Məhkəmə qərarları › İş №e-2(060)-4408/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4408/2025

27.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4408/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmələri və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini, bu qətnamənin Cavabdeh1 həmin mənzildə olan qeydiyyatdan çıxarılması üçün əsas olduğunu göstərilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun anasıdır, digər cavadeh Cavabdeh2 isə qardaşı X3 qızıdır. X1 11 oktyabr 2008-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik 16 saylı mənzili Sumqayıt şəhəri 1 nömrəli notariat kontorunda ona bağışlamışdır. Həmin vaxt qanunvericiliyə uyğun olaraq anası da qeydiyyatda olduğuna görə X1 tərəfindən mənzilin ona bağışlanmasına razılıq vermişdir. Bu mənzil atasına anası tərəfindən hədiyyə edilmişdir. 2010-cu ildə o, ailə həyatı qurmuş və bir müddət xaricdə yaşamalı olmuşdur. Mənzil boş qalmasın deyə cavabdehlərin həmin mənzildə yaşamasına razılıq vermişdir. Amma son dövrlər Azərbaycanda yaşadığından mənzildən istifadə etmək zərurəti yaranmışdır. Dəfələrlə anasına özünün Sumqayıt şəhərində olan evində gedib yaşamasını, həmin mənzilə ehtiyacı oluğunu bildirsə də, o, mənzildən çıxmaq istəmir. Evdən çıxmamamaq üçün nəvəsi, digər Cavabdeh2 da gətirib yanında saxlayır. Hazırda özü kirayədə qalır və mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə köçmək, yaşamaq və onun üzərində mülkiyyət hüququndan istifadə etməkdən məhrum olunmuşdur. Dəfələrlə evin boşaldılmasını tələb etsə də, cavabddehlər bu mənzildən çıxımır. Eyni zamanda Cavabdeh1 bu ünvanında qeydiyyatdadır. Onun qeydiyyatda olması həmin mənzilə sərəncam vermək hüququnu da məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd edilməsini xahiş etdi. O, qeyd etdi ki, təmsil etdiyi şəxs uzun müddətdir ki, bu mənzildə yaşayır. Bu mənzilin təmir etdirilməsinə xeyli vəsait xərcləmişdir. Yelizaveta həmin mənzilə gəlin köçmüşdür. Mənzil əvvəllər onun adına olmuş, sonradan onun razılığı ilə əri tərəfindən qızına bağışlanmışdır. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik 16 saylı mənzil xx.xx.2008-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. Onun adına eyni tarixdə texniki pasport tərtib olunmuşdur. - DƏDKR PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 9/11 saylı evin 1 saylı mənzili xx.xx.2005-ci il tarixdən Cavabdeh1 adına qeydə alınmışdır. - 5611 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik 16 saylı mənzil xx.xx.1993-cü il tarixdən X2 adına qeydə alınmışdır. - xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik 16 saylı mənzili X4 övladı İddiaçı bağışlamışdır. Bu barədə orada qeydiyyatda olan və mülkiyyətçinin arvadı Cavabdeh1 notarial qaydada razılıq ərizəsi vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 9-cu mkr., ev 85 ünvanında yerləşən 84.04 kv.metrlik 16 saylı mənzil X2 mülkiyyətində olmuş, lakin bu mənzil onun tərəfindən xx.xx.2008-ci il tarixli bağışlama müqaviləsinə əsasən övladı İddiaçı bağışlamışdır. Mübahisəli mənzil xx.xx.2008-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının anası, digər Cavabdeh2 isə onun qardaşının övladıdır. Cavabdeh1 mübahisəli mənzildə pasport qeydiyyatındadır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququ olmayan hesab edilmələri və onların həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini, bu qətnamənin Cavabdeh1 həmin mənzildə olan qeydiyyatdan çıxarılması üçün əsas olduğunu göstərilməsini xahiş etmişdir. Hər iki cavabdehin uzun müddət mübahisəli mənzildə yaşamaları, yəni oradan istifadə etmələri işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 bu mənzildən istifadə hüququ yaranmışdır. Belə ki, işdən görünür ki, mübahisəli mənzil hələ 2008-ci ildə iddiaçının mülkiyyətinə keçməmişdən öncə, yəni xx.xx.1993-cü il tarixdən onun X1nun adına qeydə alınmış, onun arvadı Cavabdeh1 da orada yaşamışdır. Həmin dövr qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşdən görünür ki, Cavabdeh1 1993-cü ildən daimi olaraq bu mənzildə yaşamaqla oradan istifadə hüququ əldə etmişdir. Onun başqa yerdə daimi yaşaması barədə işdə hər hansı sübut yoxdur. Bu yaşayış sahəsinin mülkiyyətçisinin 2008-ci ildən dəyişməsi isə Cavabdeh1 həmin daşınmaz əmlkadan istifadə etməsinə əngəl ola bilməz, çünki Mülki Məcəllənin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Eyni zamanda, Mülki Məcəllənin 228.4-cü maddəsində qeyd edilmişdir ki, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 mülkiyyətində hər hansı başqa mənzilin olması da, onun mübahisəli mənzildən istifadə hüququnun itirilməsinə, oradan əşyaları ilə bilrikdə çıxarılmasına əsas hesab edilməməlidir. Digər cavabdehə gəlincə, məhkəmə onun yaşını (xx.xx.2006-cı il təvəllüdlüdür) nəzərə alaraq hesab edir ki, ona münasibətdə hazırki Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Həmin maddədə göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. Mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır. İşdən görünür ki, Cavabdeh2 mübahisəli mənzildə iddiaçının razılığına əsasən kömüşdür və onunla İddiaçı arasında ailə münasibətləri davam edir, yəni bu münasibətlərə xitam verilməmişdir. Belə olan halda isə, Cavabdeh2 da mübahisəli mənzildən istifadə hüququ olan şəxs kimi oradan əmlakları ilə birlikdə çıxarılması qanunsuzdur. Məhkəmə izah edir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçı hər iki cavabdehi mülkiyyətindəki mənzildən bazar qiyməti ilə müəyyən olunmuş müvafiq kompensasiya verməklə çıxara bilər. Hazırki halda isə onların mübahisəli mənzildən istifadə hüquqları olduğundan iddianın təmin edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququ olmayan şəxslər hesab edilməsi və mənzildən çıxarılma barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar