Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-40/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh1 qarşı "özbaşına tikilinin sökülməsi və zəbt edilmiş torpağın boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş X7 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək qonşuluqda yaşayan şəxs tərəfindən onun torpaq sahəsinin zəbt edilməsinə cəhd göstərildiyini, istifadəsində olan torpaq sahəsində qanunsuz tikinti apararaq maneçilik törətdiyini və giriş yolunun kəsdiyini bildirmişdir. Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 900 kvadrat metr olan həyətyanı torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işləri aparılır. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh1 zəbt etdiyi Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılmasını, orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol, eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh1 sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 900 kvadrat metr olan həyətyanı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Sonradan iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X8 tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 1300 kvadrat metr olan həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehlər tərəfindən barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi X8 izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, onun və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişlər ki, mübahisə predmeti barəsində Sumqayıt şəhər Bələdiyyəsinin müvafiq qərarı mövcuddur. Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı protokoluna əsasən vətəndaş Rüstəmov Zaur Ağasalah oğluna fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə qərarı vardır. Həmin qərara əsasən Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, Sumqayıt stansiyası yaşayış ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə vətəndaş Rüstəmov Zaur Ağasalah oğluna 600 kv.m torpaq sahəsi ayrılmış, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən torpağın alqı-satqısına dair akt tərtib edilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsində qeydiyyata alınması müəyyən edilmişdir. Bundan əlavə, 11 aprel 2006-cı il tarixli akt əsasında 600 kv.m torpaq sahəsi vətəndaş Rüstəmov Zaur Ağasalah oğluna təhvil verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 07 noyabr 2005-ci il tarixli, 583 saylı rəyinə əsasən torpaq sahəsinin Sumqayıt şəhəri Memarlıq və Şəhərsalma idarəsində baxılmış və fərdi evin tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasına etirazın olmadığı qeyd edilmişdir. 21 yanvar 2021-ci il tarixində vətəndaş Rüstəmov Zaur Ağasalah oğlu Sumqayıt şəhər Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli 50 saylı protokoluna əsasən Sumqayıt stansiyası yaşayış ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmış 600 kv.m torpaq sahəsini sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişdirməyi, ipotekaya qoymağı, istifadə etməyi, müxtəlif dövlət orqanlarında adıçəkilən əmlak barəsində müvafiq sənədləşdirmə işinin aparılmasını və digər zəruri prosessual hərəkətlərin edilməsi səlahiyyətinin Cavabdeh1 ötürülməsi barədə etibarnamə vermişdir. Mübahisə predmeti barəsində yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi ola fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə mövcuddur. Sumqayıt Bələdiyyəsi yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən yerli vergi ödəniş kodu (YVÖK) 29011xxxxxxx olan rəqəm və hərf kombinasiyasından ibarətdir. xx.xx.2020-ci il və xx.xx.2021-ci il tədiyyə bildirişinə əsasən 0.09 ha torpaq sahəsinə dair müvafiq torpaq vergi ödənişləri dövlət büdcəsinə borcun olması müəyyən edilmişdir. Həmin tədiyyə bildirişində göstərilən borclar dövlət büdcəsinə ödənilmişdir. Həmçinin fərdi evin kommunal xidmətlərlə müqaviləsi vardır. Sumqayıt stansiyası yaşayış ərazisində yerləşən fərdi yaşayış evi barəsində "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İstehsalat Birliyi ilə müvafiq müqavilələr bağlanılmışdır. Həmin müqavilələrə əsasən bütün kommunal xidmətlərin göstərilməsi təmin edilmiş və sayğaclar quraşdırılmışdır. Cavabdeh2 barəsində yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi ola fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə mövcuddur. Hazırki ərizəyə əlavə olunmuş Sumqayıt Bələdiyyəsi yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnaməyə əsasən yerli vergi ödəniş kodu (YVÖK) 29011xxxxxxx olan rəqəm və hərf kombinasiyasından ibarətdir. xx.xx.2022-ci il tədiyyə bildirişinə əsasən Sumqayıt şəhəri Dəmiryol ST, məhəllə 1 ünvanında yerləşən 0.13 ha torpaq sahəsinə dair müvafiq torpaq vergi ödənişləri dövlət büdcəsinə borcun olması müəyyən edilmişdir. Həmin tədiyyə bildirişində göstərilən borclar dövlət büdcəsinə ödənilmişdir. Bundan əlavə, iddiaçı əvvəlcə cavabdehdən, daha sonra atasından Cavabdeh2 tədiyyə bildirişi göndərməklə mübahisəli torpaq sahəsinə dair dövlət büdcəsinə ödənilməli olduğu torpaq vergisinin olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının qanunsuz hərəkətləri həm cavabdehin, eyni zamanda atası Cavabdeh2 mülkiyyət hüquqlarını pozmuşdur. Əlavə olaraq, cavabdeh mübahisəli torpaq sahəsini iddia ərizəsində adı qeyd edilən X3 istifadəsinə verməklə, uzun müddətdir davam edən mübahisənin bünövrəsini qoymuşdur. Görünür ki, cavabdeh mübahisəli torpaq sahəsini digər şəxsin istifadəsinə verməklə, gəlir əldə etmiş və nəticədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının qeyd etdiyi 0,03 ha torpaq sahəsini sözügedən ərazidə müəyyən etmək mümkün deyil. Həmçinin qeyd edir ki, 0,13 ha torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını sübut edən sənəd rəsmi sənəddir və cavabdeh həmin torpaqdan istifadə ilə əlaqədar vergi ödənişlərini də həyata keçirir. Digər şəxsin həmin əmlakdan çıxarılması və yaxud əmlakda yerləşən hər hansısa tikilinin sökülməsini tələb etmə hüququ subyektiv hüquqla bağlıdır. Məhkəmə şəxsin subyektiv hüquqa malik olmasını çıxarışla müəyyən edir. Ərazi ilə bağlı koordinatlar bəllidir. Həmin ərazi ilə bağlı bələdiyyənin çıxarışının olub-olmaması, ümumiyyətlə ərazinin dövlət qeydiyyatından keçirilib-keçirilməməsi, keçirildiyi halda bələdiyyəyə məxsusluğunu təsdiq edən sənəd təqdim edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər Bələdiyyəsinin “vətəndaş X5 fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında” 11 noyabr 2005-ci il tarixli, 50 nömrəli qərarından görünür ki, Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq, Sumqayıt stansiyası yaşayış ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə vətəndaş X5 600 kv.m. torpaq sahəsi ayrılmışdır.
8. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixdə verilmiş, AR-İİ № 219133 saylı etibarnamədən görünür ki, Rüstəmov Zaur Ağasalah oğlu Cavabdeh1 AR Sumqayıt şəhər Bələdiyyəsinin “11” noyabr 2005-ci il tarixli, 50 №-li protokoldan qərarına əsasən Sumqayıt stansiyası yaşayış ərazisində ona fərdi yaşayış evi tikintisi məqsədilə ayrılmış, sahəsi 600 kv.m olan torpaq sahəsinə sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotekaya (girov) qoymağı, istifadə etməyi, bununla əlaqədar onu idarə və təşkilatlarda, dövlət və qeyri-dövlət orqanlarında, notariat ofislərində, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bütün Ərazi İdarələrində, “ASAN xidmət” Mərkəzlərində, Bələdiyyə orqanlarında, İcra Hakimiyyəti orqanlarında, banklarda təmsil etməyi, lazımi sənədləri almağı, tikinti işləri aparmağı, üzərində tikili tikməyi, “ASAN kommunal” Mərkəzlərində, “Azəriqaz” İB, "xxxx", "xxxx" İdarələrində, Poçt-Rabitə İdarələrində onu təmsil etməyi, kommunal işlərlə bağlı bütün əməliyyatları, eləcə də qaz, su və işıq xəttinin çəkilməsi ilə bağlı bütün hərəkətləri yerinə yetirməyi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirməyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışı, yüklülüyə dair arayışı və müvafiq orqanlardan (icra hakimiyyəti, arxiv, bələdiyyə və s.) zəruri olan sənədləri almağı, informasiya sistemindən əldə etməyi, torpaq sahəsində tikinti işləri aparmağı, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, istənilən sənədin dublikatını almağı, dövlət rüsumlarını ödəməyi, adımdan ərizə, eləcə də ləğv ərizəsi yazmağı, sənədləri imza etməyi, bank əməliyyatları aparmağı, notariat ofisinin depozit hesabına pul qoymağı və götürməyi, notariat ofisində istənilən müqaviləni rəsmiləşdirməyi, zəruri sənədləri imzalamağı, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin müqaviləni qeydiyyatdan keçirib reyestrdən Çıxarış almağı, forma-1 almağı və bu tapşırığın yerinə yetirməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 25 il müddətinə verilib və xx.xx.2046-cı il tarixədək qüvvədədir.
9. İş materiallarında olan X4 ünvan 2 ünvanladığı **********359 saylı, xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt Şəhər Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli (Protokol № 50) qərarına əsasən Sumqayıt Stansiyası yaşayış ərazilərində fərdi yaşayış evi tikintisi məqsədilə əri X5 ayrılmış, ümumi sahəsi 600 kv.m. olan torpaq sahəsinin satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka ilə yüklü edilməsinə, istənilən qaydada özgəninkiləşdirilməsinə etiraz etmir.
10. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Memarlıq-tikinti və mülkiyyətə nəzarət şöbəsinin ərazi üzrə nəzarətçiləri –Muradzadə Araz, Səfərli İsmayıl, Xəyyam İsmayıloğlu tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisi hüdudlarında daxilində yerləşən Stansiya Sumqayıt (dairəvi yolun kənarı) ərazisində xidməti araşdırmalar apararkən tərəflərindən müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 900 kv.m olan torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Tərəflərindən edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, vətəndaş Cavabdeh1 zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir.
11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində yerləşən 0.0303 ha torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin bələdiyyə mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır.
12. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 1884 nömrəli sorğuya cavab məktubundan görünür ki, mübahisələndirilən torpaq sahəsinin bir hissəsi olan və Sumqayıt şəhəri, Sumqayıt Baş Dəmiryol stansiyası, 1-ci məhəllə ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 21 saylı həyətyanı torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı ilə X5 ayrıİmışdır. Lakin Sumqayıt Bələdiyyəsində həmin torpaq sahəsinin vergi ödəyicisi olaraq Cavabdeh2 qeydiyyatdan keçmişdir. Belə ki, Cavabdeh2 Sumqayıt şəhəri, Sumqayıt Baş Dəmiryol stansiyası, 1-ci məhəllə ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 21 saylı həyətyanı torpaq sahəsini X1 aldığını və torpaq sahəsinin faktiki istifadəçisi olduğunu bildirərək özünü torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyatdan keçirmişdir. Tədiyyə bildirişində vergi ödənilməli olan torpaq sahəsinin ölçüsünün 0,13 ha olaraq göstərilməsinə səbəb isə Cavabdeh2 istifadəsində olan torpaq sahəsinin ölçüsü barədə bələdiyyə qulluqçularına yanlış məlumat verməsi və aidiyyəti bələdiyyə işçilərinin həmin məlumatı yoxlamadan tədiyyə bildirişində göstərmələri olmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, zəbt olunmuş torpaq sahəsi kimi boşaldılmasını tələb edilən torpaq sahəsinin 600 kvadrat metri Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı ilə X5 ayrılmış torpaq sahəsi olsa da, nə həmin torpaq sahəsi, nə də əlavə zəbt edilmiş torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılmamışdır.
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7912 saylı ekspert rəyinə əsasən, Cavabdeh1 faktiki istifadəsinə olan 0,09 ha torpaq sahəsinin və digər 0,04 ha (ümumi sahə 1300 kv.m) torpaq sahəsinin “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən bələdiyyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
14. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adlarına Sumqayıt şəhəri ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
15. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən qeyd edilən torpaq sahəsinə tərəflərin iştirakı ilə texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsinin 0,1263 ha təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda, 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud elektron kadastr məlumat bazasına əsasən 0,0944 ha torpaq sahəsi bələdiyyə mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsinin 0,03 ha hissəsi **********68 reyestr nömrəli çıxarış ilə Sumqayıt bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yerdə qalan 0,319 ha torpaq sahəsinin isə 6 kV-lıq orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi təyin olunmuşdur.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqlari daxildir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.
19. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
20. Eyni Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir.
22. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi).
23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyriqanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
26. Bu Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
27. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Belə xüsusi hüquqi rejimi mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
29. Eyni Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
30. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
31. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
32. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Hazırki mübahisəli vəziyyət üzrə xüsusi bilik tələb olunduğundan iş üzrə müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 faktiki istifadəsinə olan 0,09 ha torpaq sahəsi və digər 0,04 ha (ümumi sahə 1300 kv.m) torpaq sahəsi “kadastrportali.az” elektron kadastr portalı məlumat bazasına əsasən bələdiyyə mülkiyyətindədir.
35. Digər tərəfdən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məhkəmə sorğusuna cavabından görünür ki, sözügedən torpaq sahəsinin ölçüsü 1263 kv.m təşkil edir ki, onun da 944 kv.m hissəsi bələdiyyənin mülkiyyətində, qalan 319 kv.m hissəsi isə orta gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.
36. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
38. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
39. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
41. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən iddia ərizəsində, habelə ekspert rəyində mübahisəli torpaq sahəsinin 1300 kv.m olduğu qeyd edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin ölçüsü 1263 kv.m təşkil edir.
42. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin 600 kv.m hissəsi Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı ilə X5 ayrılmış, sonradan Rüstəmov Zaur Ağasalah oğlu 21 yanvar 2021-ci il tarixli, AR-İİ № 219133 saylı etibarnamə əsasında həmin 600 kv.m torpaq sahəsinə dair sənədləşdirməyi, özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir.
43. Göründüyü kimi cavabdehlər tərəfindən sözügedən torpaq sahəsinin (1263 kv.m) 600 kv.m hissəsi özbaşına zəbt edilməmişdir.
44. Belə ki, Sumqayıt şəhəri, Sumqayıt Baş Dəmiryol stansiyası, 1-ci məhəllə ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin 11 noyabr 2005-ci il tarixli, 50 saylı qərarı mövcuddur.
45. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 663 kv.m (1263 kv.m - 600 kv.m = 663 kv.m) olan həyətyanı torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. İddia tələbi qismən təmin olunduğundan məhkəmə ekspertizasının tədqiqat dəyəri də həmin nisbətdə tərəflərə aid edilməlidir.
50. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı Sumqayıt Bələdiyyəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
Nəticə hissəsi:
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində dairəvi yolun kənarında yerləşən sahəsi 663 (altı yüz altmış üç) kvadrat metr olan həyətyanı torpaq sahəsindən çıxarılsınlar, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən sökülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı Sumqayıt Bələdiyyəsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva