Məhkəmə qərarları › İş №e-2(060)-487/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-487/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-487/2025 05.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, İddiaçı və onun azyaşlı qızı xx.xx.2016-cı il təvəllüdlü X1 Xəqani Rüstəm oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən 71 saylı mənzilə (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 1nvanında yerləşən 1 saylı mənzilə köçürülməsi, bununla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 120 manat hüquqi xidmət xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi, bu tələblərə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 yanvar 2016-ci ildə nikaha daxil olmuş və həmin nikah Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nikaha daxil olandan sonra iddiaçı cavabdeh ilə birlikdə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən, ümumi sahəsi 67,1 kv.m olan, 2 otaqlı, 71 saylı mənzildə yaşayıblar. Həmin mənzildə yaşadıqları dövrdə, yəni xx.xx.2016-cı il tarixində onların qızı Əliyeva Zümrüd anadan olmuşdur (çıxarış əlavə olunur). 2022-ci ilin yay aylarında iddiaçı ilə cavabdeh arasında münasibətlər korlanmış və iddiaçı azyaşlı qızını da götürərək həmin mənzildən müvəqqəti olaraq başqa yerə, əvvəl atasının evinə, daha sonra isə kirayə tutduğu mənzilə köçmüşdür. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur (qətnamə əlavə olunur). Hal-hazırda iddiaçı azyaşlı qızı ilə birlikdə kirayədə yaşayır, tələbə olduğu üçün kirayə pulunu ödəyə bilmir, atasının maddi yardımı ilə həmin kirayə pulunu ödəməyə çalışır. Bir sözlə iddiaçı azyaşlı qızı ilə birlikdə çətin vəziyyətdə yaşayır. Bu səbəblə hesab edir ki, iddiaçının azyaşlı qızı X3 ilə birlikdə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən, ümumi sahəsi 67,1 kv.m olan, 2 otaqlı, 71 saylı mənzilə (yeni qaydada: Sumqayıt şəhəri, Bakı küçəsi, ev.201, M12, 1 saylı mənzilə) köçürülməsi zəruridir. İddiaçıya məxsus cehiz əşyaları hələ də həmin evdədir. Həmin cehiz əşyalarının çıxarılması tələbi ilə bağlı cavabdeh iddiaçıya mediasiya təklifini göndərmişdir (sənəd əlavə olunur).

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mənzil birgə nikah dövründə alınmışdır. Odur ki, əmlaka köçürülmə tələb edirlər. MM-in 228.5-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, iddiaçı mülkiyyətçinin ailə üzvüdür. İddiaçı halhazırda işləmir. O, tələbədir. Konservatoriyada oxuyur. Maddi vəziyyəti aşağıdır. İddiaçının bütün əmlakları qeyd olunan mənzildədir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. AZ-İİ 847120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

6. Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1529 nömrəli tələbə biletindən görünür ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında musiqi müəllimliyi ixtisasında təhsil alır.

7. X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X5 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv/m olan mənzili tam mülkiyyət üzrə ona məxsus olan hissəni İddiaçı kirayə verməyi öhdəsinə götürmüş və kirayə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.

8. 12 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh ünvan 5 üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

9. AZ-İİ 079930 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 05 yanvar 2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 25 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.

10. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5867/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində, Sumqayıt «Asan» Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı yanında saxlanması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qət edilmişdir.

11. Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(060)-142/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 40-cı məhəllə, ev.21B, mənzil 71 (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 67,1 m2 olan, ********** qeydiyyat, **********31-05301- 093087 reyestr nömrəsi ilə 2019-cu il tarixində daşınmaz əmlakın reyestrində 370 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış mənzil (ümumi birgə əmlak) üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri Novxanı bağ massivi 4645D ünvanında yerləşən, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına qeydiyyata alınmış 0,0425 ha sahəsinin (ümumi birgə əmlak) iddiaçı və cavabdeh arasında paylara bölünməsi və həmin torpaq sahəsi üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixində Cavabdeh tərəfindən götürülmüş 24800 (iyirmi dörd min səkkiz yüz) manatın xx.xx.2016-cı il tarixindən sonra, yəni birgə nikah dövründə ödənilmiş 3000 (üç min) manat pulun yarısı, yəni 1500 (min beş yüz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** XE *** (əvvəlki ** TH ***; indiki ** MP ***) dövlət nömrə nişanlı Seat Leon markalı, istehsal tarixi 2014-cü il olan boz rəngli, CJS064368 mühərrik, VSSZZZ5FZER116876 ban nömrəli avtomobil üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, bütün bunlar bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 13000 (on üç min) manat pulun ½ hissəsi, yəni 6500 (altı min beş yüz) manat pul Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** DO *** (əvvəlki ** LL ***) dövlət nömrə nişanlı Nissan Altima markalı, istehsal tarixi 2008-ci il olan ağ rəngli, QR25-227872 mühərrik, 1N4AL21D68C123262 ban nömrəli minik avtomobil üzərində paylar ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilsin. Bütün bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 12000 (on iki min) manat pulun ½ hissəsi, yəni 6000 (altı min) manat pulun Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-592/2024 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsi Sumqayıt şəhəri, 40-cı məhəllə, ev.21B, mənzil 71 (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 3 və mənzilin satın alınması üçün nikah dövründə ödənilmiş 3000 (üç min) manat pulun yarısının, yəni 1500 (min beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 40-cı məhəllə, ev.21B, 71 saylı mənzilin (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 3 alınması üçün birgə nikah dövründə çəkilmiş 3000 manat xərcin ½ hissə (3000:2=1500) 1500 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3155/2024 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-592/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

15. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə uyğun olaraq, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

-30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. -30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

19. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 05 yanvar 2016-cı il tarixdə nikaha daxil olmuş və onlar arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5867/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda iddiaçı maddi vəziyyətinin özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini iddia edərək Cavabdeh mülkiyyətində olan, birgə nikah dövründə yaşadıqları Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən 71 saylı mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir.

20. Mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında bundan əvvəldə məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə iddiaçı sözügedən mənzilin satın alınması üçün nikah dövründə ödənilmiş 3000 manat pulun 2/3 hissəsi, yəni 2000 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia irəli sürmüşdür. Yuxarıda adı qeyd edilən məhkəmə aktları ilə həmin hissədə iddiaçının iddiası qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 5 ünvanında yerləşən mənzilin alınması üçün birgə nikah dövründə çəkilmiş 3000 manat xərcin ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

21. Məhkəmə qeyd edir ki, adıçəkilən məhkəmə aktları əsasında iddiaçının qeyd edilən mənzil üzərində payı müəyən edilməmiş, həmin mənzilin əldə edilməsinə görə birgə nikah dövründə çəkilmiş 3000 manat məbləğində xərcin bölünməsi qət edilmişdir ki, hazırda qeyd edilən əmlak birgə mülkiyyət rejimindən çıxmışdır. Başqa sözlə desək iddiaçının sözügedən mənzil üzərində cüzi hissədə payı pul vəsaiti ilə əvəzləşdirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda onun həmin mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir.

22. İstifadə hüququnun mövcudluğu ilə bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh 05 yanvar 2016-cı il tarixdə nikaha daxil olmuş və ünvan 5 ünvanında yerləşən mənzildə yaşamışlar. Belə olan halda məhkəmə hesab edir ki, hazırda tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlər 2016-cı il tarixdə yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

23. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

25. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı).

27. Qeyd olunan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən görünür ki, mənzil və mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Ailə münasibətlərinə xitam verildikdən sonra keçmiş ailə üzvü kimi yaşayış sahəsinə istifadə hüququnu itirən iddiaçı artıq Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil deyil və bu səbəbdən onun Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında iddiaçının yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də itirilmiş olmuşdur. Beləliklə istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir.

28. İddiaçıya mübahisələndirilən mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsinə münasibətdə isə qeyd edilməlidir ki, qanunvericiliyin yanaşmasından da göründüyü kimi, iddiaçının qeyd edilən mənzildən istifadə hüququ məhkəmə tərəfindən o vaxt müəyyən edilə bilər ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməsin.

29. Yuxarıda qeyd edilən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri Novxanı bağ massivi 4645D ünvanında yerləşən, 0,0425 ha sahəsi üzərində iddiaçı və cavabdehin payları ½ hissədə müəyyən edilmiş, "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixində Cavabdeh tərəfindən götürülmüş 24800 (iyirmi dörd min səkkiz yüz) manat pul vəsaitinin xx.xx.2016-cı il tarixindən sonra, yəni birgə nikah dövründə ödənilmiş 3000 (üç min) manat pulun yarısı, yəni 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** XE *** (əvvəlki ** TH ***; indiki ** MP ***) dövlət nömrə nişanlı Seat Leon markalı, istehsal tarixi 2014-cü il olan boz rəngli, CJS064368 mühərrik, VSSZZZ5FZER116876 ban nömrəli avtomobil üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, bütün bunlar bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 13000 (on üç min) manat pulun ½ hissəsi, yəni 6500 (altı min beş yüz) manat pul Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** DO *** (əvvəlki ** LL ***) dövlət nömrə nişanlı Nissan Altima markalı, istehsal tarixi 2008-ci il olan ağ rəngli, QR25-227872 mühərrik, 1N4AL21D68C123262 ban nömrəli minik avtomobil üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilmiş, bütün bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 12000 (on iki min) manat pulun ½ hissəsi, yəni 6000 (altı min) manat pulun Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

30. Göründüyü kimi məhkəmə qətnaməsi əsasında iddiaçının müəyyən daşınar və daşınmaz əmlaklar üzərində payı müəyyən edilmiş, eyni zamanda cavabdehdən onun xeyrinə ümumilikdə 3000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı, mənzil ehtiyaclarının təmin olunması üçün imkanı və vəsaiti olmayan keçmiş ailə üzvü kateqoriyasına aid edilə bilməz.

31. Məhkəmə iddiaçının nümayəndəsinin adıçəkilən məhkəmə aktlarının icraya yönəldilməsi və hal-hazırda icra edilməməsi ilə bağlı, habelə cavabdeh tərəfindən icra olunmayacağı ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə iddiaçının üzərində payı müəyyən edilmiş torpaq sahəsi, habelə avtomobillərə dair hüquqlarının dövlət qeydiyyatına alınması cavabdehin iradəsindən asılı deyil, eyni zamanda icrası üçün cavabdehin hər hansı hərəkətlər etməsi tələb olunmur. İddiaçının həmin əmlaklar üzərində hüquqlarının qeydə alındığı andan isə onların üzərində sərəncam vermək hüququ vardır.

32. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X5 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv/m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus olan hissəni İddiaçı kirayə verməyi öhdəsinə götürmüş və kirayə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Beləliklə qeyd edilən kirayə müqaviləsi məhkəməyə müraciət edilməmişdən əvvəlki dövrədək qüvvədə olmuş, sonradan yeni bir kirayə müqaviləsinin bağlanmasını təsdiq edən, eyni zamanda qeyd olunan müqavilə üzrə tərəflər arasında kirayə münasibətlərinin davam etdiyini təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir.

33. Bundan başqa məhkəmə iddiaçının azyaşlı övladının həmin mənzilə köçürülməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Uşaqların yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5867/2022 saylı qətnaməsinə əsasən isə uşağın ananın yanında qalması qət edilmişdir və ananın yaşayış yeri uşağın yaşayış yeri hesab olunur və iddianın uşağa aid hissədə təmin olunması yalnız uşağın iddia tələbində qeyd olunduğu kimi anası ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi qanuni nümayəndənin həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir.

34. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbi təmin edilməməlidir.

Məhkəmə xərcləri:

35. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iddia hüquqi yardımla bağlı çəkilmiş xərcin ödənilməsi hissəsində də təmin edilməməlidir.

Nəticə:

37. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı Cavabdeh qarşı İddiaçı və onun azyaşlı qızı xx.xx.2016-cı il təvəllüdlü X2 Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən 71 saylı mənzilə (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 1nvanında yerləşən 1 saylı mənzilə köçürülməsi, bununla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumunun və 120 manat hüquqi xidmət xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar