Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3902/2025 22.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının və gündılik faizlərin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə İR-Ü 61.25 saylı əmrin ləğv olunması, onun işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının, habelə gecikdirilmiş əmək haqqına görə gündəlik 1 % məbləğində pulun hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci ildən Cavabdeh MMC-də çalışmışdır. Hər zaman işində məsuliyyətli və nizam-intizamlı olmuş, etik davranış qaydalarına əməl etmiş, onunla kollektiv və müdiriyyət arasında heç vaxt problem yaşanmamışdır. 2018-ci ildən 600 manat əmək haqqı ilə başladığı İT texniki dəstək mütəxəssisi vəzifəsindən, daha sonra texniki dəstək mühəndisi və 2020-ci il avqustdan etibarən “Sistem İnzibatçısı” vəzifəsinə (ən son 2400 manat əmək haqqı ilə) yüksəlmişdir. Peşə fəaliyyəti ərzində barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Lakin xx.xx.2024-cü il tarixdə heç bir qanuni və hüquqi əsası olmadan İddiaçıla bağlanmış xx.xx.2018-ci il tarixli, SP604/18 saylı əmək müqaviləsinin 07 mart 2025-ci il tarixindən ləğv edilməsinə dair əmr imzalanmışdır. Əmrdə İddiaçı iş yoldaşı C.Hüseynliyə qarşı qeyri-etik ifadələr işlədərək iş yerində zorakılıq hadisəsi törətməsi əsas göstərilmişdir. Bunun səbəbi isə C.Hüseynli tərəfindən İddiaçı barəsində rəhbərliyə bildirilən, lakin əsla həqiqəti əks etdirməyən, tamamilə qərəzli şəkildə verilmiş ifadələr olmuşdur. İddiaçının əmək müqaviləsinin ləğvinə səbəb olan keçmiş iş yoldaşı Cəmalə Hüseynli fevral ayında işdən ayrılmışdır. İşdən çıxma anında onlar arasında heç bir inciklik olmamış, kollektiv daxilində münasibətləri tam qaydasında olmuşdur. Lakin yeni iş tapıb işdən çıxarkən C.Hüseynli İddiaçı barəsində rəhbərliyə yalan və böhtan xarakterli məlumat vermişdir. C.Hüseynli tərəfindən iddiaçı barəsində deyilənlər ona qarşı olan şəxsi rəqabət və qisas hissindən irəli gəlməkdədir. Belə ki, C.Hüseynli işdən çıxma ərizəsi yazmazdan bir neçə gün öncə İnformasiya Texnologiyaları Departamentinin direktoru Ədalət Müslümov tərəfindən iddiaçının vəzifəsinin qaldırılaraq “senior sistem inzibatçısı” olaraq dəyişdiriləcəyi barədə görüş olmuşdur. Qeyd edilən hal şöbənin bütün əməkdaşlarına məlumdur. Məhz bu fakt göstərir ki, İddiaçı öz əmək funksiyalarını qüsursuz icra edərək vəzifədə yüksəlməyə layiq görülmüşdür. C.Hüseynlinin işdən çıxan zaman iddiaçı barədə rəhbərliyə dediyi yalan ifadələrin yeganə səbəbi məhz iddiaçının müvəffəqiyyətini qəbul edə bilməməsindən qaynaqlanır. C.Hüseynlinin ifadəsində dediyi kimi iddiaçı tərəfindən ona qarşı qeyri-etik şəkildə yaxınlaşmağa cəhd olsaydı onlar arasında ən azından hər hansı whatsapp, instagram, sms və s. kimi yazışmalar olardı. Halbuki belə bir hal mövcud deyildir. İddiaçının digər iş yoldaşlarının verdiyi izahatlar təzyiq altında, işdən çıxarılma hədə-qorxusu ilə, buna məcbur edilərək yazılmışdır. Həmin şəxslər məhkəmə gedişində çağırılıb dindirilərsə, həqiqət aydın olacaqdır. Əgər həmin izahatlarda deyilənlər doğru olsaydı onlara əsasən son dövrlərdə qeyri-adekvat hərəkətlər nümayiş etdirən bir şəxsin vəzifədə yüksəlməsi və maaş artımı ilə təltif edilməsi tamamilə absurd olardı. Digər mühüm bir məsələ iddiaçı ilə C.Hüseynli arasında keçən dialoqu əks etdirən videogörüntülərdir. Hansı ki, cavabdehdən həmin videogörüntünü təqdim etməsi xahiş edildikdə artıq mövcud olmadığı, silindiyi və digər bir gün isə videonun həmin hissəsini kəsib ayrıca saxladığı flash kartın da itirildiyi bildirilir. Əgər həmin görüntülərə baxılarsa burada iddiaçı və C.Hüseynlinin danışıq tərzləri, jest və mimikalarından, hadisənin gedişatından məsələnin əslində cavabdehin dediyi kimi olmadığı, tərəflərin gülərüz və xoşluqla, hörmət çərçivəsindən kənara çıxmadan söhbət etdikləri aydın olacaqdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Onlar qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçı onunla C.Hüseynli arasında iş vaxtı xoşagəlməz insidentin olduğunu qəbul etmədi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, əmrin verilməsinə səbəb İddiaçı iş yoldaşı C.Hüseynliyə qarşı qeyri-etik ifadələr işlədərək iş yerində zorakılıq hadisəsi törətməsi olmuşdur. X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Cavabdeh MMC-nin İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində işləyir. İddiaçı Cəmiyyətdə 2018-ci ildən çalışır. O, sistem administratoru vəzifəsinə keçəndən xasiyyəti və davranışları dəyişməyə başladı. Onunla intizamsızlığına son qoyması barədə dəfələrlə söhbətlər aparmışdır. Camalə Hüseynli məsələsindən 10-15 gün əvvəl də ona bəzi məsələlərlə bağlı irad və xəbərdarlıq etmişdir. Camalə Hüseynli ilə bağlı məsələni isə onun özü danışmış, bununla bağlı İddiaçıla proflaktik söhbət aparmış və onun qızdan üzr istəməsini tövsiyə etmişdir. Bir neçə gündən sonta İddiaçı Camalədən üzr istədiyini və problemin öz aralarında həll edildiyini bildirdi. Lakin 2025-ci ili fevral ayında Camalə işdən çıxmaq istədikdə məlum olmuşdur ki, İddiaçı ondan üzr istəməmişdir. Məhkəmə iclasında şahid X13 bildirdi ki, şirkətin İnsan resursları departamentinin direktoru vəzifəsində işləyir. Cəmiyyətdə kiçik sistem təhlilçisi vəzifəsində çalışan X5 Məmmədovun ona qarşı iş yerində zorakılıq etməsinə dair xx.xx.2025-ci il tarixli ərizəsini İnsan resursları departamentinə təqdim etmişdir. Bundan sonra, Ədalət Müslümov məsələnin aydınlaşdırılması üçün onun kabinetinə gəlmiş və bir yerdə İddiaçı ilə səsli zəng vasitəsilə əlaqə saxlamışlar. Onlar İddiaçı bildirmişlər ki, onun haqqında İnsan resursları departamentinə ərizə təqdim olunub və bu barədə araşdırma olacaq və izahat təqdim etməlidir. İddiaçı isə cavab olaraq demişdir ki, onu işdən çıxarsalar, o müəssisənin bütün serverlərini dayandırıb işdən özü çıxacaqdır. X3 ifadəsində göstərdi ki, İT departamentdə X8raq çalışır. xx.xx.2024-cü il tarixdə İddiaçı Zaur Rüstəmovun rəhbərlik etdiyi otağa daxil olaraq Rəfael adlı işçinin kompüterində səsli bir məzmuna qulaq asırdı. Səsin iş mühitinə uyğun olmadığını nəzərə alaraq, ona səsi azaltmağı və otaqdan çıxmağı tövsiyə etmişdir. Eyni zamanda, otağın Zaur Rüstəmovun rəhbərlik etdiyi qrupa aid olduğunu xatırlatmışdıtr. Buna cavab olaraq, İddiaçı gözlənilmədən səsini yüksəltmiş və emosional şəkildə reaksiya vermişdir. Vəziyyəti sakitləşdirmək üçün o, müdaxilə etmişdir. Lakin İddiaçı ona da eyni üslubda cavab vermiş, o isə gərginliyin daha da artmaması üçün mübahisəni davam etdirməmişdir. Hadisə bununla başa çatmış və məsələ işçilər arasında həll olmuşdur. Oxşar halların qarşısını almaq məqsədilə İddiaçı onun otağına girişi məhdudlaşdırılmışdır. Məhkəmə, proses iştirakçılarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2025-ci il tarixli, MŞS/MT030/2025-00648 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 manat xərci İddiaçı ödəmişdir. - 07 mart 2025-ci il tarixli İR-Ü 61.25 saylı əmrin surətindən görünür ki, İddiaçıla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, SP604/18 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən ləğv edilmişdir. Buna səbəb kimi, göstərilmişdir ki, Cavabdeh MMC-də (“Cəmiyyət”) kiçik sistem təhlilçisi vəzifəsində çalışan X14 xx.xx.2025-ci il tarixində Cəmiyyətin İnsan resursları departamentinə yazılı izahat təqdim etmişdir. Həmin izahatda C.M.Hüseynli bildirmişdir ki, Cəmiyyətdə sistem inzibatçısı vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixində nahar fasiləsində və saat 16:00 radələrində C.Hüseynli otaqda tək olduğu vaxt ona qarşı həm şifahi, həm də fiziki zorakılıq hərəkətləri göstərmişdir. İzahata əsasən xx.xx.2024-cü İl tarixində, saat 14:00-da C.Hüseynli otaqda tək olduğu zaman İddiaçı otağa daxil olmuş və C.Hüseynlinin yanındakı stula əyləşmişdir. Bundan sonra İddiaçı C.Hüseynli ilə şəxsi mövzularda danışmağa başlamışdır. C.Hüseynlinin onunla danışmağa etiraz etməsinə baxmayaraq, İddiaçı C.Hüseynlini ona qulaq asmağa məcbur etmişdir. İddiaçı C.Hüseynlinin əyləşdiyi stulu tutaraq özünə yaxın çəkmiş, özünə tərəf fırlamış, öz ayaqlarının arasına almış və C.Hüseynlinin ayağının aşağısından tutmuşdur. İzahatda daha sonra qeyd olunur ki, bundan sonra İddiaçı otaqda kameranın olduğunu xatırlamış və geri çəkilmişdir. C.Hüseynli izahatında qeyd etmişdir ki, əvvəlcə bu hadisənin şokunu yaşamış, nə edəcəyini bilməmiş, məsləhət almaq üçün dostlarına müraciət etmişdir. Dostları ona İnsan resursları departamentinə yaxınlaşıb hadisə barədə xəbər verməyini məsləhət görmüşlər. Lakin C.Hüseynli utandığından İnsan resursları departamentinə həmin gün bu barədə məlumat verməmişdir. Bundan sonra, C.Hüseynli həmin gün İddiaçı otaqda olarkən saat 16:00-17:00 aralığında otağa daxil olmuşdur. Bu zaman İddiaçı C.Hüseynlinin şərəf və ləyaqətinə toxunan qeyri-etik suallar vermişdir və bununla onu sözlə təhqir etmişdir. C.Hüseynli İddiaçı heç bir cavab verməmiş və işlədiyi otaqdan çıxmışdır. C.Hüseynli izahatında İddiaçı ilə bağlı olaraq həmçinin qeyd edir ki, İddiaçı daha əvvəl dəfələrlə ona görüşməklə bağlı təkliflər etmiş, ona toxunuşlar etməyə çalışmış, C.Hüseynli isə bu səbəbdən hər dəfə işlədiyi otaqdan çıxmışdır. İddiaçı bu davranışları ilə bağlı C.Hüseynli dəfələrlə ona müraciət edərək, onun bu cür davranışlarının xoşuna gəlmədiyini bildirmişdir. Bundan sonra C.Hüseynli izahatında qeyd etmişdir ki, nə edəcəyini bilmədiyi üçün Cəmiyyətdə informasiya texnologiyaları üzrə koordinator işləyən Səbinə Cəfərovaya yaxınlaşmış və ona baş verən hadisəni danışmışdır. S.Cəfərova bu barədə C.Hüseynlİyə bildirmişdir ki, məsələ ilə bağlı İnformasiya texnologiyaları departamentinin direktoru Ədalət Müslümova müraciət etsin. C.Hüseynli izahatında qeyd etmişdir ki, sözügedən hadisədən bir gün sonra Ə.Müslümov onu otağına çağırıb və onunla İddiaçı arasında nə baş verdiyini soruşmuşdur. C.Hüseynli hadisəni Ə.Müslümova danışmış və otağa qayıtmışdır. Bundan 1 saat sonra İddiaçı C.Hüseynliyə yaxınlaşaraq yenidən aqressiv hərəkət etmiş, C.Hüseynliyə baş vermiş hadisəni hansı səbəbdən Ə. Müslümova açıqladığını soruşmuş və ondan iclas otağına keçib danışmağı tələb etmişdir. C.Hüseynli isə İddiaçı ilə danışmaqdan imtina etmişdir. İzahata əsasən bundan sonra Ə.Müslümov C.Hüseynlini yenidən yanına çağırmış, İddiaçı ondan üzr istəyib-istəmədiyi ilə maraqlanmış, C.Hüseynli isə İddiaçı üzr istəmədiyini bildirmişdir. Ə.Müslümov eyni zamanda C.Hüseynliyə gözləməyi və İnsan resursları departamentinə müraciət etməməyi məsləhət görmüşdür. C.Hüseynli izahatında qeyd etmişdir ki, bundan sonra da İddiaçı ondan üzr istəmədiyinə görə və İddiaçı qarşı heç bir tədbir görülmədiyinə görə xx.xx.2025-ci il tarixində İnsan resursları departamentinə yazılı izahatla müraciət etmişdir. İddiaçı məsələ ilə bağlı xx.xx.2025-ci il tarixində İnsan resursları departamentinə təqdim etdiyi yazılı izahatında C.Hüseynlinin xx.xx.2024-cü il tarixində digər iş yoldaşlarının yanında ona qarşı kobud münasibət göstərdiyini, ona verilən tapşırığa etiraz etdiyini bildirmişdir. İddiaçı izahatında həmin gün həqiqətən C.Hüseynlinin əyləşdiyi stulu özünə tərəf çəkdiyini təsdiq etmiş, C.Hüseynlinin bildirdiyi digər halları isə təkzib etmiş, məsələnin araşdırılmasını tələb etmişdir. İddiaçı və C.Hüseynlinin işçiləri olduğu İnformasiya texnologiyaları departamentinin digər işçilərindən alınan izahatlara əsasən, İddiaçı və C.Hüseynli arasında daha əvvəl hər hansı mübahisənin olduğu bildirilməmiş, departamentin digər işçilərinin sözügedən hadisənin şahidi olmadıqları göstərilmiş, eyni zamanda İddiaçı izahatı üzrə C.Hüseynlinin digər işçilərin yanında ona qarşı kobud münasibət göstərməsi öz təsdiqini tapmamışdır. Əlavə olaraq, İnformasiya texnologiyaları departamentinin direktoru X4 təqdim etdiyi xx.xx.2025ci il tarixli ərizəyə əsasən, yuxarıda qeyd olunmuş hadisənin baş verməsindən qabaq, xx.xx.2024-cü il tarixində Ə. Məmmədov Cəmiyyətin müəssisədaxili qaydalarına zidd olan davranış nümayiş etdirmişdir. Belə ki, Ə. Məmmədov İT Şəbəkə və güvənlik şöbəsinə daxil olmuş, orada olan əməkdaşlardan biri ilə işdən kənar mövzuda kompüterdə səsli işlə məşğul olmağa başlamış, həmin şöbənin qrup rəhbəri X1 səsini azaltmaq, işin gedişinə mane olmamaq və şöbəni tərk etmək tələblərinə kobud münasibət, aqressivlik göstərmiş və qışqırmışdır. Bu zaman baş vermiş hadisəyə müdaxilə edən şöbə mühəndisi X6 qarşı da İddiaçı aqressivlik göstərmiş və qışqırmışdır. Təqdim etdiyi yazılı izahatda İddiaçı bir daha belə halın təkrar olunmasına yol verməyəcəyinə söz vermişdir. Bu hadisəylə bağlı İddiaçı şifahi xəbərdarlıq verilmişdir. Buna baxmayaraq, bu hadisədən 10 gün sonra xx.xx.2024-cü il tarixində İddiaçı C.Hüseynliyə qarşı kobud, aqressiv münasibət göstərmiş və zorakılıq hərəkətləri etmişdir. Ə.Müslümov izahatında həmçinin qeyd etmişdir ki, C.Hüseynli sözügedən hadisə zamanı baş verənləri ona ətraflı danışmağa çəkindiyindən Ə.Müslümov yaşca daha böyük bir əməkdaş kimi, İddiaçı C.Hüseynlidən sadəcə üzr istəməyini və onlar arasında münasibətin yenidən lazımi qaydaya gətirilməsini uyğun görmüşdür. Əlavə olaraq, otaqda olan kameranın videomateriallarında İddiaçı C.Hüseynli otaqda tək olarkən otağa daxil olması, C.Hüseynlinin yanındakı stulda əyləşməsi və C.Hüseynlinin əyləşdiyi stulu özünə tərəf fırlatması öz əksini tapmış, C.Hüseynlinin əyləşdiyi stolun qarşısında panel olduğundan İddiaçı C.Hüseynliyə toxunması videokadrlarda əks olunmamışdır. Yalnız C.Hüseynli xx.xx.2025-ci il tarixində İnsan resursları departamentinə yazılı izahat təqdim etdikdən sonra İddiaçı öz hərəkətləri ilə C.Hüseynlinin ləyaqət və şərəfinə toxunduğu Ə.Müslümova məlum olmuş, daha sonra hadisə ilə bağlı zəruri tədbirlər görülmüşdür. Ə.Müslümovun izahatına əsasən baş vermiş hadisənin araşdırılması zamanı İddiaçı ona qarşı tədbirlər görüləcəyi halda müəssisənin bütün serverlərini dayandırıb işdən çıxacağı ilə rəhbərliyə hədə-qorxu gəlmiş, bu səbəbdən İddiaçı Cəmiyyətin bütün sistemlərinə giriş icazələri dayandırılmışdır. İddiaçı həmçinin Ə.Müslümova qarşı da təhdidedici ifadələr işlədərək, onun barəsində kimsə mənfi izahat yazarsa, həmin şəxsin zavoddan çölə çıxa bilməyəcəyini bildirmişdir. Beləliklə, İddiaçı xx.xx.2024-cü il tarixində C.Hüseynliyə qarşı ləyaqətsiz münasibət göstərmiş, ona qarşı təhdidedici və təhqiramiz ifadələr İşlətmiş, ona psixoloji təzyiq göstərmiş və qeyri-etik ifadələr işlədərək iş yerində zorakılıq hadisəsi törətmişdir. İddiaçı bu hərəkətlərin ciddiliyini və mahiyyətini başa düşməmiş, üzr istəməmiş və İddiaçı bu hərəkətləri nəticəsində C.Hüseynli ərizə təqdim edərək iş yerindən çıxmağa məcbur olmuşdur. Bundan başqa, İddiaçı birbaşa rəhbəri Ə.Müslümovla söhbət zamanı ona qarşı tədbir görüləcəyi halda Cəmiyyətin serverlərinə zərər vuracağı ilə hədələmişdir. Cəmiyyətin serverlərinə zərər dəyməsi və onların sıradan çıxması halında Cəmiyyətin istehsalat gedişatı dayana bilər və bu hal əhəmiyyətli zərərə səbəb ola bilərdi. Habelə, İddiaçı onun hərəkətləri İlə bağlı ona qarşı olan mövqeyə uyğun izahat yazılacağı halda bu şəxsləri zorakılıq hərəkətləri ilə hədələmişdir. - yuxarıda təsvir edilən hadisə ilə bağlı cavabdeh Cəmiyyətdə işləyən X9 xx.xx.2025-ci il tarixli, İddiaçı xx.xx.2025-ci il tarixli, Səbinə Cəfərovanın xx.xx.2025-ci il tarixli, X7 xx.xx.2025-ci il tarixli, Nicat Hüseynovun xx.xx.2024-cü il tarixli, Zaur Rüstəmovun xx.xx.2024-cü il tarixli izahatları və X4 xx.xx.2025-ci il tarixli ərizəsi iş materiallarına əlavə edilmişdir. - əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən ləğv edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Abşeron Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh MMC rəhbərliyinin xx.xx.2025-ci il tarixli, SP/2-2.1-20/2025 nömrəli məktubla təqdim etdiyi müvafiq sənədlərə əsasən müəyyən olundu ki, İddiaçı ilə xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanılaraq cəmiyyətdə İT üzrə Texniki Xidmət mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, 01.11,2022-ci il tarixində sistem inzibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixində isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmiş və son haqq-hesabı 3509,43 manat məbləğində olmaqla əmək müqaviləsinə xitam verildyi gün əmək haqqı kartına köçürülmüşdür. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi izahatında əmək müqaviləsinə əsassız yerə xitam verildiyini, bu barədə müəssisənin baş direktoru və İnformasiya Texnologiyalar departament direktoruna yazılı şəkildə müraciət etdiyini, şikayət və tələbinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı olduğunu qeyd etmişdir. Cəmiyyət rəhbərliyinin təqdim etdiyi məktuba və təsdiqedici sənədlərə baxılarkən müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cəmiyyətin işçisinə qarşı ləyaqətsiz münasibət göstərmiş, ona qarşı təhdidedici və təhqiramiz ifadələr işlətmiş, ona psixoloji təzyiq göstərmiş və qeyri-etik ifadələr işlədərək iş yerində zorakılıq hadisəsi törətmiş, bununla da İddiaçıƏmək Məcəlləsi 10-cu maddəsinin “b” bəndinin, onunla bağlanmış əmək müqaviləsinin, Cəmiyyətin “İnsan resursları departamentinin təlimatnaməsi” adlı daxili qaydalarının tələblərini pozmuşdur. Həmçinin Cəmiyyət rəhbərliyinin təqdim etdiyi məktubda İddiaçı xx.xx.2025-ci il tarixdə xitam əmri ilə tanış olunduğu, bunu öz imzası ilə təsdiqlədiyi, əmrin surətinin xx.xx.2025-ci il tarixli məktub əsasında xx.xx.2025-ci il tarixdə təqdim edildiyi, İddiaçı Cəmiyyətdə işlədiyi dövrdə hər hansı həmkarlar ittifaqının üzvü olmadığı və cəmiyyətdə hər hansı həmkarlar ittifaqının fəaliyyət göstərmədiyi, İddiaçı əmək kitabçasının xx.xx.2025-ci il tarixdə onun özünə təqdim edildiyi və bunu öz imzası ilə təsdiq etdiyi bildirilmiş və müvafiq təsdiqedici sənədlər təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinə əsasən, işçi əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməyə borcludur. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İşdən görünür ki, iddia ərizəsində göstərilənlərin əksinə olaraq, onun işdən çıxarılmasına səbəb olmuş zorakılıq hərəkətləri işəgötürən tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmış, onlarla birlikdə işləyən işçilərin sərbəst izahatları alınmış və C.Hüseynlinin verdiyi məlumatlar tam təsdiq olunduqdan, özünün gətirdiyi dəlillər isə təkzib edildikdən sonra İddiaçıla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə qərar verilmişdir. Bu zaman işçilərə təzyiq göstərilməsi, zorla izahatların alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh MMC daxilində aparılmış araşdırma zamanı Camalə Hüseynli verdiyi izahatda göstərmişdir ki, 12 sentyabr 2024-cü ildə saat 14:00 radələrində otaqda kompüterdə işlədiyi zaman İddiaçı otağa daxil olub onun yanındakı stulda əyləşmiş, ona qarşı xoşagəlməz hərəkətlərə və ifadələrə yol vermişdir. O, bu barədə koordinatorlarına məlumat vermiş, sonuncu isə onu departamentin direktoru Ədalət Müslümova məlumat verməsini məsləhət görmüşdür. Növbəti gün Ədalət Müslümov ondan İddiaçıla aralarında nə baş verdiyini soruşmuş, o, hər şeyi olduğu kimi Ədalət Müslümova danışmışdır. Ədalət Müslümov məsələni araşdırıb tədbir görəcəyini vəd etmişdir. Bundan sonra İddiaçı otaqda üstünə gəlib direktora məlumat verdiyi üçün onu hədələmiş, başqa otağa keçməsini tələb etmişdir. Lakin o, bunu etməyib öz otağına qayıtmışdır. Camalə Hüseynli izahatında İddiaçı ona əvvəllər başqa təkliflər etdiyini, görüşə çağırdığını, yaxın oturub təmaslar etdiyini bildirmişdir. Camalə Hüseynlinin göstərdiyi xüsusatlar İnformasiya texnologiyaları departamentinin direktoru X4, həmin departamentin kordinatoru Şəbinə Cəfərovanın, İnsan resursları departamentinin direktoru X7 izahatları ilə də təsdiq olunmuşdur. Həmin izahatlarla həmçinin müəyyən edilmişdir ki, İddiaçı araşdırma zamanı özünü qeyri-səmimi və aqressiv aparmış, işdən çıxarılarsa, Cəmiyyətin kompüter sistemini, o cümlədən serverlərini dayandırmaqla təhdid etmişdir. Bu halın özü, habelə onun 2 sentyabr 2024-cü ildə iş yerində iş yoldaşları ilə münaqişə törətməsi iddiaçının intizamlı olduğunun göstəricisi deyil. İddiaçı izahatında Camalə Hüseynlinin göstərdiyi xüsusatı qismən təsdiq etmiş, onunla üzbəüz danışmaq üçün əyləşdiyi kreslosunu dartıb özünə tərəf çəkdiyini təsdiq etmişdir. Bununla yanaşı, İddiaçı guya Camalə Hüseynlinin özünə qarşı iş yerində kobudluq etməsi barədə dəlilləri onlarla birlikdə işləyən əməkdaşların izahatları təkzib edilmişdir. Cavabdeh MMC-nin müəssisədaxili intizam qaydaları Cəmiyyətin “İnsan resursları departamentinin təlimatnaməsi” adlı daxili qaydalarla (“Qaydalar”) müəyyən edilmişdir. Həmin “Qaydalar”ın 2-ci hissəsinə əsasən, işçilər bir-biri ilə ləyaqət və ehtiramla rəftar etməlidirlər. “Qaydalar”ın 13-cü hissəsində göstərilmişdir ki, əmək fəaliyyəti zamanı əməkdaşa fiziki və ya psixoloji xəsarətin yetirilməsi ilə nəticələnən təhdidedici və ya təcavüzkar hərəkətlər iş yerində zorakılıq kimi səciyyələndirilir. Zorakılıqdan başqa təhqir məfhumu da mövcuddur. Bu məfhuma sözlə təhqir, habelə psixoloji və seksual təhqir də daxildir. Sözlə təhqir arzuedilməz, utandırıcı, təhqiramiz, təhdidedici və alçaldıcı ifadələrin istifadə edilməsidir. Psixoloji təhqir adamda qorxu yaradan, onun şərəf və ləyaqətinə zərbə vuran bir hərəkət deməkdir. Seksual təhqir istənilən arzuedilməz sözlə və ya psixoloji sataşma və ya açıq-aşkar seksual məğzli ifadə deməkdir. Cəmiyyət sıxışdırma və zorakılığa qətiyyən yol vermir. Sataşma və ya zorakılıq hərəkətlərinə yol verən əməkdaşlara işdən azad edilmə daxil olmaqla ciddi intizam cəzaları tətbiq olunur. İddiaçıla bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndində göstərilmişdir ki, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin yerinə yetirilməsinə əməl etməlidir. Göründüyü kimi, əmək müqaviləsində əmək intizamına və müəssisədaxili intizam qaydalarına (“Qaydalar”a) əməl etmək İddiaçı üzərinə vəzifə olaraq qoyulmuşdur. İşin faktiki hallatrından görünür ki, İddiaçı barəsində iş yerində gedən araşdırma ilə müəyyən edilmişdir ki, o, 12 sentyabr 2024-cü il tarixdə iş yerində onunla bir otaqda çalışan Camalə Hüseynovaya qarşı qeyri-etik ifadələr işlətməklə zorakılıq hərəkətləri etmişdir. Bundan bir neçə saat sonra Əıli Məmmədov yenidən otaqda həmin hərəkətlərini davam etdirmişdir. Bununla da İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndinin tələblərini pozmuş, həm əmək intizamına, həm də müəssisədaxili intizam qaydalarına əməl etməmiş, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə görə əmək fəaliyyəti zamanı kobud səhvlərə yol verən, hüquq pozuntuları nəticəsində müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən, əmək vəzifələrini kobud şəkildə pozan iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Cavabdeh MMC-nin rəhbərliyinin yuxarıdakı faktlara istinad edərək iddiaçının işdən azad edilməsi barədə 07 mart 2025-ci il tarixli İR-Ü 61.25 saylı əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. Belə olan halda isə məhkəmə hesab edir ki, onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının, o cümlədən əmək haqqı faizlərinin tələb edilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilmə, məcburi iş buraxmaya görə əmək haqqının və gündəlik faizlərin ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-3902/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3902/2025
22.08.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver