Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5028/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyanla bağlı 2.000 manat məbləğin, 300 manat hüquqi yardımla bağlı xidmət haqqının, 91.67 manat gecikdirilmiş vaxt üçün faiz olmaqla, cəmi 2391.67 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixdən l5.l1.2021-ci il tarixədək iddiaçı "xxxx" ASC-də ekspeditor vəzifəsində işləmişdir. O, işlədiyi müddət ərzində iddiaçıya məxsus toyuq ət məhsullarının dəyəri olan 2.000 manatı qanunsuz olaraq götürməklə iddiaçıya ziyan vurmuşdur. Vurulmuş ziyanla müvafiq araşdırma aparılmış, izahat alınmış və müvafiq akt tərtib edilərək rəsmiləşdirilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli izahatı ilə 2.000 manat məbləğin 800 manatını öz ailə problemlərinə sərf etdiyini, yerdə qalan 1.200 manatı isə hansısa maşına verdiyini və 15 gün ərzində ödəniləcəyini öhdəsinə götürmüşdür. İddiaçının xx.xx.2021-ci il tarixli əmri ilə cavabdehin qanunsuz əməlləri nəzərə alınaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bir neçə vaxt cavabdeh vurulmuş ziyanın ödənilməsini təmin edəcəyini bildirsə də sonradan qaçıb gizlənməklə məsuliyyətdən yayınmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə ziyanın ödənilməsi barədə xəbərdarlıq göndərilsə də hər hansı tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etdiyini, iddiaçıya 2.000 manat məbləğində ziyan vurduğunu və zərəri ödəyəcəyini bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçı "xxxx" ASC-nin direktoru Heydər Əsgərov ilkin məcburi mediasiya sessiyasında iştirak etmiş və mediasiyaya dair 60 manat xərci ödəmişdir, lakin Cavabdeh iştirak etməmişdir. - xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-yə 3 ay sınaq müddətinə, aylıq əmək haqqı 327 manat olmaqla, ekspeditor vəzifəsinə qəbul olunmuşdur. - Elektron məlumatdan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, dəymiş ziyanla bağlı 2.000 manat məbləğinun 800 manatını ailə problemlərinə götürdüyünü, yerdə qalan 1.200 manatı isə hansısa maşına verdiyini və 15 gün ərzində ödəniləcəyini öhdəsinə götürdüyünü bildirmişdir. - Cavabdeh xx.xx.2022-ci il ərizəsindən görünür ki, o, iddianı qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçı ilə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən ekspeditor vəzifəsinə qəbul olunmuşdur. Əmək müqaviləsi 3 ay müddətinə bağlanılmışdır. Aylıq əmək haqqı 327 manat təşkil etmişdir. Cavabdeh işlədiyi müddət ərzində iddiaçıya məxsus toyuq ət məhsullarının dəyəri olan 2.000 manatı qanunsuz olaraq götürməklə iddiaçıya ziyan vurmuşdur. Vurulmuş ziyanla müvafiq araşdırma aparılmış, izahat alınmış və müvafiq akt tərtib edilərək rəsmiləşdirilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən xx.xx.2021-ci il tarixli əmr əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əsası ilə xitam verilmişdir. Cavabdeh iddiaçıya iddiaçıya ziyan vurduğunu etiraf və iddianı qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri habelə dəymiş zərərin məbləğinin 2.000 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə təmin olunmalıdır. Məhkəmə iddianın ödənilmiş hüquqi xidmətə görə 300 manat vəsaitin və ödənilmiş 40 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı həmin ödənişlər barədə hər hansı təsdiqedici sübut təqdim etmədiyindən həmin tələblər təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddianın əsas borca gecikdirməyə görə hesablanmış 91.67 manat tələb olunması hissəsi də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 2.000 manat məbləğində dəymiş ziyan və 91.67 manat gecikdirilmiş vaxt üçün faiz məbləği iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2.000 manat məbləğində dəymiş ziyan və 91.67 manat gecikdirilmiş vaxt üçün faiz məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(060)-5028/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5028/2022
30.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver