Məhkəmə qərarları › İş №e-2(060)-394/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-394/2023

09.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-394/2023 09.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçının Cavabdeh ilə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 ünvanı üzərində, iddiaçının və cavabdehin bərabər istifadə imkanlarının müəyyən edilməsi və iddiaçının qeyd edilən mənzilə köçürülməyi barədə qətnаmə çıхаrılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızının Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının keçmiş əridir. Cavabdeh ilə nikaha daxil olmaqla ailə həyatı qurmuş və bir uşaqları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cəbrayıl rayonu, Çullu kəndində qeydiyyatda olsalar da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 ünvanında birgə təsərrüfat idarə etməklə yaşayışları üçün müvafiq otaqla təmin olunaraq, həmin mənzilə yerləşmişlər və həmin ünvanda qeydiyyatdadırlar. Belə ki, qeyd edilən yaşayış kompleksi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı əsasında Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və "xxxx" MMC-nin rəhbəri, layihənin icraçısı Məhəmməd Musayev tərəfindən Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilmişdir. Lakin, Cavabdeh, nikah pozulduqdan sonra iddiaçını, azyaşlı övladı ilə həmin mənzildə yaşayışlarına maneələr yaradır. Hesab edir ki, onların mübahisəli evə olan hüquqları eyni dərəcədə olduğundan onun yaşadığı evdən çıxarmağa haqqı yoxdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini müdafiə etdi. İddia ərizəsində qeyd edilənləri təsdiq etdi. Bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 xüsusi təyinatlıdır və tərəflər sözügedən mənzildə məcburi köçkün olaraq müqavilə əsasında məkunlaşmışlar. Tərəflərin nikahı pozulmuş, cavabdeh ikinci dəfə ailə qurmuşdur. Hazırda sözügedən mənzil üzərində mübahisələr gedir. Belə ki, iddiaçının həmin mənzildə yaşamasına maneələr yaradılır və onu mənzildən çıxarmaq istəyirlər. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi- vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə, 583 № ilə qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, bu müqaviləyə görə kirayəyə verən Sumqayıt şəhəri, 12-ci mikrorayon, X6- 1005, Koroğlu küçəsi, 6 nömrəli evdə, 32 nömrəli mənzildə yerləşən xüsusi təyinatlı mənzil fonduna aid, iki otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahiblik və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçinin ailə üzvləri Əlizadə Əfsanə Rəhman qızı və X3r. - doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası Əlizadə Əfsanə Rəhman qızıdır. - xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı Cəbrayıl rayonunun Çullu kəndində qeydiyyatdadır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, X6-1005, bina 728, mənzil 32 ünvanında müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi oğlu X3r. - xx.xx.2022-ci il tarixli Sumqayıt şəhəri Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Əlizadə X1 rayonunun Çullu kəndində qeydiyyatdadır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, X6-1005, bina 728, mənzil 32 ünvanında müvəqqəti məskunlaşmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; İddiaçı Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı ilə Cavabdeh nikaha daxil olaraq ailə qurmuş, onların xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Tərəflər Cəbrayıl rayonunun Çullukəndində qeydiyyatda olmaqla, məcburi köçkündürlər. xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən Sumqayıt şəhəri, 12-ci mikrorayon, X6-1005, Koroğlu küçəsi, 6 nömrəli evdə, 32 nömrəli mənzildə yerləşən xüsusi təyinatlı mənzil fonduna aid, iki otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu müqavilə müəyyən edilmiş şərtlərlə kirayəçinin sahiblik və istifadəsinə verməyi öhdəsinə götürür. Kirayəçinin ailə üzvləri Əlizadə Əfsanə Rəhman qızı və X3r. Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə, 583 № ilə qeyd edilmişdir. İddiaçının himayəsində övladı vardır, əlavə yaşayış yeri yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin mübahisəli evə olan hüquqları eyni dərəcəlidir. Buna görə də olduğundan cavabdehin iddiaçını yaşadığı evdən çıxarmaq hüququ yoxdur. Ona görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığımənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlımənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətlişəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-cimaddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.6-cımaddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 ünvanına köçürülməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçı Məhərrəmova (Əlizadə) Əfsanə Rəhman qızı Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yerləşən X6-1005, ev 728, mənzil 32 ünvanına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar