Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(060)-53/2024 26.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sumqayıt Bələdiyyəsi Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən və Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 535 kvadrat metr torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sumqayıt Bələdiyyəsi tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri tərəfindən aparılmış yoxlamalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid olan Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 535 kvadrat metr torpaq sahəsi zəbt edilərək orada qanunsuz olaraq tikinti işlərinin aparıldığı aşkar edilmişdir. Bununla bağlı cavabdehin qanunsuz əməlləri bələdiyyənin əməkdaşları tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Sumqayıt Bələdiyyəsi özünün torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun qorunması məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi və Cavabdeh zəbt etdiyi Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən və bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən çıxarılmasını, orada inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsini xahiş etməyi məqsədəuyğun sayır. Belə ki, qeyd edilən hərəkətlər torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin qanuni mənafeyinə, habelə mülki və torpaq qanunvericiliklərinin normalarına zidd olduğundan müvafiq hüquqi nəticələrə səbəb olmalıdır. Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olaraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol,eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir. Lakin Cavabdeh sadalanan hərəkətləri Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək sadalanan qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri saymışdır. Göründüuyü kimi,Cavabdeh hər hansı hüquqmüəyyənedici sənədi olmadan bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsi torpaq sahəsini özbaşına tutma (zəbt etmə) kimi qiymətləndirilməlidir.Belə olan halda o,zəbt etdiyi torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikililər sökülməli və qeyd edilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna qaytarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Sumqayıt Bələdiyyəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, uzun müddətdir ki, Bələdiyiynin bu iddiası ilə əlaqədar evinə su, işiq və qaz xətti çəkdirə bilmir. Asan Xidmətdən həmin ərazinin ona məxsus olması barədə məhkəmə qərarı çıxarsa Bələdiyyə həmin yerə arayış əsasında işiq və qaz xətti çəkə bilməsinə ona razılıq verəcəyini bildirirlər. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri Sumqayıt şəhəri, Novxanı ərazisində xidməti araşdırmalar apararkən müəyyən etmişdir ki, Cavabdeh tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 535 kv.metr olan torpaq sahəsi zəbt edilərək orada özbaşna tikinti işləri aparılmışdır, tərəflərindən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq Cavabdeh zəbt olunmuş torpaq sahəsini boşaltmaqdan, qanunsuz tikilini, fərdi evi sökməkdən, sahəni təmizləməkdən imtina etmişdir. İşdə olan AZ-İ 628349 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 190 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Novxanı bağları ərazisində Sumqayıt Bələdiyyəsinin ehtiyat torpaq fonduna aid 535 kvadrat metr torpaq sahəsinin zəbt edilibedilməməsinin müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6015 saylı rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 01.0272024-cü il tarixli 3-21-3-31/2- 2271/2024 nömrəli mütəxəssis məlumatına əsasən faktiki torpaq sahəsinin 2019-cu il tarixində təsdiq edilmiş Sumqayıt bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat prosesinin təsviri hissəsində qeyd dilmişdir ki, tədqiqat Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən torpaq sahəsi üzrə mütəxəssis rəyində olan məlumatlara əsasən aparılır. Tədqiqat zamanı mülki iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məlumatlarından istifadə olunmuşdur. Mülki iş materiallarında olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2-2271/2024 nömrəli mütəxəssis məlumatında aşağıdakılar qeyd olunur: - Faktiki torpaq sahəsi 2019-cu il tarixində təsdiq ediimiş Sumqayıt bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Beləliklə, qərardadın sualı ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-31/2- 2271/2024 nömrəli mütəxəssis məlumatına əsasən qeyd olunur ki, faktiki torpaq sahəsi 2019-cu il tarixində təsdiq edilmiş Sumqayıt bələdiyyə xəritəsinə əsasən Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası MPM-nin 206-cı maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1). Məhkəmə qeyd edir ki, ekspert rəyi məhkəmə üçün məcburi və qabaqcadan heç bir qüvvəsi olmamaqla onun mötəbərliyinə inam kifayət qədər yüksəkdir. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin istifadəsində olan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində isə müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə də, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iş üzrə isə iddiaçının, yəni bələdiyyənin mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, Sumqаyıt şəhər Bələdiyyəsini iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyil. Belə ki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, məhkəməyə torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmənin təyin etdiyi ekspertiza nəticəsində torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, hazırki iş üzrə Sumqаyıt şəhər Bələdiyyəsinin hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci də iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, hazırki iş üzrə ekspertiza xərci 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq iddiaçı Sumqayıt Bələdiyyəsindən 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №e-2(060)-53/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(060)-53/2024
26.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver