Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3885/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, 28 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 28 mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdeh oğlu X4 ilə 2000-ci ildə rəsmi nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdeh oğlu X3 qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilərək nikahın pozulması barədə qətnamə qəbul edilmiş və nikah xx.xx.2003-cü il tarixdə pozulmuşdur. Cavabdeh 20 ildən artıqdır ki, ona məxsus mənzildə yaşamır, onun həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdeh faktiki olaraq valdeynlərinə məxsus evdə yaşayır. Cavabdeh mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun kommunal xərclərinin artıq məbləğdə hesablanmasına, əlavə maliyyə vəsaiti itirməsinə səbəb olur. Cavabdehin onun mülkiyyətində olan mənzilin pasport qeydiyyatından çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçı cavabdehin həmin mənzildə yaşamasına heç bir maneə yaratmayıb. Cavabdeh özü gəlib yaşamayıb. Cavabdeh istəyirsə iddiaçının buna etirazı yoxdur, gəlib mənzildə yaşaya bilər. İddiaçının nümayəndəsi həmçinin bildirdi ki, cavabdehə məxsus cehiz əşyalar iddiaçının saxlancındadır. İddiaçının nümayəndəsi eləcə də 02 avqust 2022-ci il tarixli izahatında istifadə hüququna 5000 manat kompensasiya vermək yolu xitam verilməsini təklif etsə də, 17 avqust 2022-ci il tarixli məhkəmə iclasında kompensasiya təklifini müdafiə etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 22 iyul 2000-ci ildə gəlin gəlmiş, lakin iddiaçı onun bu mənzilə qeydiyyata düşməyinə razılıq vermədiyi üçün o, mənzilə istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırıb və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi ilə cavabdehin mübahisəli mənzil olan Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 12/4, mənzil 28-ə istifadə hüququ tanınıb və yalnız həmin qətnamə əsasında o, bu mənzilə pasport qeydiyyatına düşüb və köçürülüb. Cavabdeh gəlin köçərkən bütün cehiz əmlaklarını mübahisəli mənzilə aparıb və onun əmlakları hazırda da mübahisəli mənzildədir. Cavabdeh bu mənzili daimi olaraq tərk etməyib, onun bu mənzildə yaşamamağı iddiaçının təqsiri üzündən olub, iddiaçı cavabdehə mənzildə yaşamağa imkan verməyib və onun mənzildən istifadə hüququ dəfələrlə pozulub. Hətta iddiaçı cavabdehin mənzildə olan əmlaklarını gizlətdiyi üçün o, əmlak tələbinə dair iddia ilə məhkəməyə müraciət edib və Sumqayıt şəhəri üzrə İcra şöbəsinin xx.xx.2003-cü il tarixli Aktı əsasında onun mənzildə olan əmlaklarının üzərinə həbs qoyulub və həmin əmlakların toxunulmazlığı ilə bağlı iddiaçı da akta imza atıb, 76 adda cehiz əmlakları mübahisəli mənzildə aşkar edilərək üzərinə həbs qoyulub. Bundan başqa Sumqayıt şəhər məhkəməsinin 16 fevral 2004-cü il tarixli qətnaməsinə əsasən cavabdehin hazırki iddia tələbi üzrə iddiaya qarşı əmlak və pul tələbinə dair iddiası qismən təmin edilib, həmin qətnamədən qarşı tərəfin verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmayıb. Bu qanuni qüvvəsini almış məhkəmə aktları ilə sübut olunmuşdur ki, cavabdeh mübahisəli mənzilə 2000-ci ildə gəlin köçərkən bütün cehiz əmlaklarını həmin mənzilə aparıb və artıq 22 ildir ki, cavabdehin bütün cehiz əmlakları qeyd edilən mənzildədir, yəni cavabdeh mübahisəli mənzili tərk etməyib və bu mənzildən köçməyib. İddiaçı cavabdehə mənzildə yaşamağa imkan verməyib və nəticədə cavabdeh 2003-cü ildə iddiaçıya və onun ailə üzvlərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzildən istifadə qaydalarının müəyyən olunması barədə iddia qaldırıb və onun iddiası əsasında işə apellyasiya və kassasiya qaydasında baxılıb. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya və onun ailə üzvlərinə qarşı kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırılıb və həmin məsələ ilə bağlı məhkəmə mübahisəsi 2006-cı il tarixə kimi davam edib. Bu məhkəmə aktları ilə də iddiaçının cavabdehə mübahisəli mənzildə yaşamağa imkan vermədikləri öz təsdiqini tapmışdır. Daha sonra isə X2 ona və qeyrilərinə qarşı mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə iddia qaldırmış və onun iddia tələbi təmin olunmuşdur. Göründüyü kimi 2007-ci ilədək mübahisəli mənzillə bağlı məhkəmə mübahisələri davam edib və həmin məhkəmə aktları ilə cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının dəfələrlə pozulması təsdiqini tapmışdır. Lakin qarşı tərəf iddia ərizəsində nədənsə bu barədə və tərəflər arasında dəfələrlə məhkəmə mübahisələrinin olması barədə susmuşdur. Qarşı tərəf iddia ərizəsində cavabdehin mənzildə qeydiyyatda qalmağının səbəbindən əlavə kommunal xidmətlərə görə haqq ödədiyini qeyd edir, halbuki qaz, su və işıq sərfıyyatı ilə bağlı ödənişlər adam sayına görə deyil, sayğac göstəricisi əsasında həyata keçirilir, bu hal da onun mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə əsas ola bilməz. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, cavabdehin daimi yaşayış yeri yoxdur, kirayədə yaşayır. Cavabdehin mənzildən istifadə edə bilməməsi onun öz iradəsindən asılı olmamışdır. Cavabdeh məhkəmə qətnaməsi əsasında bu mənzilə köçürülüb yaşamaq istəsə də, iddiaçı tərəf buna icazə verməmiş, müxtəlif maneələr yaratmış, mənzilin açarını dəyişmişdir. Cavabdehin əmlakı hazırda da həmin evdədir. Tərəflər arasında məhkəmə çəkişmələri 2006-cı ilədək davam etmişdir. Sonra tərəflər öz aralarında şifahi razılaşmışlar ki, mənzil satılarkən iddiaçı cavabdehə kompensasiya verəcəkdir. Bu razılaşmadan sonra cavabdeh mənzilə köçməkdə təkid etməmişdir. Cavabdehin bu illər ərzində əmlakını həmin mənzildən götürməməsi də onu göstərir ki, cavabdeh orada yaşamaq niyyətində olmuşdur. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Xəlilova öz izahatında bildirdi ki, iddia tələbini qəbul etmir və məhkəmədən tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh onun qızıdır. Onun cehiz əşyaları hal-hazırda həmin mənzildədir. Qızının mənzilə köçürülməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına baxmayaraq, keçmiş həyat yoldaşı və onun ailə üzvləri qızını evə buraxmamış, onu hədələmiş və evdə yaşamasına maneəçilik törətmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 4/12, 28 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 231 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, 12/4 saylı evin 28 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq olunan mülki iş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2-2130/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə istifadə hüququnun tanınması, mənzilə köçürülmə haqqında» iddiası təmin edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 3-cü məhəllə, 12/4 saylı evin 28 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2-1291/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı «kompensasiya verilməsi yolu ilə mənzildən istifadə hüququna xitam verilməsi haqqında» iddiası “rədd edilsin” qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 10 noyabr 2005-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamənin məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı və qeyrilərinə qarşı mənzidən istifadə qaydalarının müəyyən edilməsi və s. tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin həmin mənzildə iyirmi ildən artıqdır yaşamadığını, cavabdehin həmin ünvanda qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir. İş üzrə toplanmış sübutlardan göründüyü kimi cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququnun tanınması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilməklə, məhkəmə hesab edir ki, həmin faktın yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi cavabdehin mənzil üzərində istifadə hüququnun tanınması işin mübahisəsiz halıdır. MM-nin 228.2-ci maddəsinin tələbi baxımından bu halda mülkiyyətçi – iş üzrə iddiaçı kompensasiyasi vermək yolu ilə cavabdehin istifadə hüququna xitam verilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi 02 avqust 2022-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında istifahə hüququna 5000 manat kompensasiya vermək yolu xitam verilməsini təklif etsə də, 17 avqust 2022-ci il tarixli məhkəmə iclasında kompensasiya təklifini müdafiə etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi iddiaçının mülkiyyət hüququnu təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququ olaraq tanınmışdır. Bu baxımdan kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Konstitusiya Məhkəməsinin Plenumu L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Məhkəmə həmçinin Mülki Məcəllənin 228.5-ci maddəsinin göstərişi baxımından işin hallarını araşdırmışdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin daimi yaşayış yeri yoxdur (iddaçı tərəfindən cavabdehin daimi yaşayaş sahəsinə malik olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir), tərəflər arasında münasibətlər kəskindir, iddiaçı cavabdehin mənzilə yaşamasına maneə törətmişdir. İş üzrə toplanmış sübutlar, yəni tərəflər arasında uzun müddət məhkəmə çəkişmələrinin olması, Cavabdeh İddiaçı qarşı mənzildə istifadə qaydalarının müəyyən edilməsi və digər iddialar qaldırması, cehiz əşyaların həmin mənzildə qalması kimi hallar cavabdehin bu mənzildə yaşamaq niyyətində olması, lakin yaranmış maneələr səbəbindən mənzildən istifadə edə bilməməsi qənaətinə gəlməyə əsas verir. Bu baxımdan məhkəmə cavabdehin həmin mənzildən uzun müddət istifadə etməməsi faktını mənzildən kompensasiya verilmədən istifadə hüququna xitam verilməsinin əsası kimi çıxış etməsini qanuni və işin faktiki hallarına uyğun hesab etmir. Eləcə də iddiaçının nümayəndəsinin məhkəmə araşdırması zamanı ilk öncə 5000 manat kompensasiya təklifi irəli sürməsinə dair fikirlərini, mənzil satılacağı halda kompensasiya ödənişinin ediləcəyinə dair tərəflər arasında şifahi razılaşmanın olması və bu razılaşmaya görə cavabdehin mənzilə köçməkdə israrlı olmaması barədə cavabdeh tərəfin bildirdikləri ilə müqayisəli təhlil edərək cavabdeh tərəfin göstərdiklərini inandırıcı və ağlabatan hesab edir. Konstitusiya Məhkəməsinin qərarlarında göstərilən hüquqi mövqeyə əsasən keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və ya mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Beləliklə, məhkəmə işin hallarına şərh olunan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №e-2(060)-3885/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3885/2022
17.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver