ona zəng etmiş və ona oteldən yer tutmağını istəmişdir. O da bu məsələni həll etmişdir. Səhəri gün o, Elnur və Dilqəm müəllimlə oteldə görüşdükdə Dilqəm müəllim açarların qapını açmadığını onlara bildirmişdir. Onlar isə Könül xanımın etibarnamələri ləğv etdirdiyini ona bildirmişlər. Dilqəm müəllim məsələni necə həll etməyi Elnura dedikdə Elnur ata və qız arasına girə bilməyəcəyini bildirmişdir. Dilqəm müəllim də özü bu halı aydınlaşdıracağını bildirdi. 20 dekabr saat 2-3 olardı ki, Telman onu yığmış və demişdir ki, onu məhkəməyə çağırıblar. O da Telmana məhkəməyə gedib-getməməsinin ona aidiyyatı olmadığını bildirmişdir. Qeyd edir ki, Telmanı işə Dilqəm müəllim götürüb. O, 7 əmlakın Könül xanıma bağışlamasında şəxsən iştirak edib. 11.Məhkəmə tərəfləri və şahidləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 12.İşdə olan xx.xx.2023-cü il tarixli, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsini Cavabdeh bağışlamışdır.

13. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş əmlak məlumatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən **********44 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

14. İşdə olan xx.xx.2023-cü il tarixli, 4Ə-895 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 88.8 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh bağışlamışdır.

15. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4Ə-894 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.

16. İşdə olan xx.xx.2023-cü il tarixli, 4Ə-893 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 35.6 kv/m, yaşayış sahəsi 32.6 kv/m, yardımçı sahəsi 3 kv/m olan 2 otaqlı bağ evini Cavabdeh bağışlamışdır.

17. İşdə olan xx.xx.2023-cü il tarixli, 4Ə-892 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 11 ünvanında yerləşən, ümumi sahəsi 0.16 ha olan torpaq sahəsini Cavabdeh bağışlamışdır.

18. İşdə olan xx.xx.2023-cü il tarixli, 4Ə-890 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, b.Q, məhəllə 528, m. 21 ünvanında yerləşən, ümumi sahəsi 82 kv/m, yaşayış sahəsi 49 kv/m olan 3 otaqlı mənzili Cavabdeh bağışlamışdır.

19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4Ə-889 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı ünvan 13 ünvanında yerləşən, ümumi sahəsi 228.5 kv/m olan qeyri yaşayış sahəsini Cavabdeh bağışlamışdır.

20. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 14 ünvanında yerləşən qeyri yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

21. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 15i ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

22. İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 16 ünvanında yerləşən qeyri yaşayış sahəsi üzərində İddiaçı 28.9 kv.m payı müəyyən edilməklə xüsusi mülkiyyət hüququ İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

23. İşdə olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 87, 32 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

24. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

25. İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ¼ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

26. İş materiallarında olan Merida Hotel tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il - xx.xx.2024-cü il tarixlərində Oteldə rezervasiya edilmiş 401 nömrəli otaqda qonaq qismində qalmışdır.

27. İşdə olan İddiaçı məxsus C01505555 saylı pasportun surətindən görünür ki, İddiaçı 26-xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikasında olmuşdur.

28. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və digər hərəkətlərin edilməsi ilə bağlı 5 il müddətinə Şahid3 etibarnamə vermişdir.

29. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və digər hərəkətlərin edilməsi ilə bağlı səlahiyyətləri Şahid2 ötürmüşdür.

30. İşdə olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, Cavabdeh harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və digər hərəkətlərin edilməsi ilə bağlı səlahiyyətləri Şahid3 ötürmüşdür. Həmin etibarnaməyə sonradan xitam verilmişdir. 31.İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədn görünür ki, İddiaçı harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakının idarə edilməsi, onun üzərində sərəncam verilməsi və digər hərəkətlərin edilməsi ilə bağlı 5 il müddətinə Şahid3 etibarnamə vermişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 32.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixli, 4Ə- 891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 0.9319 ha torpaq sahəsini bağışlamışdır. İddiaçı qızı olan cavabdeh tərəfindən ona qarşı ailə öhdəliklərinin pozulmasına və bağışlama zamanı tərəflər arasında razılaşdırılmış şərtə əməl edilməməsinə istinad edərək həmin müqavilənin ləğv edilməsini və torpaq sahəsinin geri qaytarılmasını xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 33.Məhkəmə ilk növbədə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 34.Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. 35.Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 36.Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. 37.Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 38.Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 39.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin sərh edilməsinə dair" 19 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. 40.Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər. Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. 41.Qeyd olunmalıdır ki, hər bir mülki-hüquq müqaviləsinin özünə məxsus şərtləri (müqavilənin standart şərtləri və s. şərtlər) vardır və müqavilələr bu şərtlərə riayət olunmaqla bağlanılmalıdır. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi bir qayda olaraq hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsinə baxmayaraq qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir.

42. Eyni zamanda Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” 26 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 673-cü maddəsi ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinanı tənzimləyir.

43. Belə ki, həmin Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

44. Ailə institutu fərdin psixi və fiziki cəhətdən sağlam böyüməsi, təhsil alması və gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır. Bu istiqamətdə ailənin sosiallaşma (şəxsin cəmiyyətin normalarını, dəyərlərini, davranış modellərini mənimsəməsi), emosional məmnunluq, müdafiə (ailə üzvlərinin fiziki, iqtisadi və psixoloji müdafiəsinin müxtəlif müstəvidə təmin edilməsi), iqtisadi (ailə üzvləri arasında sıx iqtisadi əlaqələrin olması) və s. funksiyalarını qeyd etmək olar.

45. Konstitusiyanın 17-ci maddəsinin İ hissəsində ailənin cəmiyyətin əsas özəyi olduğu təsbit edilərək, onun dövlətin xüsusi himayəsində olduğu vurğulanmışdır. Bu səbəblə də etibarlı və sağlam ailə münasibətlərinin qorunması və gücləndirilməsi vəzifəsi Konstitusiya ilə dövlət üzərinə qoyulan pozitiv öhdəlikdir. Dövlətin daşıdığı bu vəzifə isə ailə dəyərlərinin pozuntulardan qorunmasını və buna yol vermiş şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsini labüd edir.

46. Ailə anlayışı hüquqi bağlar və nəticələr yaradan, ailə dəyərləri ilə bağlı münasibətləri ehtiva edən birliyi ifadə edir. Burada ailə dəyərləri dedikdə, qarşılıqlı qayğı, insanların mənsub olduqları ailəyə hörmət və ehtiram göstərməsi kimi mənəvi və əxlaqi münasibətlərin qorunması nəzərdə tutulur. Ailə hüquq münasibətləri ailə qanunvericiliyinin predmeti olmaqla, məzmununu ailə üzvlərinin qarşılıqlı hüquq və öhdəlikləri təşkil edir və bu münasibətlər müəyyən hüquqi faktların baş verməsi ilə (nikaha daxil olma, doğulma və s.) yaranır.

47. Ailə Məcəlləsinin 1.3-cü maddəsinə əsasən, ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.

48. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə vətənə sədaqət ruhunda tərbiyə edilməsi və s. Ailə Məcəlləsinin vəzifələri kimi müəyyən olunmuşdur (Ailə Məcəlləsinin 3-cü maddəsi).

49. Göstərilənlər baxımından nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir.

50. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir.

51. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər.

52. Lakin Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan hal qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, məhkəmələr tərəfindən hədiyyə alanın daşıdığı vəzifələrin pozulmasının nədə ifadə olunması və pozuntunun kobud olubolmaması konkret işin hallarından (fiziki və psixoloji zərərin dərəcəsi, bəzi hallarda hədiyyə verənin və onun yaxın qohumlarının yaşı və səhhəti və s.) asılı olaraq müəyyən edilməlidir.

53. Məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus, tam payla mülkiyyətində olan bütün əmlakları bağışladığı qızı tərəfindən bağışladığı əmlaklardan birinə (bağ evinə) buraxılmaması işdə olan sübutlarla, o cümlədən şahid ifadələri, eyni zamanda cavabdehin nümayəndəsinin bu barədə izahatı ilə öz təsdiqini tapmışdır.

54. Belə ki, cavabdehin nümayəndəsi növbəti iclaslarda verdiyi izahatı nisbətən dəyişsə də, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatında iddiaçının evə buraxılmadığını təsdiq etmiş, lakin bunun cavabdeh tərəfindən yox, onun anası, yəni iddiaçının həyat yoldaşı tərəfindən edildiyini bildirmişdir.

55. Eyni zamanda məhkəmə iclasında dindirilən iki şahid ifadələrində iddiaçının bağ evinə buraxılmadığını təsdiq etmiş, bununla bağlı iddiaçının həmin vaxt oteldə qaldığını bildirmişdir.

56. Məhkəmə cavabdeh tərəfin şahidlər Şahid3 və Şahid2 iddiaçının işçiləri olması əsası ilə həmin şəxslərin ifadələrinin mötəbər sübut kimi qəbul edilməməsi barədə etirazının dəlilləri ilə razılaşmır.

57. Belə ki, iş materiallarından görünür ki, həmin şəxslər həm İddiaçı, həm də Cavabdeh uzun müddət etibar etdiyi, bütün əmlaklarına sərəncam verilməsinə dair etibarnamə verdiyi şəxslər olmuşdur.

58. Məhkəmə hesab edir ki, mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam hüquqlarına sahib olan cavabdehin bağ sahəsinin açarının dəyişdirilməsi barədə təşəbbüsü və məlumatı olmuşdur. Buna baxmayaraq cavabdeh həmin əmlakları ona bağışlayan atasına bu barədə məlumat verməmiş, o cümlədən onun bağ sahəsinə daxil ola bilməməsinə laqeyd yanaşmaqla ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur.

59. Eyni zamanda məhkəmə iclasında verdiyi izahatında cavabdeh 2023-cü ilin dekabr ayından sonra atası ilə hər hansı formada ünsiyyət saxlamadığını, onun barəsində hər hansı məlumatı olmadığını bildirmişdir.

60. Məhkəmə hesab edir ki, iddiaçı heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edərək, tam mülkiyyət hüququ üzrə özünə məxsus olan bütün əmlakları digər ailə üzvlərinə deyil, məhz cavabdeh olan qızına bağışlayarkən ondan da eyni əxlaqi münasibət görəcəyini güman etmişdir.

61. Cavabdeh isə bunun əksinə, iddiaçı olan hədiyyə verənə qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə (hədiyyə verənin bağışlanılan əmlaka buraxılmaması, uzun müddət hədiyyə verənlə hər hansı formada əlaqə saxlanılmaması və s.) yol vermişdir.

62. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

64. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

65. Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilsə də, cavabdeh tərəf bu halların əksinə dair, yəni mübahisəli bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin atası ilə normal münasibət saxlaması, bir övlad kimi atası qarşısında ailə münasibətlərindən irəli gələn vəzifələrini layiqincə yerinə yetirməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

66. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə-891 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir.

67. Eyni zamanda məhkəmə hesab edir ki, sözügedən müqavilənin ləğv edilməsi mübahisəli torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və Cavabdeh verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi üçün də əsasdır.

68. Məhkəmə qeyd edir ki, MM-in 421-424-cü maddələri müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydalarını tənzimləyir. MM-in 423-cü maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Göründüyü kimi, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında MM-də, müqavilədə və ya işgüzar adətlərdə başqa qaydalar müəyyən edilə bilər.

69. MM-in 673-cü maddəsi isə bağışlama müqaviləsinin və ya bağışlama vədinin ləğv edilməsinin MM-in 421-424-cü maddələrində göstərilənlərdən fərqli xüsusi qaydasını və əsaslarını müəyyən edir. Həmin maddənin müddəaları ümumilikdə həm real, həm də konsensual bağışlama müqaviləsindən imtinaya şamil olunur.

70. Mülki Məcəllənin 424-cü maddəsinə əsasən Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir (424.2). Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır (424.3).

71. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən isə bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

72. Məhkəmə hesab edir ki, bağışlama müqaviləsi ləğv edildiyindən iddia tələbi ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinin Cavabdeh sahibliyindən götürülməklə iddiaçıya təhvil verilməsi hissəsində də əsaslıdır və təmin edilməlidir.

73. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Nəticə hissəsi:

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində bağlanmış, 4Ə-891 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ləğv edilsin. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsinə dair Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx.xx.2023cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilsin. ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0,9319 ha olan torpaq sahəsi Cavabdeh sahibliyindən götürülməklə İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar