Məhkəmə qərarları › İş №e-2(060)-435/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-435/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-435/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğvi və digər tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləni ləğv edərək **-KB-*** dövlət qeydiyyat nişanlı, «OPEL ASTRA MİNİK» markalı nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona geri qaytarılması, yenidən iddiaçının mülkiyyətinə keçirilməsi və iddia üçün ödənilən 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiqi ilə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mülkiyyətində olan ban № W0L0TGF35X2148549, **-KB-*** dövlət qeydiyyat nişanlı, «OPEL ASTRA MİNİK» markalı nəqliyyat vasitəsini 11600 manata hissə-hissə ödəniş vasitəsi ilə cavabdehə satmışdır. Belə ki, həmin müqavilənin 3-cü bəndinə əsasən, cavabdeh kredit üzərinə götürdüyü öhdəliyi düzgün icra etməmişdir. Belə ki, cavabdeh bu günə kimi ödənilməli olan məbləğdən ayrı-ayrı aylarda 300 manat, ümumilikdə 2000 manat məbləğində pulu iddiaçıya ödəmişdir. İddiaçıya ödənilməli olan qalan 7800 manat məbləğində pulu isə ödəməkdən boyun qaçırır. Halbuki sözü gedən avtomobil cavabdehin faktiki mülkiyyətində və istifadəsindədir. Cavabdeh müqavilə öhdəliklərini düzgün icra etməməklə iddiaçının hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil izahat verərək bildirdi ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya indiyə kimi cəmi 2000 manat məbləğində pul ödəyib. O, məhkəmə hazırlıq iclasında da 6 aya yaxındır ki, ödəniş etmədiyini özü etiraf etmişdir. Qeyd edilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü ildə, cavabdeh isə xx.xx.1976-cı ildə anadan olmuşdur. Tərəflər arasında Sumqayıt şəhər 4 saylı Notariat ofisində bağlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı Sumqayıt RQİ və TBŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BD N 162542 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus buraxılış 1999-cu il, ban № W0L0TGF35X2148549, mühərrik nömrəsi 02JT4981 olan **-KB-*** dövlət qeydiyyat nömrə nişanlı «OPEL ASTRA MİNİK» markalı nəqliyyat vasitəsini 11600 manata satmağı və əsas (alqı-satqı) müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür. İddiaçı əsas alqı-satqı müqaviləsini bağlamağı 32 ay müddətinə həyata keçirilməyi üçün öhdəlik götürmüş, cavabdeh isə bu müddətlə razı olduğunu bildirmişdir. Cavabdeh 32 ay müddətinə hissəhissə ödəniş vasitəsi ilə pulu ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı da bununla tam razılaşmışdır. Cavabdeh avtomobilin alqı-satqı ilə əlaqədar razılaşdırırlmış 11600 manatdan 2000 manatı hal-hazırda tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı filialı vasitəsi ilə iddiaçıya ödəmiş, qalan 9600 manatı 32 ay müddətində hər ay 300 manat tam ödədikdən sonra, iddiaçı əsas alqı-satqı müqaviləsi bağlmağı öhdəsinə götürmüşdür. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehə borcun qaytarılması haqqında pretenziya məktubu göndərilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1.). İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (402.3.). İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (402.4.). Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixində bağlanmış müqaviləyə əsasən cavabdeh **-KB-*** dövlət qeydiyyat nömrə nişanlı «OPEL ASTRA MİNİK» markalı nəqliyyat vasitəsinin dəyərini 32 ay müddətində hissə-hissə iddiaçıya ödəmək barədə, iddiaçı isə həmin avtomobilin dəyəri cavabdeh tərəfindən tam ödənildikdən sonra əsas alqı-satqı müqaviləsini bağlamaq barədə öhdəlik götürmüşlər. Mülki Məcəllədə göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). Cavabdeh avtomobilin dəyərindən 2000 manatı ilkin ödəniş kimi iddiaçıya ödəmiş, qalan məbləği hər ay 300 manat olmaqla ödəməli olduğu halda ödəməmişdir. Qeyd edilən halı cavabdeh məhkəmənin hazırlıq iclasında etiraf etmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, cavabdeh 32 ay müddətinə hissə-hissə ödəniş vasitəsi ilə pulu iddiaçıya ödəməyi öz öhdəsinə götürmüş, lakin öz öhdəliyini lazımınca yerinə yetirməmişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilsin. **-KB-*** dövlət qeydiyyat nişanlı, «OPEL ASTRA MİNİK» markalı nəqliyyat vasitəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar