Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4730/2024 30.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X7 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 3M- 3589 № ilə Bakı şəhəri 43 saylı notariat ofisində qeydiyyata alınmış müqavilə üzrə 30.000 (otuz min) manat məbləğində dəbbə pulunun və məhkəmə rüsumu üçün onun tərəfindən ödənilmiş 180 (yüz səksən) manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 103F ünvanında yerləşən “Capelli” gözəllik salonunu icarəyə götürmüşdür. Həmin salonda təyinatı üzrə xanımlar üçün bir çox gözəllik xidmətləri göstərilməkdədir. 2023-cü ilin oktyabr ayında icarə əsasında işlətdiyi “Capelli” gözəllik salonunda təcrübəli qadın saç ustasına tələbat yarandığından bir tanışının tövsiyəsi ilə əvvəllər müxtəlif yerlərdə saç ustası kimi işləmiş Cavabdeh ilə xidmət müqaviləsi bağlamaq qərarına gəlmışdir. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində Cavabdeh ilə qarşılıqlı razılıq əsasında müqavilə bağlamışdılar. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ”Birinci tərəf” (o-İddiaçı) “İkinci tərəfi” (Cavabdeh) “Capelli” gözəllik salonunda saç ustası kimi işləməyi üçün zəruri yer, şərait və vasitələrlə təmin etməyi, onu müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etməyi, həmin müqavilənin 1.2-ci bəndinə əsasən “İkinci tərəf” (Cavabdeh) isə ”Birinci tərəfin” (o, İddiaçı) hazırki müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəliklərini icra etməsi müqabilində 3 (üç) il müddətində “Capelli” gözəllik salonunda saç ustası xidmətlərini göstərməyi və bu müddət ərzində başqa yerdə xidmət göstərməməyi öz öhdəsinə götürmüşdür. Aralarında əldə edilmiş razılığa əsasən Cavabdeh “Capelli” gözəllik salonunda saç ustası fəaliyyətindən əldə edəcəyi gəlirləri müvafiq qaydada bölüşdürməli idilər. Bundan sonra o, müqavilənin 1.1-ci bəndinə əsasən öz öhdəlikərini yerinə yetirərək “Capelli” gözəllik salonunda Cavabdeh yer ayırmışdır və onu zəruri vasitələrlə təmin edərək saç ustası kimi fəaliyyət göstərməsi üçün normal şərait yaratmışdır. Cavabdeh 2 aydan çox olmayan müddətə “Capelli” gözəllik salonunda xidmət göstərməyə başlamışdır. Lakin bu 2 aydan çox olmayan müddətdə müxtəlif bəhanələr gətirməklə tam şəkildə xidmət göstərməmişdir. Daha sonra isə 2023-cü ilin noyabr ayının sonlarından “Capelli” gözəllik salonuna gəlməmişdir və beləliklə də aralarında bağlanan notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Qeyd olunanlara “Capelli” gözəllik salonunda işləyən X4 və X5 da şahid olmuşdurlar. Qeyd olunan müqavilənin 7.2-ci bəndinə əsasən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə sifarişli poçt vasitəsi ilə Cavabdeh xəbərdarlıq məktubları göndərməyimə baxmayaraq o, hazırkı vaxta kimi müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə öhdəlikərini icra etməzsə və ya müqaviləyə birtərəfli qaydada xitam verərsə ona 30.000 (otuz min) manat məbləğində dəbbə pulu ödəməlidir. Beləliklə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə ona mənəvi və maddi ziyan vurmuşdur. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olduğu nəzərə alınaraq iddia ərizəsi aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə verilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, gözəllik salonu işlədir. Bir saç ustası olmuş, lakin kaloris (saç rəngləyən) lazım olmuşdur. Rumiyyə xanımdan məsləhət etmişdir. Onlar da ortaq tanışlardan usta məsləhət görmüşlər. O da bildirmişdir ki, çağırsınlar və danışsınlar. Daha sonra razılaşmışlar. Uzun müddət üçün işə götürmək istəmişdir. Ona görə də müqavilə bağlamışlar. Cavabdehin də şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdir. Həm bu səbəbə görə, həm də övladının dünyaya gəlməsi ilə əlaqədər bir müddət gözləmişlər. Razılaşaraq notariusda bu müqaviləni üç il müddətinə bağlamışlar. Bir ay müddətində təxminən 10 gün olar ki, işə gəlmiş, qalan müddətlərdə isə ona zərər vurmuşdur. Bir neçə müştəridən şikayət gəlmiş, birinin isə saçı yanmışdır. Onu polisə vermək ilə hədələmişlər. O, üç il müddətinə başqa yerdə işləməli deyildir. Sadəcə onların salonunda işləməli idi. Bir ay olmamış heç işə gəlməmiş, telefonları da bloka atmışdır. Cavabdeh istədiyi şərait ilə təmin olunmuşdur. Uşağı dünyaya gəldiyi üçün bir həftə icazə almışdır. 1 həftə şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyi üçün onu düzəltməyə getmişdir. 1 gün də gec gəlmiş, o da zamanında işə gəlməyi bildirmişdir. Onun iki nömrəsini bloka atmış, digər nömrələrdən isə ümummiyətlə zəngi götürməmişdir. Evlərinə üç dəfə xəbərdarlıq məktubu göndərmiş, lakin cavab verilməmişdir. 30 min manat ödəmiş, daha sonra notariusda müqavilə bağlamışlar. 30 min manatı obyektin sahibi vermişdir. Bir dəfə polisə müraciət etmiş, onlar da cavabdehi taparaq gətirmişlər. Qardaşı qazi olduğunu demiş, üstünə benzin tökərək özünü yandıracağını bildirmişdir. Polis də demişdir ki, onlarla bacarmır. Ona görə də məhkəməyə müraciət etmələrini tövsiyyə etmişdir. Cavabdeh bir neçə başqa salonda işləmiş, hər birini belə hərəkətlərlə aldadaraq çıxmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 11 sentyabr 2024-cü il tarixdə mülki işin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, onların arasında 30 min manatlıq müqavilə olmuş və onları notariusa aparmış və imza çəkdirmişlər. Ona müqaviləni imzalatdırmış, lakin sonra onun pulunu ödəməmişlər. Məlahət xanım tərəfindən onun 4 min manat pulu alınmış, qaytarılmamışdır. O da onun qarşılığında salondan çıxmış və salona getməmişdir. Onların salonunda üç il müddətinə işləməli idi. Qarşı tərəf də 30 min manat civarında pul verməli idi. Onlar pulu verməmiş, lakin müqaviləni imzalatmışlar. Təxminən üç ay bir salonda işləmişlər. Onlar arasında sadəcə telefon danışıqları olmuşdur. Məhkəmə iclasında şahid İddiaçı ifadəsində göstərdi ki, cavabdehi işlədiyi salondan tanıyır. Həmin salonda özü artıq beşinci ildir ki, işləyir. Söhbət çox az zaman işləmiş, bir il olar ki, işdən çıxmışdır. İşə vaxtlı-vaxtında gəlməmişdir. Məlahət xanım isə ona deyirdir ki, vaxtlı-vaxtında işə gəlsin. Çünki müqavilələri vardır. 1 gün işə gəlmiş, 1 gün isə gəlməmişdir. Müştərilər də şikayətlər etmişdirlər. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərdi ki, Məlahət müdirləridir. Cavabdeh isə az bir müddət onlarla işləmişdir. Şərifzadə, 144 küçəsində yerləşən Capelli gözəllik salonunda işləmişlər. Onun pul söhbətindən xəbəri yoxdur. Sadəcə cavabdehin gəlişinin şahidi olmuşdur. Özü saç stilistidir. Onlara kolarist də lazım olmuşdur. Danışmış, razılığa gəlinmiş, cavabdeh də işə gəlmişdir. Lakin heç gözlənilən kimi çıxmamışdır. Müştərilər narazılıq etmişdir. Bir müştərinin isə saçı yanmışdır. İşə isə ümummiyətlə gəlməmişdir. Bir ara uşağı olduğu üçün gəlməmişdir. Buna görə də narazılıqlar yaranmağa başlamışdır. Bir müştərini ona yönləndirmiş, o da narazılıq etmişdir. Hətta onu polisə vermək ilə hədələmişdir. İş saatı 10-dan 7-ə kimidir. Davamiyyəti isə ümummiyətlə olmamışdır. İşə gec gəlmiş, tez getmiş, ümummiyətlə isə gəlməmişdir. Zənglərə də cavab verməmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 180 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, öhdəliyin icra edilməsi xahiş edilmişdir. Əks halda, ona verdiyi 30.000 manat və əlavə olaraq müqaviləni icra etmədikləri üçün 30.000 manat məbləğində dəbbə pulu olmaqla ümumillikdə 60.000 (altmış min) manat məbləğində pulu məhkəmə qaydasında tələb edəcəkdir. - 10 oktyabr 2023-cü il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən birinci tərəf – İddiaçı, ikinci tərəf isə Cavabdeh olmaqla, hazırki müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, “ikinci tərəf” “birinci tərəf”-lə əmək müqaviləsi bağlayacaq, xx.xx.2022-ci il tarixli 1 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 103 F ünvanında yerləşən “Capelli” qadın gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vəsaitlərlə təmin etməyi və “ikinci tərəf”-i müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etməyi öhdəsinə götürür. Hazırki müqaviləyə əsasən “ikinci tərəf” isə “birinci tərəf”-in hazırki müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etməsinin müqabilində hazırki müqavilə bağladığı gündən üç il müddətində “birinci tərəf”-ə məxsus olan gözəllik salonundan başqa heç bir yerdə işləməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən “ikinci tərəf” hazırki müqavilə üzrə öhdəliklərini icra etməzsə və ya müqaviləyə birtərəfli qaydada xitam verərsə “birinci tərəf”-ə 30000 manat məbləğində dəbbə pulu ödəməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 10 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən tərəflər qarşılıqlı surətdə təsdiq edirlər ki, Əlizadə X2 Məlahət Vaqif qızı ilə əmək müqaviləsi bağlayacaq, xx.xx.2022-ci il tarixli 1 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 103 F ünvanında yerləşən “Capelli” qadın gözəllik salonunda işləmək üçün zəruri yer, şərait və vəsaitlərlə təmin etməyi və Cavabdeh müxtəlif sosial şəbəkələr vasitəsi ilə reklam etməyi öhdəsinə götürür. Hazırki müqaviləyə əsasən Cavabdeh isə İddiaçı hazırki müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş öhdəlikləri icra etməsinin müqabilində hazırki müqavilə bağladığı gündən üç il müddətində İddiaçı məxsus olan gözəllik salonundan başqa heç bir yerdə “işləməyi” (müqavilənin hərfi mənası düz deyil, “işləməməyi”nəzərdə tutulub), öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Cavabdeh hazırki müqavilə üzrə öhdəliklərini icra etməzsə və ya müqaviləyə birtərəfli qaydada xitam verərsə İddiaçı 30000 manat məbləğində dəbbə pulu ödəməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi və əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüquqları vardır. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqlarından biri - işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etməkdir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. X3 X11 Edilməsi haqqında 105 saylı Konvensiyasına (27 iyun 1957-ci il Cenevrə) Azərbaycan Respublikası 24 mart 2000-ci il tarixində 847-İQ qanunla qoşulmuşdur. X1 qeyd edilir ki, köləlik, qul alveri, oxşar təsisatlar borc qəbaləsi (rəsmi tərcümədə qəbalə kimi qeyd edilir, ingiliscə mətndə isə bondage kimi qeyd edilir. İngilis dili autentik dil olduğunu nəzərə alsaq, eyni zamanda izahlı lüğətə nəzər saldıqda bəlli olur ki, qəbalə borc sənədidir, hansı ki, təhkimçiliyə məcbur edir), təhkimçilik tam ləğv edilir. Həmin Konvensiyanın 1-ci maddəsində açıq şəkildə qeyd edilir ki, əmək müqaviləsinin qüvvəsindən istifadə edərək məcburi əmək yol verilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü tarixli müqavilə müddəti xx.xx.2026-cı tarixdə bitəcəkdir və bu müddət ərzində, müqavilə müddətində başqa yerdə (“işləməyi”, hərfi mənası yanlış qeyd olunmaqla) “işləməməyi” cavabdeh öhdəlik olaraq götürdüyünə əsaslanaraq 30.000 manat dəbbə pulu tələb etmişdir. İddiaçının istinad etdiyi müqavilədə məcburi əməyə cəlb etmə əlamətləri mövcuddur. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı müqavilə üzrə dəbbə pulunun ödənilməsinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəflər arasında müqavilə öhdəliyi üzrə öhdəliklərin icra edilməməsi nəticəsində dəbbə pulunu tələb etsə də, tərəflər arasında olan öhdəliyin müqavilənin hansı tərəfi vasitəsi ilə icra edilməməsi və bunun nəticəsində iddiaçının maddi ziyana düçar olması işin araşdırılan hallarına əsasən təsdiq olunmur. Tərəflərin və şahidlərin izahatları, mülki işin məhkəmə iclasında tədqiq olunan halları məhkəmənin bu qənaətə gəlməsinə əsas vermişdir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə dəbbə pulunun ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-4730/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4730/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver