Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-3996/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evinə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "fərdi yaşayış evinə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları vardır: xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5. Artıq xeyli müddətdir ki, tərəflər arasında ər-arvad münasibətləri yoxdur. Bütün cehiz əmlakları Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi evinə yerləşdirilmişdir. Artıq 16 ildir ki, cavabdehlə birgə təsərrüfat idarə edərək yaşamışlar. Aralarında tez-tez mübahisələr olduğundan əri iddiaçını tez-tez övladları ilə çölə qovur və yaşamağına imkan vermir. Məcburiyyət qarşısında qalıb atasıgilə sığınmışdır. İddiaçının bütün şəxsi əşyaları və əmlakları hal-hazırda Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi evdə qalmışdır. Hazırda başqa yaşayış sahəsi olmadığı üçün və cavabdehlə birgə təsərrüfat idarə edərək yaşayış sahəsinə yaşayış hüququ əldə etdiyindən bu mənzilə köçürülmək barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddiaçının uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddiaçının uşaqları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, övladı xx.xx.2010-cu il təvəllüdlü X1 hazırda atası ilə birlikdə qaldığını bildirmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbinin təmin olunmasına etiraz etmir.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İ № 446221 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Əsgərova Səidə Mehman qızı nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1381 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 49-cu məhəllə üzrə 2 saylı məhəllə komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 0107 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi evdə qeydiyyatsız yaşayır. O, bu ərazidə məskunlaşıb.
11. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00583 saylı ilkin mediasiyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
12. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 49-cu məhəllə üzrə 2 saylı məhəllə komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 0135 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, X6, onun ailə üzvləri: oğlu Cavabdeh, gəlini İddiaçı, nəvəsi X3, nəvəsi X4, nəvəsi X5 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi evdə qeydiyyatsız yaşayırlar. Hal-hazırda ailə münaqişəsi olduğu üçün İddiaçı və oğlu X5 orada yaşamırlar.
13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məlumatın təqdim edilməsi barədə sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə, 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi vəziyyəti ilə bağlı məlumatın verilməsi barədə sorğularıa aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə, 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından hüquqi vəziyyətinə dair məlumatın təqdim edilməsi mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli mənzilə 2008-ci il tarixdə gəlin köçmüş və cavabdeh ilə birlikdə orada yaşamışlar. Həmin nikahdan üç övladları olmuş, sonradan tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Hazırda iddiaçı uşaqları ilə birlikdə sözügedən mənzilə köçürülməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
16. Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə, 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu, habelə mübahisəli evdə iddiaçının və övladlarının yaşamış olduğu mübahisəsiz haldır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə yaşayış evlərində yaşayan şəxslərin tikili ilə bağlı hüquqi münasibətini tənzimləmir.
17. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
18. Ona görə də, belə yaşayış evləri ilə əlaqədar yaranmış hüquq münasibətlərinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir.
19. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
20. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
21. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı tərəfin də həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, iddiaçı tərəfin mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, iddiaçı həmin mübahisəli tikiliyə gəlin köçdüyündən, həmin tikilidə onunla birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə, 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddiası təmin edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
23. Həmin Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
24. Eyni Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
25. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X3 hazırda sözügedən ünvanda atası ilə birlikdə yaşayır.
27. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi X2 münasibətdə təmin edilməməlidir.
28. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı, övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
35. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı, övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə Sumqayıt şəhəri, Yeni Yaşayış massivi, 49-cu məhəllə 2 saylı məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva