Məhkəmə qərarları › İş №e-2(060)-4613/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4613/2023

27.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4613/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarış verilmişdir. Cavabdehlər-Cavabdeh1, Cavabdeh2, Abdullayev Uğur Rəsul oğlu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə pasport qeydiyyatına alınmışdır. Bildirir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh2 yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü övladı Abdullayev Uğur Rəsul oğlu ünvan 1 ünvanında yerləşən mənzildə yaşamırlar onların həmin mənzildə qeydiyyatda olması formal xarakter daşıyır. Cavabdehlər ailə üzvləri ilə birlikdə faktiki olaraq özlərinə məxsus olan mənzillərdə yaşayırlar. Cavabdehlərin mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun kommunal xərclərinin artıq məbləğdə hesablanmasına, əlavə maliyyə vəsaiti itirməyinə səbəb olur. O, cavabdehlərin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsini və pasport qeydiyyatından çıxarılmasını istəyir. O, mübahisənin məhkəməyədək həll edilməsi üçün dəfələrlə cavabdehlərlə danışıqlar aparsa da heç bir nəticəsi olmamışdır. Odur ki, cavabdehlərin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edib, eyni məzmunlu izahat verib, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və məhkəməyə gəlməməsinin səbəbləri barədə qabaqcadan xəbər verməmişlər. Mülki-Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə yaşayış yeri məlum olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Belə olan halda, məhkəmə Mülki-Prosessual Məcəllənin 147 və 185.5-ci maddələrinə görə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarına qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 11 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli 2№-li forma arayışında görünür ki, Sumqayıt şəhəri, 17-ci mkr, ev 18, mənzil 28-in sahibi İddiaçıdur və Cavabdeh2 və Cavabdeh1 həmin mənzildə daimi qeydiyyatdadırlar. İşə əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 18 saylı evin 28 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixdən “akt”dan görünür ki, ünvan 1-də yaşayan İddiaçı evinə Cavabdeh2, Cavabdeh1 və Abdullayev Uğur Rəsul oğlu qeydiyyatdadırlar ancaq yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh2, Cavabdeh1 və xx.xx.2022-ci il təvəllüdlü Abdullayev Uğur Rəsul oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon, 18 saylı evin 28 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29cu maddəsinin İ və İİ bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə olan qeydiyyatları formal xarakter daşıyır və faktiki olaraq başqa bir ünvanda yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 18 saylı evin 28 saylı mənzilə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar