Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3829/2024 01.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı iddia qaldıraraq, İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi İddiaçı təhsil sahəsində 23 illik əmək stajı mövcuddur. İddiaçı sonuncu iş yerində - Sumqayıt Şəhər Təhsil Şöbəsində 7 ildən artıq fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli, 3059 nömrəli Sərəncamının 2.1-ci maddəsinə əsasən, Sumqayıt şəhəri, Abşeron rayonu, Xızı rayonu təhsil şöbələrinin əsasında Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmışdır. Bu sərəncamın əsasında tərtib edilən, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-99 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən, regional təhsil idarələri rayon və şəhər təhsil şöbələrinin (idarələrinin) və ərazi maliyyə hesablaşma mərkəzlərinin hüquqi varisi hesab olunmuş, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı müvafiq qaydada idarələrə keçmişdir. İddiaçı bu dəyişikliklərdən sonra da cavabdehlə olan müddətsiz əmək müqaviləsi ilə əmək münasibətlərini davam etdirmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsində gedən struktur dəyişiklikləri zamanı metodist vəzifəsi üzrə işçilərin əmək şəraitinin dəyişdiriləcəyi səbəbindən, struktur dəyişikliyi yekunlaşana qədər işə gəlməmələri bildirilmişdir. Bu əsasla da iddiaçı struktur dəyişikliyi yekunlaşana qədər iş yerinə getməmişdir. Daha sonra onunla eyni vəzifədə çalışan digər şəxslərdən onların artıq işə başlaması barədə məlumat əldə etmişdir. Bu məlumat əsasında iddiaçı dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsinə işə nə zaman qayıtmağı ilə bağlı rəsmi müraciət etmiş, onun müraciəti xx.xx.2024-cü il tarixində 3-29-36/2F-222-4/2024 nömrəli məktub ilə cavablandırılaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, yəni müddətli əmək müqaviləsində göstərilən müddət qurtarması əsası ilə xitam verildiyi bidirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair 3-29336/3/1/374k/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr elə məhz bu məktubla iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir: Qeyd etdikləri kimi tərəflər arasında sadəcə müəssisənin adının dəyişdirilməsi ilə bağlı formal olaraq müqavilə yenilənməsi baş tutmuşdur. Təhsil sahəsində 23 il, sonuncu vəzifə üzrə 8 il çalışan işçinin müqavilə yenilənməsi zamanı müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişdirilməsinə razılıq verməsi ağlabatan deyildir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin F-99 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin 6-cı bəndinə əsasən, Sumqayıt şəhər Təhsil Şöbəsi Abşeron-Xızı Regional Təhsil İdarəsi hüquqi varisi elan edilmişdir. Bu əsasla da iddiaçı və cavabdeh arasında əmək münasibətləri müddətsiz əmək müqaviləsi əsasında davam edən əmək münasibətləri olmuşdur. Lakin buna baxmayaraq işçi ilə işəgötürən arasında münasibətlərə cavabdeh tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi əsasında xitam verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixində 3-29-36/2F-222- 4/2024 nömrəli məktubunda tərəflər arasında xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddətli olmasını qeyd etmişdir. Lakin faktiki olaraq həmin əmək müqaviləsinin şərtlərindən iddiaçının məlumatı olmamış, ümumiyyətlə həmin müqavilənin nüsxəsi iddiaçıya təqdim edilməmişdir. İddiaçı və cavabdeh arasında olan faktiki münasibətlərə nəzər yetirdikdə iddiaçının iradə ifadəsinin mövcud müddətsiz əmək münasibətlərinin davam etdirilməsi olduğu müəyyən olur. Cavabdehin isə bərabər olmayan subyektlər kimi iddiaçının əmək münasibətlərini davam etdirməklə bağlı səmimi iradə ifadəsindən, Əmək Məcəlləsinin tələblərindən (hüquqdan) və işçinin zəif tərəf olmasından istifadə edərək onunla bağlanmış əmək müqaviləsini müddətli əmək müqaviləsi ilə əvəz etdiyi məlum olur. Qeyd edilənlərə əsasən, hesab edir ki, sözügedən əmr qanunsuz və əsassız olmaqla qəbul edilmişdir.
Etiraz ərizəsinin əsaslandırıldığı hallar:
3. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə 2(060)- 3829/2024 saylı mülki iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Aşağıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir: 1. İddiaçı Abşeron-Xızı Regional Təhsil idarəsində əmək fəaliyyətinə xx.xx.2022-ci il tarixli, K-04 nömrəli əmrlə və xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən metodist vəzifəsinə işə qəbul olunmaqla başlamışdır. Həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixədək olmuş, müvafiq əmək müqaviləsi bildirişi də elektron informasiya sisteminə işlənilmişdir. Müqavilə müddəti bitdikdən sonra iddiaçı ilə əmək münasibətləri davam etdirildiyi üçün onunla bağlanılmış əmək müqaviləsinin müddəti eyni müddətə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. 2. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəlik vərəqəsi müddətində, həmin müddət bitdikdən sonra isə xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətdə olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdə işə başlamışdır. 3. xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023-cü il tarixdə işə çıxdığı üçün idarənin xx.xx.2023-cü il tarixli, 3-29- 36/3-1-374K/2023 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmrlə tanış edilməklə əmək kitabçasını təhvil alması ona təklif edilmişdir. Lakin iddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi ilə razılaşmayaraq, həmin xitam əmri ilə tanış olmasına dair qeydi əmrə yazmaqdan və əmək kitabçasını təhvil almaqdan imtina etmiş, onun bu imtinası idarənin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bu səbəbdən də idarə tərəfindən iddiaçının yaşayış ünvanına sifarişli poçtla xx.xx.2023-cü il tarixli, 3-29-36/2-1104/2024 nömrəli məktub göndərilərək, idarənin xx.xx.2023-cü il tarixli, 3-29-36/3-1-374K/2023 nömrəli əmri ona təqdim edilməklə, əmək müqaviləsinə xitam verilməsinin səbəbləri bir daha ona bildirilmiş və əmək kitabçasını təhvil almaq üçün idarəyə şəxsən yaxınlaşmalı olması izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 6.1 və 6.2-ci bəndlərinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (soruncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Məhkəməyə təqdim etdikləri sifarişli poçt xəbərnaməsindən də göründüyü kimi, xx.xx.2023- cü il tarixli, 3-29-36/2- 1104/2024 nömrəli məktub iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2024-cü il tarixdə deyil, işdən azad edildiyi gün əmrlə tanış olmuş, əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmişdir. 4. Məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçı məzuniyyət hüququndan istifadə etdiyi və xəstəlik vərəqəsi müddətində olduğu üçün işdə olmamış, bu səbəbdən də idarə tərəfindən onunla bağlanılmış müddətli əmək müqaviləsinə müddətin bitdiyi xx.xx.2023-cü il tarixində xitam verilməsi üzrlü səbəblərdən mümkün olmamışdır. İşəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsidir. Əmək müqaviləsi bildirişi isə əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. İddiaçı ilə idarə arasında qarşılıqlı razılıqla xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin uzadılmış müddəti xx.xx.2023-cü il tarixədək olmuşdur. Qarşılıqlı razılıqla bağlanılmış həmin müqavilənin müddəti həmin tarixdə bitdiyi və iddiaçı üzürlü səbəbdən (xəstələndiyi və məzuniyyətdə olduğu üçün) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı üçün xx.xx.2023-cü il tarixli, 3-29-36/3-1- 374K/2023 nömrəli əmrlə iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3- 29-36/3-1-374K/2023 nömrəli əmrlə də bu fakt təsdiqini tapır. Hazırki işdən də göründüyü kimi, iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdən və işçi işə çıxdıqdan sonra idarə xx.xx.2023-cü il tarixli, 3-29-36/3-1-374K/2023 nömrəli əmrlə müqaviləyə xitam verilməsini tələb etmişdir. Belə olan halda, həmin müqaviləyə xitam verilməsi barədə idarə tərəfindən verilmiş əmr qanunidir. Bu əmrin ləğv edilməsi üçün hər hansı qanuni əsas mövcud deyildir. İddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürülmüş faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız olduğu üçün digər, yəni işə bərpa edilmə və sair tələblərinə də məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə zərurət yoxdur. Göründüyü kimi, iddiaçı iddiasının dəlillərini tam və ətraflı əsaslandırmamış, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, ərizəni ümumi və manupilyasiya xarakterli sözlərlə əsaslandırmağa çalışmışdır.
İddia müddətinin tətbiqi haqqında ərizənin əsaslandırıldığı hallar:
4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsi iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil idarəsinə qarşı "işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair" tələbinə dair iddia ərizəsi əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməklə rədd edilməsi qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə 2(060)-3829/2024 saylı mülki iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Aşağıda qeyd olunanlara əsasən iddia müddəti tətbiq edilməklə məhkəmə tərəfindən həmin iddia ərizəsi rədd edilməlidir: xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi və iddiaçı xx.xx.2023cü il tarixdə işə çıxdığı üçün idarənin xx.xx.2023-cü il tarixli, 3-29-36/3-1- 374K/2023 nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarmasına görə xitam verilmişdir. İddiaçıya dərhal bu barədə məlumat verilmiş, əmrlə tanış edilməklə əmək kitabçasını təhvil alması ona təklif edilmişdir. Lakin iddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi ilə razılaşmayaraq, həmin xitam əmri ilə tanış olmasına dair qeydi əmrə yazmaqdan və əmək kitabçasını təhvil almaqdan imtina etmiş, onun bu imtinası idarənin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Bu səbəbdən də idarə tərəfindən iddiaçının yaşayış ünvanına sifarişli poçtla xx.xx.2023-cü il tarixli, 3-29-36/2-1104/2024 nömrəli məktub göndərilərək, idarənin xx.xx.2023-cü il tarixli, 3-29-36/3-1-374K/2023 nömrəli əmri ona təqdim edilməklə, əmək müqaviləsinə xitam verilməsinin səbəbləri bir daha ona bildirilmiş və əmək kitabçasını təhvil almaq üçün idarəyə şəxsən yaxınlaşmalı olması izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 6.1 və 6.2-ci bəndlərinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. İşdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Məhkəməyə təqdim etdikləri sifarişli poçt xəbərnaməsindən də göründüyü kimi xx.xx.2023-cü il tarixli, 3-29-36/2-1104/2024 nömrəli məktub iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdə deyil, işdən azad edildiyi gün əmrlə tanış olmuş, əmək müqaviləsinə xitam verildiyini həmin vaxt bilmişdir. İddiaçı xx.xx.2023- cü il tarixdən etibarən 1 ay ərzində işəgötürən olaraq idarəyə qarşı mediasiya prosesi başlatmamışdır. Hazırki mediasiya arayışının alınmasına əsas olmuş mediasiya prosesi isə idarəyə xx.xx.2024-cü il tarixli mediasiya təklifinin göndərilməsi ilə başlanılmış, iddia ərizəsi isə məhkəməyə xx.xx.2024cü il tarixdə göndərilmişdir. İddiaçı iddia müddətini ötürnüşdür. Yəni iddiaçı işdən azad edilməsi faktını xx.xx.2023-cü il tarixdə bilsə də, idarəyə qarşı mediasiya prosesini xx.xx.2024-cü il tarixdə başlatmış, hazırki tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, bununla da qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
İddia müddətinin tətbiqi haqqında ərizənin əsassızlığına dair iddiaçının əsaslandığı hallar
5. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqi haqqında ərizənin əsassızlığına dair mülahizə ilə məhkəməyə müraciət edərək hazırki iş üzrə iddia müddəti ötürülmədiyindən cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizəni əsassız hesab etməklə, iddia müddətinin tətbiq edilməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı cavabdeh Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi tələbləri üzrə 2(060)- 3829/2024 nömrəli mülki iş mövcuddur. Həmin mülki iş üzrə cavabdeh tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixində elektron məhkəmə sistemi vasitəsilə “İddia müddətinin tətbiqi haqqında” ərizə təqdim edilmişdir. Hazırkı iş üzrə aşağıdakılara əsasən iddia müddəti ötürülmədiyindən, cavabdeh tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizə əsassız hesab edilməlidir. 1. İddiaçının işdən çıxarılmasını aşkar etdiyi an: İlk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Abşeron - Xızı Regional Təhsil İdarəsində gedən struktur dəyişiklikləri zamanı metodist vəzifəsi üzrə işçilərin əmək şəraitinin dəyişdiriləcəyi səbəbindən, struktur dəyişikliyi yekunlaşana qədər işə gəlməmələri bildirilmişdir. Bu əsasla da iddiaçı struktur dəyişikliyi yekunlaşana qədər iş yerinə getməmişdir. Daha sonra onunla eyni vəzifədə çalışan digər şəxslərdən onların artıq işə başlaması barədə məlumat əldə etmişdir. Bu məlumat əsasında, iddiaçı dərhal Abşeron-Xızı Regional Təhsil İdarəsinə işə nə zaman qayıtmağı ilə bağlı rəsmi müraciət etmiş, onun müraciəti xx.xx.2024-cü il tarixində 3-29- 36/2F-222-4/2024 nömrəli məktub ilə cavablandırılaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, yəni müddətli əmək müqaviləsində göstərilən müddət qurtarması əsası ilə xitam verildiyi bidirilmişdir. Onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə dair 3- 29336/3/1/374k/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmr elə məhz bu məktubla iddiaçıya rəsmi qaydada təqdim edilmişdir. Yalnız həmin gün iddiaçı öz hüquqlarının pozulduğunu müəyyən etmişdir. 2. İddiaçının əmrlə tanış edilməsi ilə bağlı cavabdeh tərəfindən təqdim edilən sübutun (aktın) mötəbər olmaması haqqında: Cavabdeh “İddia müddətinin tətbiqi haqqında” ərizəsində iddiaçının xx.xx.2023-cü il tarixində işdən çıxarıldığını və bu barədə iddiaçıya dərhal məlumat verildiyini, lakin iddiaçı tərəfindən əmrin və digər sənədlərin götürülməsindən imtina edildiyini bildirmişdir. Bunu isə sübut qismində təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktla əsaslandırmağa çalışmışdır. Sözügedən akta nəzər saldıqda həmin aktda iddiaçının və ya digər üçüncü şəxslərin imzasının mövcud olmadığı, aktı imzalayan şəxslərin yalnız cavabdehdən asılılığı olan işçilərin olduğunu görə bilərik. Bu isə sözügedən aktın mötəbərliyini sual altına alan ən əsas faktdır. Bununla yanaşı həmin aktın mətninə mahiyyəti üzrə nəzər yetirdikdə, aktda iddiaçı tərəfindən yalnız əmrlə tanış olması, lakin bununla bağlı imzadan imtina etməsi qeyd edilmişdir. Əmək Məcəlləsinin 83.2-cü maddəsinin imperativ tələblərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin həmin aktda işçiyə nə əmrin surətinin təqdim edilməsi, nə əmək kitabçasının təqdim edilməsi, nə də işçinin bunlardan imtina etməsi barədə qeyd mövcud deyildir. Bu hal işçinin həmin gün - işdən çıxması barədə məlumat əldə etmədiyi barədə əsasdır. 3. Cavabdeh tərəfindən göndərilən məktubun iddiaçıya çatmaması: Cavabdeh tərəfindən iddiaçının yaşayış ünvanına sifarişli poçtla xx.xx.2023-cü il tarixində işdən çıxmasının səbəbləri barədə bildiriş göndərildiyi, həmin bildirişin isə xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən qəbul edildiyini, bu əsasla da iddiaçının işdən çıxması barədə məlumatlı olması qənaətinə gəlmişdir. Həqiqət də isə cavabdeh məhkəməyə yalan məlumat vermişdir. Belə ki, cavabdeh iddiaçıya işdən çıxmasının səbəbləri barədə bildiriş göndərdiyini iddia etdiyi poçt göndərişi iddiaçı tərəfindən əldə edilməmişdir. Cavabdeh tərəfindən sübut xarakterli təqdim edilən poçt xəbərnaməsinə nəzər saldıqda, həmin xəbərnamənin iddiaçı tərəfindən qəbul edilmədiyini görmək mümkündür. Həmin poçt xəbərnaməsi iddiaçı və cavabdehin əmək münasibətlərinə aid olmayan, üçüncü şəxs tərəfindən əldə edilmiş, lakin bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı yalnız sözügedən poçt xəbərnaməsi barədə cavabdehin bunu məhkəməyə təqdim etməsindən sonra məlumat əldə etmişdir. Sözügedən üçüncü şəxsin bu barədə iddiaçını məumatlandırmaq kimi öhdəliyi də mövcud olmamışdır. İddiaçının məlumatlandırılması haqqında öhdəlik cavabdehin üzərində olduğundan cavabdeh bununla bağlı lazımi bütün tədbirləri görməli idi. Lakin cavabdeh “Şəxsən verilməli” olan poçt göndərişini bu növdə göndərməmişdir. Eyni zamanda qeyd edir ki, iddiaçı ümumiyyətlə həmin xəbərnamənin göndərildiyi ünvanda yaşamamaqdadır. İddiaçı xx.xx.2010-cu ildən bəri faktiki olaraq ünvan 1 ünvanında yaşamaqdadır. Bu barədə ünvan 2ahəsi tərəfindən arayış iş materiallarına əlavə edilmişdir. Bütün bu qeyd edilənlər isə cavabdehin təqdim etdiyi işin faktiki hallarına uyğun olmayan sübutlara istinad etdiyi mülahizələrinin əsassız olmasına dəlalət edir. 4. İddiaçıya əmək kitabçasının hələ də təqdim edilməməsi: Bu günə qədər hələ də əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Baxmayaraq ki, tərəfindən 01 may 2024-cü il tarixli, 01-22/24 nömrəli sorğu ilə (iddiaçı tərəfindən ona təqdim olunmuş etibarnamə ilə birlikdə) cavabdehə iddiaçının əmək kitabçasının əslinin ona təqdim edilməsi barədə müraciət ünvanlansa da, cavabdeh tərəfindən bu tələbləri əsassız olaraq icra edilməmişdir. 5. Ərizədə istinad etdiyi halları sübutetmə yükünün işəgötürənin üzərində olması: Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və sair kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir.
Tərəflərin mövqeləri:
6. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, iddiaçı təhsil sahəsində 23 ildən artıq əmək stajına malikdir. Bu illər ərzində müxtəlif yerlərdə, o cümlədən son 5 ildə Abşeron Xızı-Regional Təhsil İdarəsində çalışmışdır. Hüquqi varis kimi Sumqayıt Şəhər Təhsil Şöbəsinin öhdəlikləri Abşeron Xızı-Regional Təhsil İdarəsinə ötürülmüşdür. Həmin dövrdə iddiaçı öz öhdəliklərini icra etmişdir. Şəxsə işə gəlmə vaxtını bildirəcəkləri qeyd olunmuşdur. Həmin dövrdə iddiaçı eyni vəzifə üzrə başqa metodistlərin də işə çıxdıqlarını öyrənmişdir. İddiaçı cavabdeh orqana ərizə ünvanlamışdır. xx.xx.2024-cü il tarixdə cavab olaraq əmək müqaviləsinin müddətinin bitdiyi bildirilmişdir. Halbuki əmək müqaviləsi müddətsiz bağlanmışdır. Belə ki, müddətsiz müqavilə müddətli müqavilə ilə əvəz olunmuşdur. Lakin iddiaçının bundan xəbəri olmamışdır. Tərəfindən cavabdehə sənədlərin alınması ilə bağlı vəkil sorğusu ünvanlanmış, lakin bu günədək cavab alınmamışdır. Hələ də əmək kitabçası şəxsə təqdim olunmamışdır. xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və buraxdığı iş dövrünün ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qeyd edir ki, əmr iddiaçıya təqdim edilmiş, lakin o, əmri qəbul etməkdən imtina etmişdir. Həmin sturktur dəyişikliklərinin aparılmasıyla bağlı cavabdeh iddiaçı və digər şəxslərə işə gəlməmələrini bildirmişdir. Əgər iddiaçı özü üzrsüz səbəbdən iş buraxmışdırsa, işə gəlməmə əsasıyla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə şəxsin əmək münasibətlərinə xitam verilə bilərdi, amma verilməmişdir. Əmr ilk dəfə iddiaçıya xx.xx.2024-cü il tarixdə, ərizəyə cavab verildiyi zaman təqdim olunmuşdur. Akt tərtib olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə iddiaçı idarədə olmuş, əmrlə tanış olmuş, əmri almaqdan imtina etmişdir. Həmin aktı imzalayan şəxslər idarənin əməkdaşlarıdır. Kənar şəxs olmamışdır. Aktın mətnində iddiaçının əmrlə tanış olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsində əmək münasibətlərinə xitam verilən zaman işçinin əmək kitabçasını və son haqq-hesabını almalı olduğu qeyd olunmuşdur. Lakin həmin aktda bu barədə mahiyyəti üzrə heç bir bənd yoxdur. Cavabdeh tərəfindən bildirilmişdir ki, əmr akt əsasında verilmiş, sonra isə məktubla göndərilmişdir. Məktubun xəbərnaməsindən də görünür ki, həmin məktubu iddiaçı deyil, başqa bir şəxs qəbul etmişdir. İddiaçı 2010-cu ildən bəri həmin ərazidə yaşamır. İddiaçı yetkinlik yaşına çatmış şəxsdir. Atası onun qəyyumu və ya nümayəndəsi deyildir. Atası iddiaçının yerinə gəlib əmri imzalaya bilmədiyi kimi, məktubu qəbul etməsi iddiaçının qəbul etməsi kimi hesab edilə bilməz. Poçtalyon məktubu geri qaytarmalı idi. Əgər məktubun iddiaçıya təhvil verildiyini bildirilirsə, bu fakt sübut edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında da işçi ilə işəgötürənin bərabər tərəflər olmadığı, işçinin əmək münasibətlərinin bir növ zəif tərəfi hesab olunduğu qeyd olunur. Cavabdehin nümayəndəsi qeyd edir ki, əmək müqaviləsinə xitam verilmədən öncə də iddiaçı işə gəlməmişdir. Cavabdeh işə gəlməyən işçinin əmək müqvailəsinin bitmə müddətini gözləmişdir. Hesab edir ki, planlı hərəkət olmuşdur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X2 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı metodist olaraq işə qəbul olunmuşdur. Tərəflərin qarşılıqlı razılığı ilə 6 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilə müddəti sonra yenidən 6 ay uzadılmışdır. Müqavilənin müddəti 2023-cü ildə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsində qeyd olunmuşdur ki, şəxsi mülahizə xarakterli fikirlər mötəbər sübut hesab edilə bilməz. İddiaçının nümayəndəsinin dediklərinin altında mülahizələr dayanır. Məktubu iddiaçının atası qəbul etdiyinə görə onlar məsuliyyət daşımırlar. İddiaçı tərəf uzun müddətdir ki, işə çıxmamışdır. Əmək kitabçasını itmə ehtimalına görə iddiaçının nümayəndəsinə təqdim etməmişdirlər. Elektron kabinetə “Whatsapp” tətbiqi üzərindən iddiaçının yazışmasını təqdim etmişdirlər. Həmçinin bu barədə səs yazısı da vardır. Həmin səs yazısında iddiaçının müqavilə müddəti bitdiyi üçün sağollaşdığı, başqa təklif olunan alternativ işlərlə razılaşmadığı bildirilmişdir. Abşeron Xızı-Regional Təhsil İdarəsi 2023-cü ildə yaradılmışdır. Bu səbəbdən şəxslərlə əmək müqaviləsi bağlanmışdır. Əvvəlki idarə ləğv edilmiş, yeni idarə yaradılmışdır. İşçi öz ərizəsi ilə işdən azad olunmuşdur. Şəxsin işə çıxmaması ilə bağlı xəstəlik vərəqəsi verilmişdir. Şəxs əmək məzuniyyətində olmuşdur.
Tədqiq olunan sübutlar:
8. xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya ünvanlanmış ərizənin surətindən görünür ki, iddiaçı müvafiq işlə təmin olunmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin metodist vəzifəsinə təyin edilmə haqqında xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixindən 30 dekabr 2022-ci il tarixinədək Abşeron-Xızı Regional Təhsil İdarəsinin Metodkabinetinə metodist vəzifəsinə təyin edilməsi barədə əmr verilmişdir.
10. ИТ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsinin Metodiki Kabinetin metodisti vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir.
11. xxxxxxx000600 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində işləmiş, əmək müqaviləsinin bağlandığı tarixi xx.xx.2022-ci il tarixi, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci il tarixi, aylıq əmək haqqının məbləği 528 manatdır.
12. Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, bu əmək müqaviləsi tərəflərin qarşlıqlı razılığı ilə xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müddətli bağlanmış, işçinin xx.xx.2022-ci il tarixindən etibarən işə başladığı qeyd olunmuşdur.
13. xxxxxxx000600 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində işləmiş, əmək müqaviləsinin bağlandığı tarixi xx.xx.2022-ci il tarixi, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il tarixi, aylıq əmək haqqının məbləği 528 manatdır.
14. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin 15 avqust 2023-cü il tarixli, 3-29-36/3-1-364M/2023 saylı əmək məzuniyyətinin başqa vaxta keçirilməsi haqqında əmrin surətindən görünür ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə Metodiki kabinetinin metodisti İddiaçı 24 iyul 2023cü il tarixdən 4 avqust 2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyi nəzərə alınaraq həmin günlər üçün ona verilmiş əmək məzuniyyəti 7 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək olan dövrdə keçirilmiş hesab edilməsi, İddiaçı 21 avqust 2023cü il tarixdən işdə hesab edilməsi, inzibati təşkilat sektoru (R.Mənsurova) və Maliyyəiqtisadiyyat sektoru (O.Şirəliyev) bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməsi müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin 21 avqust 2023-cü il tarixli, 3-29-36/3-1-374K/2023 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Sumqayıt şəhəri üzrə Metodiki Kabinetinin metodisti İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 21 avqust 2023-cü il tarixdən xitam verilmişdir.
16. xxxxxxx0006X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
17. Abşeron-Xızı Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun baş məsləhətçisi Fidan Axundova, aparıcı məsləhətçisi Fərqiyə Alimova, məsləhətçisi İman Ağayev tərəfindən tərtib edilmiş “İşçinin xitam əmrinin təhvil alınması” barədə xx.xx.2023cü il tarixli aktın surətindən görünür ki, metodist İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin müddəalarına əsasən xx.xx.2023-cü il tarixində xitam verilmiş, bu barədə işçi əmrlə tanış olmuş, tanış olmasına dair imzadan imtina etmişdir.
18. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1-Xızı Regional Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22 avqust 2023-cü il tarixli, 3-29-36/2-1104/2023 saylı “Sənədlərin təqdim edilməsi barədə” məktubun surətindən və SX000211441AZ nömrəli xəbərnamənin surətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ona göndərilmiş, əmək kitabçasının təqdim edilməsi üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinə gəlməyi xahiş olunmuş və həmin məktub İddiaçı atası tərəfindən qəbzə müvafiq imza edilməklə xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 294.1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
20. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı 15 may 2022-ci il tarixdə ərizə ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevaya ərizə ilə müraciət edərək işlə təmin edilməsini xahiş etmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə İddiaçı arasında 16 may 2022-ci il tarixindən 30 dekabr 2022-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və Abşeron-Xızı Regional Təhsil İdarəsinin həmin tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək Abşeron-Xızı Regional Təhsil İdarəsinin Metodkabinetinə metodist vəzifəsinə təyin edilmişdir. Daha sonra həmin müddət 14 avqust 2023-cü il tarixədək uzadılmışdır. İddiaçı 24 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar həmin günlərdə işə getməmiş və Abşeron-Xızı Regional Təhsil İdarəsinin15 avqust 2023cü il tarixli 3-29-36/3-1-364M/2023 saylı əmri ilə İddiaçı 24 iyul 2023-cü il tarixdən 4 avqust 2023-cü il tarixədək əmək qabiliyyətini müvəqqəti itirdiyi nəzərə alınaraq həmin günlər üçün ona verilmiş əmək məzuniyyəti 07 avqust 2023-cü il tarixdən 18 avqust 2023-cü il tarixədək olan dövrə keçirilmiş hesab edilməsi və İddiaçı 21 avqust 2023-cü il tarixindən işdə hesab edilməsi əmr edilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin 21 avqust 2023-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı 22 avqust 2023-cü il tarixli məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ünvan 6 ünvanına göndərilmiş və həmin məktub iddiaçının atası tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
21. İddiaçının əmək kitabçasından görünür ki, o, xx.xx.2018-ci ildən 29 .04.2022ci il tarixədək Sumqayıt şəhər təhsil şöbəsində işləmiş və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
22. Məhkəmə ilk növbədə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsinə dair tələbinə münasibətdə hesab edir ki, həmin hissədə cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, əmək fəaliyyətinə xx.xx.1999-cu il tarixdən başlamış, uzun müddət təhsillə bağlı müxtəlif vəzifələrdə işləmiş və eyni zamanda xx.xx.2018-ci ildən 29 .04.2022-ci il tarixədək Sumqayıt şəhər təhsil şöbəsində işləmişdir. Bundan sonra həmin qurum ləğv edilərək Abşeron-Xızı Regional Təhsil İdarəsi yaradılmış və həmin idarə ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək əmək müqaviləsi bağlanmış və daha sonra əmək müqaviləsinin müddəti 14 avqust 2023-cü il tarixədək uzadılmışdır. Qeyd edilən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən müddətin bitməsi səbəbindən xitam verilmişdir. Beləliklə iddiaçı ilə əvəllər bağlanmış əmək müqaviləsi müddətsiz olmuş, əmək münasibətləri müddətsiz əmək müqaviləsi üzrə davam etmişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda müddətli işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə, o cümlədən Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri ilə uzlaşmır.
23. Belə ki, göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə), onun yeni qurumda qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.
24. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənsib təsir və ya təzyiqindən qorunmaq üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.
25. Bu səbəbdən məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Belə ki, qarşılıqlı razılıq deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının uzun müddət təhsil sahəsində işlədiyi halda, xx.xx.2022-ci il tarixdə “öz xahişi” ilə əmək müqaviləsinə xitam verilməsi, xx.xx.2022-ci il tarixdə isə müddətli əmək müqaviləsi bağlaması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı ərizəsində müddətlə bağlı iradə ifadə edib. İradə ifadəsinin isə motivi olmalıdır. İddiaçının isə təhsil sahəsində uzun müddət, Sumqayıt təhsil şöbəsində isə 4 (dörd) ildən çox müddətdə çalışdığı halda, 16 may 2022-ci il tarixdə hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur. Ona görə də məhkəmə hesab edir ki, işçinin bu cür dəyişikliyə getməsi, ağlabatan səbəblə izah olunmadığından belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
26. Beləliklə cavabdeh təşkilatın iddiaşı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin hansı zərurətdən çıxış edərək (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və.s) müddətli əmək müqaviləsinə keçirilməsi iş materiallarında öz əksini tapmır.
27. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl edilməməklə xitam verilmişdir.
28. Lakin məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqları pozulmuş olsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz.
29. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu bilibbilməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı olmamışdır. Bu səbəbdən iddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır. İddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir (Konstitusiya Məhkəməsi Plenumunun L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarları).
30. Beləliklə məhkəmə hesab edir ki, nəzərə alınsa ki, cavabdeh müddətin tətbiqi barədə ərizə verib, belə olan halda, həm Əmək Məcəlləsinin 296-cı, həm də Mülki Məcəllənin 375.2-ci maddələrinin tələbləri baxımından iddianın təmin edilməsi istisna edilir.
31. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinə görə bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
32. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə 21 avqust 2023-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda müqaviləyə xitam verilməsinin əsası əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmuş və iddiaçı müqavilənin həmin müddətdə bitməsindən xəbərdar olmuşdur.
33. Qeyd olunan əmr sifarişli poçt xidməti vasitəsilə iddiaçının qeydiyyatda olduğu ünvan 6 ünvanına göndərilmiş və həmin əmr iddiaçının atası “Sahib” adlı şəxs tərəfindən 25 avqust 2023-cü il tarixdə qəbul edilərək qəbzə müvafiq imza edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdehə mediasiyanın tətbiqi barədə təklif 01 aprel 2024-cü il tarixdə göndərilmiş, ona 10 may 2024-cü il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmiş və o, məhkəməyə müvafiq iddia ilə 15 may 2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəmə müraciət etmişdir.
34. İddiaçı iddia müddətinin tətbiqi haqqında ərizənin əsassızlığının bir dəlili kimi onu göstərmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 nömrəli qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydaları”nın 9.41-ci bəndinə əsasən “Şəxsən verilməli” qeydli poçt göndərişlərinin çatdırma haqqında alıcı blankında alıcı şəxsən imza edir və soyadını qeyd edir. Həmin poçt xəbərnaməsi iddiaçı və cavabdehin əmək münasibətlərinə aid olmayan, üçüncü şəxs tərəfindən əldə edilmiş, lakin bununla bağlı iddiaçıya heç bir məlumat verilməmişdir”.
35. Məhkəmə iddiaçının sözügedən dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş əmrin “şəxsən verilməli” qeydli poçt göndərişi ilə göndərildiyi müəyyən olunmur və iddiaçı tərəfindən məktubun məhz həmin qeydlə göndərildiyini təsdiq edən hər hansı sübutda iş materiallarına əlavə edilməmişdir. Belə olduğu halda poçt göndərişinin iddiaçının özünə şəxsən verilməməsi, ailə üzvlərinin hər hansı birinə verilməsi qeyd edilən normanın tələbini o halda pozmuş olardı ki, poçt göndərişinin üzərində “şəxsən veriməli” olması qeyd edilərdi.
36. Bundan əlavə iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin atası tərəfindən qəbul edilməsi və bununla bağlı qızı iddiaçıya məlumat verməməsi ilə bağlı iddiaçının dəlili də inandırıcı deyildir.
37. Bundan başqa iddiaçının nümayəndəsi məhkəmə iclasında iddiaçının faktiki olaraq həmin ünvanda yaşamamasını və bildirişin onun faktiki yaşayış yeri üzrə deyil, qeydiyyatda olduğu yer üzrə verilməsini və bununla da həmin əmrdən məlumatının olmamasını bildirmişdir ki, həmin dəlillə bağlı məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
38. Beləliklə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun hüquq və vəzifələrinin icrası ilə bağlı axtarıldığı halda, ona müvafiq məlumatların verilməli olduğu və ya rəsmi sənədlərin göndərildiyi halda, və.s hallarda mühüm əhəmiyyət kəsb edir və məhz qeyd edilən hallar da şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri edən hallardır. Belə olan halda məhkəmə sözügedən əmrin iddiaçının qeydiyyatda olduğu yaşayış yerinə göndərildiyi halda, onun faktiki yaşayış yeri barədə cavabdehə məlumat verildiyini təsdiq edən sübut olmadan həmin ünvana çatdırılmalı olması ilə bağlı iddiaçının dəlilini əsassız hesab edir.
39. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının uzun müddət işə getməməsi, əmək haqqı almaması özlüyündə onun işdən çıxarılmasından məlumatlı olmasını təsdiq edir. İddiaçı işə getməməsinin səbəbi kimi cavabdeh tərəfindən ona struktur dəyişikliyi yekunlaşana qədər işə gəlməməsini bildirməsini göstərmişdir. Lakin bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
40. Beləlikə iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənə qısa müddətdə müraciət edərək, müvafiq sənədləri tələb etmək və hüquqlarının müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuş, lakin bu imkanından istifadə etməmişdir.
41. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı mövqedən çıxış edərək qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
42. Qeyd olunanlara əssən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Nəticə:
43. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi rədd edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva