Məhkəmə qərarları › İş №e-2(060)-4589/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №e-2(060)-4589/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(060)-4589/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova İddiaçı cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC, LPO “Bank Standard” KB-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsinin və onun yekunlarının, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC, LPO “Bank Standard” KB-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsinin və onun yekunlarının, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdehlər Respublika Xammal və X1 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC və LPO “Bank Standard” KB-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun ünvanı Bakı şəhəri olmasına baxmayaraq İddiaçı tərəfindən aidiyyət qaydalarına əməl olunmayaraq iddia ərizəsi Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bu isə aidiyyət qaydalarının pozulması ilə bərabər, qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, tələbə cavab verən şəxslərə münasibətdə, onların rəsmi qaydada qeydiyyatda olduqları ünvan Bakı şəhəri, (Nərimanov rayonu, və sair) olmasına baxmayaraq, yalnız sonuncu tələb üzrə “İcra İdarəsinin yerləşdiyi yer” üzrə formal olaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunması qanunvericiliyin tələbinə zidd olmaqla bərabər, əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(060)-3359/2022 saylı qərardadı ilə eyni məzmunlu iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olmasını nəzərə alıb, işin ərazi üzrə aidiyyətinə əməl olunmasını iddiaçının diqqətinə çatdırmalıdır. Həmçinin bu hal gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab ki, İddiaçı bir-birinə aid olmayan tələbləri bir icraatda birləşdirməklə məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericiliyin tələbinə uyğun olmamaqla, iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il qərardadında qeyd olunmuşdur ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 152.1.3-cü maddəsinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, İddiaçı aidiyyət qaydaları və yuxarıda qeyd olunan tələblərə əməl etməklə iddia tələbinə cavab verməli olan cavabdehə (Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC-ə) qarşı iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X1 və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC, LPO “Bank Standard” KB-nın Ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın keçirilməsinin və onun yekunlarının, o cümlədən hərracın yekunları barədə 35/03 nömrəli, 29 iyul 2019-cu il tarixli protokolun, eyni tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (aidiyyət qaydalarına əməl etməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar