Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4179/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı2 direktoru İddiaçı1, nümayəndəsi və vəkili Vəkil və digər nümayəndəsi X4 iştirakları ilə, Cavabdeh iştirakı ilə, İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 5615,70 manat məbləğində borc pulun, eləcə də Sumqayıt 1 saylı mediasiya təşkilatının hesabına ödənilmiş 60 manat mediasiya xərcinin və Sumqayıt Şəhər Məhkəməsi üçün ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmi 6052,70 manat məbləğin, 5.615,70 manat məbləğində borc pulun, 20 saylı Vəkil Bürosunun hesabına ödənilmiş, 300 manat vəkil xərci, eləcə də Sumqayıt 1 saylı mediasiya təşkilatının hesabına ödənilmiş 60 manat mediasiya xərcinin və Sumqayıt Şəhər Məhkəməsi üçün ödənilmiş 77 manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı qismində yalnız İddiaçı2 MMC-nin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi əsasında İddiaçı2 MMC-nin sürücüekspeditoru vəzifəsində çalışmışdır. O, daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona müxtəlif satış mərkəzləri tərəfindən etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinə hesabına təhvil verməmiş və nəticədə öz qulluq mövqeyindən sui-istifadə edərək 9615,70 manat məbləğində pulu mənimsəyərək şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Cavabdehin daşıdığı əsas vəzifə öhdəliyi cəmiyyətin adından müvafiq qaimə sənədləri əsasında şəhərdə yerləşən müxtəlif mağaza və satış mərkəzlərinə ofis və dəftərxana ləvazimatlarının çatdırılması və həmin məhsulların satışına görə qəbul edilən ödənişlərin vaxtlı-vaxtında şirkətə təhvil verilməsindən ibarət olmuşdur. Yəni malların tədarükü prosesində yaranmış borclanma nisyə şərtlərlə baş verdiyi üçün müştərilərə təqdim olunmuş mallara görə müvafiq ödənişlərin müəyyən fasilələrlə həyata keçirilməsi əvvəlcədən şirkətlə razılaşdırılmışdır. Bununla əlaqədar həmin müştərilərlə əlaqə saxlanılmış və onlar da dəftərxana materiallarına görə ödənişləri bəzən nağd şəkildə, bəzən də Cavabdeh təqdim etdiyi şəxsi bank hesabına köçürdüklərini bildirmiş və bunun sübutu kimi ödəniş qəbzlərinin surətlərini şirkətə təqdim etmişlər. Daha sonra şirkətdə aparılmış maliyyə yoxlaması, aktiv-passivlərin üzləşdirilməsi və hesabatların təhlili zamanı tərəflərindən aşkar edilmişdir ki, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində satılan dəftərxana ləvazimatlarına görə cəmiyyətin əsas aktivinə mədaxil edilməli 9615,70 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən kassaya təhvil verilməmişdir. Şirkət əməkdaşı olması səbəbindən dəfələrlə tərəflərindən profilaktiki söhbətlər, eləcə də borcun hissə-hissə qaytarılması barədə danışıqlar aparılsa da, heç bir nəticə verməmişdir. Bu səbəbdən də tərəflərindən xx.xx.2023-cü il tarixində rəsmi xəbərdarlıq məktubu göndərilərək pul vəsaitlərinin təhvil verməsi üçün ona 2 gün vaxt verilsə də, ödənişlə bağlı bugünə qədər heç bir addım atmadığı üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına müraciət ünvanlanmış və şikayət ərizəsi əsasında Qaradağ RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmağa başlanmışdır. Material üzrə araşdırma zamanı əməkdaşların izahatlarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı2 MMC-yə 9615,70 manat pul borcunun yarandığı məlum olmuşdur. Hətta araşdırma gedən zaman cavabdeh əvvəlcə külli miqdarda deyil, cəmi 135 manat borcunun olduğunu bildirsə də, sonradan cəmiyyətə borclu olduğunu etiraf etməklə xx.xx.2023-cü il tarixində istintaqa 2000 manat məbləğində öz şəxsi imzası ilə qəbz yazaraq təqdim etmişdir. Həmin qəbzdə göstərmişdir ki, o, borcun müəyyən hissəsini, yəni 2000 manat məbləği cəmiyyətin direktrou Məmməd Əmircanova qaytarmış, qalan məbləği isə hissə-hissə qaytaracağına söz vermişdir. Daha sonra cavabdeh Qaradağ RPİ-nin İstintaq şöbəsinin baş müstətniqi, polis mayoru Raqib Rəhimova ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədə açıq şəkildə göstərmişdir ki, İddiaçı2 MMC-də işlədiyi müddətdə onun şirkətə 9615,70 manat borcu qalmışdır, həmin borcdan 4000 manat məbləği ödənmişdir. Hazırda həmin şirkətə 5615,70 manat borcu qalmışdır. Qısa müddətdə həmin borcu ödəyəcəyimə söz vermişdir. Lakin keçən müddət ərzində cavabdeh qalıq borcun tam qaytarılması üçün real addımlar atmamış və bu səbəbdən də iddiaçının özünə aid digər öhdəlikləri üçün maddi çətinliklər yaratmışdır. Qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərindən xx.xx.2024-cü il tarixində cavabdehə sürətli poçt vasitəsilə mediasiya təklifi göndərilmiş və Məmmədov soyadlı şəxs tərəfindən imza edilərək təhvil götürülmüşdür. Daha sonra müvafiq sənədlər ərazi üzrə Sumqayıt 1 saylı Mediasiya təşkilatına göndərilmiş və xx.xx.2024-cü il tarixinə ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı bildiriş göndərilsə də, cavabdeh həmin sessiyaya gəlməkdən imtina etdiyi üçün müvafiq mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir.
Tərəflərin mövqeləri:
1. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 25 noyabr 2022-ci il tarixindən İddiaçı2 MMC-nin sürücü-ekspeditoru vəzifəsində işləmişdir. Cavabdehin daşıdığı əsas vəzifə öhdəliyi cəmiyyətin adından müvafiq qaimə sənədləri əsasında şəhərdə yerləşən müxtəlif mağaza və satış mərkəzlərinə ofis və dəftərxana ləvazimatlarının çatdırılması və həmin məhsulların satışına görə qəbul edilən ödənişlərin vaxtlı-vaxtında şirkətə təhvil verilməsindən ibarət olmuşdur. Lakin ona müxtəlif satış mərkəzləri tərəfindən etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinə hesabına təhvil verməmiş və nəticədə öz qulluq mövqeyindən sui-istifadə edərək 9615,70 manat məbləğində pulu mənimsəyərək şirkətə külli miqdarda maddi ziyan vurmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunan borcdan 4000 manat məbləğində ödəniş etmişdir. Hal-hazırda şirkətə olan borcu 5615,70 manat təşkil edir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
2. Məhkəmə iclasında iştirak edən İddiaçı2 direktoru İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Orada cəmi 1 ay fəhlə işləmiş, sonra ekspert təyin etmişdirlər. Sonra hüquq mühafizə orqlanlarına şikayət verilmiş və saxlanılmışdır. Heç bir araşdırma aparılmamışdır. 135 manat qalıq göstərir. Bölmədən çağırmışdırlar. İddiaçı da gəlmişdir. 2000-3000 manat ödəməli olduğunu deyirlər. 5615 manatı qəbul etmir. O, işləyəndə cəmi 1 sürücü vardır. Şahidləri var. Onlar sənəd vermişdir. Xəstəliklə bağlı işə çıxmırdı. Şirkətə xəbər vermişdir. Polis bölməsində olarkən onu o qədər borcunun olduğunu etiraf etməyə məcbur etmişdilər.
Tədqiq olunan sübutlar:
5. İddiaçı2 tərəfindən tərtib edilmiş “Əmək müqaviləsinin bağlanması haqqında” 40/22 nömrəli əmrdən görünür ki, Cavabdeh İddiaçı2nə xx.xx.2022-ci il tarixindən sürücü peşəsinə əsas işə qəbul edilmişdir.
6. İddiaçı2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək dövr ərzində İddiaçı2 MMC-də əmək müqaviləsi üzrə sürücü ekspeditor vəzifəsi ilə işləmiş Cavabdeh işlədiyi dövr ərzində əmək müqaviləsinə müvafiq maddi məsul şəxs kimi İddiaçı2 MMC-yə xx.xx.2024-cü il tarixinə 5615 manat borcu qalmışdır.
7. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 qanuni təmsilçisi İddiaçı1 tərəfindən 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir.
8. Qaradağ rayon Polis İdarəsinin 21 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur.
9. Cavabdeh Nürəddin oğlu tərəfindən Qaradağ rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimova ünvanlamış ərizədən görünür ki, Cavabdeh Nürəddin oğlu”Faradj” MMC-də işləyərkən işlədiyi müddətdə şirkətə 9615,70 manat borcu qaldığını, həmin məbləğdən indiyə kimi atası X1 Qaradağ RPİ-nin istintaq şöbəsində borcdan 4000 manat ödədiyini, hazırda onun həmin şirkətə 5615,70 manat borcu qaldığını bildirmişdir. 10.İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı2 nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərcini ödəmişdir.
Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13.Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. 14.Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı2 direktoru X2 İddiaçı2 MMC-də sürücü ekspeditor vəzifəsində işləyən Cavabdeh daşıdığı vəzifə öhdəliyindən irəli gələrək ona etibar edilmiş pul vəsaitini cəmiyyətin xəzinəsinə ödəməməsi ilə bağlı müraciəti əsasında toplanmış material Qaradağ rayon Pİ-nin İŞ-nə göndərilmişdir. Qaradağ rayon Pİ-nin İŞ-nin 21 mart 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 15.Qaradağ rayon Pİ-nin İŞ-nin həmin qərarında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı hazırki iş üzrə Cavabdeh izahat verərək hazırda həmin şirkətə 5615,7 manat borcu qaldığını, hazırda heç bir yerdə işləmədiyi üçün sözügedən məbləği İddiaçı2 MMC-yə ödəyə bilmədiyini bildirmişdir. 16.Bundan başqa iş materiallarına əlavə edilmiş Cavabdeh Nürəddin oğlu tərəfindən Qaradağ rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi polis mayoru Raqib Rəhimova ünvanlanmış 14 mart 2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Nürəddin oğlu”Faradj” MMC-də işləyərkən işlədiyi müddətdə şirkətə 9615,70 manat borcu qaldığını, həmin məbləğdən indiyə kimi atası X1 Qaradağ RPİ-nin istintaq şöbəsində borcdan 4000 manat ödədiyini, hazırda onun həmin şirkətə 5615,70 manat borcu qaldığını bildirmişdir. 17.Beləliklə qeyd olunan qərardan və eyni zamanda Cavabdeh Nürəddin oğlunun Qaradağ rayon Polis İdarəsinin İŞ-nə ünvanladığı ərizəsindən görünür ki, cavabdeh iddiaçı müəssisəyə 5615,7 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında da cavabdeh qeyd olunan ərizənin onun tərəfindən yazılıdığını bildirmişdir. Lakin həmin ərizəni yazmağa məcbur edildiyini bildirmişdir. 18.Məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan dəlili təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 19.Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. 20.Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 21.Hazırki işdə iddiaçı Qaradağ rayon Pİ-nin İŞ-nin Cinayət işinin rədd edilməsi haqqında yuxarıda adı qeyd olunan qərarını və eyni zamanda cavabdehin iddiaçıya 5615,70 manat pul vəsaitini ödəməli olmasını etiraf etməsinə dair ərizəsini məhkəməyə təqdim etməklə cavabeh tərəfindən ona ziyan dəydiyini sübut etmiş, lakin qarşı tərəf qeyd olunan dəlilləri təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. 22.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 23.“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. 24.İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 nümayəndəsi X6 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci, 10 manat kargüzarlıq xərcini ödəmişdir. 25.Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir. 26.Məhkəmə iddianın hüquqi xidmət üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı2 qanuni təmsilçisi İddiaçı1 tərəfindən 20 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. Eyni tarixli vəkil orderindən görünür ki, vəkil ilə də müqavilə məhz 23 iyul 2024-cü il tarixdə bağlanmışdır. 27.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 28.Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. 29.Məhkəmə hesab edir ki, Cavabdeh 5615 (beş min altı yüz on beş) manat, 70 (yetmiş) qəpik pul vəsaiti, 60 (altmış) manat məbləğində mediasiya xərci, 100 (yüz) manat hüquqi xidmət göstərilməsinə görə xərc və 76 (yetmiş altı) manat, 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilməlidir.
Nəticə:
30.Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 5615 (beş min altı yüz on beş) manat, 70 (yetmiş) qəpik pul vəsaiti, 60 (altmış) manat məbləğində mediasiya xərci, 100 (yüz) manat hüquqi xidmət göstərilməsinə görə xərc və 76 (yetmiş altı) manat, 60 (altmış) qəpik ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva