Məhkəmə qərarları › İş №e-2(060)-3677/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3677/2024

28.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3677/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “şəxsi mülkiyyətdə olan mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətində olan ünvan 1-də yerləşən 15 saylı mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanına yerləşən sahəsi 29.9 kv.m olan 1 otaqlı 15 saylı mənzil üzərində onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına xx.xx.2016-cı il tarixli çıxarış verilmişdir. Mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh onun atasıdır və ona məxsus olan bu mənzili bir müddət kirayə vermiş və hazırda o, ailə həyatı qurmaqla öz mülkiyyətində olan mənzildə yaşamaq istəyir. Lakin cavabdeh onun bu mənzilə köçməyinə hər cür əngəl yaratmış, ona mənzilin açarını verməmiş və nəticədə o, Sumqayıt şəhər Pİnin 3-cü PB-nə şikayət etmiş, ona (nümayəndə kimi təmsil etmiş anası Nailə Məmmədovaya) izah olunmuşdur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməlidir. Göründüyü kimi bu mənzil üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq cavabdeh həmin evin açarını dəyişməklə onu mənzilə buraxmır, bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirərək, məhkəmə prosesini iştirakı olmadan keçirməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildirişlər cavabdehin qeydiyyatda olduğu yer üzrə ünvana göndərilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 12 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçını mülkiyyət hüququ 2016-cı ildə qeydiyyata alınmışdır. Cavabdeh həmin mənzildə qeydiyyatdadır. Həmin mənzili başqa-başqa şəxslərə kirayə verir. İddiaçını yaşamağa qoymur, atası olduğuna görə bu vaxta kimi tələb etməmişdir. İddiaçı əvvəllər subay olmuşdur. Hal-hazırda ailəlidir, köçərək ailəsi ilə həmin mənzildə yaşamaq istəyir. Cavabdeh isə maneçilik törədir. Cavabdehə dəfələrlə müraciət etmişdir ki, açarı versin, o da vermir. Hətta polisə də müraciət etmişlər, məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Tərəflər arasında nikahın pozulması ilə bağlı məhkəmə prosessi olmuşdur. Qarşı tərəf heç bir təkliflə razılaşmamışdır. Onlar demişdir ki, saziş bağlasınlar, nə qədər ömrü varsa həmin mənzildə yaşasın, lap ailə qurulsa belə həyat yoldaşını da həmin mənzilə gətirsin. Digər mənzili də var. Onu da qızının adına keçirməsi bildirilmişdir. Razılaşmamışdır. 12 iyun 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ata ilə uşağı üz-üzə qoyurlar. Uşağın tələbi bu deyildir. Mənzili 2016-cı ildə uşağın adına o almışdır. Heç kirayə də verilməmişdir. Səkkiz aydır ki, mənzili boş saxlamışdır. Ailəni iyirmi yeddi ildən sonra qaynı dağıtmışdır. Hər şeyi qoymuş və getmişdir. Qoy uşaq gəlsin, ondan imtina etsin, evin açarını da ona versin. Onu o təklif etmişdir. Üç otaqlı mənzilini də onlara vermiş və çıxmışdır. Burda da yaşamır və kirayə də verməmişdir. İstəyirsə, qapını sındırsın, girsin və yaşasın. Məhkəmə iş materiallarını araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AA seriyalı, 459440 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkün olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 25/62 ünvanında məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Bakı şəhərində xx.xx.2004-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi tərəfindən X1 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 58-3/2-M-5419 nömrəli müraciətə cavabdan görünür ki, müraciətdə qeyd edilən xüsusatların həlli Azərbaycan Respublikası Mülki və Mülki-Prosessual Məcəllələrinin tələblərinə əsasən məhkəmələrin səlahiyyətində olduğundan Mülki-Prosessual Məcəlləsinin 149, 150-ci maddələri ilə müəyyən edilmiş qaydada iddia ərizəsi ilə məhkəmə orqanına müraciət etməyin məqsədə müvafiq olması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, hüququ rəsmiləşdirilən şəxs İddiaçı olmaqla ünvan 1, mənzil 15 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 291 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində qeydiyyata alınmışdır. “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarına görə ünvan 3 çıxarış əsasında iddiaçının mülkiyyətindədir. Qanunvericilik digər şəxslərin yaşayış sahəsinə istifadə hüququnun yaranmasını mülkiyyətçidən və onun iradəsindən asılı edib (əvvəlki Mənzil Məcəlləsi, maddə 123; hazırkı Mənzil Məcəlləsi, maddə 30; hazırkı Mülki Məcəllə, maddə 228). Əgər ev üzərində mülkiyyət hüququ yoxdursa, bu o deməkdir ki, mülkiyyətçi və mülkiyyətçinin iradəsi də yoxdur. Bununla belə, iddiaçının köçürülməsini tələb etdiyi sahənin yataqxana olması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “mənzil” ifadəsindən istifadə olunur, “mənzil” anlayışı mənzil qanunvericiliyində müəyyən olunub (Mənzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanın tətbiqi mənzil qanunvericiliyində müəyyən olunmuş “mənzil” anlayışı ilə məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və atası (cavabdeh) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Qeyd olunan halı məhkəmə iclasında iştirak edərək bildirib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu qeyd edir ki, xx.xx.2016-cı ildən ünvan 1, mənzil 15 üzərində cavabdeh İddiaçı sahiblik, istifadə hüququ vardır. Artıq 7 ildən artıq müddətdir ki, sözü gedən mənzil onun mülkiyyətindədir. Cavabdeh yaratdığı maneələr İddiaçı mülkiyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh ünvan 1-də yerləşən 15 saylı mənzildə hazırda yaşamır, açarları özündə bilərəkdən saxlayaraq iddiaçının həmin mənzilə girişinə əngəl olur və İddiaçı həmin mənzildən istifadəsinə maneə yaradır. Bu səbəbdən hazırda cavabdehin faktiki olaraq sözügedən mənzildə yaşamamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının həmin mənzildən istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddiaçının həmin otağa köçürülməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. Qeyd olunan hüquqi normalardan çıxış edərək məhkəmə hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə köçürülməli və cavabdeh tərəfindən mənzildən istifadəyə dair yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə köçürülsün. ünvan 1 ünvanında yerləşən 15 saylı mənzilə dair İddiaçı istifadəsinə Cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar