Məhkəmə qərarları › İş №e-2(060)-4423/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4423/2024

29.08.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4423/2024 29.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə 29 avqust 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, Metallurq (İnşaatçılar) küçəsi, 181 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Metallurq (İnşaatçılar) küçəsi, 181 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla onun tərəfindən 2007-ci il tarixdə inşa edilmişdir. Fərdi yaşayış evi 1.5 ha torpaq sahəsindən və 100 kv.m yaşayış sahəsindən ibarətdir. Fərdi yaşayış evinə dair onun adına 2010-cu il tarixdən etibarən kommunal xidmətlər üzrə işıq, qaz, su xidmətləri təmin olunmuş və müvafiq qaydada qeydiyyata alınmışdır. Fərdi yaşayış evi birgə nikahları dövründə tikilmiş və istifadəyə verilmişdir. Cavabdeh ailə daxili problemlər üzündən onun fərdi yaşayış evində yaşamağına mane olur, onu faktiki sahibliyində olan fərdi yaşayış evinə buraxmır, 2023-ci ilin noyabr ayında yaşadığı fərdi yaşayış evinə qayıtdığı zaman cavabdeh fərdi yaşayış evinin və həyətin giriş qapısının açarlarını dəyişərək onun yaşayış evinə daxil olmasını məhdudlaşdırmış, yaşayış sahəsindən qanuna müvafiq qaydada faktiki sahiblik, mülkiyyət və istifadə hüququnu pozmuşdur. Cavabdehin qanunsuz hərəkətləri üzündən hal-hazırda evində yaşamır, Corat qəsəbəsində kirayədə yaşamağa məcbur olub. Buna görə də cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, hüquqlarının və qanuni maraqlarının təmini üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq özünə məxsus fərdi yaşayış evinə köcürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edir. Hal-hazırda fərdi yaşayış evində cavabdeh və iki övladı ilə birlikdə yaşayırlar. Mübahisə ilə əlaqədar tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə medasiya prosesinin tətbiqi ilə əlaqədar Təklif göndərilmiş, cavabdeh təklifi poçt vasitəsi ilə xx.xx.2024-cü il tarixdə qəbul etmiş, bundan sonra tərəfindən Simqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, Sumqayıt 1 saylı Mediasiya təşkilatının mediatoru Etibar Həsənov onaə xx.xx.2024-cü il tarixdə elektron məktub təqdim edərək bildirmişdir ki, “Siz mediasiyaya müraciət etmədən məhkəməyə müraciət edə bilərsiniz.” Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə hesab edir ki, onun Sumqayıt şəhəri, Metallurq (İnşaatçılar) küçəsi, 181 saylı ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə faktiki ailə münasibətlərinə daxil olsalar da, rəsmi qaydada nikaha daxil olmayıblar. O, ev ustasıdır, mübahisəli evi özü tikib. Qeyd edilən evi isə 2002-ci ildə alıb və tikməyə başlayıb. Belə ki, ev çox şəraitsiz vəziyyətdə alınıb. Evin çıxarışı yoxdur, ancaq bələdiyyə sənədi var. 2022ci ildə ayrılıblar. Birgə münasibətlərindən 2 övladları var. Oğlu X1 oğlunun 28 yaşı var və o, da dediyi faktları təsdiq edə bilər. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 oğlu ifadəsində bildirmişdir ki, iddiaçı və cavabdeh onun valideynləridir. Mübahisəli evi onun atası tikib. Ev tikilən vaxt o, uşaq olsa da, evin atası tərəfindən tikildiyini xatırlayır. Qeyd edir ki, həmin ev tikilənə kimi, Saray qəsəbəsi, 1-ci mkr, 45-ci məhəllədə müxtəlix evlərdə yaşayıblar. Daha sonra atası 2003-cü ildə o evi tikdi. Əvvəl həmin ev çox balaca idi. Atası onu söküb yeni ev tikib və 2009-2010-cu ildən həmin evdə yaşayırlar. O, mübahisəli evdə qalmır, hazırda həmin evdə bacısı və anası yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, (məhkəmə bildirişinə imza etməklə) cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cimaddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Mübahisəli evi Sahib tikib. Lakin atasının başqa bir evi olmuşdur, evi satıb pul vermişdir. Sahib də bu evi atasının pulu ilə tikmişdir. Evin tikilməsi isə təxminən 2003-2004-cü ilə təsadüf edir. Ev tikilməmişdən əvvəl o, yataqxanada yaşayıb. Qeyd edilən ev onun atasının pulu ilə tikilmişdir. Qarşı tərəf ona qarşı zorakılıq törədib, o da bu səbəblə qarşı tərəfi polisə verib. Sahib çox içki içir və bununla əlaqədar aralarında tez–tez mübahisə baş verirdi. Sahib evi 2 ildir ki, tərk edib. Əslində o Sahibi qovmayıb. Evin sənədi yoxdur, sadəcə bələdiyyə sənədi var. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan abonentin saldolarından görünür ki, ünvan 1 ünvanında qaz və elektrik sayğacları İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli, 23-21-3-31/2-165/2023 nömrəli məktubundan görünür ki, ünvan 1 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə faktiki nikah münasibətlərində olduqları dövrdə mübahisəli mənzil - ünvan 1 tikilmişdir. İddiaçı 2023-cü ilin noyabr ayına kimi həmin ünvanda yaşamış, sonradan mübahisəli mənzildən çıxarılmışdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2) Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (maddə 157.8). Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi sahibliyin müdafiəsi ilə bağlı olmaqla tələbin qanuni əsasını təşkil edən normanın tələblərinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də bir iqtisadi dəyər yaşayış sahəsi kimi mövcud olmaqla, iddiaçının və cavabdehin sahibliyində olmuş, lakin 2023-cü ilin noyabr ayından sonra iddiaçının həmin ünvanda yaşamasına maneə törədilmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinin təmin edilməməsi üçün cavabdeh iddiaçının həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcud olmadığını, yəni tikilinin iddiaçının deyil, cavabdehin əmlakı, səyi və ya zəhməti ilə inşa edildiyini sübut etməlidir. Cavabdeh mübahisəli evin atasının vəsaiti hesabına tikildiyini bildirsə də, məhkəməyə bununla bağlı sübutlar təqdim etməmiş, əksinə öz izahatında evin iddiaçı tərəfindən inşa edildiyini etiraf etmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsi əşya hüquqlarının qorunması istiqamətində inkişaf edir. Ona görə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərlə əlaqədar işlərə baxılarkən başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: hüquqlarını qeydə alanadək və yaxud maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Yəni, həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, iddiaçının onun tərəfindən tikilmiş mənzildə yaşamaq hüququ, o cümlədən mənzil kimi istifadə etmək hüququ vardır. Bu səbəbdən yaşayış sahəsinə köçürülmə barədə iddiaçının tələbi təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Sumqayıt şəhəri, Metallurq (İnşaatçılar) küçəsi, 181 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı isə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rusumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Metallurq (İnşaatçılar) küçəsi, 181 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar