Məhkəmə qərarları › İş №e-2(060)-4471/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4471/2025

04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4471/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən təsdiq edilmiş və Seyidova Bəsti İbrahim qızı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin xəstə və öz hərəkətlərinin mənasını anlamayan şəxs tərəfindən verildiyi üçün təsdiq edildiyi gündən etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə payının tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının anası xx.xx.1943-cü il tarixdə anadan olmuş Seyidova Bəsti İbrahim qızı xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun dəfn olunması üçün nəzərdə tutulmuş və dövlət tərəfindən ödənilən dəfn pulu gəlini Cavabdeh2 tərəfindən alınmışdır. Onunla olan şifahi razılığa əsasən Cavabdeh2 anasının qəbrinin üstünü tez bir zamanda mərmər daşla örtülməsi üçün addımlar atacaq və dəfn pulunu tamamilə bu məqsəd üçün xərcləyəcəkdir. Lakin bir neçə dəfə anasının qəbri üstünə getsə də qəbir üstünün hələdə açıq olduğunun şahidi olmuşdur. Beləki, anasının basdırılmasından iki ay keçəndən sonra, yəni xx.xx.2025-ci il tarixdə oraya getdikdə bunu görmüşdür. Bu hal onu çox sarsıtmışdır, çünki anası bu insanlara çox inanmış, onlara çox yaxşılıqlıqlar etmişdir. Cavabdeh2 və onun oğlu Cavabdeh1 belə hərəkətləri heç bir etikaya və cəmiyyətdə təşəkkül tapmış hər hansı münasibətlərə cavab vermir. Hər iki cavabdeh anasının yaşlı və alzheymer xəstəliyindən əziyyət çəkməsindən istifadə edərək xx.xx.2023-cü il tarixdə Seyidova Bəsti İbrahim qızının Sumqayıt şəhərində yerləşən 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilmiş Cavabdeh1 təmsil etməsi üçün etibarnamə vermişdir. X15 yaşlı və ağır xəstə olduğu üçün etibarnaməyə onun yerinə əvvəllər heç tanımadığı X6 adında bir şəxs imza edib. Qeyd olunan hal, yəni etibarnamənin Bəsti Seyidova tərəfindən deyil, digər şəxs tərəfindən imzalanması onun həqiqətən də yaşlı olması və xəstəliyi səbəbindən nə etdiyini anlamadığını sübut edir. xx.xx.2023-cü il tarixdə isə, yəni etibarnamə verildiyi gündən 10 gün sonra səlahiyyətlərini etibar etdiyi nəvəsi Cavabdeh1 xx.xx.2023-cü il tarixli etibarnamə ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, 28/17 saylı evin 5 saylı mənzilini anası Cavabdeh2 bağışlamışdır. Bu bağışlama müqaviləsini də eyni ilə etibarnaməni təsdiq etmiş 1 saylı Notariat ofisinin notariusu təsdiq etmişdir. 1 saylı Notariat ofisinin notariusu bağışlama müqaviləsini təsdiq edərkən ən azından etibarnaməni Bəsti Seyidovanın əvəzinə imzalamış X4 məlumatlandırmalı idi. Qeyd olunanlar barədə onun hər hansı məlumatı olmayıb və bu barədə anası öldükdən sonra xəbər tutmuşdur. Beləki, anasının vəfatından sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 etika qaydalarına sığmayan hərəkətlərindən (dəfn pulunun alınması və əvvəlcədən razılaşdırıldığı kimi məqsədə müvaviq xərclənmədiyi, anasının qəbrinin üstünün götürürlmədiyi üçün) mənəvi olaraq təsirləndiyi, eləcə də qanun üzrə vərəsələrdən biri olduğu üçün anasının mülkiyyətində olan əmlaklar barədə maraqlanmış və yuxarıda qeyd etdiyi halları müəyyən etmişdir. Cavabdeh2 və Cavabdeh1 anasının yaşlı və xəstə qadın olmasından istifadə edib 1 saylı Notariat Ofisinin notariusunun xidmətlərindən istifadə edərək və onu anası öldükdən sonra mirasdan hər hansı paya sahib olmaqdan məhrum etmək məqsədi ilə belə qanunsuzluqlara əl atmışlar. Əgər bağışlama müqaviləsi olmasaydı, Bəsti Seyidovanın hazırda iki varisi olaradı və qeyd olunan mənzil iki fiziki şəxsin arasında qanun üzrə vərəsəlik normalarına uyğun bölünərdi. Anası həyatının son 10 ilin xəstəliyi ilə əlaqədar olaraq evində keçirmiş, o, heç kimi, hətta ən yaxın qohumlarını belə tanımırdı, özü şuurlu surətdə düzgün formada nəinki özünü ifadə edə bilirdi, heç doğru qərarlar da qəbul edə bilmirdi. Onun xəstə olmasından istifadə edən Cavabdeh2 isə gələcəkdə iddiaçını qanun üzrə vərəsə kimi miras əmlakdan pay almaqdan məhrum etmək üçün bu yollara əl atıb daşınmaz əmlakı öz mülkiyyətinə keçirmişdir. Hazırda qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhər 1 saylı Notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə pay hüququn tanınması, bu mümkün olmadıqda isə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı yenidən MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş və Seyidova Bəsti İbrahim qızı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin xəstə və öz hərəkətlərinin mənasın anlamayan şəxs tərəfindən verildiyi üçün təsdiq edildiyi gündən etibarsız hesab edilməsi, Sumqayıt şəhər 1 saylı Notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə pay hüququnun tanınması, bu mümkün olmadıqda isə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia ilə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtə barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə məlumat verilsə də onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə həmin şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, ailəni çoxdan tanıyır, belə ki, o, iddiaçının xalasının gəlinidir. Vaqifə qohum-əqrəba içində Faiq də deyirdilər. İddiaçı hələ sağlığında anasına çox əziyyət vermiş, onu bir neçə dəfə döymüşdür. Bu barədə polis orqanlarına müraciət edilsə də, Bəsti Seyidova övladı olduğu üçün şikayətdən imtina etmişdi. İddiaçının əvvəllər Ermənistan SSR-də də evi olmuş, lakin məlum hadisələrdən sonra onu Bakı şəhəri, Günəşli qəzəbəsində yerləşən evlə dəyişdirmişdir. Digər şahid X10 məhkəmə iclasında bildirdi ki, xeyli müddətdir ki, bu ailəni tanıyır. İddiaçı sağlığında heç vaxt anası ilə maraqlanmamış, ona qayğı göstərməmişdir. Onu sonuncu dəfə qardaşı Nizaminin yas mərasimində görmüşdür. Məhkəmə proses iştirakçılarını, habelə şahidləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: - xx.xx.1988-ci il tarixli, 1410 saylı orderin surətindən görünür ki, Bəsti Əkpərovaya ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsi (dəyişdirmə sayəsində) verilmişdir. Orderdə mənzil sahibinin ailə üzvü kimi oğlu N.Y.Orucov göstərilmişdir. - qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsi Seyidova Bəsti İbrahim qızının adına qeydə alınmışdır. - AR-İİİ 978066 saylı xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Seyidova Bəsti İbrahim qızı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, habelə digər səlahiyyətləri 1 il müddətinə Cavabdeh1 etibar etmişdir. Etibarnaməni etibar edənin tapşırığına əsasən X6 imzalamışdır. -daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, Seyidova Bəsti İbrahim qızı nümayəndəsi Cavabdeh1 vasitəsilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır. - ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. - doğum haqqında 516192 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1962-ci ildə İrəvan şəhərində doğulmuşdur. X1, anası Əkpərova Bəsti İbrahim qızıdır. - xx.xx.2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Seyidova Bəsti İbrahim qızı ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsini Orucov Nizami Ümüd oğluna vəsiyyət edir. Digər vərəsələri vərəsəlikdən məhrum edir. -AZ-İİ 487978 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Seyidova Bəsti İbrahim qızı xx.xx.2025-ci il tarixdə ölmüşdür. - xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 ünvan 3-də nənəsi Seyidova Bəsti İbrahim qızı ilə birlikdə yaşamış və o, xx.xx.2025-ci ildə öldükdən sonra dəfn xərci Cavabdeh1 tərəfindən ödənilmişdir. - AZ-İİ 361083 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Orucov Nizami Ümüd oğlu xx.xx.2023-cü ildə ölmüşdür. - 342396 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1990-cı ildə ölmüşdür. - 342397 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1990-cı ildə ölmüşdür. - Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli, X21 Dispanserinin xx.xx.2025-ci il tarixli, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xx.xx.2025-ci il tarixli, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, Bakı şəhər Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli, Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, Azərbaycan Elmi Tədqiqat X14 PHŞ-nin xx.xx.2025-ci il tarixli və Akademik C.M.Abdullayev adına X5 İnstitutu PHŞ-nin xx.xx.2025-ci il tarixli arayışlarından görünür ki, Seyidova Bəsti İbrahim qızı bu tibb müəssisələrində müayinə və müalicədən keçməmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş və Seyidova Bəsti İbrahim qızı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə ilə o, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, habelə digər səlahiyyətləri 1 il müddətinə Cavabdeh1 etibar etmişdir. Etibarnaməni etibar edənin tapşırığına əsasən X6 imzalamışdır. Bundan sonra, daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilə ilə Seyidova Bəsti İbrahim qızı nümayəndəsi Cavabdeh1 vasitəsilə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 37,8 kv.metrlik yaşayış sahəsini Cavabdeh2 bağışlamış, bu əmlak xx.xx.2023-cü il tarixdən Cavabdeh2 adına qeydə alınmışdır. Seyidova Bəsti İbrahim qızı xx.xx.2025-ci il tarixdə ölmüşdür. İddiaçı mərhum Seyidova Bəsti İbrahim qızının oğlu, Cavabdeh1 nəvəsi, Cavabdeh2 isə gəlini olmuşdur. Hazırda İddiaçı, Sumqayıt şəhər 1 saylı Notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş və Seyidova Bəsti İbrahim qızı tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin xəstə və öz hərəkətlərinin mənasın anlamayan şəxs tərəfindən verildiyi üçün təsdiq edildiyi gündən etibarsız hesab edilməsi, Sumqayıt şəhər 1 saylı Notariat ofisində təsdiq edilmiş ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı 1/2 hissədə pay hüququnun tanınması, bu mümkün olmadıqda isə ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın Cavabdeh2 bağışlanması barədə xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə qeyd olunan mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Həmin Təlimatın 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Yuxarıdakı normaların tələblərindən görünür ki, şəxs əqd əsasında hüquqlarını həyata keçirməyi başqasına etibar edə bilər və bu əqd notariusda etibarnamə formasında həmin şəxsin imzası ilə təsdiq olunur. Əgər şəxs hər hansı qüsuruna görə etibarnaməni imzalaya bilmirsə, bunu onun və notariusun iştirakı ilə onun tapşırdığı başqa şəxs imzalaya bilər. Həmçinin notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini və əqdin məzmununa onların həqiqi niyyətini aydınlaşdırır. Əks halda prosesi təxirə salaraq, müvafiq tədbirlər görür. İşdən görünür ki, mərhum Seyidova Bəsti İbrahim qızı əmlakına dair sərəncam vermə və bir sıra digər hüquqlarını nəvəsi Cavabdeh1 etibar etmiş və bu etibarnamə notarius tərəfindən təsdiq edilmişdir. Həmçinin B.İ.Seyidova fəaliyyət qabiliyyətli olmuş, əqdi şüurlu surətdə bağlamış və hər hansı təsir (hədə-qorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur. İşdən göründüyü kimi, iddiaçı xx.xx.2025-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini də xahiş etmişdir Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, bağışlama müqaviləsi şəxsin özü və ya buna səlahiyyət verdiyi təmsilçisi vasitəsilə bağlanılır və daşınmaz əmlaka dair bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənir. Əks təqdirdə, bağlanan müqavilə bağlandığı andan etibarsızdır. Beləliklə, işin tədqiq olunan hallarından aydın olur ki, Seyidova Bəsti İbrahim qızı öz mənzilini qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş etibarnamə əsasında buna səlahiyyət verdiyi Cavabdeh1 vasitəsilə gəlini Cavabdeh2 qızına bağışlamış və o da bunu qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları aşkar olunmamış, əksinə B.İ.Seyidova mülkiyyət hüququ ilə ona məxsus mübahisəli mənzilin bağışlanması üçün tələb olunan iradə ifadəsinə əsasən onu bağışlamışdır. Bu əmlak miras kütləsinə daxil olmadığından iddiaçının ona münasibətdə hər hansı vərəsəlik payının olmasından söhbət gedə bilməz. İddia tələblərindən biri də, bağışlanmış mənzilə qanun üzrə vərəsə kimi İddiaçı məcburi pay hüququnun tanınması barədədir. İddiaçı bu tələbi irəli sürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinad etmişdir. Bu qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. İşdən görünür ki, B.İ.Seyidova hələ xx.xx.2003-cü ildə oğlu Nizami Orucova mübahisəli mənzili vəsiyyət etmiş, vəsiyyətnamədə digər vərəsələri, o cümlədən də İddiaçı vərəsəlikdən məhrum etmişdir. Doğrudur, bu vəsiyyətnamə Nizami Orucov vəfat edəndən öz qüvvəsini itirmişdir. Bununla belə, iş materiallarından, tərəflərin izahatlarından və şahid ifadələrindən də görünür ki, iddiaçı ilə anası arasındakı münasibətlər mənfi xarakterli olmuşdur. Vəsiyyətnamə ilə müəyyən olunur ki, mərhum B.İ.Seyidovanın niyyəti ona məxsus mənzilin Nizami Orucovun mülkiyyətinə keçirilməsi olmuş, bu məsələ sonradan vəsiyyətnamə ilə deyil, hazırda mübahisələndirilən etibarnamə və bağışlama müqaviləsi nəticəsində Nizami Orucovun arvadı Cavabdeh2 mülkiyyətinə keçməklə öz həllini tapmışdır. Bu hallara qiymət verən məhkəmə, hesab edir ki, mirasqoyan B.Seyidova 2003cü ildən iddiaçını vərəsəlikdən məhrum etdiyi üçün onun mirasdan məcburi pay almaq hüququ yoxdur. Mülki Məcəllənin 1144-cü maddəsinə əsasən vərəsəlik hüququndan məhrum edilmiş şəxsin payı vərəsəliyə çağırılmış qalan vərəsələrə keçir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq və işdəki sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən iddia rədd edilməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilənin və etibarnamənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən etibarnamə verilərkən və bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən əqdlərin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin iddiaçı vaxtilə anası tərəfindən vərəsəlikdən məhrum edildiyindən onun bu əmlakda məcburi payının müəyyən olunması barədə tələb də təmin oluna bilməz Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi və miras əmlakda payın müəyyən edilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar