Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4442/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əzizli Səma Elburus qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 yaşayış sahəsindən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz zəbt etdikləri ünvan 1 ünvanında yeləşən mənzildən çıxarılmaları və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6437 saylı qətnaməsi ilə onun və qardaşı X1 ünvan 1-ya istifadə hüquqları tanınmış və onunla həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması vəzifəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmçinin Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 59 nömrəli, 14 mart 2019-cu il tarixli mənzil kirayə müqaviləsinin bağlanmasına dair Sərəncamı ilə qərara alınmışdır: 1. Yaşayış sahəsi 53,13 kv.metrdən ibarət olan 4 otaqlı ünvan 1-ya dair İddiaçı və X2 ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlansın. 2. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu sərəncamdan irəli gələn məsələləri həll etsin. Bunlara əsasən xx.xx.2019-cu il tarixdə müqavilə ilə kirayədar hesab olunan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X7 ilə kirayəçi hesab olunan o və qardaşı X2 arasında xx.xx.2019-cu il tarixli dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 1da yaşayış sahəsi 53,13 kvm olan 4 otaqlı yaşayış sahəsini müddətsiz istifadə üçün verir. Bütün bunlara əsasən onun və qardaşı X1 ünvan 1-ya istifadə hüquqları tanınmış və bu mənzil onlara müddətsiz istifadə üçün verilmişdir. Hal-hazırda bu mənzilin istifadə hüququ tamamilə onlara məxsusdur. Lakin qeyd etmək istərdi ki, 1993-cü ildən bəri sözügedən bu mənzildə məcburi köçkünlər məskunlaşmışlar. Belə ki, 1993-cü ildən etibarən istifadə hüququ tamamilə ona məxsus olan ünvan 1-da məcburi köçkünlər olan cavabdehlər xx.xx.1940-cı il təvəllüdlü Cavabdeh4, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh1 məskunlaşmışlar. Cavabdehlər hələ də, istifadə hüququ tamamilə ona məxsus olan ünvan 1-da yaşayırlar. Bu faktı Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsinin 239 nömrəli, xx.xx.2023cü il tarixli ailə tərkibi haqqında arayış da sübut edir. O evdə onların məskunlaşması ilə qarşılaşdıqda dəfələrlə onlara evdən çıxmalarını desə də, onlar bu evdən çıxmaq istəməmişlər. Məcburi köçkünlərin evlə təmin olunması onun deyil, dövlət orqanlarının vəzifəsidir. O, bununla bağlı bir çox dövlət orqanlarına müraciət etməyinə baxmayaraq hər dəfəsində onu və onun kimi digər mənzili zəbt olunmuş şəxsləri müxtəlif vədlər və bəhanələrlə süründürməçiliyə salmışlar. Bunun qarşılığında isə o, uzun müddətdir ki, istifadə hüququ olan mülkiyyətdən məhrum olmuş və istifadə hüququ tamamilə ona məxsus olan ünvan 1-dan heç bir zaman istifadə edə bilməmişdir. Cavabdehlər mənzili qanunsuz zəbt etdiklərindən hesab edir ki, aşağıdakı qanuni əsaslara görə mənzili boşaltmalı və onun həmin mənzilə köçürülməyi təmin olunmalıdır. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində göstərilmişdir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 43-cü maddəsinin tələbinə görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd olunan təminatların əsas mahiyyəti həm də ondan ibarətdir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzilin sahibinin iradəsi ziddinə heç kəs mənzilə zorla daxil ola bilməz. Eyni zamanda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" AR Qanunun 5-ci maddəsində göstərilir: “Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir... Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini tə`min etməlidir”. Məcburi köçkün ailəsi onun razılığı olmadan, yaşayış sahəsini zəbt etməklə mənzilində məskunlaşmış və bununla da onun bir sıra konstitusion hüquqlarını pozmuşdur. Onların bu hərəkətləri həmçinin “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" AR Qanunun 5ci maddəsinə də ziddir, çünki cavabdehlər onun hüquqlarını pozaraq onun iradəsinə zidd olaraq qanuni əsaslarla ona məxsus mənzili zəbt etmişdirlər. Eyni ilə o zaman qüvvədə olan AR Mənzil Məcəlləsinin 89-98-ci maddələrinə əsasən yaşayış sahəsini özbaşına tutmuş şəxslər digər yaşayış sahəsi verilmədən mütləq həmin mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinə əsasən daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən tələb edilməsinə dair iddialar müstəsna aidiyyət qaydasına uyğun olaraq həmin daşınmazəmlakın olduğu yerin məhkəməsinə verilir. Eyni zamanda İnsan Hüquqları və Əsas Azadlıqlarının müdafiəsi Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəs öz mənzilinə hörmət hüququna malikdir. Göründüyü kimi cavabdeh öz ailəsi ilə birbaşa olaraq onun mənzil hüququna hörmətsiz yanaşmış və mənzil hüququnun əsası olan bu Konvensiy bu Konvensiyanın və AR-sının Konstitutsiyanın tələblərini pozmuşdur. Nəticədə isə onun öz yaşayış sahəsindən istifadə etmək hüququ kobud şəkildə pozulmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı bu günə kim cavabdehləri narahat etməyib və bu gündən sonra da belə bir hal yaranmayacaq. Əslində hazırkı iş üzrə qərar qəbul edilməsində məqsəd bu iş üzrə cavabdehlər köçürüldükdən sonra həmin evə başqa şəxslərin daxil olmasının qarşısını almaqdır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə dair izahat verərək bildirdi ki, hazırda yaşamaq üçün başqa evi yoxdur. 2024-cü ilin axırlarında işğaldan azad edilmiş Qubadlı rayonuna məcburi köçkünlərin köçürülməsi başlayacaq. Ona görə də ona 1-2 il vaxt verilməsini xahiş edir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarına əlavə edilmiş 239 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdırlar. İşdə olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 59 nömrəli, 14 mart 2019-cu il tarixli mənzil kirayə müqaviləsinin bağlanmasına dair Sərəncamından görünür ki, yaşayış sahəsi 53,13 kv.metrdən ibarət olan 4 otaqlı ünvan 1-ya dair İddiaçı və X2 ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanmalıdır. İşdə olan kirayədar hesab olunan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi X7 ilə kirayəçi hesab olunan İddiaçı və X2 arsında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, kirayədar kirayəçiyə və onun ailə üzvlərinə ünvan 1-da yaşayış sahəsi 53,13 kvm olan 4 otaqlı yaşayış sahəsini müddətsiz istifadə üçün verir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, ünvan 1-da yaşayış sahəsi 53,13 kvm olan 4 otaqlı yaşayış sahəsi İddiaçı və X1 istifadəsinə verilmişdir. Lakin İddiaçı istifadəsinə verilmiş həmin mənzil Qubadlı rayonundan məcburi köçkün olan Cavabdeh3 və onun ailə üzvləri tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyaya dair 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X6 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində 4 təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Marckx Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, 26 saylı mənzilə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə istifadə hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014-cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Qubadlı rayonundan məcburi köçkün olan X3 Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən çıxarılması hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzildən istifadə etmək hüququ olduğundan onun iddia tələbi mübahisəli mənzilə köçürülmə hissəsində də təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, 26 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31, 26 saylı mənzildən çıxarılsın. İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 31 saylı evin 26 saylı mənzilinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-4442/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4442/2023
06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver