Məhkəmə qərarları › İş №e-2(060)-493/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-493/2025

08.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-493/2025 08.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini cəlb etməklə "əmrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı "əmrin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, Sumqayıt şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2016-cı ildə şəhər ərazisində fəaliyyət göstərən sahibkar kimi şəhərin abadlaşdırılması işlərində yaxından iştirak etmiş və şəhər İcra Hakimiyyətinə dəstək olmuşdur. Lakin 2024-cü ilin fevral ayında iddiaçıya məlum oldu ki, Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılıb. Bundan sonra, iddiaçı həmin qətnaməni rəsmi qaydada əldə edib tanış olmuş və iddiaçıya məlum oldu ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər tərəfindən Dövlət Sosial Müdafiə Fonduna olan 12580,47 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri (rəhbər kimi iddiaçının adını-İddiaçı-qeyd ediblər) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi öz ərizəsində qeyd edib ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fonduna 404,96 manat ödənilməmiş borcu vardır. Həmçinin ərizədə qeyd olunur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 12175,51 manat ödənilməmiş borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5467/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmişdir. Təbii ki, iddiaçı da bu iddia və onun təmin edilməsinə dair qətnamə ilə razılaşmamış və ondan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2\103\-485\2024 saylı qətnaməsi ilə şikayət təmin olunaraq, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5467/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia rədd olunmuşdur. Bundan sonra, Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qətnamədən kassasiya şikayəti vermiş və kassasiya şikayətinə iddiaçının Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi olmağı barədə vergi orqanına məxsus elektron portala yerləşdirilmiş əmr və s. məlumatları əlavə etmişdir. Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 2 ildən sonra ortaya çıxardığı iddiaçının Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə əmri etibarsızdır və həmin əmrin də sübut kimi kassasiya şikayətinə əlavə olunması da əsaslı deyildir. Belə ki, sübutlar yuxarı instansiya məhkəməsində o halda təqdim edilə bilər ki, həmin sübutların birinci instansiya məhkəməsində işə baxılarkən əldə etmək mümkün olmasın və ya həmin sübutların mövcudluğu həmin dövrdə məlum olmasın. Halbuki, bu əmr Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsində mövcud olsa da, nə birinci instansiya məhkəməsində, nə də apelyasiya instansiyasında təqdim etməmişdir. Digər məsələ isə ümumiyyətlə Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə 02 may 2016-cı il tarixli, 41 saylı əmrin etibarsız olmasıdır. Göstərilənlərə əsasən, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının, həmin orqanın Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə iddiaçının təyin edilməsi barədə 02 may 2016-cı il tarixli, 41 saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim edilərək işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

9. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2016-cı il tarixli, 41 saylı əmrinə əsasən İddiaçı 02 may 2016-cı il tarixdən Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi əmr edilmişdir.

10. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş xx.xx.2024-cü il tarixli, 43 nömrəli sorğuya cavab məktubundan görünür ki, Xırdalan şəhər Vəkil Bürosundan Sumqayıt şəhər İcra Hakimiyyətinə ünvanlanmış məktuba baxılmışdır, qaldırılmış məsələ ilə əlaqədar bildirilir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində vaxtilə fəaliyyət göstərmiş Əsaslı İnşaat İdarəsi ilə bağlı İcra Hakimiyyətində hər hansı sənəd aşkar olunmamışdır.

11. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin Əsaslı İnşaat İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən vətəndaş İddiaçı işləməsi barədə məlumatı müsbət cavablandırmaq mümkün olmamışdır.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirərkən İddiaçı adına Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsi tərəfindən əmək müqaviləsi bildirişinin daxil olmadığı müəyyən edilmişdir.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024-02023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 02 may 2016-cı il tarixli, 41 saylı əmrinə əsasən İddiaçı 02 may 2016-cı il tarixdən Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı tərəfin deməsinə görə bununla bağlı məlumatı olmamışdır. Eyni zamnda iddiaçı ilə əmək müqaviləsi bağlanılmamışdır. Hazırda iddiaçı sözügedən əmrin etibarsız hesab edilməsini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

18. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

19. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən kargüzarlıq işini tənzimləmək məqsədi ilə zəruri hallarda bağlanmış əmək müqaviləsi qüvvəyə mindikdən sonra işəgötürənin mülahizəsinə əsasən onun əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilə bilər. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır.

20. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

21. Eyni Məcəllənin 288-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələri hesab edilir.

22. Göründüyü kimi İddiaçı əmək kitabçasında (xx.xx.1978-ci il tarixli, İT-İ № ******* nömrəli) Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsində işləməsinə dair qeyd aparılmamışdır.

23. Bundan əlavə, məhkəmə sorğu əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsi və bununla əlaqədar bütün sənədlərin məhkəməyə təqdim olunmasını tələb etsə də, cavabdeh tərəf sadəcə mübahisələndirilən xx.xx.2016-cı il tarixli əmri məhkəməyə təqdim etmişdir.

24. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

26. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

27. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

28. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətləri işəgötürənin əmri ilə rəsmiləşdirilmişdir ki, bu hal da qanunla qadağandır.

29. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Sumqayıt şəhəri İcra Hakimiyyətinin Başçısının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə 02 may 2016-cı il tarixli, 41 saylı əmri etibarsız hesab edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri İcra Hakimiyyətinin Başçısının İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti Əsaslı İnşaat İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi barədə 02 may 2016-cı il tarixli, 41 saylı əmri etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar