Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4276/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 1269,36 manat məbləğində əsas borc, 62,31 manat faiz borcu, cəmi 1331,67 manat məbləğində pul vəsatinin, həmçinin 33,32 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ******* nömrəli “Kompleks bank xidməti ” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet (MC World NeoCard Debit PayPass )ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Cavabdeh 523522****1899 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitini daxil edərək istifadə etmişdir. xx.xx.2025-ci il tarixə yaranan texniki xəta səbəbindən kart hesabında yetərli pul vəsaiti olmadığı halda cavabdeh 1269,36 manat məbləğində banka məxsus pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 1269,36 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 1269,36 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə xx.xx.2025-ci il tarixə onun banka 1269,36 manat məbləğində əsas, 62,31 manat faiz borcu ,cəmi 1331,67 manat məbləğində borcu yaranmışdır. Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinə görə hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi(limitin aşılması) texniki overdraft hesab olunur. Kompleks Bank Xidməti Müqaviləsinin şərtlərinə görə Texniki overdraft - ödəniş vəya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. Tərəflər arasında bağlanmış razılaşmalara əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır.Tərəflər arasında bağlanmış razılaşmalar və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətlər nəticəsiz qalmışdır. Hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdehə iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli, ******* nömrəli Kompleks Bank Xidməti Müqaviləsinə əsasən bank müştəriyə 523522****1899 saylı AZN valyutasında MC World NeoCard Debit PayPass növlü ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. - Bank Respublika tərəfindən verilmiş xx.xx.2021-ci il - xx.xx.2025-ci il tarixləri arasında Cavabdeh məxsus olan 523522****1899 saylı MC World NeoCard Debit PayPass növlü hesab üzrə dövriyyə barədə çıxarışdan görünür ki, 523522****1899 saylı MC World NeoCard Debit PayPass növlü hesab üzrə 51813,17 manat debet dövriyyəsi, 50543,81 manat kredit dövriyyəsi müəyyən edilmiş, nəticədə çıxış qalığı 1269,36 manat müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 1269,36 manat məbləğində əsas, 62,31 manat məbləğində faiz borcu olmaqla, cəmi 1331,67 manat borcu vardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs – Cavabdeh əldə etdiklərini məhrum olana – iddiaçıya qaytarmalıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1%-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1331,67 manat olduğundan (1269,36 manat əsas+ 62,31 manat faiz= 1331,67 manat) iddiaçı tərəfindən ödənilmiş 33,32 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Bu Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 284-6.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1269,36 manat əsas , 62,31 manat faiz borcu ümumilikdə 1331,67 manat borc və ödənilmiş 33,32 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №e-2(060)-4276/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4276/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver