Məhkəmə qərarları › İş №e-2(060)-3590/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3590/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3590/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlu, Tərəflərin iştirakı olmadan, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bəxtiyar (Abasov) Bəhram Bəxtiyar oğluna qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan 392,97 manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 30 noyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə") bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN **********48 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 392,97 manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Abasov X1 hesabına 392,97 manat məbləğində əsassız varlanmışdır. Borcun ödənilməsi tələbi İlə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağiı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 29 mart 2024-cü il tarixli, 6-3/xx/xx-2874 saylı pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azər-Türk Bank” ASC ilə Cavabdeh arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 30 noyabr 2021-ci il tarixli, ******************** saylı müqavilədən görünür ki, müvafiq kart cavabdehə verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi olan - Cavabdeh məxsus debet kart hesabı üzrə xx.xx.2022-ci il tarixində RRN **********48 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 392,97 manat həcmində ziyan dəymişdir. - İşə əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müvafiq kart Cavabdeh təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN **********48 nömrəli əməliyyat revers (geri çəkilmə) olsa da, texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 392,97 manat həcmində ziyan dəymişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – Cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçıya qaytarmalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bəxtiyar (Abasov) Bəhram Bəxtiyar oğlundan 392,97 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar