Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3885/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli, 152x saylı əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiya üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 1493 saylı əmrindən göründüyü kimi, “Oba – Sumqayıt 8” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair akt”a əsasən cavabdehin cəmiyyətə 8374,29 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan kəsr miqdarları yoxlamış, əskikləri təsdiqləmiş, sayım qrupundan heç bir şikayəti olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh qalıq inventarizasiya sənədlərini imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktları tərtib edilmişdir. İkinci inventarizasiya üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 1735 saylı əmrindən göründüyü kimi, “Oba – Sumqayıt 8” mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 11767,85 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin özəlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda iştirak etmiş, sayım qrupundan heç bir şikayəti olmamışdır. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub, inventarizasiya sənədlərini imzalamaq üçün cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh qalıq inventarizasiya sənədlərini imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəfindən müvafiq imtina aktları tərtib edilmişdir. Yekun nəticə: Cəmiyyətin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 14374,96 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Göstərilənlərə əsasən iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 14374,96 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 84 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, 14374,96 manat məbləğin 8100 manat hissəsinin ona aidiyyəti yoxdur. İddiaçı həmin məbləği onun adına mənimsəmə kimi qeyd etmişdir. Belə ki, hansısa firma ona məhsul gətirib, işdə olmadığı vaxt həmin məhsulu baş satıcı qəbul etmişdir. Endirim söhbəti olmuşdur. Sonradan endirim olmadığına görə məhsulu geri qaytarmışdır. Həmin firmanın nümayəndəsi məhsulu geri aparıb əvəzinə qaytarma sənədini vermişdir. O, qaytarma sənədi ilə işləyib malı təhvil vermişdir. Həmin firmanın sürücüsü malı oğurlamışdır. O, bununla bağlı şirkətin daxili nəzarətinə yazılı şəkildə müraciət etmişdir. Həmin sürücünü şirkətə dəvət etsələr də, sürücü şirkətə gəlməmişdir. Nəticədə əksik gələn 8100 manat pul vəsaiti onun üstündə qalmışdır. Təhvil-təslim zamanı iştirak etməmişdir. Maddi məsuliyyət haqqında müqaviləni imzalasa da, 8100 manat borcun ona aidiyyəti yoxdur. Borcun qalan hissəsi ilə güzəşt məbləğləri çıxılmaqla qalan hissəsinə razıdır.
5. Məhkəmə, proses iştirakçəlarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış 29 sentyabr 2020-ci il tarixli əmək müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə Satış Departamenti-Satış 9 şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir.
7. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş “işə qəbul etmə haqqında” xx.xx.2020-ci il tarixli, 594 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinə xx.xx.2020-ci il tarixindən etibarən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir.
8. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş “vəzifə dəyişikliyi haqqında” xx.xx.2021-ci il tarixli, 399 saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2021-ci il tarixindən administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir.
9. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən administrator Cavabdeh ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalması, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmaması və ziyankarlığa qarşı mübarizə aparması, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparması öz üzərinə götürmüşdür.
10. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş “işdən azad haqqında” xx.xx.2023-cü il tarixli, 152x saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir.
11. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 8374,29 manat və xx.xx.2023-cü il tarixində 11767,85 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşılaşdığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 14.374,96 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 14.374,96 manat təşkil edir.
12. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, o, sayımda iştirak etmişdir.
13. İş materiallarında olan İddiaçı MMC-nin əməkdaşları (K.D.Kərimova, G.İ.Mövsümova, M.O.Mustarov, V.İ.İsmayılov, P.C.Əliyev) tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, «X4» MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Sumqayıt 08” (170) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyasının aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-8374,29) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
14. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, o, sayımda iştirak etmiş, lakin yarımçıq çıxmış, sayımla əlaqədar narazılıçılıq yoxdur.
15. İş materiallarında olan İddiaçı MMC-nin əməkdaşları (K.D.Kərimova, G.İ.Mövsümova, M.O.Mustarov, V.İ.İsmayılov, P.C.Əliyev) tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, «X4» MMC-nin ünvan 1 ünvanında yerləşən “OBA-Sumqayıt 08” (170) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2023-cü il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasiyasının aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (-11767,85) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.
16. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, "Oba Market” MMC-də işlədiyiniz dövrdə müxtəlif tarixlərdə fəaliyyətiniz yoxlanılmış və 11767 manat əskikgəlmə aşkar edilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin edilməsini xahiş etmişlər. Əks təqdirdə Cavabdeh barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir.
17. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və 10 manat məbləğində poçt-kargüzarlıq xərci ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə administrator vəzifəsinə işə qəbul olunmuş və əmək funksiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı üzərinə tam maddi məsuliyyət götürmüşdür. Cavabdeh administrator vəzifəsində işləyərkən «tam maddi məsuliyyət daşıması barədə müqavilə»nin tələblərini pozaraq işlədiyi dövrdə fəaliyyətində əskik gəlmə aşkarlanmışdır. Cavabdeh bunun səbəbini müştərilər tərəfindən oğurluq edilməsi ilə bağlı olduğunu bildirmişdir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh iddia tələbi ilə qismən razıdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
21. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Eyni Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
25. Göstərilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır.
27. Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
28. Eyni Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
29. Həmin Məcəllənin 203 və 205-ci maddələrinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
30. Qanunun yuxarıda şərh olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır, cavabdeh iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyır.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 14374,96 (on dörd min üç yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat məbləğində pul, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat və 84 (səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
35. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 14374,96 (on dörd min üç yüz yetmiş dörd manat, doxsan altı qəpik) manat məbləğində pul, mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat və 84 (səksən dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva