Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-356/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdehlər Cavabdeh1 və İqbal Adilin iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, İqbal Adil və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC olmaqla) şəxsi mülkiyyətində olan mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ailə üzvləri və azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan Sumqayıt şəhəri, Corat bağlarında yerləşən 2385 saylı evdən çıxarılmaları və həmin evin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 və azyaşlı uşaqları X4, X3 ilə birgə iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat bağlarında yerləşən 2385 saylı evdən çıxarılmaları və həmin evin tam yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, İqbal Adilin, Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 və azyaşlı uşaqları X4, X3 ilə birgə iddiaçıya məxsus Sumqayıt şəhəri, Corat bağlarında yerləşən 2385 saylı evdən çıxarılmaları və həmin evin tam yararlı vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2385 saylı ev üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış və onun adına çıxarış verilmişdir. Mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər qanunsuz olaraq ona məxsus olan bu evdə yaşayışlar, o, dəfələrlə onlara müraciət edərək, evi boşaltmalarını tələb etsə də, onlar onun sözlərinə məhəl qoymamış və mənzildən könüllü olaraq çıxmamışlar, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hüquqlarını təmin etdiyi şəxs evin mülkiyyətçisidir. xx.xx.2021-ci il tarixdə onun adına çıxarış verilmişdir. İpoteka predmeti olan əmlak üçün hal-hazırda belə iddiaçı ipoteka xərclərini ödəyir. Cavabdehlər qanunsuz yaşayırlar. Onların hər hansı qeydiyyatı yoxdur. Məhkəməyə qədər iddiaçı cavabdehlərə müraciət edərək, mənzildən çıxarılmalarını demişdir. Lakin cavabdehlər mənzildən çıxmamışdırlar. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, Altay onlara çıxarış göndərmiş və məlum olmuşdur ki, 20 il müddətinə yenidən ipoteka müqaviləsi bağlanılmışdır. Ədalət də müstəntiqə söz vermişdir ki, pulu ödəyəcəkdir. Altaya dünən zəng etmiş və bildirmişlər ki, Ədalət pulu versin, onlar da pulu ödəsin. Onun verdiyi bütün pulları qaytaracaqdırlar. Onların pulu olmadan evdən necə çıxa bilərlər. İddia tələbini qəbul etmir. Məhkəmə iclasında cavabdeh İqbal Adil izahatında bildirdi ki, Qubadlı filialından 38 min 500 manat qeyri-rəsmi pul çıxarılmışdır. Altay bəy tərəfindən çıxarılmışdır. İddia tələbini qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2385 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. - Sumqayıt ŞB üzrə 1 saylı MKS tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 2385 saylı Corat bağı evində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X3 və X1 ibarətdir. - 25 yanvar 2021-ci il tarixli, İPKB3355418A126 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, mülkiyyətçi X2, ipoteka saxlayan "xxxx" ASC, alıcı İddiaçı olmaqla, satıcı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2385 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDRX tərəfindən 7 oktyabr 2020-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı bundan sonra alıcının mülkiyyətinə vermişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2385 ünvanında yaşayır. Qeydiyyatda heç bir şəxs yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2385 ünvanında yerləşən bağ evi xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsusdur. İddiaçı mülkiyyət huququ ilə ona məxsus olan əmlakdan cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində məhrum olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mənzil satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, cavabdehlər qeyd olunan mənzildən çıxmamaqla və yaşamağa davam etməkdə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. İş materiallarından görünür ki, cavabdehlərin mübahisəli mənzildə yaşamasının hər hansı hüquqi əsası mövcud deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər iddiaçının mülkiyyətində olan bağ evindən çıxarılmalı və bağ evi tam yararlı vəziyyətdə iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, İqbal Adil, Cavabdeh3 həyat yoldaşı Cavabdeh4 və azyaşlı uşaqları X4, X3 ilə birlikdə Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2385 ünvanında yerləşən bağ evindən çıxarılsın və bağ evi tam yararlı vəziyyətdə İddiaçı təhvil verilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-356/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-356/2025
13.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver