Məhkəmə qərarları › İş №e-2(060)-374/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-374/2024

28.03.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-374/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi üzərində 787 saylı fərdi evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş arvadıdır. Belə ki, O Cavabdeh ilə xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.1994-cü il təvəllüdlü X8 oğlu və xx.xx.1997-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər nikahlarının ilkin vaxtlarnda mehriban yaşasalar da, bir müddət sonra münasibətləri pisləşmişdir. Bunun nəticəsi olaraq aralarındakı nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Nadir Rzayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 44 günlük Vətən müharibəsində xx.xx.2020-ci il tarixdə şəhid olmuşdur. Hazırda onların faktiki yaşayış ünvanları ayrıdır. Lakin, qeydiyyat ünvanları ünvan 1ıt şəhər İcra Hakimiyyəti Başçısının 152 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotu aparılarkən onun keçmiş həyat yoldaşı Cavabdeh və övladı X3 uçota alınmışdır. O, şəhid X8 oğlunun valideynidir. Bu səbəbdən ailə üzvü olaraq, onun sözügedən mənzilə dair yaşamaq hüququ vardır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyəri 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İddiaçı məhkəmədə iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasinda iştirak edərək, cavabdehin ərizəsini təqdim etmişdir. Eyni zamanda o 17000 manat vəsaiti kompensasiya şəklində ödəmək istədiklərini və bu illər ərzində evi yaxşılaşdırdıqlarını qeyd etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 297363 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasındakı nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. - Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 34000 (otuz dörd min) manat məbləğində müəyyən edilməsi, həmin məbləğ üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. - Həmin qətnamədə qeyd olunmuşdur ki, “2011-ci il tarixdə Sumqayıt şəhəri, Corat bağları ərazisində 3 sot torpaq sahəsi alınaraq onun üzərində 787 saylı fərdi ev birgə nikah dövründə İddiaçı tərəfindən tikilmişdir. Tikilən yaşayış evi bir mərtəbəlidir və 3 otaqdan ibarətdir. Həmin ev tərəflərin birgə nikah dövrü zamanı əldə olunan gəlirlər hesabına tikilmişdir.”. - Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2137/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-918/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Sumqayıt Regional Vəkil Bürosunun müdiri Vəkil müraciətinə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciətlə əlaqədar aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, şəhid X4 anası Cavabdeh 3 nəfər (özü, keçmiş əri və qızı) ailə tərkibi ilə bacısının mülkiyyətində olan yaşayış sahəsi 17,26 kvadratmetrdən ibarət 1 otaqlı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 21, mənzil 7-də 6 nəfərlə qeydiyyatda olmaqla şəhid valideyni kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 153 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Cavabdeh mənzil uçotuna alınarkən həmin sərəncamda 2 nəfərdən ibarət ailə üzvü kimi özü və qızı X2 adı qeyd olunmuşdur. Şəhid valideyni Cavabdeh Sumqayıt stansiyası ərazisində 42 saylı binada yerləşən 2 otaqdan ibarət 28 saylı mənzillə təmin olunmuşdur. Şəhidin digər valideyni İddiaçı isə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 419 saylı xx.xx.2021-ci il tarixli sərəncamı ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmış, onun mənzillə təmin olunub-olunmaması barədə isə məlumat daxil olmamışdır. - 007542 №-li vəsiqədən görünür ki, İddiaçı şəhid ailəsi üzvüdür. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 İlqar oğlu xx.xx.2020-ci ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanan xx.xx.2023cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Nazirliyə təqdim olunmuş 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında şəhidin anası Cavabdeh 6 may 2021-ci il tarixindən 2 nəfər ailə tərkibi ilə (özü və qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Cavabdeh 4 sentyabr 2021-ci il tarixində Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq ünvan 5 ünvanında ikiotaqlı mənzillə təmin olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.1993-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflər arasındakı nikahın pozulması xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinin tikinti-təmir işlərinin ümumi dəyərinin 34000 (otuz dörd min) manat məbləğində olması, bu məbləğ birgə nikah dövründə əldə edilmiş gəlir olduğundan onun üzərində tərəflərin hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət edilmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsini istəyir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hər iki tərəfin mülkiyyət hüququ üzrə gözləntiləri olduğundan mübahisəli əmlak birgə nikah dövründə və ümumi vəsait hesabına tikildiyindən, iddiaçının da həmin evdən istifadə hüququnu həyata keçirmək imkanını məhkəmə təcrübəsi tanıdığından iddia əsaslıdır. Məhkəmə, həmçinin, hesab edir ki, iddiaçı cavabdehin keçmiş ailə üzvü olsa da, sonuncunun sahibliyində olan əmlaka yuxarıda göstərilən əsaslarla müvafiq gözlənti hüququ formalaşdığından mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşmür. Odur ki, mübahisəli evdən iddiaçının da istifadə imkanının təmin edilməsi üçün, o, sözügedən yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməsinə dair tələb irəli sürməkdə haqlı olduğundan və tərəflərin mübahisəli fərdi yaşayış evinin tikinti-təmir işlərinə sərf olunan 34000 manat ümumi dəyəri üzərində məhkəmə qətnaməsilə hər birinin ½ hissədə payları müəyyən edildiyindən iddia əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə köçürülməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Corat bağları ərazisində, 3 sot torpaq sahəsi üzərində yerləşən 787 saylı fərdi yaşayış evinə maneəsiz köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar