Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-5289/2023 20.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1, Cavabdeh və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə 20 noyabr 2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivi, bağ № 2 A ünvanındakı 4 otaqlı həyət evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivi bağ № 2 A həyət evi ona məxsusdur. Artıq 2 ildir ki, həmin həyət evini tikib, ailəsi ilə birgə orda yaşayır. Ev 4 otaqdan ibarətdir. Həmin 4 otaqdan bir otağın giriş qapısı ayrıdır. Lakin bir müddət bundan əvvəl bacısı Cavabdeh onun evdə olmamağından istifadə edərək, qanunsuz olaraq giriş qapısı ayrı olan otağın açarını dəyişərək, zəbt etmişdir. O, da şərlənməkdən qorxaraq özü buna müdaxilə etməmiş və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, evin kommunal müqavilələri onun adınadır və hamısını, həmçinin torpaq vergisini o, ödəyir. Bu da onun bir ev sahibi kimi hüquqlarını pozur. Odur ki, hazırkı idddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd etdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbini əsassız hesab edir. Ona görə ki, iddiaçının subyektiv hüququ yoxdur. Mübahisəli ev gecəqondu statusundadır. İddia ərizəsinin əsaslandırmaq məqsədi ilə təqdim edilən sənədlər hüquq müəyyənedici sənədlər deyil. Məhkəmə iclasında iddiaçı özü bildirdi ki cavabdehin mübahisəli evdə yaşamasına etiraz etməmişdir. Bu da onu göstərir ki cavabdeh iddiaçının razılığı ilə həmin evdə yaşayır. 2 ildən artıqdır ki cavabdeh mübahisəli evdə azyaşlı uşağı ilə birlikdə yaşayır. Cavabdeh hazırda yaşadığı otağı özü təmir etmişdir, bunu iddiaçı özü də təsdiq etmişdir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəflər bacı-qardaşdırlar. Bələdiyyədən torpaq sahəsi verilib və iddiaçı həmin torpaq sahəsi üzərində ev tikib. Cavabdeh isə qanunsuz olaraq həmin evə yerləşib və təmir işləri həyata keçirib. Həmin evlə üzbəüz tərəflərin valideynlərinin evi yerləşir. Cavabdeh həm valideynlərinin evi, həm də iddiaçının evini ələ keçirib. Hətta iddiaçının atası da evdən çıxaraq iddiaçı ilə yaşayır. Bir daha qeyd edir ki, mübahisəli mənzil Ruslana məxsusdur. Cavabdeh tərəf otağın təmirinə çəkdiyi xərcləri məhkəmə qaydasında iddiaçıdan tələb edə bilər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli evi atası tikib. Onun hazırda yaşadığı otaq ona çoxdan verilib. Bu hal, qardaşının razılığı ilə olub. Belə ki, ev tikilən zaman artıq hər kəsin otağı müəyyən edilmişdi. Bildirir ki, evin kommunal xidmətləri üzrə müqavilələr onun adınadır. Məhkəmənin nəzərinə çatdırır ki, onun övladı xəstədir, yaşamağa başqa yeri yoxdur. Digər evdə anası yaşayır. Yağış yağdığı zaman o evə su damır, kanalizasiya daşır. O, həmin evdə uşaq saxlaya bilməz. Cavabdeh qeyd edilənlərə əsaəsn iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbi əsassızdır. Mübahisəli ev özbaşına tikilidir və cavabdehin atası tərəfindən tikilib. Evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur və ev gecəqondu statusundadır. Cavabdeh mübahisəli otaqda artıq 3 ildir ki, yaşayır. Həmçinin yaşadığı yeri də təmir edib. Məhkəməninn nəzərinə çatdırır ki, iddiaçı cavabdehin həmin otağa köçməsinə heç vaxt etiraz etməyib. Onu da qeyd edir ki, cavabdehn həmin evdə yaşamasını qanunsuz zəbtetmə kimi qəbul etmək olmaz. İddiaçı cavabdehin oraya köçməsinə və evi təmir etdirməsinə heç vaxt mane olmayıb. Əgər o, bu halların baş verməsindən narazı idisə, vaxtında Polisə və ya məhkəməyə müraciət edə bilərdi. Kommunal xidmətlərlə bağlı bildirir ki, həmin xidmətlər üzrə müqavilələr evdə yaşayan şəxslərdən birinin adına rəsmiləşdirilir. Həmin sənədlər məhkəmə tərəfindən hüquqmüəyyənedici sənədlər kimi qəbul edilə bilməz. Bundan başqa cavabdehin uşağı xəstədir. Onun getməyə və yaşamağa başqa yeri yoxudr. Hesab edir ki, indiki vəziyyətdə cavabdehin sözügedən mənzildən çıxaırlmasının heç bir hüquqi əsası yoxdur. Qeyd etdiklərinə əsasən, nümayəndə, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kərimov Həsən Cəfər oğlu bildirdi ki, mübahisəli mənzil onun tərəfindən tikilib. Evlərdən birini oğluna, digərini isə qızına verib. Evlərin giriş çıxışı ayrıdır. Şəhla əvvəl onunla yaşayırdı, lakin indi Ruslanla qalır. Şəhla 5-6 ay olar ki, otaqlarından birinin pəncərəsini söküb, qapı tikib və həmin otağı təmir etdirib. Onun özünü də yaşadığı evdən qovalayıblar və hazırda oğlu Ruslanla yaşayır. Ona görə də o, nə edə biləcəyini bilmir. İddiaçı evin ona məxsus olmasını sübuta yetirmək üçün gündə iki dəfə evə polis çağırır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, tərəflərdən biri oğlu, digəri isə qızıdır. Əslində mübahisəli ev heç birinin deyil. Belə ki, sözügedən evin sənədləri yoxdur. Ev 5 otaqdan ibarətdir, evi indi təmir etməyə, düzətməyə çalışırlar. Qeyd edir ki, mənzili o, yoldaşı ilə birlikdə övladları üçün tikib. Yəni evi tikəndə həm qızını, həm də oğlunu nəzərə alıb. Evi 5 otaqlı etməsinin səbəbi də budur. Əslində heç yoldaşı o, evi tikməyə razı deyildi, o, yoldaşını məcbur edib. Əslində dünən tərəflər barışmışdılar, Ruslan onlara məhkəməyə getməməyi demişdi. Hazırda Həsənin məhkəməyə gəlməsinin səbəbini bilmir. O, özü hazırda köhnə evdə qalır. Çünki təzə evin mətbəxi yoxdu, amma evin Ruslan tərəfə düşən hissəsində mətbəx var. Qeyd edir ki, Ruslan və Şəhla evin daxilində bir birilərini görmürlər, giriş-çıxışları ayrıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 87 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivi bağ 2 A ünvanında qeydiyyatsız yaşayır. İşdə olan bildiriş xəbərdarlıqdan görünür ki, Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivində istifadə olunan qaz sərfi ilə əlaqədar qazın dəyərinin ödənilməsi üçün İddiaçı bildiriş ünvanlanmışdır. İşdə olan Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxisn uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisi kimi torpaq vergisi ödəyir. İşdə olan bildirişdən görünür ki, İddiaçı Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivi bağ 2 A ünvanına enerji təchizatı şəbəkəsinin qoşulması üçün "xxxx" ASC-yə müraciət etmişdir. İşdə olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, “Yaşıl Dərə” yeni Yaşayış massivi bağ 2 A ünvanına İddiaçı adına xx.xx.2021-ci il tarixdə elektrik sayğacı quraşdırılmışdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir mübahisəli ev tərəflərin valideynləri tərəfindən tikilmişdir. Həmin ev daşınmaz əmlakın dövlət reystrində qeydə alınmamışdır. Mübahisəli ev hal hazırda iddiaçı ilə yanaşı, cavabdeh tərəfindən də yaşayış sahəsi kimi istifadə olunur. Hazırda İddiaçı Cavabdeh həmin mənzildən çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə qeyd edir ki, mübahisəli ev giriş-çıxışları ayrı olmaqla iddiaçı ilə yanaşı cavabdeh tərəfindən də yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh hazırda köçüb yaşadığı otağı bir müddət əvvəl təmir etdirmiş, iddiaçı buna mane olmamış, cavabdeh köçüb orada bir müddət yaşadıqdan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin həmin evdən çıxarılması və iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-5289/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-5289/2023
20.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver