Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-377/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Təvəkül oğlunun, Cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Təvəkül oğluna qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanına köçürülməsinə və ödənilmiş 100 manat pulun Cavabdeh Təvəkül oğlundan alınaraq İddiaçı2 verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3-də yerləşən 22 saylı mənzil Cavabdeh Təvəkül oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır. Cavabdeh Təvəkül oğlu ilə 1993-cü ildə ailə qurmuş və Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3də yerləşən 22 saylı mənzildə yaşamağa başlamışdır. Həmin mənzildə yaşayarkən cavabdehlə 2 övladları doğulmuşdur. Cavabdehlə aralarında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur. Cavabdeh İddiaçı2 və oğulları İddiaçı1 mənzilə buraxmır. İddiaçıların yaşamağa başqa yaşayış yerləri yoxdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək 2024-cü ilin may ayına kimi, yəni nənəsi vəfat edənə qeyd olunan ünvanda yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Təvəkül oğlu iddia tələbini qəbul etməyərək oğlu İddiaçı1 əsgərliyə getməmişdən əvvəl də Sarayda nənəsigildə qaldığını və dəfələrlə evə gəlməyərək anası Səkinə ilə neçə dəfə Nasosnu ərazisində onu axtardığını və əsgərlikdən gələndən sonra da İddiaçı1 anası Səkinə ilə Sarayda yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Təvəkül oğlunun vəkili iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadə verərək bildirdi ki, Səkinə onun bacısı qızıdır. Səkinə Elşadla ailə həyatı qurandan qeyd olunan ünvanda yaşayır. Keçən ilin novruz bayramına kimi Səkinə orada qalıb. Çünki, bacısı xəstə idi və Səkinə də ona baxırdı. Qışda soyuq olduğu üçün Səkinə və Orxan gəlib Sarayda qalırdılar. Bəzən Elşad da gəlib Sarayda qalırdı. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirdi ki, Elşad onun qaynıdır, Səkinə isə onun qaynının arvadıdır. 4 ildən çoxdur ki, Səkinə orada yaşamır. Çünki, Səkinə anasına baxırdı. İddiaçı1 əsgərliyə gedəndə bir günlük iddiaçılar gəldilər və öz evlərində yığıncaq etdilər və əsgərlikdən gələndən sonra da İddiaçı1 Saraya gəldi. İddiaçının qızı qeyd olunan ünvandan ərə gedib. Elşadgilin evi ilə onların evlərinin arasında məsafə çox yaxındır. Demək olar ki, qonşudurlar. 4 ilə yaxındır ki, Elşada o baxır. İddiaçılar isə bu müddət ərzində bir dəfə Səkinənin anası ilə gəliblər. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadə verərək bildirdi ki, Elşadın bibisi qızıdır, Səkinə isə dayısının gəlinidir. Bildiyi qədərilə Səkinə anasına baxdığı üçün üç ildir ki, o evdə yaşamır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-580/2009 saylı məhkəmə qətnaməsindən görünür ki, İddiaçı2, iki uşağı – 19 mart 1997-ci il təvəllüdlü X6, xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı1 ilə birlikdə Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanına istifadə hüququ tanınmış, İddiaçı2, iki uşağ – 19 mart 1997-ci il təvəllüdlü X6, xx xxxx 2004-cü il təvəllüdlü İddiaçı1 ilə Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22-ə pasport qeydiyyatına alınması qət edilmişdir. - İddiaçı2 xx.xx.2024-cü il tarixində Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanının açarının birinin İddiaçı1 alınaraq ona verilməsini xahiş etmişdir. - Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı2 qeyd etdiyi xüsusatlarla əlaqədar aidiyyatı üzrə məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdir. - 21 saylı MKS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci ildə anadan olmuş Cavabdeh Təvəkül oğlu Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanında 1982-ci il tarixindən yaşadığı və qeydiyyatdadır. xx.xx.1973-cü ildə anadan olmuş İddiaçı2 və xx.xx.2004-cü il təvəllüdlü İddiaçı1 qeyd olunan ünvanda qeydiyyatdadırlar, lakin qonşuların aktına əsasən uzun müddətdir ki, qeyd olunan ünvanda yaşamırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı2 xx.xx.1993-cü ildə Cavabdeh Təvəkül oğlu ilə nikaha daxil olub ailə qurmuşlar. Nikahda olduqları müddətdən mübahisəli mənzildə yaşamışlar. Cavabdeh Təvəkül oğlu iddiaçıları hazırda qeydiyyatda olan mənzildən qovaraq, onları mənzildən çıxarmışdır. İddiaçılar pozulmuş haquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edirlər. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-580/2009 saylı qətnaməsi ilə İddiaçı2 və İddiaçı1 Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanına istifadə hüquqları tanınmışdır. Bundan sonra iddiaçılar həmin mənzildə yaşamşlar və müəyyən qısa müddətlərdə İddiaçı2 anasınən x\stəliyi ilə əlaqədar digər ünvanda yaşamış, anası vəfat etdikdən sonra daimi yaşadığı mənzilə qayıtdıqda cavabdeh onları mənzilə buraxmamışdır. Bl hal iddiaçıların Polis bölməsinə etdikləri müraciətdə öz əksini tapır. İddiaçılar yaşayış sahəsinə olan ehtiyaclarını cavabdehin evindən istifadə etməklə qarşılamaq məcburiyyətindədirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərardan görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı2 və İddiaçı1 Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Bu səbəbdən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Sumqayıt şəhəri, X7 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 22 ünvanına köçürülsünlər. İddiaçı2 tərəfindən ödənilmiş 100 manat Dövlət rüsumunun əvəzi cabadeh Cavabdeh alınaraq ona verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №e-2(060)-377/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-377/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver