Məhkəmə qərarları › İş №e-2(060)-3623/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3623/2022

29.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3623/2022 29.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Əhmədli Şəkər Vaqif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh Məmmədəli qızının Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10 B, mənzil 15-də yaşayan digər şəxslərin həmin mənzildən çıxarılması, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10 B, mənzil 15-in tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 18028/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh Məmmədəli qızından yaranmış borcun tutulması və tutmanın cavabdehin mülkiyyətində olan ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması və həmin əmlak satıldıqdan sonra cavabdehin əşyaları ilə birlikdə mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMCyəgöndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. "xxxx" MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X1 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X1 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. (Qeydiyyat nömrəsi **********, tarix: xx.xx.2018) İcra sənədinin tələbinə uyğun olaraq mənzil boşaldılaraq mülkiyyətçi İddiaçı BOKT ASC-yə təhvil verilmişdir. İcra sənədi tam şəkildə icra olunduğundan xx.xx.2019-cu il tarixli qərarla iş üzrə icraata xitam verilmişdir. Daha sonra tərəflərindən Cavabdeh Məmmədəli qızına qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9239/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh Məmmədəli qızının Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev10B, mənzil 15-ə olan istifadə hüququna xitam verilmişdir. Lakin əvvəlki mülkiyyətçi Cavabdeh Məmmədəli qızı iddiaçıya məxsus olan ünvan 1-in qapısını sındıraraq qanunsuz olaraq mənzilə daxil olmuşdur. O, hal-hazırda da iddiaçıya məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və mənzili mülkiyyətçisinə verməkdən imtina edir. Qeyd edir ki, bununla əlaqədar olaraq prokurorluq və daxili işlər orqanlarına yazılı müraciət edilmişdir. Sözügedən şəxslərin mənzildən çıxarılmasını tələb etmək İddiaçı BOKT ASC-nin həmin əmlaka dair mülkiyyət hüququdur və onların mülkiyyətlərində olan mənzildə yaşamaları mənzil barəsində sərbəst şəkildə sərəncam vermək və ondan istifadə etmək hüquqlarını pozur. İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı BOKT ASC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18028/2016 saylı, 08 dekabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə əsas borc üzrə 15433,90 ABŞ dolları, faiz borcuna görə 5908,64 ABŞ dolları, cərimə borcuna görə 200 ABŞ dolları, cəmi 21442,54 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus ünvan 1 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin hərracda satılması və mənzilin satışından əldə olunacaq pul vəsaiti hesabına cavabdehin cəmi 21442,54 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcu və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu İddiaçı BOKT ASC-yə ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzil satıldıqdan bir ay sonra Cavabdeh əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9239/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilərək Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, 10B saylı evin, 15 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10B ünvanında yerləşən 15 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı BOKT ASC-nə məxsusdur. - Sumqayıt şəhər İcra Hakimiyyəti MKT İstehsalat Birliyinin 15 saylı Mənzil- Kommunal sahəsinin 685 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10B ünvanında yerləşən 15 saylı mənzildə qeydiyyatsız yaşayır. - hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 02 noyabr 2017-ci il tarixli müqavilədən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzil 38250 (otuz səkkiz min iki yüz əlli) manata İddiaçı BOKT ASC tərəfindən alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzil İddiaçı BOKT ASC-nə məxsusdur. Həmin əmlak açıq hərracda İddiaçı BOKT ASC tərəfindən əldə edilmişdir. Cavabdehin mübahisəli əmlaka dair hazırda heç bir hüquqları yoxdur, onun həmin mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməməsi mülkiyyətçinin maraqlarına ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur.Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, iddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılmaması mülkiyyətçi kimi onun iradəsinə ziddir. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmlakda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzildən çıxarılmalı, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzil boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilməlidir. Məhkəmə iddianın digər şəxslərin ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzildən çıxarılması və həmin əmlakın onlar tərəfindən boşaldılması hissəsinə münasibətdə qeyd edir ki, qeyd edilən digər şəxslər qeyri-müəyyən olduğundan həmin hissədə iddia tələbi rədd edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdehdən 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT ASC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədəli qızı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 10 B, mənzil 15də yaşayan mənzildən çıxarılsın. ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 40,78 kv.m olan mənzil boşaldılaraq İddiaçı BOKT ASC-yə təhvil verilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh Məmmədəli qızından tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar