Məhkəmə qərarları › İş №e-2(060)-4766/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4766/2023

21.08.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4766/2023 21.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Fikrət qızının sədrliyi Məhkəmə iclasının katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3367 (üç min üç yüz altmış yeddi) manat ziyan və 65 (altmış beş) manat mediasiya haqqı olmaqla, cəmi 3432 (üç min dörd yüz otuz iki) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun illər ərzində mehmanxana və ictimai-iaşə fəaliyyəti sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektidir. 25 iyul 2022-ci ildə iddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh Cəmiyyətdə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. 25 iyul 2022-ci ildə cavabdehlə bağlanmış tam maddi məsuliyyət haqqında 1394 nömrəli fərdi müqaviləyə əsasən, işçi Cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməyi tam məsuliyyət ilə öz üzərinə götürmüşdür. Cavabdeh Əhmədov iddiaçı Cəmiyyət tərəfindən idarə olunan “Snack&Salad” adlı restoranda xəzinədar kimi təhkim olunmuşdur. İş qaydasına görə, gündəlik nağd kassa hesablaşmalarının həyata keçirilməsi üçün Cəmiyyət tərəfindən cavabdehə 500 (beş yüz) manat rezerv pul ayrılmışdır. Cavabdeh həmin pul vəsaitini 01 avqust 2022-ci il tarixli, 7238 saylı məxaric xəzinə orderini şəxsən imzalamaqla təhvil almışdır. Cavabdeh öz vəzifə öhdəliklərinə xilaf çıxaraq hər iş gününün əvvəlində ona təhvil verilən 500 (beş yüz) manat rezerv puldan hər gün 150-180 manat məbləğində pulu mənimsəyərək, kassaya mədaxil etməmişdir. Pul vəsaitlərinin kassaya tam şəkildə mədaxil edilməməsi video müşahidə kameraları vasitəsilə qeydə alınmışdır. Habelə, cavabdeh Əhmədov Cəmiyyətdə işlədiyi dövr ərzində gizli yolla əldə etdiyi müstəsna səlahiyyətə malik məxfi koddan istifadə edərək iş təlimatına zidd olaraq növbə ərzində eyni nömrəli bir çeki bir neçə dəfə təkrar çap edərək və nəticədə işin əvvəlində kassaya əksik mədaxil etdiyi pul məbləği qədər ümumi satışı azaltmışdır. 06 və 07 dekabr 2022-cü il tarixlərdə növbə ərzində bir müştəriyə təqdim olunan eyni nömrəli çek eyni tarixdə, lakin müxtəlif saatlarda bir neçə dəfə təkrar çap edilərək başqa müştərilərə təqdim edilmiş, lakin satış sistemə daxil edilməmişdir. Sifarişlərin təhvil verilməsi zamanı müştərilər tərəfindən təqdim olunan çeklərlə kassaya mədaxil edilmiş vəsait arasında uyğunsuzluq aşkar edildikdə, müşahidə kameralarının yaddaşında saxlanmış 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək dövr ərzində qeydə alınmış videomateriallara baxış keçirilmiş və rezerv pul məbləğinin gündəlik olaraq müxtəlif məbləğlərdə əksik olmaqla kassaya mədaxil edildiyi aşkar edilmişdir. 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək cavabdehə təhvil verilmiş 500 (beş yüz) manat rezerv pul məbləğindən mənimsənilən pul məbləğləri iş materialların əlavə olunmuş cədvəldə öz əksini tapmışdır. Beləliklə, Cavabdeh tərəfindən pul vəsaitlərinin mənimsənilməsi nəticəsində Cəmiyyətə 3367 (üç min üç yüz altmış yeddi) manat ziyan vurulmuşdur. Onu da qeyd etmək lazımdır ki, bu vəsait cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş ziyanın video müşahidə kameralarının yaddaşında saxlanıla bilən hissəsidir. Müşahidə kameralarının videoqeydləri sadəcə 30 gün müddətində yaddaşda saxlaya bildiyini nəzərə alınsa, cavabdeh tərəfindən Cəmiyyətə vurulan ziyanın məbləğinin daha çox olmasını anlamaq üçün ciddi məntiqi mühakiməyə ehtiyac qalmır. Əmək münasibətlərinin gedişində cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş maddi ziyanın məbləğinin araşdırılması məqsədilə Cəmiyyətin baş müdirinin əmri ilə 12 dekabr 2022-ci ildə Cəmiyyətin Maliyyə direktoru, İaşə şöbəsinin meneceri, Kadrlar şöbəsinin meneceri və Mühafizə xidmətinin rəisindən ibarət tərkibdə komissiya yaradılmışdır. Komissiya tərəfindən aparılan araşdırma nəticəsində “Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023cü il tarixli akt tərtib olunmuş və cavabdeh tərəfindən Cəmiyyətə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir. Qeydə alınmış videomateriallar və Snack&Salad” restoranında gündəlik kassa əməliyyatlarının yoxlama nəticələri haqqında 12 yanvar 2023-cü il tarixli akt cavabdehə təqdim olunmuşdur. 13 yanvar 2023-cü ildə Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə işçi tərəfindən öz əmək vəzifələrinin kobud şəkildə pozulması əsası ilə xitam verilmişdir. 13 yanvar 2023-cü il tarixli, 05/K saylı Əmr onunla əsaslandırılmışdır ki, İddiaçındə xəzinədar vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməsinə şübhələr yaranmışdır. Bu səbəbdən onun hərəkətləri müşahidə kameraları ilə yoxlanılmışdır. Kamera görüntülərindən məlum olmuşdur ki, Cəmiyyətə məxsus olan “Snack&Salad” restoranında hər dəfə növbəyə başlayarkən 500 (beş yüz) manat məbləğində xırda pul təhvil almış, lakin işlədiyi restoranın xəzinəsinə aldığı məbləği tam deyil, orta hesabla 153 (bir yüz əlli üç) manat az mədaxil etmişdir. Cavabdeh alınan izahatdan məlum olmuşdur ki, işlədiyi dövr ərzində gizli yolla menecerə məxsus məxfi kodu əldə etmiş və bu vasitə ilə gündəlik satış çeklərini xəzinəyə əskik mədaxil etdiyi məbləğ qədər bir neçə dəfə təkrar çap etmişdir. Nəticədə, ümumi satışın həcmini bilərəkdən azaltmışdır. Əhmədovun Cəmiyyətə vurduğu maddi ziyanın məbləği 3367 (üç min üç yüz altmış yeddi) manat təşkil etmişdir. 13 yanvar 2023cü il tarixli əmrin surəti üzərində qeydiyyat aparılmaqla həmin tarixdə cavabdeh Əhmədova təqdim olunmuşdur. Mübahisənin mediasiya qaydasında həll edilməsi uğurlu olmamışdır. Tərəflərindən mediasiya xərci kimi 65 manat ödənilmişdir. İddiaçının nümayəndəsi Ü.V.Məhərrəmova eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəməyə müraciət edilməmişdən öncə iddiaçı tərəfin əməkdaşları ilə onun görüşü olmuşdur. Ona təzyiq göstərilərək bildirilmişdirlər ki, o, kassadan pul götürməyi üzərinə götürüb etiraf etsin. Ondan 3000-10000 manat məbləğlərindıə pul tələb edirdilər. Heç bir halı sübut etmədən onun əmək kitabçasına maddə ilə xitam verilmişdir. Lakin ona bildirmişdirlər ki, o, işə gəlmədiyinə görə xitam verilib sonradan ona məlum olmuşdur ki, hansısa maddə ilə o, işdən azad olmuşdur. O, maddə ilə işdən azad olunmağı ilə bağlı müraciət etməmişdir. O, kassadan pul götürməmişdir. Ondan əvvəldə bu hal digər işçilərin başına gəlib. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 1394 nömrəli, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan İddiaçı MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 05/K saylı, əmrinin surətindən görünür ki, İddiaçı MMC-də xəzinədar vəzifəsində işləyən Cavabdeh əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç) bəndinə əsasən xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, “Snack salad” restoranında xəzinədar vəzifəsində çalışan Cavabdeh iş günün əvvəlində təhvil aldığı xırdalamaq üçün nəzərdə tutulmuş 500 (beş yüz0 manat rezerv puldan birbaşa rəhbərinə məlumat vermədən müxtəlif tarixlərdə və məbləğlərdə pul vəsaitini götürmüş və kassasya nəzərdə tutulandan daha az miqdarda pul mədaxil etmişdir. Cavabdeh bu prosesi hər iş günü ardıcıl olaraq davam etdirmiş və nəticədə cəmiyyətə külli miqdarda ziyan vurmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ümumilikdə 3364 manat məbləğində pul mənimsəmişdir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq əmək münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Ü.V.Məhərrəmova və Cavabdeh mediator X2 xx.xx.2023-cü il tarixdə saat 15:00 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. X4 üçün 60 (altmış) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı MMC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 10-cu maddəsinin “ç” bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin vəzifəsidir. 191-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1-ci maddəsinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 199-cu maddəsinə əsasən, işçi saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 205.2-ci maddəsinə əsasən, əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə iclası zamanı təqdim edilmiş disklərə baxış keçirilərkən və sənədlərdən müəyyən edildi ki, cavabdeh işlədiyi dövrdə bir müştəriyə təqdim olunan eyni nömrəli çek eyni tarixdə, lakin müxtəlif saatlarda bir neçə dəfə təkrar çap edilərək başqa müştərilərə təqdim edilmiş, lakin satış sistemə daxil edilməmişdir. Sifarişlərin təhvil verilməsi zamanı müştərilər tərəfindən təqdim olunan çeklərlə kassaya mədaxil edilmiş vəsait arasında uyğunsuzluq aşkar edildikdə, müşahidə kameralarının yaddaşında saxlanmış 10 noyabr 2022-ci ildən 09 dekabr 2022-ci ilədək dövr ərzində qeydə alınmış videomateriallara baxış keçirilmiş və rezerv pul məbləğinin gündəlik olaraq müxtəlif məbləğlərdə əksik olmaqla kassaya mədaxil edildiyi aşkar edilmişdir. Qeyd olunan hüquqi normalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3367 (üç min üç yüz altmış yeddi) manat məbləğində maddi ziyanın və iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 65 (altmış beş) manat, cəmi 3432 (üç min dörd yüz otuz iki) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar