Məhkəmə qərarları › İş №e-2(060)-435/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-435/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-435/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh1 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və digər tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və digər tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh1 23.333 (iyirmi üç min üç yüz otuz üç) manat pulun ona kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda Sumqayıt şəh, 5-ci məhəllə, ev 1/28, mənzil 22-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, həmçinin iddia ərizəsinə görə ödədiyi 160 (yüz altmış) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları dövründə xx.xx.2006-cı il təvəllüdlü X2 adında bir övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə Cavabdeh1 ilə aralarında bağlanmış nikah pozulmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 19 dekabr 2008-ci il tarixli qətnaməsi ilə onun mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Daha sonra o, cavabdehlərlə birlikdə Sumqayıt şəhərindəki “ASAN XİDMƏT”-ə gedib müvafiq qaydada ərizə verərək, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzili özəlləşdirmişlər. Mübahisəli mənzil onun, X1 və X3 birgə ümumi mülkiyyətində olmuş, daha sonra Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)- 1848/2016 saylı qətnaməsi ilə iddiaçı X1 ona və Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmiş, onun qarşılıqlı iddiası təmin edilərək onlar tərəfindən özəlləşdirilmiş və birgə mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mülkiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bilmədiyindən onların bərabər payları sayılması, yəni hər birinin payının 1/3 həcmində müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmədiyi üçün 12 aprel 2016-cı il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********29-05101-093035 reyestr nömrəli çıxarışa əsasən sahəsi 57.70 kv.m olan Sumqayıt şəhəri, 5-ci məhəllə, ev1/28, mənzil 22 halhazırda İddiaçı (1/3 hissəsi), X1 (1/3 hissəsi) və Cavabdeh1 (1/3 hissəsi) paylı mülkiyyətindədir. Çıxarışın qeydiyyat nömrəsi **********, öz payına münasibətdə qeydiyyat tarixi xx.xx.2022-ci ildir. Bundan başqa bildirir ki, əmlak üzərində payları müəyyən olunandan sonra cavabdehlərdən olan keçmiş qayınanası X4 əmlakın naturada bölünməsi tələbini irəli sürsə də, Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10142 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. Sözügedən mənzil paylı mülkiyyətdə olduğundan özünə məxsus hissəni heç kimə sata bilmir. Bir sözlə heç kəs mənzilin bir hissəsini əldə etmək istəmir. Həmçinin cavabdehlər hər dəfə mənzilin açarını dəyişərək onu mülkiyyətində olan mənzilə buraxmırlar. Odur ki, çarə əmlakın hərracda satılmasıdır. İddia ərizəsinə qoşma etdiyi xx.xx.2023-cü il tarixli poçt qəbzi və azərpoçtun internet səhifesindən poçt göndərişlərinin izlənməsini təsdiq edən sənədlər də bir daha təsdiq edir ki, onun tərəfindən 23.333 (iyirmi üç min üç yüz otuz üç) manat pulun kompensasiya formasında ödənilməsini cavabdehə təklif etmişdir. Hesab edir ki, cavabdehə kifayət qədər vaxt vermişdir ki, kompensasiya ilə bağlı məsələyə münasibət bildirsin. Təəssüflər olsun ki, cavabdeh bu günə qədər də bu hala münasibət bildirməmişdir. Buna görə də sonda hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hörmətli məhkəmənin diqqətinə bir daha çatdırır ki, o, qanunda nəzərdə tutulmuş bütün ardıcıllığa uyğun hərəkət etmişdir. Yəni paylar müəyyən ediləndən sonra əmlakın naturada bölünməsi iddiası ilə müraciət olunmuşdur. Həmçinin bir daha bildirirəm ki, iddia ərizəsinə qoşma etdiyi xx.xx.2024-cü il tarixli poçt qəbzi və qəbzin alınmasını təsdiq edən bildirişlə təsdiq edilir ki, o, növbəti mərhələ olan kompensasiya tələb etmək hüququndan da istifadə edərək cavabdehdən iddia ərizəsinə qoşma etdiyi mütəxəssis rəyinə əsasən hazırki mənzilin bazar qiymətinin 1/3 hissəsi olan 23.333 manat pul ödənilməsini təklif edərək buna uyğun dövlət rüsumunu da ödəmişdir. Az öncə yuxarıda qeyd etdiyi kimi təəssüflər olsun ki, cavabdehlər bu hala münasibəti nə əvvəl nə də ki, hazırda bildirməyərək onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, iddia ərizəsinə qoşma etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixliİş № 2(102)-3736/2022 saylı qərarında (7-ci səhifə 1-ci abzas) qeyd edilmişdir ki, “ Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulan hər bir mərhələ üçün ayrıca məhkəmə icraatının açılmasına, yəni məhkəmə qətnaməsinin olmasına zərurət yoxdur”. Bunun üçün paylı mülkiyyətçinin öz payının ayrılmasını tələb etməsi kifayətdir. İşə baxan məhkəmə isə hər bir mərəhələni ayrı-ayrılıqda yoxlamaqla, öz payının ayrılmasını tələb edən mülkiyyətçinin tələblərini Mülki Məcəllənin 220-ci maddəsinin tələbləri baxımından yoxlamağa borcludur. Bu da Ali məhkəmənin mövqeyi və məhkəmə təcrübəsi. Bəzi hallarda məhkəmələrdə müəyyən işlərlə bağlı fərqli yanaşmalar ortaya çıxır. Belə ki, hazırkı mübahisə ailə qanunvericiliyi ilə deyil, mülki qanunvericiliyi ilə tənzimləndiyindən bu kateqoriyadan olan mübahisələr üzrə işə məhkəmədən öncə mediasiya qurumuna müraciət edilməli olması barədə qüvvədə olan qanunvericilikdə hər hansı müddəa yoxdur. Mənimdə iddianın həlli qaydası Mülki qanunvericiliklə tənzimləndikdən odur ki, hesab edir ki, mediasiyadan keçməyinə ehtiyac yoxdur. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və Cavabdeh1 25.000 (iyirmi beş min) manat pulun iddiaçıya kompensasiya olaraq ödənilməsi, bu mümkün olmadıqda ünvan 2-nin açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin paylara mütənasib surətdə bölüşdürülməsi, həmçinin müdafiəçiyə ödənilmiş 235 manat pulun və iddia ərizəsinə görə ödədiyi 160 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, xanımın onunla nikahı yoxdur, belə ki, nikah pozulmuş və uşağın ananın yanıda qalması təmin olunmuşdur. Aliment tələbi də artırılmışdır. Açar da müəyyən vaxtda verilmişdir. Daha sonra da tərəfin yaşamaq və istifadə hüququ tanınmadığı halda məhkəmənin qərarı da vardır. Birgə nikah olmadığı halda nə üçün bir evdə yaşamalıdırlar. Bu evi o almamış və onun qazancı ilə alınmamışdır. Evin sahibəsi vardır. Qarşı tərəf onunla birgə nikah dövründə heç nə almamışdır. İddia tələbini qəbul etmədi. Məhkəmə iclasında cavabdeh X4 izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, aldadılmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-1848/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı “mənzildə payların müəyyən edilməsi” barədə iddia tələbi təmin edilməmiş, İddiaçı, X4 və Cavabdeh1 tərəfindən özəlləşdirilmiş və birgə ümumi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilə birgə mülkiyyət iştirakçıları razılaşma əldə edə bilməmələri səbəbindən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyətinin müəyyənləşdirilməsi, paylı mülkiyyət mülkiyyətçilərinin paylarının bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilə bilmədiyindən onların bərabər payları sayılması, yəni hər birinin payının 1/3 həcmində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia tələbinin rədd edilməsi, iddiaçı X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 2 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda olan xüsusi mülkiyyətin 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən **********29-05101-093035 reyestr nömrəli mənzilin hüquq subyektləri 1/3 hissədə olmaqla İddiaçı, X4 və Cavabdeh1dur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş fotoşəkillərə və məlumata əsasən bildirmişdir ki, ünvan 2-nin hazırda orta bazar qiyməti 70.000 manat təşkil edir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdehlər X4 və Cavabdeh1 ünvanlanmış təklifdən görünür ki, ünvan 2-dən ona məxsus payı almaq istəyir. Buna görə də qanunda qeyd edildiyi kimi kompensasiya təklif etmək ilə ona düşən payı götürmək istəyir. Sözügedən mənzillə bağlı internet saytlarından və ev alqı-satqısı ilə məşğul olan şəxslərdən maraqlanmışdır ki, mənzilin hazırda orta bazar qiyməti 70.000 manatdır. Mənzilin çıxarışından da məlum olduğu kimi 1/3 pay ona məxsusdur. Belə olan halda 70.000 manatın 1/3 hissəsi 23.333 manat edir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını və ona düşən payı yəni 23.333 manatı ona kompensasiya olaraq ödəməyi təklif etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 83 nömrəli, 29 dekabr 2024-cü il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin, 22 saylı mənzilin hazırki likvid (satış) dəyəri 75000 manat, həmin mənzilə oxşar şəraitli mənzillərin kirayə haqqı 250 manat təşkil edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı Vəkil xidmətləri üçün 325 manat məbləğində ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, 1/28 saylı evin 22 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1 və 1/3 hissədə X1 paylı mülkiyyətindədir. Həmin paylı mülkiyyətin satılmasına dair aralarında razılıq əldə edilməmişdir. İddiaçı paya uyğun kompensasiya ödənilməsi, mümkün olmadığı təqdirdə hərracda satılaraq vəsaitin paylara uyğun olaraq bölünməsini xahiş edir. Cavabdehlər iddia tələbini qəbul etmir. Yəni paylı mülkiyyətçilər arasında paylarına mütənəsib bölgü ilə bağlı qanunvericilklə nəzərdə tutulmuş bütün ardıcılıqlara əməl edilmiş, (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-10142/2016 saylı, 07 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı X1 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı ünvan 2 ünvanına dair payların naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir) həmçinin iddiaçının mənzildə yaşamasının mümkünlüyü müzakirə edilmiş, cavabdeh tərəfindən açarın dəyişdirilməsi və sair hallar qeyd olunmaqla, payın naturada bölgüsü mümkün olmamış, iddiaçının mülkiyyət hüququnun təmini üçün ardıcıl olaraq ikinci mərhələ olaraq kompensasiya məbləği müzakirə edilərək araşdırılmış, cavabdehlər məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin rəyinə uyğun olaraq təklif olunan kompensasiya məbləğinin iddiaçıya verilməsinə dair təklifi qəbul etməmişlər. Məhkəmənin qənaətinə görə üçüncü mərhələyə keçidlə bağlı heç bir mane olmadığından paylı mülkiyyətçilərin payları açıq hərracda satılmaqla, paylarına uyğun bölünməli, buna görə də iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə öncə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 2014-cü il 4 aprel tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının 17-ci bəndinə əsasən paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Həmin qərardadın 18-ci bəndinə əsasən hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Həmin qərardadın 19-cu bəndinə əsasən qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Həmin qərardadın 25-ci bəndinə əsasən məhkəmə iddiaçının çatmaq istədiyi hüquqi nəticənin ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması və ya əşyanın bölünməsindən ibarət olduğunu müəyyən edərsə, həmin tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin müvafiq olaraq 220.3-220.6-cı və 221-ci maddələrini tətbiq etməklə mübahisəni həll etməlidir. Həmin qərardadın 28-ci bəndinə əsasən bununla belə nəzərə alınmalıdır ki, qanunvericilikdə bu kateqoriya işlər üzə məcburi şəkildə mərhələli həll qaydası müəyyən edilmişdir. Həmin qərardadın 29-cu bəndinə əsasən Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərardadın 30-cu bəndinə əsasən bu iddialara baxılması zamanı mərhələli həll qaydasının müəyyən edilməsində məqsəd mülkiyyətçilərdən birinin (və ya bir neçəsinin) digər paylı mülkiyyətçiləri öz mülkiyyət hüquqlarından iradələrinə zidd şəkildə istədikləri vaxt istədikləri formada məhrum etmələrinə müəyyən məhdudiyyətlər qoymaqla, mülkiyyət hüququnun toxunulmazlığını qorumaqdan, həmçinin bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaqdan ibarətdir. Məhz bu məqsədlə qanunverici bu kateqoriyadan olan mübahisələrin həlli zamanı qanunla müəyyən edilmiş mərhələlərdən birini və ya bir neçəsini istisna etməklə, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqinin tələb edilməsini qadağan etmişdir. Bu baxımdan iddiaçının dispozitivlik prinsipindən çıxış edərək, birbaşa növbəti və ya sonuncu mərhələnin tətbiqini tələb etməsi iddianın rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Həmçinin həmin qərada qeyd edilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü və əşyanın məhkəmə qərarı ilə hərracdan satılması həyata keçirilə bilər. Tərəflər arasında mübahisənin barışıq yolu ilə həll edilməsi mümkün olmamış, iddiaçının kompensasiya təklifinə cavab verilməmişdir. Bu səbəbdən də növbəti mərhələyə keçid edilməli, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil hərracda satılmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil açıq hərracdan satılmalıdır. "xxxx" MMC-nin 83 nömrəli, 29 dekabr 2024-cü il tarixli hesabatını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil ilkin satış qiyməti (bazar dəyəri) 75.000 (yetmiş beş min) manat müəyyən edilməlidir. Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil açıq hərracda satıldıqdan sonra əldə edilmiş vəsait payçıların paylara mütənasib olaraq aralarında bölünməlidir. Mülki Məcəllənin 228.2-ci maddsəinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasi Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil bazar dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait payçılar İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə paylarına uyğun bölünməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki halda iddia tələbi qismən təmin olunduğundan, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun yarısı iddiaçının özünə aid edilməli, digər yarısı, yəni 80 manat hissəsi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək vəkilə hüquqi yardıma görə ödənilən xərcə görə cavabdehlərdən müştərək qaydada 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tu taraq, məhkəmə qət etdi: İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzil açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın. Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzilin bazar dəyəri 75.000 (yetmiş beş min) manat müəyyən edilsin. Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28 ünvanında yerləşən 22 saylı mənzilinin açıq hərracın satışından əldə edilən pul 1/3 hissəsi İddiaçı, 1/3 hissəsi Cavabdeh1, 1/3 hissəsi isə Cavabdeh2 paylarına uyğun bölünsün. İddia qalan hissədə təmin edilməsin. Tərəflərə izah olunur ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Ödənilmiş dövlət rüsumunun 80 (səksən) manat hissəsi və hüquqi xidmətə görə ödənilmiş 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar