Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4724/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair, iddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizələri ilə bağlı mülki işlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil xx.xx.1975-cı l tarixli 12/237 saylı orderə əsasən 3 nəfər ailə üzvü (İddiaçıM, həyat yoldaşı Həmidova V.İ və qızı Həmidova İ.H) ilə birlikdə İddiaçı verilmişdir. Mənzil özəlləşdirilməyib və hazırda dövlət mənzil fonduna aiddir. Cavabdeh iddiaçının oğludur. Cavabdeh 2003-cü il tarixdən sözügedən mənzildən köçmüşdür. Həmin vaxtdan etibarən ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 51 saylı mənzildə yaşayır. İddiaçının onunla hər hansı bir əlaqəsi qalmamışdır. Cavabdehin sözügedən mənzilə hər hansı bir bağlılığı yoxdur, mənzildə ona məxsus hər hansı bir əşyası yoxdur. Bu baxımından da cavabdehin həmin mənzilə qeydiyyatı tamamilə formal xarakter daşıyır. İddiaçı mənzili indiyədək özəlləşdirməsə də, o, mənzilin potensial mülkiyyətçisidir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddiaçı Cavabdeh İddiaçı qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onun doğma atasıdır. Mərhum anası X6 xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Anasının sağlığında atası ilə aralarında tez-tez mübahisələr olurdu. Anası dünyasını dəyişəndən sonra atası onun orda yaşamağına maneələr törədir, dava-dalaş salırdı. İddiaçı cavabdeh atasıdır deyə polisə müraciət etməyi özünə sığışdırmamışdır. Sonuncu dava-dalaşdan sonra iddiaçı işə gedib evə qayıdanda atası mənzilin açarını dəyişmişdir. Belə ki, mənzilə daxil ola bilməmişdir. Ona aid əşyalarını yatacaq çarpayı geyimlərini və s. belə götürə bilməmişdir. Mütəmadi mənzilə gedib qapını döysə də, atası ona qapı açmır. Hal-hazırda iddiaçının atası mübahisəli mənzildə, yəni ünvan 2 ünvanında tək yaşayır. Mənzil 2 otaqdan ibarətdir. Bir otaq iddiaçıya aiddir və ona aid əşyaları orada yerləşir. Digər otaq isə atasına aiddir. Göstərilənlərə əsasən iddiaçının ünvan 3 ünvanında yerləşən mənzildə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Daha sonra iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçının ünvan 3-ə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5930/2023 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı iddiaçının Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, 4 saylı mənzilə köçürülməsi barədə iddia tələbi üzrə 2(060)-5930/2023 saylı mülki işin məhkəmənin digər hakimin icraatında olan İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair 2(060)-4724/2023 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
7. Məhkəmə iclasında iddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 «mənzilə istifadə hüququna xitam verilməsi tələbi»nə dair mülki iş üzrə iddia tələbini müdafiə edərək, təmin edilməsini, Cavabdeh «mənzilə köçürülmə tələbi»nə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçı (digər iş üzrə cavabdeh) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 «mənzilə köçürülmə tələbi»nə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini, İddiaçı «mənzilə istifadə hüququna xitam verilməsi tələbi»nə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddia tələbi rədd edilməli, iddiaçı Cavabdeh iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan Sumqayıt şəhər X1 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 12/237 saylı, xx.xx.1975-ci il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 3 nəfər ailə üzvü (İddiaçıM, həyat yoldaşı Həmidova V.İ və qızı Həmidova İ.H) daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34 ünvanda yerləşən 44 saylı mənzil ayrılmışdır.
11. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 008349 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə ölmüşdür.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan görünür ki, İddiaçı 21 yanvar 2004-cü ildən etibarən Cavabdeh ilə birlikdə Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 34, 44 saylı mənzildə qeydiyyatdadırlar.
13. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 11 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli, 733 nömrəli arayışından görünür ki, Cavabdeh ünvan 1, mənzil 51 ünvanında yaşayır.
14. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, 10 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası Əliyeva Sənəm, qonşulardan X2, X10 bildirirlər ki, ünvan 3 ünvanında Cavabdeh 2003-cü il tarixdən həmin mənzildə yaşamır. Aktın doğruluğunu imzaları ilə təsdiqləmişlər.
15. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-603/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında 11 noyabr 2003-cü il tarixli Sumqayıt şəhəri Nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X8 iddiaçı X3 yanında saxlanılmaları, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Elşad oğlu və xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2020-ci il tarixdən hesablanması, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatı Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
16. İş materiallarında olan Sumqayıt şəhəri Qeydiyyat şöbəsi tərəfindən 10 fevral 2022-ci il tarixində verilmiş AZ-İ № 415026 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 may 2021ci il tarixdə 235 № ilə qeydiyyat aparılmış, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı verilmişdir
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
17. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil order əsasında xx.xx.1975-ci il tarixdə İddiaçı istifadəsinə ayrılmış, tərəflər ailə üzvü kimi birlikdə həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, İddiaçı bildirməsinə görə oğlu 2003-cü il tarixdən ailə quraraq başqa mənzilə köçmüş, bu səbəbdən də onun mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh atasının ailə münaqişəsi zəminində onu evdən qovduğunu, orada yaşamasına maneələr yaratdığını, mənzilə buraxmamasını, ailəsinin dağıldığını, hazırda kirayədə yaşadığını bildirərək, bununla əlaqədar mənzilə köçürülməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
18. Məhkəmə hər iki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır.
20. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
21. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçılar mübahisə predmeti olan mənzildə daimi yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər.
22. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik mübahisənin yarandığı vaxt qüvvədə olan yox, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan, hazırkı mübahisə üzrə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
23. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
24. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər.
25. Eyni Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır.
26. Həmin Məcəllənin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
27. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir”.
28. Göründüyü kimi qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. Hazırki halda isə cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünki cavabdehin daimi yaşamaq üçün yaşayış yerinə malik olması sübut olunmur.
29. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
30. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
31. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
32. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
34. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
35. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
36. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, İddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçı tərəf (İddiaçı) cavabdehin (Cavabdeh) 2003-cü il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının (İddiaçı) iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin hazırda nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
37. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia tələbi təmin edilməməlidir.
38. Məhkəmə hesab edir ki, birləşdirilmiş iddianın təmin edilib-edilməməsi birinci iddianın mahiyyəti üzrə həllindən asılı olduğundan və birinci iddia rədd edildiyindən birləşdirilmiş iddia təmin edilərək, iddiaçı Cavabdeh ünvan 3-ə köçürülməlidir.
39. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
42. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh ünvan 3-ə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva