Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5079/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A ünvanında yerləşən 52 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli çıxarışa əsasən sözü gedən mənzil xx.xx.2006-ci il tarixdən tam payda onun mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan Orucova Xalidə Dilavər qızı və Cavabdeh1 mülkiyyətçinin qızlarıdır. Orucova Xalidə Dilavər qızı 2013-cü il tarixdə ailə qurmuş və daimi yaşamaq üçün Kanadaya, Cavabdeh1 isə 2003-cü il tarixdə ailə qurmuş və daimi yaşamaq üçün Ukraynaya köçmüşdür. Orucova Xalidə Dilavər qızı və Cavabdeh1 artıq 10 ildən artıq müddətdir ki, sözü gedən mənzildə yaşamırlar. Belə ki, onlar ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün başqa ölkələrə köçərək Azərbaycanı tərk etmiş, ailəsi ilə heç bir əlaqəsi, telefon danışığı belə olmamışdır. Cavabdehlər sadəcə olaraq pasport qeydiyyatında qalmışlar. Hazırda da həmin mənzildə yaşamırlar. Lakin onların həmin mənzildə formal qeydiyyatda qalmaları mülkiyyətçinin mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Mübahisənin məhkəmədən kənar qaydada həlli mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Orucova Xalidə Dilavər qızı və Cavabdeh1 ona məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A ünvanında yerləşən 52 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edib cavabdeh Orucova Xalidə Dilavər qızının soyadının Məmmədova ilə əvəz olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıya məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A ünvanında yerləşən 52 saylı mənzildən yaşayış-istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdehlər iddiaçının qızlarıdır. Onlardan Xumar 2003-cü ildə ailə quraraq Ukraynaya, Xalidə isə 2013-cü ildə Kanadaya köçmüşdür. Onların mənzillə və ailə üzvləri ilə heç bir əlaqələri yoxdur. Daşınmaz əmlak üzərində İddiaçı hüququ 2006-cı ildə qeydiyyata alınmışdır. Cavabdehlərin həmin mənzilə hansı vaxtdan qeydiyyata düşməsini öyrənmək üçün sorğular vermiş, lakin sorğuya cavab daxil olmamışdır. Sistemdən əldə etdiyi məlumata görə Xumar 2002-ci il, Xalidə isə 2006-cı ildən həmin mənzildə qeydiyyatdadırlar. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 3/21A ünvanında yerləşən 52 saylı, özü isə 53 saylı mənzildə yaşayır. İddiaçının 9 uşağı olmuş, 1 oğlu və 1 qızı rəhmətə getmişdir. Cavabdehlər iddiaçının qızlarıdır. Eşitdiyinə görə onlar ailə quraraq biri Kanadaya, digəri isə Ukraynaya köçmüşdür. Təxminən 8-10 il olar ki, cavabdehlər həmin mənzildə yaşamırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 oğlu ifadəsində göstərdi ki, iddiaçı atası, cavabdehlər isə bacılarıdır.1991-ci ildən 1995-ci ilədək Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşamışlar. 1995-ci ildə köçərək ünvan 1 ünvanında yaşayırlar. Hazırda ailədə 2 qardaş və 5 bacı olmaqla, 7 uşaqdırlar. Onların hamısı həmin mənzildə qeydiyyatdadırlar. Faktiki olaraq mənzildə ailəsi ilə birlikdə özü, bacısı və qardaşı yaşayır. Hərbi xidmətdə olarkən bacısı Xumar Ukraynaya köçmüşdür. Xalidə isə 7 ildən çoxdur ki, Kanadada yaşayır. Onlarla heç bir əlaqələri yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 52 saylı mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 42 nömrəli order, Sumqayıt Şəhər 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2006-ci il tarixli, 413 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2006-cı il 40600547 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan AR Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 Saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 521 №-li, xx.xx.2022-ci il tarixli forma 2 arayışdan görünür ki, cavabdeh Orucova Xalidə Dilavər qızı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı Xanhüsyn oğlunun qızları – xx.xx.1989-cu il təvəllüdlü Orucova Xalidə Dilavər qızı və xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatda olmaqlarına baxmayaraq, Cavabdeh1 2003-cü ildən, Orucova Xalidə Dilavər qızı isə 2013-cü ildən göstərilən mənzildə yaşamırlar. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 16/9487 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Məmmədova (Orucova) Xalidə Dilavər qızı xx.xx.2018-ci ildə dövlət sərhəindən çıxış etmiş, digər cavabdehin dövlət sərhədindən rəsmi hərəkəti qeydə alınmamışdır. Məhkəmə sorğusu əsasında alınaraq iş materiallarına əlavə edilmiş AR Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli, 33/4253 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh2 xx.xx.2018-ci il tarixdə respublika ərazisindən çıxış etmişdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın qismən təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən bu qənaətə gəlir ki, iddiaçı tərəfindən təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilən hallara əsaslanaraq hesab edir ki, iddiaçının mülkiyyət hüquqları 2006-cı ildə qeydə alınarkən mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin yəni, 18 yaşına çatmış şəxslərin razılıqlarına əsasən iddiaçının mülkiyyət hüquqları rəmiləşdirilərək dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə Cavabdeh1 mübahisəli mənzilə hansı vaxtdan köçərək yaşaması, onun mənzilə hər hansı hüququnun yaranması müəyyən edilmir. Belə ki, iddia tələbində Cavabdeh1 2003-cü ilədək mənzilə hansı vaxtdan köçməsi, 2003-cü ildən sonra iddia ərizəsində qeyd olunduğu kimi xarici ölkəyə getməsi işin araşdırılan hallarına əsasən həmin şəxsin iddiaçının qeyd etdiyi kimi ümumiyyətlə mənzildə yaşaması, xarici ölkəyə köçərək respublika ərazisini tərk etməsi məhkəmə soruğusu əsasında alınan sənədlərlə, həmçinin iddiaçının təqdim etdiyi sübutlarla öz təsdiqini tapmır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquq barədə mübahisə olmadığı təqdirdə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında qeydiyyatı olan şəxslərin qeydiyyatı ləğv edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İddia tələbinin əsaslı olması Cavabdeh2 iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 3/21A saylı evin 52 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 münasibətdə mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi məhkəmə araşdırması gedişində öz təsdiqini tapmadığı üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, reyestrin həqiqiliyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə hər hansı əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması qaydasının qanunverici tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmçinin həmin qərarla müəyyən edilmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir. 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsini onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə ailə üzvləri və digər şəxslərlə mülkiyyətçi arasında bağlanan yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Göstərilənlərdən göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət məsələlərinin hüquqi cəhətdən hərtərəfli həllinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, 3/21A saylı evin 52 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №e-2(060)-5079/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5079/2022
30.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver