Məhkəmə qərarları › İş №e-2(060)-35/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-35/2024

30.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-35/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «payın naturada müəyyən oluması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzilin iddiaçı ilə Cavabdeh paylarına mütənasib olaraq naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 135/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh (bundan sonra – cavabdeh) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında 29 noyabr 2009-cu il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş 25 yanvar 2012-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmışdır. İddiaçı ilə cavabdeh, birgə nikah dövründə, yəni 18 iyul 2013-cü il tarixdə mübahisəli mənzili almışlar. Həmin mübahisəli mənzili tam təmir etdikdən sonra birlikdə köçərək orada yaşamış, birgə təsərrüfat aparmışlar. Müqavilə üzrə öhdəliklər onlar tərəfindən tam yerinə yetirilmişdir. Birgə nikah dövründə əldə olunmuş əmlak üzərində payların müəyyən edilməsi ilə bağlı mediasiya prosesində iştirak etmək və mübahisəni məhkəmədənkənar qaydada nizama salmaq üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktubu göndərilsə də onun dəvətinə cavab verilməmiş, mediator tərəfindən göndərilmiş məktuba da cavabdeh tərəfindən cavab verilmədiyi üçün bu barədə ona 18 oktyabr 2021-ci il tarixli arayış verilmiş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(060)- 992/2022 nömrəli qətnaməsi ilə idda tələbi təmin edilməmişdir. İddiaçı tərəf Sumqayıt Apelyasiya Məhkəməsinə Apelyasiya Şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(105)-1236/2022 nömrəli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(060)-992/2022 nömrəli qətnaməsin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə, yəni 18 iyul 2013-cü il tarixdə əldə etdikləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qeyd oluna qətnamədən Kassasiya şikayəti verilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin2(102)-5532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Kassasiya şikayəti təmin olunmamışdır. Hesab edir ki, qeyd olunan əmlak üzərində payı naturada bölünməlidir. 22 dekabr 2021-ci il tarixli, 021/109/M nömrəli "xxxx" Mənzil Tikinti Kooperativinin arayışından görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19, 125 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98.9 kv.m. olan 109 saylı mənzilə (bundan sonra mübahisəli mənzil) dair ilkin olaraq 01 fevral 2006-cı il tarixdə MTK ilə X5 “kooperativ mənzil tikintisi haqqında” müqavilə bağlamış, pay hüququ ilə ona aid olmuşdur. Daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair son müqavilə 18 iyun 2013-cü il tarixdə MTK ilə cavabdeh arasında bağlanmışdır. MTK-nin arxiv sənədlərində həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişdirilməsi ilə bağlı qeyd aşkar edilmir. "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış 18 iyun 2013-ci il tarixli Kooperativ mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ mübahisəli mənzili inşa edib payçıya təhvil verməyi, payçı cavabdeh mənzili qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 18 iyun 2013-cü il tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında 98,9 kv.m. qeyri-yaşayış sahəsinə üzv olmuş və mənzilin dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmədə eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli 2(060)-992/2022-008 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “əmlak bölgüsü ” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 iyun 2022-ci il tarixli, 2(105)-1236/2022 nömrəli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova T.O.Quliyev və G.F.Tağızadə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022ci il tarixli, 2(060)-992/2022 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətrnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə, yəni 18 iyul 2013-cü il tarixdə əldə etdikləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. Hazırki iddia tələbi tam qanunsuz və əsassız olduğundan təmin oluna bilməz. Belə ki, iddia ərizəsinə əlavə olunmuş 22 dekabr 2021-ci il tarixli, 021/109/M nömrəli "xxxx" Mənzil Tikinti Kooperativinin arayışından görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19, 125 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98.9 kv.m. olan 109 saylı mənzilə (bundan sonra - mübahisəli mənzil) dair ilkin olaraq 01 fevral 2006cı il tarixdə MTK ilə X5 “kooperativ mənzil tikintisi haqqında ” müqavilə bağlamış, pay hüququ ilə ona aid olmuşdur. Daha sonra qarşılıqlı razılaşma əsasında mənzil payının keçməsi ilə əlaqədar, həmin mənzilə dair son müqavilə 18 iyun 2013-cü il tarixdə MTK ilə cavabdeh arasında bağlanmışdır. MTK-nin arxiv sənədlərində həmin mənzilə dair MTK ilə başqa şəxslər arasında müqavilənin dəyişdirilməsi ilə bağlı qeyd aşkar edilmir. "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış 18 iyun 2013-ci il tarixli Kooperativ mənzil tikinti haqqında müqavilədən görünür ki, kooperativ mübahisəli mənzili inşa edib payçıya təhvil verməyi, payçı cavabdeh mənzili qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 18 iyun 2013-cü il tarixli arayışdan görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilən yaşayış binasında 98,9 kv.m. qeyri-yaşayış sahəsinə üzv olmuş və mənzilin dəyəri onun tərəfindən tam ödənilmişdir. Göründüyü kimi, iddia ərizəsində irəli sürülən iddia tələbi "xxxx" Mənzil Tikinti Kooperativinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 19, 125 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98.9 kv.m. olan 109 saylı mənzilə (bundan sonra - mübahisəli mənzil) dair ilkin olaraq 01 fevral 2006-cı il tarixdə MTK-nın rəhbər ilə X5 “kooperativ mənzil tikintisi haqqında ” müqavilə bağlamışdır. Həmin müqavilə üzrə paylar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından bu mənzil üzərində sərəncam vermək, yəni naturada bölğü və ya hərrcadan satılaraq pulunun bölünməsi iddia tələbi təmin oluna bilməz. İddia tələbi rədd olunmalıdır. Məlumat üçün bildirir ki, maliyyə arayışında qeyd olunan məbləğin 1/2 hissəsini iddiaçıya ödəməyə tam hazırdır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il traixli 2(060)-992/2022-008 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü ” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 28 iyun 2022-ci il tarixli, 2(105)- 1236/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2(060)-992/2022 nömrəli qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə, yəni 18 iyul 2013-cü il tarixdə əldə etdikləri Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzilin 1/2 hissəsinə iddiaçının, 1/2 hissəsinə isə cavabdehin paylarının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-5532/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən 109 saylı mənzilin planlı yerləşməsini, 11 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşdiyini, mənzilin yalnız bir giriş-çıxış qapısı olduğunu və mənzilin tərkibində yalnız bir mətbəx bir hamam bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin ½ paya uyğun naturada ayrılması inşaat Norma və Qaydalarının 2.08.01.89-nun və 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və metodik əsasların tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən ümumi sahəsi 89,8 kv.m olan 109 saylı mənzilin mövcud orta bazar dəyərinin təqribən 138400 manat, likvid dəyəri 117500 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının nümayəndəsi Vəkil1 Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 xx.xx.2024-cü il tarixdə təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X6 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. AR Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə tərəflərə bir-biriləri ilə aralarında şifahi olaraq kompensasiya və ya müəyyən pul məbləği qarşılığında hazırki iddia tələbi üzrə razılıq əldə edilməsi üçün vaxt versə də, tərəflər arasında heç bir kompensasiya ödənişi və mənzilin öz aralarında satılması barədə heç bir razılıq əldə edə bilməmişdirlər.  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli Qərardadı ilə müəyyən edilmişdir ki, ipoteka ilə bağlı iddia tələbləri üzrə qətnamə çıxarılarkən ipoteka predmetinin açıq hərracda satılması üçün likvid qiymət müəyyən edilir. Hazırki iddia tələbi sözügedən mənzil ipoteka predmeti olmadığından məhkəmə mənzilin ilkin satış qiymətini bazar qiyməti ilə müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə ekspert rəyini əsas tutaraq hesab edir ki, hazırda mənzilin paylara mütənasib olaraq naturada ayrılması mümkün olmadığına görə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzil hərrac yolu ilə satılmalı və satışda əldə olunan pul vəsaiti tərəflər arasında paylarına uyğun bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 125 ünvanında yerləşən, ümumi sahəsi 98,9 kv.m. olan 109 saylı mənzil hərrac yolu ilə satılsın və satışda əldə olunan pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun bölünsün. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar