Məhkəmə qərarları › İş №e-2(060)-5174/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5174/2023

07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5174/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhəri nikah evində 1087 saylı qeydlə nikahlarını rəsmiləşdirmiş, birgə nikahdan xx.xx.1994-cü il təvəllüdlü X4 və xx.xx.2001-ci il təvəllüdlü X3 anadan olmuşdur. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, iddiaçı ailəni dolandırmaq üçün uzun müddət Rusiya Federasiyasında işləmiş və ailənin bütün ehtiyaclarını qarşılamışdır. Lakin, cavabdeh bütün bunlarla qane olmamış və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6351/2022 saylı qətnaməsi ilə nikah münbasibətlərinə xitam vermişdir. Evli olduğu müddət ərzində mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 33.99 kv.m, yaşayış sahəsi 17.26 kv.m olan dörd otaqlı yaşayış sahəsini xx.xx.2016-cı ildə 29000 manata satıb, Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı evi 22.000 manata alıb, ailə üzvləri ilə həmin mənzilə köçmüşdür. Geri qalan 7000 manat məbləğində pulu isə həmin mənzilin təmir işlərinə xərcləmişdir. Tərəflər arasında olan nikah ləğv edildikdən sonra isə cavabdeh həmin mənzilə sahiblənərək, iddiaçının həmin mənzildə yaşayışına məhdudiyyət qoyub, yaşayışına maneəçilik törədir. Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı ev iddiaçının maddi vəsaiti hesabına əldə edildiyindən cavabdehin iddiaçını yaşadığı evdən çıxartmağa haqqı yoxdur. Bundan başqa, Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı evin əvvəlki sahibi X6 adına "xxxx" MMC tərəfindən eskiz layihəsi tərtib edilsə də, hazırda həmin yaşayış sahəsinin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Göstərilənlərə əsasən iddiaçının Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı evə istifadə imkanları müəyyən edilməklə, həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı davamlı onu təhqir etmiş və hədə-qorxu gəlmişdir. İddiaçı ilə birgə nikahdan iki qızları var. Böyük qızı evlidir, balaca qızı isə onunla birlikdə yaşayır. İddiaçının adına qeydiyyatda olan əvvəlki evi sataraq hazırda mübahisələndirilən mənzili almışlar. İddiaçı işlədiyi zaman qazandığı xərcləri yalnız özünə xərcləmişdir. İddiaçı ailəyə çəkilən xərclərdə ümumiyyətlə iştirak etməmişdir. İddiaçının mübahisələndirilən mənzilə köçməsinə etiraz edir. Belə ki, iddiaçı ona və qızlarına dəfələrlə hədə-qorxu gəlmişdir. Hətta bu səbəbdən polisə də müraciəti olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İş materiallarında olan AN-İ № ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 33,99 kv/m, yaşayış sahəsi 17,26 kv/m olan Sumqayıt şəhəri, 10-cu mikrorayon , ev 20, mənzil 50 İddiaçı tərəfindən X1 29000 (iyirmi doqquz min) manat məbləğinə satılmışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər X5 Massivi 1-3- 5-ci məhəllələr üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 616 nömrəli arayışdan görünür ki, İddiaçı 2016-cı ildən 2022-ci ilin iyul ayına qədər Sumqayıt şəhəri, Yeni Yaşayış massivi 1 ünvanında yaşamışdır.

8. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6351/2022 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Şeyxzadə (Əhmədova) Axirə Əhməd qızı ilə cavabdeh İddiaçı arasında Sumqayıt Şəhər nikah evində 09 sentyabr 1992-ci il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1087 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahları dövründə əldə edilmiş, tərəflər birlikdə orada yaşamışlar. Birgə nikahdan iki övladları olmuş, sonradan tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. İddiaçı həmin tikiliyə cavabdeh tərəfindən buraxılmamışdır. Hazırda iddiaçı sözügedən fərdi yaşayış evinə köçürülməsini tələb edir. Mübahisə predmeti olan ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədlər yoxdur.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu, habelə mübahisəli evdə iddiaçının yaşamış olduğu mübahisəsiz haldır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə yaşayış evlərində yaşayan şəxslərin tikili ilə bağlı hüquqi münasibətini tənzimləmir.

12. Bununla əlaqədar məhkəmə qeyd edir ki, həmin fərdi yaşayış evinə dair istifadə imkanlarının müəyyən edilməsi ilə bağlı iddia tələbi təmin edilməməlidir.

13. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçı tərəfin də həmin şərtlər daxilində evdə yaşamaq hüququ vardır, iddiaçı tərəfin mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. Odur ki, iddiaçı həmin mübahisəli tikilini cavabdehlə birgə nikah dövründə əldə etdiyindən, həmin tikilidə onunla birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı evə köçürülməsinə dair iddiası təmin edilməlidir.

14. Cavabdehin iddiaya etirazına gəlincə məhkəmə hesab edir ki, cavabdeh etirazı əsaslandığı halları məhkəmədə sübuta yetirə bilmədi.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

16. Həmin Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

17. Eyni Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

18. Göstərilənlərlə əlaqədar olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

19. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

20. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

22. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

23. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

26. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Yaşıl Dərə massivi, 1-ci məhəllədə yerləşən 18 saylı fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar