Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3677/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış evindən çıxarılması tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırdı ki, o, İddiaçı 2018-ci il tarixdə Məhərrəmov Orxan Hicran oğlu ilə faktiki nikah münasibətinə daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 19 oktyabr 2019-cu il təvəllüdlü X5 dünyaya gəlmişdir. Qızları dünya gələndən talassemiya xəstəliyindən əziyyət çəkir. Bildirmək istəyir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən fərdi ev 20 özbaşına tikilidir. Həmin evi vaxtı ilə 2003-cü ildə yoldaşının atası Məhərrəmov Hicran Behbud oğlu öz vəsaiti əsasında tikmişdir. Sözügedən evi qayınatası səhhəti ilə bağlı problemlər yarandığı üçün və həmin müddət Rusiya Federasiyasında müalicə aldığından öz bacısına satmışdır. O, yoldaşı ilə ailə qurduqdan sonra həmin evi yoldaşının bibisi onlara yaşamaq üçün hədiyyə etmişdir. Beləliklə də 2018-ci il tarixdən həmin evə faktiki sahibliyi onlar edirlər. Hal-hazırda həmin evdə o, yoldaşı, qızı və qayınatası yaşayırlar. 05 mart 2023-cü il tarixdə yoldaşı Məhərrəmov Orxan Hicran oğlunun keçmiş həyat yoldaşı Cavabdeh bir dəst yorğan döşək alaraq onların evini basmışdır və onların evdə payı olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, mövcud məhkəmə qətnamə əsasında o 2019-cu il tarixdən mənzilə köçürülmüşdür. Həmin qətnamə ilə tanış olduqda ailələrində əsaslı narazılıqlar yaşandı. Belə ki, Cavabdeh iddiasında göstərmişdir ki, guya o, sözügedən evə 2010-cu ilin avqust ayında gəlin kimi cehiz əmlakları ilə köçmüşdür. Göstərmişdir ki, guya o evi onun valideynlərinin köməkliyi ilə tikmişdir. Halbuki, həmin evi təkbaşına qayınatası tikmişdir. Cavabdeh o evə gəlin gəlməmişdir və heç bir cehiz əşyası gətirməmişdir. 28 mart 2018-ci il tarixdə Məhərrəmov Orxan Hicran oğlu ilə nikahları pozulduqdan sonra, qayınatası tərəfindən tikilmiş evə köçürülməsi ilə iddia qaldırmışdır. Onu da qeyd etmək lazımdır ki, yoldaşı həmin məhkəmə iclasında bildirmişdir ki, həmin evi atası tikmişdir və ona məxsusdur. Digər şahidlərin də ifadəsinə görə həmin evdə uzun müddətdir 2006-ci ildən başlayaraq kirayəçilər yaşamışdır. Necə ola bilər ki, Cavabdeh 2010-cu ildə ora gəlin köçür və qeyd edir ki, guya valideynin köməkliyi ilə həmin ev tikilib. Halbuki həmin ev 2003-cü il tarixdən tikilmiş və 2006-cı ildən kirayədə olmuşdur. Həmçinin onu da qeyd etmək lazımdır ki, o, ev üzərində hüquq sahibi qətnamə qəbul olunduğu vaxt Məhərrəmova Sara olmuşdur. Hansı qanunverciliyə əsasən ailə üzvü olmayan şəxsin aidiyyəti olmayan digər şəxsin mənzilindən istifadə hüququ yaranmışdır. Həmin qətnamə tamamilə əsassız, qanunsuz və iddiaçı tərəfindən yaşamasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyi halda qəbul edilmişdir. Lakin, Məhərrəmov Hicran xəstə olduğundan və ölkə xaricində olduğundan qətnamənin ləğv edilməsinə dair apellyasiya şikayəti verilməmişdir. Halhazırda həmin evdə ailəvi olaraq onlar yaşayırlar və kənar şəxsin əsas da yoldaşının keçmiş həyat yoldaşının o evdə hüququ tanınması və nə vaxtsa yaşamaq istəsə ehtimalı məqsədəuyğun deyil. 15 mart 2023-cü il tarixdə Cavabdeh icra məmurların iştirakı ilə onların evin gəlmiş və bir döşək yerə ataraq çıxıb getmişdir. Yəni cavabdeh o evdə bir gün belə istifadə etmədiyi halda onun orda istifadə hüququ formal xarakter daşıyır. Onu da qeyd etmək lazımdır ki, cavabdeh nikah pozulmadan qabaq da kirayədə yaşayırdı və həmin yerdə yaşamağa davam edir. Cavabdeh işləyir, övladları isə öz evlərinə yaxın məktəbə gedir. Onların evdə isə yaşamaq hüququ ona lazım deyil və ancaq qərəzli şəkildə onları şantaj etmək üçün istifadə edilir. Belə olduğu halda nikah münasibətləri bitdikdən sonra qanunun analogiyasını özbaşına tikiliyə tətbiq edərək, cavabdeh artıq ailə üzvü olmadığına görə və uzun müddətdir yaşayış evi olduğuna görə qeydiyyatdan çıxarılmalıdır yəni yaşayış hüququnu itirilirmiş hesab edilməlidir. Həmçinin bildirir ki, nikahları pozulduqdan sonrakı müddətdə-karantin dövründə evə öz vəsaiti hesabına əlavə xərclər də çəkmiş, belə ki, evin döşəməsinin, giriş pilləkəninin təmiri və digər kosmetik işləri görməklə 4000-5000 civarında pul vəsaiti xərcləmişdir. Onu da qeyd edir ki, onların münasibətləri tamamilə yoxdur. O, da öz övladını sərbəst və rahat böyütmək istəyir və yaşayış sahəsindən tam istifadə etmək istəyir. Hal-hazırda onun və övladının hüquqları pozularaq bu mümkün deyildir. Nikahları pozulduqdan sonra heç bir gün o evdə yaşamayan cavabdehin bu yol ilə qərəzli şəkildə onların ailə həyatlarına maneçilik yaratması deməkdir. Göründüyü kimidə cavabdeh nə onun nə də ki yoldaşının ailə üzvü deyildir. Əlavə olaraq qeyd edir ki, evin yerləşdiyi torpaq sahəsinin pulun və evin tam olarq bütün xərclərini qaynatası çəkdiyi üçün ev ona məxsusdur. Ona görə ona aid olan evdən kənar şəxsin məcburi çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bununla bağlı 05 may 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən digər fərdi tikililərdə yaşayan qonşular tərəfindən akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, 2003-cü il fərdi ev 20 qonşuları Məhərrəmov Hicran Bəhbud oğlu tərəfindən tikilmişdir. 2006-cı il tarixdən 2011-ci il tarixədək həmin ev kirayə verilmişdir. Bildiklərinə görə Cavabdeh Hicran Məhərrəmovun gəlini olmuşdur, lakin o, evdə yaşamırdı. 2018-ci il tarixdən bu günə kimi fərdi ev 20-də Məhərrəmov Orxan və onun yoldaşı İddiaçı qızı ilə yaşayırlar. Həmin Akt qonşular tərəfindən imzalanmış və 1 saylı Mənzil-Kommunal sahəsi Təsərrüfat Birliyi tərəfindən möhür ilə təsdiqlənmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi K.F.Qədimalıyeva iddianı müdafiə edib, eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, Orxan Məhərrəmov onun keçmiş həyat yoldaşıdır. Sözügedən mənzil onun qaynatasına məxsusdur. İddiaçı həmin mənzildə heç bir hüququ yoxdur. İddiaçı Orxan Məhərrəmovun heç nəyi deyil. İddia qaldırmağa heç bir hüququ yoxdur. Mənzil qaynatasına məxsusdur. Onun qaynatası ilə münasibəti yaxşıdır. Lakin mənzilin təmirə ehtiyacı olduğu üçün, yaşamaq üçün əlverişsiz olduğuna görə o, həmin evdə müvəqqəti qala bilmir. Onun bütün əmlakları həmin evdədir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Məhərrəmov Hicran Behbud oğlu bildirdi ki, cavabdeh onun keçmiş gəlinidir. Cavabdeh sözügedən fərdi evə məhkəmə qətnaməsi əsasında köçürülsə də, həmin evdə yaşamır. O, evdən çıxmağı üçün ondan pul tələb edir. Oğlu ikinci dəfə ailə həyatı qurub sözügedən fərdi evdə yaşayır. Cavabdeh ondan deyil, keçmiş əri olan oğlu Orxandan ev tələb etsin. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2200/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, avtobazanın arxasında olan fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı mənzil kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 20 saylı fərdi evə 2003-cü il tarixdə Məhərrəmov Hicran Behbud oğlu tərəfindən tikilmişdir. 2006-cı il tarixdən 2011-ci il tarixədək həmin ev kirayə verilmişdir. Cavabdeh Məhərrəmov Hicran Behbud oğlunun gəlini olmuşdur. Lakin həmin evdə yaşamırdı. 2018-ci il tarixdən bu günə kimi fərdi ev 20-də Məhərrəmov Orxan və onun yoldaşı İddiaçı ilə yaşayır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Cavabdeh və uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, avtobazanın arxasında olan fərdi yaşayış evinə köçürülmələri təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının çıxarılmasını tələb etdiyi mübahisəli evə dair heç bir mülkiyyət hüququ yoxdur, ev özbaşına tikilidir. Məhkəmə iddia tələbi üzrə iddiaçının istinad etdiyi halları nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 146.2-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İddiaçı cavabdehin istifadə hüququ itirilməklə mübahisəli yaşayış evindən çıxarılmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evə dair hüquq müəyyənedici sənədi mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli yaşayış yerinə ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb onun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. İşin hallarından müəyyən edilir ki, sözügedən fərdi ev iddiaçının qaynatası hesabına tikildiyini və iş üzrə şahid qismində ifadə vermiş şəxsin ifadəsindədə öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli evə dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən onun cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsinin aydınlaşdırılması zəruridir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə iddiaçının qeyd edilmiş hüquqi mövqeyə görə hazırki tələblə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunan normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış evindən çıxarılması tələbinə dair» iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №e-2(060)-3677/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3677/2023
07.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver