Məhkəmə qərarları › İş №e-2(060)-4743/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4743/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4743/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə cəmi 186 manat borcun, ödənilmiş 37,85 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış BPM**********45 saylı, xx.xx.2021-ci il tarixli kart hesabının açılması və ödəniş kartından istifadə haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Filialın müştərisi olan cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sui-istifadə edərək ümumilikdə 1785 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixli, 22-7310/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, qeyd edilən kart cavabdehə hava limanlarında yerləşən bir sıra kafelərdə verilən nahar yeməyindən istifadə üçün verilib. Burada isə limit mövcuddur. Lakin, cavabdeh həmin limitdən kənara çıxmış və bu da karta əlavə məbləğin hesablanmasına səbəb olmuşdur. Lakin, sonradan həmin borc məbləğinin bir hissəsi cavabdehin digər bank hesabından silinib. Bu səbəbdən iddianın həcmi azaldılıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, kartdan heç bir pul vəsaiti məxaric olunmayıb. Bu kartlardan sadəcə aeroportlarda biznes zallarda istifadə olunur. Heç bir kartda da mənfi yazılmır. Bu kartın müştəriyə verdiyi imtiyazdır və biznes kart hesab olunur. Heç bir pul vəsaiti nağdlaşdırılmayıb. Ümumiyyətlə bu tip kartlarda balans heç vaxt 0-dan yuxarı göstərmir. Eyni zamanda iddiaçı onun başqa hesabında olan vəsaiti qanunsuz olaraq borca silib. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi cavabdeh xx.xx.1997-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06 may 2021-ci il tarixli, BPM**********45 saylı bank kartı üzrə hesab müqaviləsinə əsasən cavabdehin adına plastik kart hesabı açılmışdır. İş materiallarına əlavə edilmiş ərizəyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci ildə bank hesabı açılmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən cavabdehin iddiaçıya olan borcu 186 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi cavabdehlə iddiaçı arasında bank kartı üzrə hesab müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1.5-ci bəndində göstərilmişdir ki, “Texniki overdraf” dedikdə müştəriyə överdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda ödəniş kartının əlavə kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması nəzərdə tutulur. Müqavilənin 3.3.6-cı bəndində göstərilmişdir ki, “texniki overdraft” baş verdiyi təqdirdə, yaranmış borcu və bankın tariflərində və (və ya) müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə fiazlərini 22 iş günü ərzində banka ödəmək müştərinin vəzifəsidir. Göründüyü kimi cavabdeh ona verilmiş plastik kartdan sui-istifadə etmiş və bu səbəbdən kartda qalıq məbləğində artıq məbləğdə əməliyyatlar aparmışdır. İşdə olan hesabdan çıxarışdan da görünür ki, iddiaçı həmin kart vasitəsilə xx.xx.2021-ci ildə 357 manatlıq, xx.xx.2021-ci ildə 255 manatlıq, xx.xx.2022-ci ildə 255 manatlıq, xx.xx.2022-ci ildə 204 manatlıq, xx.xx.2022-ci ildə 255 manatlıq, xx.xx.2022-ci ildə 255 manatlıq, xx.xx.2022-ci ildə 204 manatlıq, xx.xx.2022-ci ildə isə 51 manatlıq əməliyyat aparmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh bank kartı üzrə hesab müqaviləsinə dair hüquqlarından sui-istifadə etmiş və xx.xx.2022-ci il tarixinə onun banka əsas borc üzrə 186 manat borcu qalmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 37,85 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 186 (yüz səksən altı) manat məbləğində pul və ödənilmiş 37 (otuz yeddi) manat 85 (səksən beş) qəpik dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar