Məhkəmə qərarları › İş №e-2(060)-4362/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4362/2024

03.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4362/2024 03.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdeh X1 qarşı iddia qaldıraraq, onun ünvan 1 ünvanına övladları: xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü Cəfərli Aysun Şahin qızı ilə birlikdə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma atasıdır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, 86 saylı mənzil İcraiyyə Komitəsinin xx.xx.1985-ci il tarixli, № 7 saylı əmri ilə, 29 aprel 1985-ci il tarixli, 09/394 saylı orderlə Cavabdeh verilmişdir. Sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslər aşağıdakılardır: X3 mənzilin sahibi, Orucova Nəzakət C.- arvadı, X7 – oğlu, Orucova Aygün Oqtay qızı – qızı. O və övladları Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, 86 saylı mənzildə qeydiyyatdadırlar. Lakin cavabdeh qərəzli olaraq onu uşaqları ilə birlikdə həmin ünvana buraxmır. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətindədir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh X2 izahatında bildirdi ki, İddiaçı onun qızıdır. Onun mənzilə köçürülməsinə etirazı yoxdur. Yalnız onun gəlini Nuranə onları evdə yaşamağa qoymur. Bununla bağlı DİN-ə müraciət etmişdir.

5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı iddia tələbini qəbul edir, İddiaçı və övladları X6, X5, Cəfərli Aysun Şahin qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, mənzil 86 ünvanına köçürülmələrinə etiraz etmir.

Tədqiq olunan sübutlar:

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, mənzil 86 ünvanında qeydiyyatdadır.

7. Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 aprel 1985-ci il tarixli, 09/394 saylı orderdən görünür ki, Cavabdeh 4 nəfərdən ibarət ailəsi ilə 9-cu mikrorayon, ev 23a, mənzil 86 ünvanında yerləşən, 2 otaqlı, sahəsi 32,8 kv.m olan mənzili tutmaq hüququ vardır. Sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısına daxildir: CavabdehM, Orucova Nəzakət C., Orucov Vüqar O., Orucova Aygün O.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli, 3-21-3-02/2-10863/2024 saylı məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A ünvanında yerləşən 86 nömrəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. -52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

10. Azərbaycan Respublikasının Konstitusiyası: - 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh X2 İddiaçı atasıdır. Azərbaycan SSR Sumqayıt şəhər xalq deputatları Soveti İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 aprel 1985-ci il tarixli, 09/394 saylı orderlə Cavabdeh 4 nəfərdən ibarət ailəsi ilə 9-cu mikrorayon, ev 23a, mənzil 86 ünvanında yerləşən, 2 otaqlı, sahəsi 32,8 kv.m olan mənzili tutmaq hüququ verilmişdir. İddiaçı sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısına daxildir. İddiaçı və övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü Cəfərli Aysun Şahin qızı həmin ünvanda qeydiyyatdadırlar. Hal-hazırda iddiaçı mübahisəli mənzildən istifadəsinə maneə yaradıldığından və yaşamağa yeri olmadığından Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, 86 saylı mənzilə köçürülməsinə dair məhkəmədə iddia qaldırmışdır.

14. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini, İddiaçı və övladları X6, X5, Cəfərli Aysun Şahin qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, mənzil 86 ünvanına köçürülmələrinə etiraz etmədiyini bildirmişdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

16. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

17. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

18. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddianın qəbul edilməsinin qanuna zidd olması aşkar edilmədiyindən və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozması müəyyən edilmədiyindən cavabdehin iddianı etiraf etməsi qəbul edilməli və iddia təmin edilməlidir.

19. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı, övladları xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü Cəfərli Aysun Şahin qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, 86 saylı mənzilə köçürülməlidir.

Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı, övladları - xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü Cəfərli Aysun Şahin qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23A, 86 saylı mənzilə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar