Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3919/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X1na 09/890 saylı orderlə 13 iyun 1967ci il tarixdə mübahisəli Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzili verilmişdir. Adı çəkilən orderdə onun ailə üzvləri kimi onun, anası X2, bacısı X3 və nənəsi X4 adları qeyd edilmişdir. Hazırda, orderdə adları olan şəxslərdən o və bacısı qalmışdır. Digər şəxslər rəhmətə getmişlər. Mübahisəli mənzildə 06 oktyabr 2003-cü ildə nikaha daxil olanadək yaşamışdır. Nikaha daxil olduqdan sonra həmin mənzildən köçmüşdür. X1 2006-cı ildə, anası X7 xx.xx.2021-ci il tarixdə rəhmətə getmişlər və hazırda mübahisəli mənzildə qardaşı Cavabdeh öz ailə üzvləri ilə yaşayaraq onu mübahisəli mənzilə buraxmır. Hesab edir ki, mübahisəli mənzilə dair mülkiyyətə qanuni gözlənti hüququ olduğundan cavabdehin hərəkətləri qanunsuzdur. Bununla bağlı cavabdehə dəfələrlə müraciətlərinin olmasına baxmayaraq heç bir nəticə verməmiş və o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, ərizəsi ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının mübahisəli mənzildə xx.xx.2003-cü ildə nikaha daxil olanadək yaşadığını, nikaha daxil olduqdan sonra həmin mənzildən köçdüyünü, iddiaçının mənzildə yaşamağa hüququnun olmadığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Xızı rayon VVADQ şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X11 arasında xx.xx.2003-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 45 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Hüseynova soyadı verilmişdir. - xx.xx.1967-ci il tarixli 09/890 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzilinin icarədarı X8r. - Həmin orderdən görünür ki, Həşim Bağırov icarədər, Göhər Abışova - Həşim Bağırovun həyat yoldaşı, Güllər Bağırova və Aidə Bağırova - Həşim Bağırovun qızları və Fatma Bağırova - Həşim Bağırovun anasıdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Kaspian” vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilin qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrində məlumat aşkar etmək mümkün olmamışdır. - Sumqayıt şəhər qeydiyyat şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli, AZ-İİ 203880 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1966-cı il tarixdə doğulmuşdur və X1, anası isə X5r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.2003-cü il tarixdə X9 ilə nikaha daxil olanadək mübahisəli mənzildə yaşamış, ailə qurduqdan sonra həmin mənzildən köçmüşdür. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki,tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən əvvəl yaranmışdır. Cavabdehin mubahisəli mənzildə istifadə hüququ yarandığı vaxt mübahisəli mənzilin hüquqi rejimi 1982-ci il tarixdə qüvvəyə minmiş Mənzil Məcəlləsinin normaları ilə müəyyən edilirdi. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, mübahisəli hüquq münasibəti 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Bu maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanıldığı aşağıdakı hallar müəyyən olunmuşdur: - müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; - işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; - uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); - qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; - müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; - müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; - həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; - cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Bu Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı bundan təxminən on səkkiz il əvvəl nikaha girərək sözügedən mənzili başqa ünvana (daimi yaşayış yerinə) köçməsi ilə əlaqədar könüllü tərk etdiyindən onun bu yaşayış sahəsinə istifadə hüquqları itirilmişdir. Belə ki, cavabdehin başqa ünvana müvəqqəti getməsi, həmçinin yaşayış sahəsinin daha uzun müddətə saxlanılmasını nəzərdə tutan qanunvericilik normalarına əsasən müəyyən edilmiş halların mövcud olması işin faktiki halları və tutarlı sübutlar ilə təsdiqlənmir. İddiaçının sözügedən mənzildən istifadə hüququ olmadığı təqdirdə oraya köçürülməsini qanunvericilik istisna edir. Qeyd olunanlara əsasən iddia əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə iddiası təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 34 saylı evin, 3 otaqlı, sahəsi 43.62 kv.m olan 19 saylı mənzilinə köçürülməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-3919/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-3919/2022
01.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver