Məhkəmə qərarları › İş №e-2(060)-46/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-46/2023

06.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-46/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh X2 iştirakı ilə, İddiaçı Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi iddia əizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh X4 tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri 50ci məhəllə ərazisində yerləşən sahəsi 280 kvadrat metr olan torpaq sahəsindən X3 çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11 avqust 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh X4 Cavabdeh ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Bələdiyyəsinə ünvanladığı 19 aprel 2022-ci il tarixli **********88 saylı məktubunda qeyd olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində Abid adlı şəxs tərəfindən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə aid 0,028 hektar torpaq sahəsində təxmini 100 kvadrat metr ölçüdə fərdi yaşayış evinin tikinti işlərinin aparılması faktı müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X4 tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən sahəsi 280 kvadrat metr olan torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq fərdi yaşayış evi inşa olunmuşdur. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və X3 zəbt etdiyi Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını,orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol,eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin cavabdeh X1 hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR-nın İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, elektron məlumat bazasına əsasən nəzərdə tutulan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlarda yerləşir. - xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində yerləşən (koordinatlar: 39T, X390090.00, Y4490062.00) bələdiyyə mülkiyyətinə aid təqribi sahəsi 0.028 ha olan torpaq sahəsində təqribi sahəsi 0.01 ha olan fərdi yaşayış evinin tikilməsi faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərinin Abid adlı şəxs tərəfindən torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənəd olmadan aparılması müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün TEKUİS proqramının bazasına baxılmış, lakin məlumatlar əldə edilməmişdir. - xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətşiləri Sumqayıt şəhərinin inzibati ərazisi hüdudları daxilində yerləşən 50-ci məhəllə ərazisində xidməti araşdırmalar apararkən müəyyən edilmişdir ki, vətəndaş X4 tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 280 kvadrat metr torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq vətəndaş X4 zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan, fərdi evin tikintisini dayandırmaqdan, 100 m2 ölçüdə fərdi evi sökməkdən, torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Bələdiyyəsinə müraciət edərək, Azərbaycan Respublikasi Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində Abid adlı şəxs tərəfindən Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid 0,028 hektar torpaq sahəsində 100 m2 ölçüdə fərdi yaşayış evinin tikinti işlərinin aparılması faktının müəyyən edildiyini və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verildiyini bildirmiş və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların isifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirdiyini nəzərə alaraq səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Sumqayıt şəhəri, 50-ci məhəllə ərazisində 280 kvadrat metr torpaq sahəsini zəbt etsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 280 kvadrat metr torpaq sahəsi onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar isə bələdiyyə mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən sahəsi 280 kvadrat metr olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri 50-ci məhəllə ərazisində yerləşən sahəsi 280 kvadrat metr olan torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili Cavabdeh hesabına sökülsün. İddianın verilməsinə görə 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar