Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3582/2025 18.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı tərəflər arasında imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya X1 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin etibarsız hesab olunması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt 1 saylı Mediasiya Təşkilatında cavabdeh olan həyat yoldaşı Cavabdeh1 ilə onun arasında xx.xx.2023-cü ildə MŞS/MT030/2023/01357 saylı barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə görə tərəflər arasında olan rəsmi nikahın pozulmasına məhkəmə qaydasında baxılması, həmçinin birgə nikahdan olan uşaqların ananın yanında qalması, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin hər ayın sonuncu günündən gec olmayaraq ödənilməsi, uşaqların ata ilə görüməsinə heç bir məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına maneə olmaması qeyd edilmişdir. Barışıq sazişi Cavabdeh1 olmuş və həmin sazişi imzaladıqdan sonra onlar evə gələrək bir yerdə yaşamış, o, bir ata kimi uşaqlarının maddi ehtiyaclarını qarşılamışdır. Onların birgə mediasiyaya getmələri barışıq ilə bağlı olmuş, mediator Q.Əsgərov barışığın yalnız həmin təşkilatda olması barədə onlara səhv yol göstərmiş, əslində barışdıqları üçün mediasiya icraatına xitam verilməli olduğu halda, bu saziş bağlanmışdır. Lakin mediator barışdıqları üçün bir neçə sənədləri imzalatmış və həmin sənədləri qarşı tərəfə vermiş, o da həmin sənədləri oxumadan, həmin şəxsə və həyat yoldaşına inanaraq sənədləri imzalamışdır. Arvadı ilə bir yerdə Sumqayıt şəhəri, 51-ci məhəllədə 2024-cü ilin sentyabr ayına kimi yaşamışdır. O, belə bir sazişin olmasını qarşı tərəfin ona qarşı məhkəmədə iddia qaldırdığından sonra bilmişdir. Məhkəmə həmin sazişin təsdiq olunması barədə qətnamə çıxarmış, həmin qətnamədən o, apellyasiya şikayəti vermişdir. Mediasiya təşkilatında bağlanmış barışıq sazişi onun hüquqlarının pozulması ilə bağlanıldığı üçün məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, iddianın qaldırılmasına əsas səbəb bu sazişə əsasən yığılmış aliment borcudur. Cavabdeh1 məhkəmə iclasında iddiaya etiraz etdi və onun təmin olunmamasını xahiş etdi. Digər cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatı məhkəməyə etiraz göndərərək qeyd etmişdir ki, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. İddiaçı barışıq sazişinin bağlanması zamanı aldadıldığını iddia etsə də, bu dəlilini təsdiq edə biləcək heç bir sübutu iddia ərizəsinə əlavə edə bilməmişdir, iş materiallarından olan sübutlar isə, əksinə iddiaçının dəlillərini tamamilə rədd edilməsinə kifayət qədər əsas verir. Beləki mübahisələndirilən barışıq sazişinin mediasiya işində saxlanılmış nüsxəsindən görünür ki, hər iki tərəf barışıq sazişini imzaladıqdan sonra sazişin üzərində “barışıq sazişini oxudum, öz sözlərimlə yazılıb, razı oldum imzamla təsdiq edirəm” ifadələrini yazaraq bir daha imzaları ilə şəxsi iradə ifadələrini təsdiq etmişlər. Şərh edilənlərdən də göründüyü kimi, barışıq sazişinin şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış və onlar həmin sazişi öz istəkləri ilə imzalamışlar. Barışıq sazişi bağlanarkən iddiaçının aldadılması kimi hallar, habelə onun etibarsızlığına səbəb ola biləcək əsaslar işdə mövcud deyildir. Bu səbəbdən iddia rədd edilməlidir. İddianın rədd edilməsini şərtləndirən digər məsələ isə əqdin etibarsızlığı üçün qanunla müəyyən edilmiş iddia müddətinin iddiaçı tərəfindən heç bir üzürl səbəb olmadan ötürülməsidir. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. - Belə ki, iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh1 arasında Sumqayıt 1 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin surətindən görünür ki, 1. Mediasiya prosesində İddiaçı ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6, X8. Uşaqların saxlanması üçün İddiaçı tərəfindən (uşağın atası) hər ayın sonundan gec olmayaraq, bir uşaq üçün 220 manat olmaqla, iki uşaq üçün cəmi 440 manat alimenti X9 (uşağın anası) hər ayın sonunda gec olmayaraq ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. 2. Mediasiya prosesində İddiaçı ilə X13 arasında birgə rəsmi nikah vaxtı (Sumqayıt şəhəri: “ASAN xidmət”, xx.xx.2018-ci ildə AZ-İİ № 308414) anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X6, X8. X2 (uşağın anası) himayəsində qalmasına razılaşdılar. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 saylı qətnaməsindən görünür ki, yuxarıda qeyd edilən barışıq sazişi təsdiq edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-735/2025 saylı qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 2062/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, hazırki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək həmin işin icraatının dayandırılması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər Sumqayıt 1 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01357 saylı barışıq sazişi imzalamışlar. Bu sazişin şərtlərinə görə onlar birgə nikahadn doğulmuş uşaqların ananın himayəsinə verilməsi və onların saxlanılması üçün alimentin tutulması qaydası barədə razılığa gəlmişlər. Sonradan öhdəliklər yerinə yetirilmədiyinə görə Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, bu sazişin təsdiq edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2062/2025 saylı qətnaməsi ilə barışıq sazişi təsdiq edilmiş, qətnamə İddiaçı tərəfindən mübahisələndirilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt 1 saylı Mediasiya X1 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/01357 saylı barışıq sazişinin etibarsız hesab olunmasını xahiş etmişdir. İddiaçı iddia edir ki, saziş imzalanarkən mediator ona yanlış informasiya vermişdir. Belə ki, tərəflərin barışdığı üçün mediasiya icraatına xitam verilməli olduğu halda, mediator onlar arasında barışıq sazişini təsdiq etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı tərəf iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbinin rədd edilməsini istəyirlər. Məhkəmə iddiaçının qeyd etdiklərinə tənqidi yanaşır, belə ki, işdən görünüdüy kimi, mübahisə predmetini tərəflər arasında mediasiya sessiyasında imzalanmış barışıq sazişi təşkil edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Maddə 5.3. Mediasiya zamanı tərəflər öz mülahizələrinə əsasən maddi və prosessual hüquqlarından istifadə edirlər, habelə tələblərinin həcmini artırmaq və ya azaltmaq, bu Qanunun 28-ci və 29-cu maddələrinin tələbləri nəzərə alınmaqla mediasiyanın istənilən mərhələsində mediasiyadan imtina etmək hüquqlarına malikdirlər. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Mülki qanunvericiliyə görə barışıq sazişi tərəflər arasında bağlanmış bir müqavilədir və onun əsas məqsədi mübahisəli vəziyyətin (qeyri-müəyyənliyin) qarşılıqlı güzəştlər yolu ilə həll edilməsindən ibarətdir. Bu zaman tərəflər üzərlərinə yeni öhdəliklər götürməklə özləri üçün yeni hüquq və vəzifələr yaratmış olurlar. Beləliklə, barışıq sazişi, qanunun müəyyən etdiyi kimi, iki tərəfli müqavilə (əqd) olduğundan onun istər bağlanması, istərsə də etibarsızlığı ilə bağlı məsələlərə əqdin bağlanması və etibarsızlığı barədə müddəlar tətbiq edilməlidir. Müqavilə iki və ya bir neçə şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə əldə etdikləri razılaşmadır. Müqavilənin bağlanması əqli (şüuri) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (Mülki Məcəllənin 389.1 və 390.1-ci maddələri). Əqdin bağlanması üçün əqli iradənin (müqaviləni bağlayan tərəflərin onun məzmununu və hüquqi nəticələrini dərk etməsi) mövcud olmaması əqdin etirbarsızlığına səbəb olan başlıca əlamətdir. Əqdin etibarsızlığı üçün əsas şərt onun qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılması şərtidir. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar. Subyektə bağlı olan şərtlərə, bir qayda olaraq Mülki Məcəllənin 349-cu maddəsində (Hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı), 343-cü maddəsində (Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 345-ci maddəsində (On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı) göstərilən etibarsızlıq üçün əsasları aid etmək olar. Subyektə bağlı olan şərtlər, əsasən şəxsin əqd bağlamaq üçün yetərli səlahiyyətə malik olmaması ilə bağlıdır. İradə ifadəsinə bağlı olan şərtlər Mülki Məcəllənin 339-cu maddəsində (Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı) 340-cı maddəsində (Uydurma və yalan əqdlərin etibarsızlığı), 342-ci maddəsində (Fəaliyyət qabiliyyəti olmayan şəxslərin bağladığı əqdlərin etibarsızlığı), 344-cü maddəsində (On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı), 346-cı maddəsində (Öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı) və 347-ci maddəsində (Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı) nəzərdə tutulmuş şərtlərə aid edilə bilər. İradə ifadəsinə bağlı olan şərtlər ümumiyyətlə iradə ifadəsinin olmaması, yaxud olduğu halda qüsurlu (zədəli) olması ilə bağlı olan şərtlərdir. Əqdin forma və məzmununa bağlı olan şərtlər isə, Mülki Məcəllənin 329-cu maddəsində (Əqdlərin formaları), 331-ci maddəsində (Yazılı əqd) və 334-cü maddəsində (Əqdin notariat qaydasında təsdiqlənməsi) göstərilmişdir. Bu şərtlər əqdin forma və məzmununa dair əvvəlcədən müəyyənləşdirilmiş şərtlərin pozulması ilə əqdin bağlanmasını nəzərdə tutan şərtlərdir. Etibarsız əqdlərin şərti təsnifatından da görünür ki, iradə ifadəsinə bağlı olan etibarsız əqdlərdən biri də aldatma nəticəsində bağlanmış əqddir. Mülki Məcəllənin 339.2-ci maddəsində əqdin aldatma ilə bağlanması elə bir nəticəni nəzərdə tutur ki, bununla aldadan tərəf əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə, yaxud əqdin bağlanmasını şərtləndirən hallar barədə qəsdən susmaqla digər tərəfin iradə ifadəsinin yaranmasına nail olmuş olur. Aldatma nəticəsində digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır. Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir. İddiaçı mediasiyada bağlanmış barışıq sazişinin aldadılma nəticəsində imzalamasını iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarından görünür ki, hər iki tərəf barışıq sazişinin məzmununu, onun şərtlərini anlamış və onu imzalamışlar. İşdən göründüyü kimi, barışıq sazişinin şərtləri tərəflər arasında əvvəlcədən razılaşdırılmış və onlar həmin sazişi öz istəkləri ilə imzalamışlar. Bu barışıq sazişi bağlanarkən iddiaçının aldadılması kimi hallar, habelə əqdin etibarsızlığına səbəb ola biləcək əsaslar iş materiallarında mövcud deyildir. Aliment borcunun yığılması isə barışıq sazişinin etibarsızlığına əsas hesab edilə bilməz. Bu əsasla da məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Digər tərəfdən, işdən görünür ki, iddiaçı hazırki iddianı qaldırarkən əqdin etibarsızlığı barədə qanunda nəzərdə tutulan 1 illik müddəti (kəsici) də ötürmüşdür (Mülki Məcəllə 354cü maddəsi). Ona görə də məhkəmə hesab edir ki, bütün hallarda iddia rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt 1 saylı Mediasiya Təşkilatına qarşı tərəflər arasında imzalanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-3582/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3582/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver