Məhkəmə qərarları › İş №e-2(060)-4955/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-4955/2025

04.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-4955/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 5098,66 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 11 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2023-cü il tarixli X2 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “X3 haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 36-x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Tərəflər arasında bağlanmış Əmək Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu Əmək Müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış X3 haqqında Müqavilənin 1-ci bəndinə əsasən, maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işə götürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. 3.3-cü bəndinə əsasən, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Əmək Müqaviləsinin tərkib hissəsi olan X1 1.1-ci bəndinə əsasən administrator anbarın, satış zalının əskiksiz olmasına nəzarət etməlidir; 2.6-cı bəndinə əsasən tabeliyində çalışan əməkdaşlardan vəzifə funksiyalarının icra edilməsini, Cəmiyyətin prosedur və qaydalarına əməl edilməsini tələb etməlidir; 3.2-ci bəndinə əsasən sayım zamanıəskik gələn məhsullara görə məsuliyyət daşımalıdır; 3.6-cı bəndinə əsasən əmək qanunvericiliyi və vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və lazımi səviyyədə icra edilməməsinə görə məsuliyyət daşımalıdır; 3.8-ci bəndinə əsasən maddi məsuliyyət müqaviləsi çərçivəsində öhdəsində olan vəsaitlərə görə məsuliyyət daşımalıdır. İnventarizasiya yoxlaması üzrə: Cəmiyyətin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2024-cü il tarixli, 557 saylı Əmrindən göründüyü kimi, “Oba – Sumqayıt 3” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair Akt”a əsasən cavabdehin Cəmiyyətə 6791,38 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi,cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlar özü tərəfindən yoxlanılmış, sayılan miqdarlarla narazılığı yoxdur. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün cavabdehə şifahi məlumat və xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X3 haqqında Müqavilə”nin 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktlarını tərtib etmişlər. Yekun nəticə: Cəmiyyətin xx.xx.2025-ci il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdəmüvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 5098,66 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirib, qanunvericiliyin aşağıda göstərilən tələblərini nəzərə alaraq hesab edirlər ki, iddia tələbimiz təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, həmin tarixdə şirkətlə bağlı müxtəlif rayonlarda bir neçə məhkəmə prosesi olduğundan üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəklərini, aidiyyatı iş üzrə əlavə sənəd və digər sübutlarının olmadığını, iddianı müdafiə etdiklərini və iddia ərizəsinin tam qəbul edilərək iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlayaraq satıcı-kassir vəzifəsinə təyin edilmişdir. xx.xx.2023-cü il tarixində administrator vəzifəsinə keçmiş və onunla X3 haqqında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixində ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixində inventarizasiya keçirilmiş və 6791.38 manat ziyan vurduğu aşkar edilmişdir. Cavabdehin özü sayımda iştirak etmiş və sayılan miqdarla narazılığının olmadığını bildirmişdir. X3 haqqında müqavilənin 3.3-cü bəndinə əsasən yekun nəticə ilə tanış olur və razı olmadığını bildirdikdə imtina aktını tərtib edirlər.Cavabdehdə yekun aktı imzalamaqdan imtina etmişdir.X3 haqqında müqaviləyə görə öhdəsində olan mallara görə məsuliyyət daşıyır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, işçi Cavabdeh əsas iş yeri olmaqla İddiaçı MMC-də satış departamenti-satıcı şöbəsinə satıcı kassir vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 aylıq müddətə bağlanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixindən işə başlamışdır. Bu müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərərin könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi barədə razılığa gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X2 əsasən, xx.xx.2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə Cavabdeh xx.xx.2023-cü il tarixindən Cəmiyyətin Satış şöbəsində Administrator vəzifəsinə keçirilməsi ilə bağlı dəyişiklik edilmişdir. İş materiallarında olan X3 haqqında Müqaviləyə əsasən, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul olunur. Bu müqavilənin 3.5-ci bəndinə əsasən, işçinin X3 müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsindən və ya lazımınca yerinə yetirməməsindən əmələ gələn iddiaları işəgötürən aidiyyatı üzrə məhkəməyə verə bilər. İş materiallarında olan 25 mart 2024-cü il tarixli, 557 nömrəli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmrə əsasən İddiaçı MMC tərəfindən Cəmiyyətin Sumqayıt şəhəri, Cəfər Cabbarlı, 45-ci məhəllə ünvanında yerləşən “Oba-Sumqayıt 3” mağazasında administrator işləyən, maddi məsul şəxs, Cavabdeh bilavasitə iştirakı ilə faktiki mövcud olan maddi ehtiyatların, xx.xx.2024-cü il tarixinə olan vəziyyətinin yoxlanmasını aparmaq əmr edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən, 6791.38 AZN əksikgəlmələrin yarandığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü tarixli imtina aktına əsasən, maddi məsul şəxs Cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-6791.38 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan 29 iyul 2025-ci il tarixli “Four Reason LLC Consulting”-in auditor rəyindən görünür ki, OBA MARKET" MMC-nin "Oba- Sumqayıt" №3 mağazada administrator vəzifəsində çalışmış Cavabdeh öhdəliyində olan maddiyatdan 6791.38 manat məbləğ dəyərində məhsul əskikgəlmişdir. Cavabdeh audit yoxlama prossesində dindirilmək üçün tərəflərindən dəvət olunmuşdur, lakin heç bir səbəb bildirmədən dəvətdən imtina etmişdir. Rəhbərliyin bu ciddi məsələ üçün hüquq-mühafizə orqanlarına müraciət edilməsi məqsədə uyğundur. Rəhbərliyə tövsiyyə olunur ki, yaranmış kəsir gəlmənin aradan qaldırılması istiqamətində əməli işlər görülməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 36-x saylı əmrdən çıxarışa əsasən, Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı MMC-də çalışmış Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2024-cü il tarixində 6791.38 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 5098.66 manat borcu qalmışdır. Beləliklə, Cavabdeh 27 yanvar 2025-ci il tarixinə İddiaçı MMC-ə olan ümumi borcu 5098.66 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024cü il tarixli, DN8310 nömrəli xəbərdarlıq məktubuna əsasən, iddiaçı cavabdehə İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətinin yoxlandığını və 5098.86 manat əskikgəlmə aşkar edildiyini bildirmiş, bütün borc məbləğini tam olaraq 3 gün müddətində ödəməyi təklif etmiş, əks təqdirdə müvafiq hüquqi tədbirlərin həyata keçiriləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan Bakı 20 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Oba Market MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Sumqayıt şəhər Məhkəməsinin hesabına 11 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinin a) bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: 202-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təqdim edilmiş sənədlər əsasında müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcıkassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixində Administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC-nin – OBA Sumqayıt 3 mağazasında çalışdığı zaman, xx.xx.2024-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 6791 manat 38 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyanın müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Cavabdeh əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” maddəsinə əsasən xitam verilmişdir. Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 5098 manat 66 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, maddi zərər hissəsində iddia tam təmin edilməlidir. Məhkəmə iddiaçının 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutulması tələbinə münasibətdə hesab edir ki, iddia təmin edildiyindən və cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş 11 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, iş materiallarında olan sənədləri və işin araşdırılan halları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5098.66 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5098.66 (beş min doxsan səkkiz manat altmış altı qəpik) manat, ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və mediasiya xərci olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar