Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4113/2023 29.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil1, cavabdehin nümayəndəsi, Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 10-cu mkr, ev 31, mənzil 4-dən çıxarılması, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının atasıdır. O, iddiaçıya məxsus mənzildə qeydiyyatdadır və hal-hazırda həmin mənzildə yaşayır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1086/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayət təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilkin iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 10000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilmiş, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Cavabdehin mənzildən çıxarılması da təmin olunmalıdır. İddiaçının nümayəndəsi, Vəkil1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi, həmçinin bildirdi ki, hazırda 10 000 manat məbləğində pul vəsaiti İcra şöbəsinin depozit hesabına köçürülmüşdür. Cavabdeh istədiyi zaman icra şöbəsinə yaxınlaşaraq həmin məbləği əldə edə bilər. Bu barədə məhkəməyə müvafiq qəbz də təqdim edilmişdir. Bundan əvvəlki məhkəmə mübahisəsi zamanı cavabdehə qarşı mənzildən çıxarılma tələbi qoyulmadığı üçün qeyd olunan məsələ ilə bağlı hazırkı iddia qaldırılmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, Vəkil2 məhkəmə iclasında bildirdi ki, iddiaçı cavabdehin oğludur. Evi cavabdeh hələ iddiaçının bir yaşı olanda etibarnamə əsasında alıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh xx.xx.1961-ci ildə, Lerik rayonu, Velaçala kəndində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisəli mənzildən 10000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər X3 oğlu və X1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1086/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, cavabdeh tərəfindən 10 000 manat kompensasiya məbləği Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına keçirilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, mübahisəli mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı həmin mənzildən cavabdehin istifadə hüququna 10 000 manat kompensasiya verilməklə xitam verilməsi barədə iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1086/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-191/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (82.3.). Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçı tərəfindən cavabdehə 10 000 manat kompensasiya verilməklə, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin kompensasiya məbləği ödənildiyi üçün artıq cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilmişdir. Belə olan halda iddiaçı cavabdehin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31, mənzil 4-dən çıxarılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(060)-4113/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4113/2023
29.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver